Dövlət qayğısının ən mükəmməl nümunəsi

 

İlham ƏLİYEV: "Əsas prioritetlər insanların sağlamlığı, onların sosial müdafiəsi və vəziyyətə uyğun şəkildə iqtisadi fəallığın artmasıdır”

 

 

Koronavirus pandemiyası insan sağlamlığı üçün təhdid olmaqla yanaşı, dünyanın hər yerində iqtisadi baxımdan da ciddi problemlər yaradıb. Qida sənayesi istisna olmaqla digər sahələrdə istehsal və xidmətlər tələbatın azalması səbəbindən demək olar ən minimum səviyyəyə enib. Bu səbəbdən də əksər dövlətlərdə ümumi daxili məhsul istehsalında ciddi azalmalar, geriləmələr baş verməkdədir.

 

 

 

Sahibkarlara maliyyə dəstəyi göstərilir

 

 

Qlobal iqtisadi sistemə inteqrasiya olunmuş Azərbaycanda da pandemiya səbəbindən iqtisadiyyatda əvvəlki dövrlərlə müqayisədə çətinliklər müşahidə olunur. Koronavirusun ölkə iqtisadiyyatına vurduğu ziyanı tam müfəssəl formada hesablamaq çətindir. Lakin bir neçə gün əvvəl Nazirlər Kabineti yanında Operativ Qərargahda keçirilən brifinqdə İqtisadiyyat naziri Mikayıl Cabbarovun qeyd etdiyi kimi, gündəlik itkilər təqribən 120-150 milyon manatdır. O cümlədən neftin qiymətinin kəskin azalması bu sahədə gəlirləri minimuma endirib.

Lakin buna baxmayaraq Azərbaycan dövləti iqtisadiyyatın və sahibkarların yaranmış şəraitə görə zərər çəkməməsi üçün müvafiq tədbirlər həyata keçirir. Prezident İlham Əliyevin 2020-ci 19 mart tarixli sərəncamının icrası ilə bağlı Nazirlər Kabinetinin təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq, Azərbaycan hökuməti beynəlxalq müstəvidə baş vermiş problemin yarada biləcəyi fəsadların neytrallaşdırılması istiqamətində zəruri olan bütün addımları atır və hazırda bu tədbirlərin icrası davam etdirilir. Belə ki, pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsi dövlət tərəfindən ödənilir, fərdi və mikro sahibkarlara maliyyə dəstəyi göstərilir.

 

Heç bir sosial proqram dayandırılmır

 

 

Azərbaycan reallığında başqa bir mühüm həqiqət ondan ibarətdir ki, iqtisadiyyatda baş verən çətinliklərə rəğmən ölkədə bir dənə də olsun sosial proqram dayandırılmadı. Bir neçə gün əvvəl Prezident İlham Əliyevin Sumqayıt şəhərindəki yataqxanalarda müvəqqəti məskunlaşan 3042 məcburi köçkün ailəsi üçün Abşeron rayonu ərazisində yaşayış binalarından ibarət məhəllələrdə tikinti işlərinin gedişi ilə tanışlığı da bunu təsdiq etdi.

Ümumiyyətlə, sosial məsələlərin respublikamızda dövlət siyasətinin prioritetlərindən biri olması təcrübədə özünü göstərən reallıqdır. Əgər respublikamızın sosial inkişaf dinamikasına nəzər salsaq, davamlı şəkildə cəmiyyətin bütün üzvlərinin rifahının yüksəldilməsi yönündə mühüm qərarların qəbul olunduğunu, əsaslı tədbirlərin həyata keçirildiyini görərik. Xüsusilə qeyd edilməlidir ki, ardıcıl şəkildə pensiyaların və əməkhaqların artırılması, o cümlədən aztəminatlı ailələrin sosial müdafiəsinə ayrıca diqqət yetirilməsi respublikada reallaşdırılan sosial siyasət kursunun mühüm tərəfini təşkil edir. Bütün bunların nəticəsi olaraq yoxsulluq səviyyəsi dəfələrlə azalıb, əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində mühüm nəticələr əldə olunub.

Bu sırada xüsusən ötən il həyata keçirilən sosial islahatlar öz miqyası və vətəndaşların maddi rifahının yaxşılaşdırılması baxımından mühüm əhəmiyyət kəsb etdi. Prezident İlham Əliyevin müvafiq fərman və sərəncamlarının 4,2 milyon vətəndaşı əhatə etməsi göstərdi ki, ölkədə həyata keçirilən siyasət məhz insan amilinə xidmət edir. Minimum əməkhaqqının, əmək pensiyalarının minimum məbləğinin, sosial müavinətlərin artırılması həm vətəndaş məmnunluğuna, həm də sosial rifahın yüksəldilməsinə xidmət edən addımlar kimi ictimaiyyətin dərin rəğbətinə səbəb oldu.

 

 

Vətəndaş rifahına xidmət edən siyasət

 

Qeyd edək ki, Prezident İlham Əliyev xüsusən ekstremal hadisələr zamanı verdiyi qərarlarla, ilk növbədə, vətəndaşların qayğılarına özünün həssas münasibətini göstərib, yaranmış sosial çətinlik və problemlərin həllinə yüksək diqqət göstərib. İstər yaxın tariximizdə müxtəlif bölgələrdə baş vermiş zəlzələlər, istər daşqınlar, istərsə də texnogen qəzalar zamanı Prezidentin birinci növbədə diqqət yetirdiyi məsələ vətəndaşın qayğı və problemlərinin yoluna qoyulması olub.

Təsadüfi deyil ki, koronavirus pandemiyası səbəbindən tətbiq olunmuş karantin rejimində də həyata keçirilən dövlət siyasətinin mühüm istiqamətini Prezidentin təşəbbüsləri sayəsində əhaliyə sosial dəstəyin göstərilməsi təşkil etdi. Bu barədə fikirlərini bildirən Prezident İlham Əliyev çıxışlarının birində "Bir daha demək istəyirəm, bu pandemiya dövründə bizim üçün əsas prioritetlər insanların sağlamlığı, onların sosial müdafiəsi və vəziyyətə uyğun şəkildə iqtisadi fəallığın artmasıdır”, - deyə bəyan etdi.

Dövlətin indiki çətin dövrdə öz vətəndaşının yanında olmasının, Prezident İlham Əliyevin yürütdüyü siyasətin mərkəzində insan amilinin dayanmasının bariz nümunəsi olan bu tədbirlər, ilk növbədə, dövlət və özəl sektorda muzdla çalışan 1 milyon 640 minədək işçinin yerlərinin və əməkhaqqı gəlirlərinin qorunmasına imkan verdi. 600 minədək aztəminatlı işsiz şəxsi əhatə edən birdəfəlik ödəmə proqramına başlanıldı. İndiyədək 400 min nəfər üçün birdəfəlik ödəniş vəsaiti köçürülüb. 100 minədək aztəminatlı ailə ərzaq yardımı ilə təmin olunubbu proses davam edir. Prezident İlham Əliyevin tapşırığına əsasən məşğulluq imkanlarının artırılması üçün ödənişli ictimai yerlərinin sayı isə 90 minə çatdırılacaq. Son 10 gündə əlavə olaraq 18 min ödənişli ictimai yeri yaradılıb.

Bütün bunlar göstərir ki, dövlət çətin günlərdə öz vətəndaşını unutmur, onun sosial baxımdan çətinlik çəkməməsi üçün nə lazımdırsa edir. Ən əsası atılan bütün sosial addımlarla cənab İlham Əliyev pandemiya şəraitində vətəndaş rifahına xidmət edən siyasətin, Prezident qayğısının ən mükəmməl nümunəsini yaradır.

 

 

Rəşad CƏFƏRLİ

Azərbaycan.-2020.- 29 aprel.- S.1;6.