Vətənpərvər Səlimxanovlar...
Tariximizi özündə əks etdirən, qala divarları ilə əhatələnmiş İçərişəhər... Dar dalanları, dördkünc evləri keçmişdən soraq verir. Zaman dəyişdikcə, nəsillər bir-birini əvəz edir. Ancaq aradan nə qədər vaxt keçsə də, bu şəhərin xeyirxah, xalqını, yurdunu sevən sakinləri unudulmurlar. İçərişəhərdə çoxu yalnız öz ad-sanı, əməlləri ilə deyil, bütövlükdə soykökü, şəcərəsi ilə xatırlanır. Səlimxanovlar da qədim İçərişəhərin belə əsil-nəcabətli nəsillərindəndir.
Tarixdən gələn soraq...
Bu tanınmış, zadəgan nəslinin nümayəndələrinə cəmiyyətdə xüsusi hörmət, ehtiram göstərilib. Səlimxanovlar digər əsilzadə ailələri arasında da böyük nüfuz qazanıblar. Onların Aşurbəyovlar, Bakıxanovlar, Hacınskilər, Dadaşovlar, Mehmandarovlar, Tağıyevlər, Xanlarovlar və Azərbaycanın digər zadəgan nəsilləri ilə həm də qohumluq əlaqələri olub.
Səlimxanovlar nəslinin tarixi barədə bəzi mənbələrdə, notariat sənədlərində məlumatlara rast gəlinir. Tədqiqatçılar Hacı Heybət bəy, Kazım bəy, Zeynal bəy, Rza bəy və İsa bəy Səlimxanovların evlərinin İçərişəhərin cənub-qərbində yerləşdiyini bildiriblər. Bu tikililər onlara məxsus Qasım bəy hamamının yaxınlığında olub. Varvara (hazırda H.Rzayeva) küçəsindəki evlərin çoxu, həmçinin Qasım bəy karvansarası da Səlimxanovlara məxsusdur.
Tarix elmləri doktoru, professor Sara Aşurbəyli "Bakı şəhərinin tarixi” kitabında yazıb: "Bakının I Pyotrun qoşunları tərəfindən işğalından sonra, 1723-cü ildə şəhərin çar qoşunları tərəfindən tutulmasından narazı olan yerli feodallar sultan başda olmaqla sui-qəsd təşkil etmişdilər”. Tədqiqatçı alim sui-qəsd baş tutmadığını və buna səy göstərənlərin əksəriyyətinin cəzalandırıldığını da diqqətə çatdırıb: "Təsvir edilən hadisələrlə bağlı olaraq sultanlıq ləğv edildi və Abşeron kəndlərini idarə edən naib Səlim xanın tabe olduğu Bakı qalası komendantı vəzifəsinə həmin vaxtlar şəhərin qubernatoru vəzifəsində olan knyaz Baryatinski təyin edildi”. Kitabda Sara Aşurbəylinin belə bir qeydi də var: "Naib Səlim xan - bizim zamanda tanınmış bakılı Səlimxanovların ulu babasıdır”.
Mənbələrdə qalan məlumata görə, Səlim xan təxminən 1660-cı ildə dünyaya gəlib. Adı Bakı xanlarının xronoloji siyahısına salınıb. Məlumata görə, Abşeronu idarə edən naib Səlim xan Bakı şəhərinin komendantına tabe idi. O, gənclik illərindən Dərgahqulu bəylə dost olub.
1727-ci ildə ləğv edilən sultanlıq sonra yenidən bərpa edilib. Həmin vəzifəyə Dərgahqulu bəy təyin olunub. 1731-ci ildə Səlim xan Bakı şəhərinin hakimi olub.
Səlim xanın oğlu Hacı bəyin 1690-cı ildə dünyaya gəldiyi ehtimal olunur. O, 1733-cü ildə Səlim xanın Abşeronda sultan Dərgahqulu bəy üçün təşkil etdiyi ceyran ovunda olub. Səyyah Lerx həmin ovu belə təsvir edib: "Sönməyən odların çıxdığı yerdən biz çoxlu qamışlıqların olduğu Kali adlanan yerdən keçib getdik, sonra yolumuz böyük Sansen kəndindən keçərək yarımadanın dar sonluğunda vəhşi keçi ovu üçün hazırlanmış yerə çatdıq. Bu ov üçün bir neçə kənddən tüfəngli, kamanlı-oxlu, çomaqlı və itləri ilə bir neçə yüz kişi cəm edilmişdi. Onlar həmin yerdə dənizin bir sahilindən üzbəüzdəki sahilə qədər xətt təşkil etməli idilər, belə də etdik və xətti qırmadan qarşımızdakı vəhşi keçiləri yarımadanın dar ucuna qısnamaqdan ötrü irəlilədik. Buradakı qamışlıqlarda və şoranlıqlarda onlar çoxlu sayda idilər. Burada Darqa-sultan bir neçə yüz adamla bizə birləşdi...”
Nadir şahın 1747-ci ildə qətlə yetirilməsindən sonra onun qohumları və feodallar arasında hakimiyyət uğrunda ara çəkişmələri, xalq arasında həyəcanlar doğuran yalançı taxt-tac iddiaçıları meydana çıxdı. Sara Aşurbəyli yazırdı: "Azərbaycanda həmin vaxtlar bir sıra müstəqil xanlıqlar əmələ gəldi və onların arasında ən mühümlərindən biri Bakı mərkəz olmaqla yaranan Bakı xanlığı idi. Dərgahqulu xanın oğlu Mirzə Məhəmməd xan (1747-1768-ci illər) qoşunlara və Nadir şaha yaxın olan zabitlərdən biri kimi tutduğu bu mövqeyə söykənərək, hakimiyyəti öz əlinə keçirdi və şahın təyin etdiyi Bakı hakimini şəhərdən qovdu. Bakının sultanı vəzifəsinə Səlim xan təyin edildi; Abşeron kəndlərini bəy zümrəsindən olan bir neçə yüzbaşı ilə naib idarə edirdi”.
Rəhbər vəzifələrdə çalışmış Səlimxanovlar...
Tarixi sənədlərdə Səlim bəyin və Abdulla bəyin Hacı bəyin oğulları olduqları qeyd edilir. Abdulla bəyin 1708-ci ildə dünyaya gəldiyi güman edilir. 1731-ci ildə Dərgahqulu bəy onun Bakı mahalına məlik təyin olunması üçün fərman imzalayıb. Abdulla bəyin sonrakı taleyi haqqında məlumat yoxdur.
Məhəmməd Səlim bəy də
Hacı bəyin oğlu idi.
Onun 1720-ci ildə anadan olduğu təxmin edilir. Məhəmməd
Səlim bəyin oğlu Mansurxan bəyin (1740-1790) beş oğlu olub. Məhəmməd Səlim bəyin
digər oğlu Manaf bəy (1760-1830) XVIII əsrin axırları -
XIX əsrin əvvəllərində
ölkənin siyasi-iqtisadi
həyatında fəal
iştirak edib. Hüseyn Qulu bəy Bakinskinin
qohumu olan Manaf bəy 1792-ci və 1795-ci illərdə
onun və bütün Bakı sakinlərinin adından Rusiya tabeliyinə daxil olmaları barədə etibarnamni vermək üçün
general Qudoviçin yanına
göndərilib.
Araşdırmalardan o da məlumdur ki, Bakı şəhərinə
iddialı olan Şeyx Əli xanın adamları Dərbənddə Manaf bəyi saxlayıblar. Təhdidlərdən sonra Manaf bəyi
yenidən Bakıya, Bakı xanına hədələyici məktubla
geri göndəriblər.
1795-ci ilin martında
Georgiyevskdə Hüseyn
Qulu xan Bakinskinin məktubu Manaf bəy tərəfindən general Qudoviçə
çatdırılıb.
Məhəmməd Səlim bəyin oğlanlarından biri - Hacı Qasım bəyin XVIII əsrin sonu, XIX əsrin əvvəlində ölkənin
siyasi-iqtisadi hadisələrində
iştirak etdiyi də məlumdur. 1792-ci ildə Məhəmməd
Qulu xan Bakinskinin ölümündən
sonra onun qardaşı oğlu Hüseyn Qulu ağa öz kürəkəni Hacı
Qasım bəyin və başqa bəylərin köməyi
ilə Bakı xanı seçilib.
Mansurxan bəy Səlimxanovun oğlu Fatmayı kəndində yaşayıb. Zeynal bəy
və Hacı Qasım bəy Səlimxanovlar isə
1832-ci ildə Turkənd
(indiki Türkan) kəndini idarə ediblər. Qasım bəyin oğlu
Rza bəy Varşavada, Qafqaz süvari-müsəlman alayında
xidmət edib.
Araşdırmalarda qeyd olunub ki,
zabit Hacı Həsən bəyin oğlu Cəfər Qulu bəy 1829-cu ildə anadan olub. Adı 1849-cu ildə tərtib
edilmiş bəylər
siyahısına salınıb.
Cəfər Qulu bəy Səlimxanov Bakı quberniyası, Qafqaz şiə-din idarəsində
kargüzar işləyib.
Hacı Heybət Qulu bəyin oğlu Nəcəf bəy (Ağa bəy) əmisi oğlu Məmməd Hüseyn bəy Səlimxanovla birlikdə Bakı şəhərinin böyük
neft sənayesi sahibləri kimi tanınıblar.
Səlimxanovların başqa bir nümayəndəsi - Ağa
bəy 1845-ci ildə praporşik Hacı Həsən bəyin ailəsində dünyaya göz açıb. Şəhər məktəbində oxuyub.
Xeyriyyəçi kimi nüfuz
sahibi olub.
Gizir Hacı Rza bəy Səlimxanovun oğlu İsa bəy böyük neft sərvətinə malik və mülk sahibi olub. Qasım bəy karvansarası da ona məxsusdur. Kərbəlada dəfn olunduğu barədə məlumat var.
Sovet hökumətinin bəy, xan, ağa nəslindən olanlara, varlılara qarşı mübarizəsi Səlimxanovlardan da yan keçməyib. Hacı Zeynalabdin Tağıyevin yaratdığı Bakı Ticarət bankında işləyən Zeynal bəy Nəcəf bəy oğlu Səlimxanovun (1886-1942) həbsinə NKVD 1941-ci ilin iyununda qərar verib. Onu antisovet təbliğatı aparmaqda günahlandırıblar. Səkkiz il həbs cəzasına məhkum edilib. Zeynal bəy Hacı Zeynalabdinin qızı Sara xanımın (1899-1991) həyat yoldaşı idi.
Nəslin davamçıları...
Bu əsilzadə nəslin mərd, ziyalı, vətənpərvər övladlarının ayrı-ayrı dövrlərdə hakimiyyətin rəhbər vəzifələrində çalışdıqları tarixi sənədlərdə təsdiqini tapıb. Mənbələrdə bir zamanlar Səlimxanovların dəniz limanı vasitəsilə Bakı ticarətinin böyük hissəsinə nəzarət etdikləri barədə də məlumatlar var. Ölkəmizin, onun paytaxt şəhərinin inkişafında Səlimxanovların da əməyi olub. Bu gün də bu nəslin nümayəndələri müxtəlif sahələrdə çalışır, bilikləri, bacarıqları ilə ad-san qazanırlar. Onlardan biri - Nailə Vəlixanlı Səlim bəy Səlimxanovun qızı Asiyə xanımın (1906-1982) övladıdır. Nailə xanım Azərbaycanın Orta əsrlər tarixinin mənbəşünaslıq problemləri, regionun sosial-iqtisadi münasibətləri, siyasi-mədəni tarixi və tarixi coğrafiyası məsələlərini araşdırıb. O, 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2007-ci ildə isə həqiqi üzvü seçilib. 1998-ci ildən Milli Azərbaycan Tarixi Muzeyinin direktorudur.
Bu nəslin başqa bir nümayəndəsi - Tələt Mehdiyev isə fizika elmləri doktoru, professordur.
Zaman öz gərdişindədir. Azərbaycan xalqının mənəvi dəyərlərini yaşadanlar isə hər dövrdə olub və belələri çoxdur. Onların arasında Səlimxanovlar nəslinin nümayəndələri də var.
Zöhrə
FƏRƏCOVA
Azərbaycan.-2020.- 26 aprel.- S.7.