Prezident hədiyyəsi

 

İlham Əliyev qlobal pandemiya dövründə belə heç bir sosial layihəni təxirə salmadan mərhələli şəkildə icrasına nail olur

 

Dünyanın bir parçası olan Azərbaycan da yeni çağırışla üz-üzədir. Qlobal pandemiya böyük dövlətlərdə olduğu kimi, Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşmür. Koronavirusla mübarizədə qabaqlayıcı tədbirlər görərək bu çətinlikdən az itki ilə çıxmağı hədəfləyən Azərbaycanın gündəlik itkilərinin təqribən 120-150 milyon manat olduğu açıqlanıb.

Lakin bunun fonunda dövlət xalqın rifah halının yaxşılaşdırılmasına yönələn heç bir sosial layihəni təxirə salmır. Uzaqgörən siyasəti ilə Azərbaycanın bu bəladan az itkilərlə qurtulması üçün çox mühüm qərarlar qəbul edən Prezident İlham Əliyevin pandemiya dövründə həyata keçirdiyi tədbirlər planı uğurlu nəticələr verir.

 

 

Qlobal böhran dövründə reallığa çevrilən sosial layihələr

 

Hər zaman verdiyi vədlərə sadiqliyi ilə xalqın alternativsiz liderinə çevrilən cənab İlham Əliyev məhz pandemiya dövründə də xalqın sosial rifah halının yaxşılaşdırılması istiqamətində mühüm addımlar atır. Pensiyalar, müavinətlər, təqaüdlər, maaşlar artırılır. Prezidentin təşəbbüsü ilə hazırlanan sosial layihələr gerçəkliyə çevrilir. Bir sözlə, dövlət başçısının söylədiyi kimi ölkədə heç bir sosial layihə təxirə salınmır və bundan sonra da nəzərdə tutulan layihələrin hamısı reallaşdırılacaq.

Aprelin 24-də dövlət başçısının iştirakı ilə Xızı rayonunun Ağdərə kəndindən Sumqayıt şəhərinə çəkilən magistral qaz kəmərinin açılışı, Prezidentin həmin gün Sumqayıtdakı yataqxanalarda müvəqqəti məskunlaşan 3042 məcburi köçkün ailəsi üçün Abşeron rayonu ərazisində yaşayış binalarından ibarət məhəllələrdə tikinti işlərinin gedişi ilə tanış olması və imzaladığı sərəncam da bu tədbirlərin tərkib hissəsidir.

Qaz kəmərinin açılışında da Prezident diqqətə çatdırdı ki, dövlətin nəzərdə tutduğu bütün planlar yerindədir. Bütün aidiyyəti qurumlara göstərişlər verilibbundan sonra dövlət xərclərini prioritet əsasında planlaşdıracaq. Ancaq sosial məsələlərin həlli daim birinci yerdə olacaq. Yəni sosial məsələlərlə bağlı nəzərdə tutulan heç bir layihə təxirə salınmayacaq. Bu da bir daha təsdiq edir ki, Prezidentin yürütdüyü siyasətin mərkəzində xalq, vətəndaşın rifahı, sağlamlığı və əminliyi, sosial məsələlərinin həlli, sosial infrastrukturun daha da müasirləşdirilməsi dayanır.

İndiyədək bu istiqamətdə icra olunan layihələr arasında ölkə ərazisinin qazlaşdırılması, əhalinin "mavi yanacağ”a tələbatının ödənilməsi məqsədilə həyata keçirilən işlərin də xüsusi yeri var. Onu da deyək ki, bu layihənin nəticəsində təbii qaz Yaşma və Sumqayıt elektrik stansiyalarına, həmçinin SOCAR-ın Karbamid zavodunayeni Metallurgiya Kompleksinə nəql ediləcək. Bu kəmərin istifadəyə verilməsi yalnız Sumqayıt-Yaşma iqtisadi regionu üçün deyil, həm də iki lokal nəql sistemini birləşdirməklə Bakı şəhərinin etibarlı qaz təchizatı üçün alternativ bir sistemə çevrilməsinə imkan verir.

 

 

3042 məcburi köçkün ailəsinə bəxş edilən sevinc payı

 

 

Bu bur həqiqətdir ki, ölkəmizdə əhalinin həssas təbəqəsi kimi qaçqın və məcburi köçkünlərə göstərilən qayğı daim yüksələn xətt üzrə inkişaf etməkdə, bu kateqoriyadan olan insanların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində yeni mühüm tədbirlər həyata keçirilməkdədir.

İndiyədək Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət səviyyəsində məcburi köçkünlərin mənzil-məişət və sosial problemlərinin həlli istiqamətində çox mühüm layihələr icra olunub. Bu istiqamətdə dövlətin həyata keçirdiyi siyasətə Heydər Əliyev Fondu da böyük töhfələr verib. Bu günədək 62494 məcburi köçkün ailəsinin, ümumilikdə bu qəbildən olan 315 min soydaşımızın mənzil-məişət şəraiti yaxşılaşdırılıb. 2020-ci ildə də bu işlərin davam etdirilməsi nəzərdə tutulur. Sumqayıt şəhərindəki yataqxanalarda müvəqqəti məskunlaşan 3042 məcburi köçkün ailəsi üçün Abşeron rayonu ərazisində yaşayış binalarından ibarət məhəllələrin inşası da bunun tərkib hissəsidir.

Bu xeyirxah missiya Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən də uğurla davam etdirilir. Onun Birinci vitse-prezident təyin edildikdən sonra ilk görüşünü məcburi köçkünlərlə keçirməsi də bu qəbildən olan insanlara diqqət və qayğıdan xəbər verir. Birinci vitse-prezident ilk müşavirəsini də bu kateqoriyadan olan insanların sosial müdafiəsinin gücləndirilməsinə həsr etmişdi. Mehriban xanım Əliyevanın sədrliyi ilə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr olunmuş müşavirənin nəticəsidir ki, bu gün onlar üçün böyük məhəllələr salınır, yeni mənzillər tikilir.

Bütün bunlar göstərir ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən, reallığa çevrilən tədbirlər ardıcıl xarakter alıb. Bütün bunlar məcburi köçkünlərə yüksək qayğının real təsdiqi olmaqla yanaşı, onların doğma torpaqlara qayıdacaqları günə olan əminliklərini də artırır.

 

İki ildə dəyəri 5,8 milyard manatlıq 3 sosial paket

 

 

Qlobal pandemiya dövründə əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində mühüm addımlar atan Prezident İlham Əliyev genişmiqyaslı iqtisadi sosial paketini təqdim edərək vədlərinə sadiqliyini bir daha nümayiş etdirdi. Maliyyə həcmi 3,5 milyard manatdan çox olan bu paket müstəqillik dövrünün ən böyük yardım proqramıdır. Ötən il isə dövlət başçısı 4,2 milyon nəfəri sevindirən, maliyyə tutumu 2,3 milyard manat olan 2 sosial paket təqdim etmişdi.

Bu gün dünyanı çənginə alan koronavirus pandemiyasının yayılmasına qarşı düzgün aparılan siyasət, vətəndaşların sağlamlığının qorunması sosial vəziyyətinin yaxşılaşdırılması üçün atılan məqsədyönlü addımlar həm ölkə əhalisi, həm beynəlxalq təşkilatlar tərəfindən təqdir edilir. İnanırıq ki, məhz dövlətin gördüyü qabaqlayıcı tədbirlərlə Azərbaycan bu infeksiyadan az itkilərlə qurtulacaq.

 

 

Rəşad BAXŞƏLİYEV

Azərbaycan.-2020.- 28 aprel.- S.1;4.