Azərbaycanda koronavirusla
mübarizə müsbət tendensiya
üzrə irəliləyir
Buna görə
də karantin rejimini mərhələ-mərhələ
yumşaltmaq olar
Koronavirus pandemiyası dünyada tüğyan etməkdə, canlar almaqda və böhranlar yaratmaqda davam edir. Demək olar ki, əksər ölkələr bu bəladan qurtulmaq, yoluxmanın sürətini azaltmaq üçün sərhədlərini bağlayıb, izolyasiya tədbirləri həyata keçirirlər.
Azərbaycanda da infeksiyanın yayıldığı ilk zamanlardan etibarən ona qarşı effektiv mübarizəyə başlanıldı. COVID-19-un ölkəmizdə yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədi ilə Prezident İlham Əliyevin tapşırığına əsasən, hələ yanvar ayından zəruri qabaqlayıcı tədbirlər görülməyə başlandı. Profilaktik və təxirəsalınmaz qərarların həyata keçirilməsi üçün Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət qurumlarından ibarət Operativ Qərargah yaradıldı.
Virusun yayılmasının qarşısının alınması istiqamətində ölkədə xüsusi karantin rejimi tətbiq olundu və hazırda bu rejim 2020-ci il 20 aprel saat 00:00-dan 2020-ci il 4 may saat 00:00-dək uzadılıb. Həmçinin aprelin 27-dən etibarən karantin rejimində bir sıra yumşalmalar da həyata keçiriləcək.
Bu isə
onu deməyə əsas verir ki, Azərbaycanda koronavirusun
qarşısının alınması istiqamətində
görülən işlər müsbət tendensiya istiqamətində
inkişaf edir.
Ölkəmizdə
COVID-19-a yoluxanların 60 faizindən çoxu sağalıb
Amma hələlik tam qələbə üçün sevinmək tezdir. Çünki ölkəmizdə hələ də epidemioloji vəziyyət müşahidə olunur və sayıqlığı əldən vermək olmaz.
Səhiyyə nazirinin müavini Viktor Qasımovun məlumatına əsasən, Azərbaycanda diaqnostik testlərin sayı çoxalıb. Testlərin nəticəsi də göstərir ki, yoluxma halları müəyyən qədər azalıb və son iki həftə ərzində demək olar ki, artım olmayıb. Eyni zamanda koronavirusa yoluxanların 60 faizindən çoxu sağalıb: "Ona görə də karantin rejimini mərhələ-mərhələ yumşaltmaq, ləğv etmək olar. Bunun üçün davranış qaydaları olmalıdır. Əhali bilməlidir ki, özünü yoluxmadan necə qorusun. Dövlət üzərinə düşən bir çox vəzifələri yerinə yetirdi. Vətəndaşlar bundan sonra davranış qaydalarına riayət etsə, xəstəliklə mübarizəmizi başa çatdıra bilərik”.
Səhiyyə nazirinin müavini nəzərə çatdırıb ki, karantin tədbirləri yumşaldılan zaman hansısa zonada yoluxma artarsa, bu halda yenə də karantin rejimi sərtləşdirilə bilər: "Bəzi regionlarımız artıq bu xəstəlikdən təmizlənib. Xəstəlik qeydə alınmış rayonların 25 faizində artıq fəal ocaqlar ləğv edilib. Bu da birgə səy nəticəsində baş verib”.
Kütləvi toplaşmanın qarşısı alınır
"Aprelin 27-dən "ASAN xidmət” mərkəzləri vətəndaşlara 320-dən çox xidmət göstərəcək”. Bu məlumatı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev verib. O bildirib ki, sadəcə olaraq vətəndaşlar kütləvi toplaşmanın qarşısını almaq üçün əvvəlcədən növbə almalıdırlar: "Bunun üçün 3 imkan yaradılıb. Hər kəs ağıllı telefonlarda "ASAN xidmət” mobil tətbiqindən istifadə etməlidir. Vətəndaşlar seçdiyi mərkəz üzrə növbə götürə bilərlər. Onlar mərkəzə gəlib gözləmədən xidməti alacaqlar. Həmçinin asan.gov.az saytı vasitəsi ilə də onlayn növbə götürmək mümkündür. Vətəndaş sabahkı gün üçün özü vaxtı müəyyənləşdirə bilər. Cari gün üçün isə sistem avtomatik olaraq vaxtı təyin edir.
Üçüncü yol isə Çağrı mərkəzinə - "108”-ə zəng vurub növbə götürməkdir. Qabaqcadan növbə götürməyənlər mərkəzə buraxılmayacaqlar”.
Məktəbəqədər təhsillə bağlı teledərslərə start verilib
"İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsi çərçivəsində UNICEF-in maliyyə və Təhsil Nazirliyinin dəstəyi ilə "Oynayırıq və öyrənirik” adlı teledərslərə start verilib.
Məktəbəqədər
yaş dövrünə aid uşaqlar üçün
hazırlanan teledərslər "ARB Günəş”
telekanalının efirində həftənin II və IV
günləri saat 12:05-də yayımlanır.
Teledərslərdə uşaqlara mövzulara dair nəzəri məlumatlar verilməklə yanaşı, həm də onların kiçik və böyük motorikasının inkişafı üçün praktiki məşğələlər də təqdim olunur.
Karantin rejimini pozanlar məsuliyyətə cəlb
olunurlar
COVID-19 infeksiyasının yayılmasının
qarşısının alınması
məqsədi ilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 24.04.2020-ci il saat 00:00-dan 25.04.2020-ci il saat 00:00-dək olan müddət ərzində
respublikanın avtomobil
yollarında nəqliyyat
vasitələri ilə
hərəkətdə olan
1251 nəfər İnzibati
Xətalar Məcəlləsinin
211-ci maddəsi ilə
inzibati məsuliyyətə
cəlb edilib.
Baş Dövlət Yol Polisi İdarəsindən
məlumat verilib ki, ümumilikdə
01.04.2020-ci il tarixindən bu günədək respublikanın,
o cümlədən paytaxtın
avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 38766 hərəkət
iştirakçısı inzibati
məsuliyyətə cəlb
edilib.
Dünyada koronavirus
Son sutka ərzində dünyada koronavirus infeksiyasına 106 minədək
insan yoluxub və təxminən 6,2 min nəfər də bu virusun
qurbanı olub.
24 aprel tarixli statistikaya görə, dünyada 2 828 617 nəfər
yeni növ koronavirusa yoluxub, 197 091 nəfər isə bu ölümcül virusun qurbanına çevrilib. Son gün
ərzində 105 616 insanda
koronavirus aşkarlanıb,
ölənlərin sayı
isə 6174 nəfər
artıb.
Ən çox
yoluxma və ölüm halları Avropa regionunda qeydə alınıb - 1
225 314 yoluxma və 117
324 ölüm. Sutka ərzində burada
yoluxanların sayı
32 038, ölənlərin sayı
isə 3065 nəfər
artıb.
Şimali Amerikada virusa yoluxanların ümumi sayı 996 143 nəfər
təşkil edir, indiyədək 56 187 nəfər
də ölüb. Cənubi Amerikada
vəziyyət nisbətən
ürəkaçandır - 120 166 yoluxma və 5538 ölüm faktı.
Yoluxma sayı
üzrə üçüncü
yeri Çin, Koreya Respublikası və Yaponiyanın daxil olduğu Asiya qitəsi tutur. Son məlumata görə, burada 448 216 yoluxma, 16 603 ölüm faktı qeydə alınıb.
İndiyədək dünyada 798 371 nəfər
müalicə üsulu
ilə virusdan xilas olub.
Ən çox
yoluxanlar ABŞ-dadır
- 925 038 nəfər. Onun ardınca
İspaniya (219 764), İtaliya
(192 994), Fransa (159 828), Almaniya
(154 999) və Böyük
Britaniya (143 464) gəlir.
Heydər
Əliyev Mərkəzində
yeni Çağrı
mərkəzi yaradılıb
TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva bildirib ki, xaricdən ölkəyə qayıdan vətəndaşlarımızın karantinə alınması davam edəcək: "Bizim ilk və doğru addımımız məhz ölkəyə xaricdən qayıdan vətəndaşları karantinə almağımız oldu. Bununla biz vaxt qazanmış olduq. Bu vaxt ərzində xəstəxana və laboratoriyaların sayının artırılması, diaqnostik testlərin aparılmasının təkmilləşdirilməsi kimi işlər görüldü.
Xaricdən vətəndaşlarımızın Azərbaycana gəlməsi bu müddət ərzində həmişə olub və heç vaxt dayandırılmayıb. Onlar xüsusi reyslər vasitəsilə gəliblər və biz onları karantinə alıb müayinələr aparmışıq. Bundan sonra da hələ ki bu şəkildə davam edəcəyik. Bunun üçün onlar sadəcə qeydiyyata düşməlidirlər. Bu, müxtəlif ölkələrdə elektron qaydada həyata keçirilir. Daha sonra səfirliyin təşkil etdiyi yollarla onlar Azərbaycana qayıdacaqlar. Biz həmin vətəndaşları karantinə almağa davam edəcəyik. Karantin müddətində onların müayinəsi davam etdiriləcək. Əgər test nəticəsi pozitiv çıxan şəxs olarsa, o, izolyasiya ediləcək”.
Y.Qarayeva yeni Çağrı mərkəzi yaradıldığını da bildirib: "Heydər Əliyev Mərkəzində yeni Çağrı mərkəzimiz yaradılıb. Orada 70-ə yaxın tibb işçisi pandemiya ilə əlaqədar sualları cavablandırmaq üçün fəaliyyətə başlayıb. Mərkəzdə vətəndaşlar üçün xüsusi psixoloji dəstək qrupu da var”.
Yasəmən
MUSAYEVA
Azərbaycan.-2020.- 26 aprel.- S.5.