Elmar QASIMOV: “Yay məktəbləri bu il universitetlərin hesabına təşkil olunsun”
Bakı Ali Neft Məktəbinin Mətbuat xidmətindən verilən məlumata görə,Təhsil naziri Ceyhun Bayramov ali təhsil müəssisələrinin rektorlarının iştirakı ilə videokonfrans keçirib.
Videokonfransda
koronavirus pandemiyasının təsirlərinin
minimallaşdırılması istiqamətində ölkə
rəhbərliyi tərəfindən verilmiş
tapşırıqların icrası vəziyyəti barədə
konfrans iştirakçılarına geniş məlumat verilib.
Qeyd
edilib ki, mart ayından ali təhsil müəssisələrinə
verilmiş tövsiyə və tapşırıqlara uyğun
olaraq həmin müəssisələrdə tədrisin məsafədən
təşkili təmin edilib, bu məqsədlə istifadə
edilən "Microsoft Teams” və bəzi digər onlayn
platformalara bu günədək 95 mindən artıq tələbə
qoşulub.
Bundan
əlavə, ali təhsil müəssisələrində
mövcud vəziyyəti nəzərə alaraq tələbələrin
tədris ilinin ikinci yarımilliyinin nəticələrinə əsasən
qiymətləndirilməsi prosesinin təşkilinə dair
fikir mübadiləsi aparılıb, nazirlik tərəfindən
bu istiqamətdə ümumi tövsiyələr verilib.
Videokonfransda
gündəlikdəki məsələlərə dair təklif
və tövsiyələr səsləndirilib, müzakirələr
aparılıb.
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov konfransda çıxışı zamanı ali təhsil müəssisələri tərəfindən kəsiri olan tələbələr üçün ödənişli əsaslarla təşkil edilən yay məktəblərinin bu il universitetlərin hesabına pulsuz olması təklifini irəli sürüb. O, bu təklifi pandemiya dövründə tədrisdə yaranan risklərin minimallaşdırılması və qlobal virusdan təsirlənən tələbə ailələrinə dəstəyin göstərilməsi istiqamətində tədbirlərin tərkib hissəsi kimi dəyərləndirib.
Təklif konfrans iştirakçıları
tərəfindən bəyənilib.
Azərbaycan.-2020.- 28 aprel.- S.7.