Dövlət
başçısının yeni fərmanı
hərbi səbəblərlə əlaqədar əlilliyin
qiymətləndirilməsində şəffaflığın
artırılmasına xidmət edir
Fərmana
əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin "Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə”
altsistemi yaradılır
Prezident
İlham Əliyevin 24 aprel 2020-ci il tarixli fərmanı hərbi
səbəblərlə əlaqədar əlilliyin qiymətləndirilməsində
təkmilləşmə və şəffaflığın
artırılmasına, hərbi-həkim ekspertizası və
tibbi şəhadətləndirilmə ilə bağlı
toplanan məlumatların sistemliliyinin təmin edilməsinə
xidmət edir.
Sənədə əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemində 2021-ci il yanvarın 1-dək "Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsistemi yaradılacaq. Hərbi-həkim komissiyaları və həkim-uçuş komissiyaları olan dövlət orqanlarının həmin altsistemə çıxışı təmin olunacaq.
Altsistem yaradıldıqdan sonra 6 ay müddətində hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə ilə bağlı rəsmiləşdirilmiş bütün sənədlərdəki məlumatlar xəstəliklərin beynəlxalq təsnifatına uyğun şəkildə altsistemə daxil ediləcək. Həmçinin hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə ilə bağlı sənədlərin rəsmiləşdirildiyi gün həmin məlumatların altsistemə daxil edilməsi təmin olunacaq.
Beləliklə, nazirliyin tibbi-sosial ekspertiza xidməti hərbi səbəblərlə əlaqədar əlilliyi qiymətləndirilən şəxslə bağlı bütün tibbi, xəstəlik məlumatlarına altsistem vasitəsilə birbaşa çıxış əldə edəcək. Nəticədə müharibə səbəbi ilə əlilliyin qiymətləndirilməsi daha obyektiv aparılacaq və şəffaflıq təmin olunacaq. Vətəndaşların müxtəlif instansiyalara, o cümlədən müvafiq hüquqların və imtiyazların əldə edilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu sənədi kağız daşıyıcıda aparmasına zərurət qalmayacaq.
Bu, eyni zamanda, hərbi səbəblərlə əlaqədar əlilliyi olan şəxslərin müxtəlif imtiyazlardan faydalanmaq hüquqlarına baxılmasında da zəruri məlumatlara əlçatanlığı artıracaq. Eyni zamanda, sənədlərin kağız daşıyıcıda olması səbəbindən ehtimal olunan qanun pozuntusu riskləri də tam aradan qalxmış olacaq.
Yeni
altsistem bu sahədə analitik təhlillərin aparılması
və proqramların hazırlanmasında istifadə oluna biləcək
müfəssəl məlumat mənbəyi rolunu oynayacaq.