Prezidentin köməkçisi “TRT World” kanalına müsahibəsində Azərbaycanda COVİD-19-la mübarizədə görülən işlərdən danışıb

 

Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyənin “TRT World” telekanalına müsahibəsində ölkəmizdə koronavirusla mübarizədə görülən işlərdən danışıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Hökuməti tərəfindən yanvarın ortalarından bəri COVİD-19-a qarşı mübarizədə addımlar atıldığını söyləyən Hikmət Hacıyev bunun Prezident İlham Əliyevin nümayiş etdirdiyi strateji baxış, habelə koronavirusla bağlı risklərin qiymətləndirilməsi və təhlili ilə əlaqədar olduğunu vurğulayıb. “Nəticədə deyə bilərik ki, Azərbaycan daha yaxşı vəziyyətdədir. Bu, COVİD-19 ilə mübarizədəki uğur hekayələrindən biridir”, - deyə o əlavə edib.

Prezidentin köməkçisi vurğulayıb ki, COVİD-19 böhranı ilə mübarizədə milli əlaqələndirmə son dərəcə vacibdir. Buna görə də Azərbaycanda dövlət qurumlarının fəaliyyətlərini əlaqələndirmək üçün Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb. Əlbəttə, karantin tədbirləri də son dərəcə vacibdir: “Burada Azərbaycanın misilsiz təcrübəsini bölüşmək istərdim. Yanvarın sonu və fevralın əvvəlindən Azərbaycana gələn bütün azərbaycanlıları və xarici vətəndaşları xüsusi karantin zonalarında yerləşdirməyə başladıq. Bunun üçün dördbeşulduzlu otellər ayrılıb. Fevral ayının ortalarından etibarən müəyyən məhdudiyyətlər tətbiq olunur. Mart ayının əvvəlindən bütün təhsil müəssisələri bağlanıb və sosial təcrid tədbirləri həyata keçirilib, hərəkət məhdudlaşdırılıb. Bütün bu tədbirlər sayəsində Azərbaycanın uğur hekayəsinə səmərəli töhfələr verdik”.

 

Azərbaycan.-2020.- 28 aprel.- S.3.