Qədim və sirli şəhər

 

 

İçərişəhərin qala divarlarını Şirvanşah III Mənüçöhr inşa etdirib. Ancaq bəzi mənbələrdə qala divarlarının daha əvvəl də mövcud olduğu qeyd olunub.

1950-ci illərdə qala divarları qismən bərpa edilib. Bu işlər aparılarkən qala divarlarının tikilməsinə aid bir daş parçası tapılıb. 2 metr 70 santimetr ölçüsündə olan daşın üzərində qeyd edilib ki, qala divarları Şirvanşah 3-cü Mənüçöhrün fərmanı ilə 1138-1139-cu ildə tikilib. O daşa əsasən qala divarlarının tarixi müəyyənləşib. Araşdırmalara görə, qala divarlarının uzunluğu 1500 metr, 70 yarımbürc, 600-ə yaxın mazğal olub. Bu gün isə divarlardan 500 metrə qədər hissə mövcuddur. 25 yarımbürc qalıb ki, onlar da bərpa edilib.

İçərişəhərə dair yazılı mənbələrdə qala divarlarının 3 hissədən ibarət olduğu bildirilir. Bu divarlar düşməndən qorunmaq üçün güclü sədlər idi. Mənbələrdə göstərilir ki, divarlar bir-birinə paralel şəkildə tikilib və onları əhatə edən məsafə 25 metrə çatır. Düşmən hücumu zamanı aralara odun doldurulurod vurulurdu. Qala divarları boyu düzülmüş oyuqların arasından axan yanacaq düşməni qorxudurdu.

XII əsrdə qala divarlarının ucaldılmasına Şah Axsitan qərar verir. Şəhərin içərilərinə doğru uzanan 2-ci, 3-cü divarlar sökülür, həmin daşların hesabına İçərişəhəri əhatə etmiş qala divarları 8-12 metr hündürlüyə qaldırılır. Araşdırıcılar İçərişəhərin dar dalanlarının orta əsrlərdə düşməni məhv etmək üçün vasitə sayıldığını da bildirirlər.

İçərişəhərin tarixi ötən əsrin 20-ci illərindən öyrənilməyə başlayıb. Tədqiqatlar davam edir və hələ də açılmamış çox sirlər qalıb. Şəhərdə öyrənilməli maddi-mədəni nümunələr çoxdur.

Yazılı kitabələrə İçərişəhərin bir çox yerlərində rast gəlinir. Kitabələr bu əsrarəngiz, qədim şəhərin tarixi barədə məlumatlar verir. Onlardan birində - Cümə məscidinin həyətində divara vurulmuş daş kitabədə əhalinin həyatında önəm daşıyan hadisə haqqında məlumat yazılıb.

İçərişəhər 22 min hektara qədər ərazini əhatə edir. Keçmişdə şəhərin aşağı və yuxarı məhəllələrində 28 məscid, 28 hamam, karvansaralar olub. Orta əsrdə tikilmiş hamamların quruluşu, burada istiliyin təmin olunması çox unikaldır. Burada yerləşən və bərpa olunan Məhəmməd məscidi dünya tarixində bu günə qədər minarəsi salamat qalmış 4 qədim məsciddən biridir. Hicri 471, miladi təqvimlə isə 1078-1079-cu illərdə inşa olunmuş bu məscid indinin özündə də gələn turistləri heyran edir.

Sovet dövründə İçərişəhərin küçələrinə asfalt örtüyü çəkilib. Lakin sonradan küçələrdəki asfalt qatı çıxarılaraq daş döşənib.

İçərişəhərin məhəllələri keçmişdə orada yaşayan məşhurlarla tanınıb. Səlimxanovlar, Hacınskilər, Ramazanovlar, Xanlarovlar, Babayevlər orta əsrlərdən burada məskunlaşan nəsillərdəndir. Varlı nəsillər gəlirlərinin xeyli hissəsini möhtəşəm binalar tikməyə sərf ediblər. Bu binalar indi də İçərişəhərə xüsusi gözəllik verir.

Yerli əhalinin həyatında papaqçılıq, şirniyyatçılıq, başmaqçılıq və başqa peşə sahələri də əhəmiyyətli rol oynayıb. Burada xırda sənətkarlara indirast gəlmək mümkündür. İçərişəhərin qədim ənənələrinin bir çoxu bu gün də yaşadılır.

 

 

Z.FƏRƏCOVA

Azərbaycan.-2020.- 26 aprel.- S.7.