Gəncənin tibb müəssisələri hər növ infeksiyaya qarşı mübarizəyə hazırdır

 

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhərdəki tibb müəssisələrində xüsusi karantin rejimi qaydalarına əməl olunmasının vəziyyəti ilə tanış olub. İcra hakimiyyətinin başçısı şəhərdə fəaliyyət göstərən xəstəxana və poliklinikalara baş çəkib, əhalinin sağlamlığı ilə bağlı həyata keçirilən tədbirlərlə maraqlanıb. Xəstəxanaların tibb heyəti ilə görüşən şəhər rəhbəri pasiyentlərlə də profilaktik söhbətlər aparıb.

Söhbət zamanı icra başçısı bildirib ki, ölkəmizdə koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində müvafiq tədbirlər görülür. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə atılan addımlar artıq uğurlu nəticələr verir. Bu işdə heç şübhəsiz ki, həkimlərin, tibb işçilərinin üzərinə böyük məsuliyyət düşür. Məhz buna görə də tibb müəssisələrində xüsusi karantin rejimi qaydalarına və sanitar-gigiyenik normalara əməl edilməsi olduqca vacibdir.

Şəhər rəhbəri tibbi personalla yanaşı, pasiyentlərlə də söhbət edib və hər bir insanın tibbi maskadan istifadə etməsinin vacibliyini vurğulayıb. İcra başçısı müayinə və müalicəyə gələn vətəndaşların tibbi maska ilə təmin olunması üçün müvafiq tapşırıqlar verib. Koronavirusla mübarizənin effektivliyini artırmaq üçün şəhər səhiyyə idarəsində mobil qrupların yaradılmasını tapşırıb. Həmin mobil qrupların tibb müəssisələrində mütəmadi monitorinqlər aparmasının vacibliyini bildirib. Xəstəxana və poliklinikaların bütün girişlərində xüsusi dezinfeksiyaedici məhlulların yerləşdirilməsi istiqamətində də işlərin görülməsinin vacibliyini bildirən icra başçısı bu işin icrasını Gəncə Şəhər GigiyenaEpidemiologiya Mərkəzinin əməkdaşlarına tapşırıb.

Xəstəxanalarda və poliklinikalarda işgüzar söhbətlər aparan Niyazi Bayramov əhalinin sağlamlığının keşiyində məsuliyyətlə dayanan tibb işçilərinə minnətdarlığını bildirmiş, xüsusi karantin rejimi qaydalarına daha ciddi əməl olunması istiqamətində öz tövsiyələrini vermişdir.

 

Sabir ƏLİYEV

Azərbaycan.-2020.- 28 aprel.- S.7.