(xal)atlı oğlan

 

Deyirlər, hər şər işdə bir xeyir də mövcuddur. Bu deyimdə təskinlik, ovutmaq ifadə olunsa da, bir hikmət də var. Əks halda, Allah bilir, neçə zamandır ağızdan-ağıza ötürülərək müasir dövrümüzəcən gəlib çatmaz, özünə milyonların sınaqdan çıxarıb yaşatdığı məsəllər arasında yer etməzdi.

Folklora boş yerdən baş vurmuruq, daha doğrusu, sözümüzün canı var. Canı da ondan ibarətdir ki, dünyada minlərlə can alan çağırılmamış qonağımız - koronavirus özü ilə bizə təkcə məlum problemləri gətirmədi, həm də insanları sanki qəflət yuxusundan ayıltdı. Ayıltdı desin ki, siz təbiətə qəddar, bir-birinizə ədalətsiz, reallıqdan vecsiz, çağırışlara biganə, nəfsinizə sonsuz, hikkənizə sərhədsiz münasibətlərlə hara gedirsiniz. COVID-19 həmçinin bizə kimliyimizi göstərdi, cəmiyyətdə hər kəsi öz yerinə qoydu, kimin dildə, kimin də əməldə vətəndaş olduğunu sübut etdi. Və birbu lənətə gəlmiş virus dünyanın dar günündə hansı peşə sahibinin cəmiyyətə daha çox lazım olduğunu, onların qədrini bilməyin vacibliyini, zəhmətlərinin dəyərini qiymətləndirməyi dərk etdirdi.

Yəqin ki, söhbətin hansı peşə sahibindən getdiyini anladınız. Bəli, həkimlər, ümumiyyətlə, bütün tibb işçiləri bu gün hər tərifə, alqışa layiqdirlər. çox təəssüf ki, biz bunu pandemiyanın yaratdığı indiki ağır günlərdə dərk etmişik. Öncəki günlərdə isə xalatlılara bəzən yuxarıdan baxmışıq, özümüzə borclu hesab etmişik, dediklərinə, yazdıqlarına məhəl qoymamışıq, məsləhətlərinə qulaq asmamışıq. Bəzən də öz səhlənkarlığımız ucbatından səhhətimizdə problem yarananda günahı onlarda axtarmışıq, hətta bu zaman üstlərinə qışqırmaqdan, tənqid adı altında ədəb sərhədini aşmaqdan, hirsimiz soyumayanda aqressiyaya keçməkdən, bununla da kifayətlənməyəndə onları "qaynar xətt”lər, hüquq mühafizə orqanları ilə hədələməkdən çəkinməmişik. Fikirləşməmişik ki, həkimlər də insandır, onlar da bütün peşə sahibləri kimi səhv edə bilərlər, hətta onun ağır nəticələrini dərk etsələr belə. Nəzərə almamışıq ki, bizim həkimə işdən keçəndən sonra müraciət etməyimiz ən ağır "milli xəstəliyimiz”dir və onu həmişə müalicə etmək mümkün olmur. Fərqinə varmamışıq ki, evimizin, maşınımızın təmirinə, geyim-kecimə, daş-qaşa səxavətlə xərclədiyimizi canımıza, sağlamlığımıza qıymırıq. Qıyanda da öz həkimlərimizə etibar etmirik, sosial statusumuzdanmaddi imkanımızdan asılı olaraq xarici ölkələrə üz tuturuq. Halbukibizim klinikalarımızın, nə də həkimlərimizin səviyyələri onlardan geri qalır.

Elə bilirsiniz ki, bütün bunlar və hələ qeyd etmədiyimiz başqa amillər tibb işçilərimizin psixologiyalarına, səhhətlərinə təsir etmir?! Psixologiyadan söz düşmüşkən, tibbin bu sahəsinin mütəxəssisləri deyirlər ki, telefon zəngindən ən çox qorxan... həkimlərdir. Çünki onlara az hallarda minnətdarlıq zəngləri edirlər, buna layiq olsalar belə...

Görəsən dünyanı virus təhlükəsi başına almalıydımı ki, biz indiyəcən tibb işçilərinə, xüsusən həkimlərə belə aqressiv münasibətimizin səhv olduğunu, həyatda sağ-salamat ömür sürməyimizdə onların əməyinin əvəzedilməzliyini anlayaq?!

Bizim telekanalların birində efirə getmiş süjetdir: müxbir koronavirus xəstələrinin müalicə aldığı klinikaların birində palataya keçiroradan kiçik reportaj hazırlayır. Onun reportajını efirə verən jurnalistlər və texniki heyət həmkarlarının bu süjetini ayaqüstə alqışlayırlar. Biz də həmin alqışlara qoşuluruqeyni zamanda soruşuruq: bəs onda görəsən virusa yoluxmuş xəstələrin həyatda qalmaları üçün 24 saat sözün həqiqi mənasında mücadilə aparan tibb işçiləri hansı qiymətə layiqdirlər?

Bu yerdə bizim tibb işçilərinin əməyinin dövlət tərəfindən yüksək səviyyədə dəyərləndirilməsini qeyd etmək istərdik. Təkcə bir neçə fakt: 2004-cü ildən bəri Azərbaycanda 750-dən artıq tibb müəssisəsi tikilibya əsaslı təmir edilib. İndi ölkəmizdə elə şəhər, rayon mərkəzi yoxdur ki, orada müasir tibb müəssisəsi, xəstəxana olmasın. Hamısında da dünya standartlarına cavab verən avadanlıqlar quraşdırılıb. Tibb işçilərinin sosial müdafiəsi də dövlətin diqqət mərkəzindədir. Elə il yoxdur ki, onların əməkhaqları artırılmasın. Bu ildən mərhələlərlə tətbiqinə başlanan tibbi sığorta sistemi də səhiyyə işçilərinin maaşlarını artırmağa əlavə imkan yaradıb.

Bugünkü pandemiya zamanı tibb işçilərinin fədakar əməyinə gəldikdə isə Prezident İlham Əliyev martın 28-də Bakıda "Yeni klinika”nın açılışı zamanı çıxışında onu belə qiymətləndirmişdir: "Mən... Azərbaycan həkimlərinə təşəkkürümü bildirmək istəyirəm. Biz onların maddi təminatının yaxşılaşdırılması üçün əlavə tədbirlər görmüşük. Bildiyiniz kimi, koronavirus xəstələrinə xidmət göstərən həkimlərin maaşı 3,4,5 misli məbləğində artırılıb. Bu, dövlət tərəfindən həkimlərə göstərilən diqqətin təzahürüdür. Ancaq mən bilirəm və tam əminəm ki, həkimlərin əsas motivasiyası bu deyil. Əsas odur ki, onlar vəzifə borcunu yerinə yetirmək istəyirlər. Onlar Hippokrat andına sadiqliklərini göstərmək istəyirlər. Onlar xalqımıza xas olan ən yüksək keyfiyyətləri nümayiş etdirirlər və öz həyatlarını risk altına ataraq xəstələrə xidmət göstərirlər... Ona görə həkimlər ən yüksək qiymətə layiqdirlər”. Yəqin ki, şərhə ehtiyacı olmayan bu sözlər Azərbaycanın tibb işçilərinin gərgin əməyinə verilən ən yüksək qiymətdir.

Biz "gərgin əmək” ifadəsini təsadüfən vurğulamırıq. Çoxumuzun karantin tədbirlərinin qadağalarına əməl edib evdə oturduğu bu günlərdə bir neçə peşə sahibi var ki, onlar üçün saatı, istirahət günü yoxduronlardan biri yox, birincisi tibb işçiləridir. Əgər küçədə, ictimai nəqliyyatda yorğun, üzgün, yuxusuz birini görsəniz, bilin ki, həkim, yaxud tibb bacısıdır, o, ya növbədən qayıdır, ya da işə gedir. Hələ koronavirusa yoluxma riski ilə ən çox tibb işçilərinin qarşılaşdığını demirik. Şükürlər olsun ki, bizdə belə hal yayılmayıb. Amma xaricdə, özüinkişaf etmiş ölkələrdə həkimlərin virusa yoluxmalarının kütləviləşməsi artıq faktdır. Buna baxmayaraq, onlar yenə də öz vəzifələrinin icrasını davam etdirirlər, həm də daha əzmlə, daha qəhrəmanlıqla. Çünki bu çətin günlərdə hamının " atlı oğlana yox, xalatlı həkimə daha çox ehtiyacı olduğunu bilirlər.

 

 

Raqif MƏMMƏDLİ

Azərbaycan.-2020.- 28 aprel.- S.6.