Ordumuzun Aprel zəfərindən ermənilər nəticə
çıxarmalıdırlar
Əks təqdirdə daha ciddi dərs alacaqlar
Tarixin döyüş və zəfər salnaməli səhifələri az olmayıb. Ermənistanın 1988-ci ildən Azərbaycana qarşı qeyri-qanuni ərazi iddiaları ilə bağlı başladığı elan olunmamış müharibə xalqımıza mənəvi, yenicə müstəqilliyini bərpa etmiş dövlətimizə isə arxadan vurulan zərbə oldu.
Xalq o ağır günlərdə Ulu Öndər Heydər Əliyevi heç də təsadüfi yerə köməyə çağırmırdı. Ümummilli Lider gəldi, həm də necə? Cəbhənin Füzuli istiqamətində gedən ağır döyüşlər zamanı hər qarış Vətən torpağının azad edilməsi uğrunda ölüm-dirim savaşına atılan, təcrübəsiz olsa da, qeyrətinə və dövlətinə, xüsusən də Ulu Öndərin siyasətinə güvənən Azərbaycan əsgərinin əks-hücuma keçməsi həlledici rol oynadı. Həmin istiqamətdə ordumuz düşmənə "öz yerini göstərdi” - xeyli ərazi Horadiz də daxil olmaqla düşmən əsarətindən xilas edildi. Bu hücuma tab gətirməyən Ermənistan havadarlarını köməyə, atəşkəs elan etməyə çağırdı. Beləliklə, 1994-cü ildən atəşkəs elan edildi. Buna baxmayaraq, riyakar Ermənistan özünün təcavüzkar və işğalçılıq siyasətinə son qoymadı, əksinə, hər gün ön cəbhədə atəşkəs rejimini pozaraq, dinc əhalimizə - uşaqlara, qoca və yaşlılara da atəş açmaqdan çəkinmədi. Görünür, "Aprel zəfəri” üçün "burunları gicişirdi”.
2 aprel 2016-cı il münaqişə və müharibə şəraitində olan tərəflərin hərb tarixinə müxtəlif rəngdə yazıldı: Azərbaycan qalib gəldi. Ermənistan məğlubiyyət dərsi aldı.
"Aprel döyüşləri tariximizin şanlı səhifəsidir”. Bunu ölkə rəhbərimiz, Ali Baş Komandan İlham Əliyev də öz çıxışında vurğuladı: "Aprel döyüşləri bizim böyük tarixi qələbəmizdir, müasir tariximizdə ən uğurlu hərbi əməliyyatlardan biridir. Vaxtilə işğal edilmiş torpaqlarda bu gün Azərbaycan bayrağı dalğalanır. Döyüşlər zamanı hərbçilərimiz peşəkarlıq, qəhrəmanlıq göstərmişlər. Bir daha göstərmişlər ki, Azərbaycan əsgəri, zabiti həm peşəkardır, həm vətənə bağlıdır, həm də istənilən anda öz vəzifə borcunu yerinə yetirməyə hazırdır”.
Erməni təcavüzkarlarının növbəti atəşkəs rejimini pozmaq cəhdi 2016-cı il aprel ayının 1-dən 2-nə keçən gecə baş verdi. Gün ərzində Azərbaycanın cəbhə boyu mövqeləri və yaşayış məntəqələri erməni silahlı qüvvələri tərəfindən güclü artilleriya atəşinə məruz qaldı. Nəticədə 2 dinc sakin öldü, 10 nəfər yaralandı, infrastruktur obyektləri zədələndi, evlər dağıdıldı, əhalinin şəxsi təsərrüfatına və əmlakına xeyli ziyan dəydi. Bu hücumun qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin qorunması məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin komandanlığı tərəfindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində təxirəsalınmaz cavab tədbirləri həyata keçirildi. Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, Seysulan məntəqəsi və Füzuli rayonu istiqamətində yerləşən "Lələtəpə” adlandırılan yüksəklik düşməndən azad edildi. Döyüşlər nəticəsində Azərbaycan Silahlı Qüvvələri Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılmasını təmin etdi.
Hərbi əməliyyatlar zamanı ermənilərə məxsus 30 tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis-texniki qurğuları məhv edildi, 320 erməni döyüşçüsü öldürüldü və 500-dən artıq döyüşçü isə ağır yaralandı.
Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatı nəticəsində erməni işğalından azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində əhalinin təhlükəsiz yaşaması təmin edildi. Bununla da tarixən burada yaşamış dinc əhalinin öz doğma yurdlarına qayıtması üçün Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarətinə keçmiş həmin ərazilərdə əsaslı yenidənqurma işləri görüldü.
Əslində, bu döyüşlər Azərbaycanın öz torpaqlarını işğalçı qoşunlardan təmizləmək qüdrətində olduğunu sübuta yetirdi. Hadisələr bir daha təsdiqlədi ki, işğalçıya yerini göstərmək üçün ən yaxşı təsir vasitəsi gücdür. Həmin döyüşlərdən sonra Ermənistan silahlı qüvvələrində çaxnaşma yarandı. Müdafiə naziri Seyran Ohanyan tutduğu vəzifədən azad edildi, işğalçı orduya rəhbərlik edən generalların xeyli hissəsi işdən qovuldu. Bu hadisə işğalçı ordu və onun havadarları barəsində yaradılan mifi dağıtdı. Azərbaycanın Dağlıq Qarabağ və ətraf bölgələrini işğal altında saxlayan Ermənistanın əsl mahiyyəti üzə çıxdı.
Aprel döyüşlərindəki məğlubiyyətdən sonra erməni təbliğatçıları Ermənistan cəmiyyətində ruh yüksəkliyi yaratmaq üçün Türkiyə və Azərbaycan torpaqlarına iddialarını bir daha açıq formada göstərdilər. Ancaq bununla belə Azərbaycan Ordusunun apardığı hərbi əməliyyatlardan sonra Ermənistanda Rusiyaya qarşı çıxışlar da artdı. Yerevanda və Los-Ancelesdə ermənilər Rusiya əleyhinə aksiyalar keçirdilər. Həmin aksiyada "İşğalçı Rusiya, Ermənistanı tərk et!”, "Rusiya imperiyadır!” şüarları səsləndi.
Aprel zəfəri Azərbaycan ictimaiyyətində geniş rezonans doğurdu.
Şanlı bir zəfər - 24 il sonra ermənilərə böyük bir zərbə vurulmuşdu! Ermənistan tərəfi yüzlərlə itki vermişdi. 4 gün davam edən döyüşlərdə Azərbaycan tərəfi gücünü göstərmişdi. Ermənistanı qorxu bürümüşdü. Çünki Azərbaycan ayağa qalxmışdı. Bütün gənclər küçələrə axışmışdı. Aprel döyüşləri sübut etdi ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymayan Ermənistanı və havadarlarını Azərbaycan hərbi yolla cəzalandıra, işğalçı siyasətdən çəkindirə bilər. Çünki işğal olunmuş torpaqlarını qanı bahasına da olsa geri qaytarmaq gücünə malikdir!
Nəhayət, Aprel dərslərindən ermənilər nəticə çıxarmalı, regionun təhlükəsizliyi, özünün isə iqtisadi inkişafında böyük əngəl olan münaqişənin həllində Azərbaycanla oyun oynamamalıdır, havadarlarının çaldığı havaya oynamağa öyrəncəkli olsalar da...
İndi işğalçı ölkənin xarici işlər naziri zəbt etdikləri torpaqlarımızı azad etməyəcəklərini bildirir. Onlara ordumuzun Aprel zəfərini bir daha xatırladırıq. Əgər erməni quldurları topraqlarımızı tərk etməsələr, ikinci bir Aprel dərsi alacaqlar, özü də daha güclüsünü.
Məhəmməd
NƏRİMANOĞLU
Azərbaycan.-2020.- 26 aprel.- S.8.