Azərbaycan kəndlisi vergilərdən
azaddır
Birləşmiş Millətlər Təşkilatı koronavirus pandemiyasının dünyada aclığa səbəb ola biləcəyi ilə bağlı xəbərdarlıq edir və bəzi ölkələrin vəziyyətdən çıxmaq üçün geni dəyişmiş toxumlardan daha geniş istifadə edəcəklərini istisna etmir. Yeri gəlmişkən bildirək ki, hazırda geni dəyişmiş məhsullar Kanada, ABŞ, Braziliya, Çin, Hindistan və Argentinada istehsal olunur.
Pandemiya dövründə planetdə aqrar sektorun ümumi vəziyyətinə nəzər salmaq, onu Azərbaycan reallıqları ilə müqayisə etmək, üstünlüklərimizə və çatışmayan bəzi məqamlara diqqət yetirmək yerinə düşərdi. Bu günlər İqtisadiyyat naziri Mikayıl Cabbarov keçirdiyi brifinqdə ölkə iqtisadiyyatının gündəlik 120-150 milyon manat itirdiyini demişdi. Təbii ki, bu itkilərin bir qismi aqrar sektorun payına düşür. BMT-nin ekologiya və ərzaq təhlükəsizliyi üzrə beynəlxalq eksperti İrina Yermakovanın dediklərindən belə qənaətə gəlmək olur ki, qlobal ərzaq təhlükəsizliyi dünya üçün indiki məqamda xüsusi əhəmiyyət kəsb edən məsələyə çevrilir. Hazırda dünyada aclıqdan hər il 821 milyon nəfər əziyyət çəkir. Koronavirusla bağlı bu rəqəmin bütünlükdə bir milyarda yaxın insanı əhatə edəcəyi ehtimalı narahatlıq doğurur.
Amma iş ondadır ki, ərzaq qıtlığının yaranması məhsul azlığı ilə yox, işsizliyin artması, alıcılıq qabiliyyətinin aşağı düşməsi, dünyada ictimai iaşə obyektlərinin bağlanması ilə əlaqədardır. Pandemiya həmçinin kənd təsərrüfatı məhsullarının satışında problemlər yaratmışdır. Vəziyyətlə bağlı çoxsaylı faktlardan bəzilərinə müraciət edək. Fransa fermerlərinin bir neçə həmkarlar ittifaqının hökumətə və Avropa Komissiyasına müraciətində sanitar qaydaların tətbiqinin onlar üçün ağır fəsadlara səbəb olacağı bildirilmişdir. Avropa ölkələrində və ABŞ-da bir sıra məhsulların xarab olub atılması, ya da su qiymətinə satılması adi hala çevrilmişdir. Fermerlərin qazancı azalmış, onlar bol məhsul istehsal etsələr də, əkib-becərdiklərini ya dəyər-dəyməzinə satmaq, ya da atmaq məcburiyyətindədirlər. Fransız fermerlərindən biri deyir ki, 200 ton kartofu fevralda 30 min avroya sata bilirdisə, bu gün onu 5 minə satmaq məcburiyyətindədir. Yetişmiş çiyələk, tərəvəz məhsulları və göyərtilər, balıq və süd məhsullarının satışı da çətinləşir. Gülçülük isə sözün əsl mənasında dalana dirənmişdir. Başqa bir misal: Avropada bu ay süd istehsalı maksimum həddə çatmışdır. Amma satılmayan məhsulu saxlamaq üçün anbarlar yoxdur. Odur ki, fermerlər onu atmaq məcburiyyətində qalırlar. Onu da xatırladaq ki, sonuncu dəfə belə hadisələr 1929-cu il böhranı zamanı baş vermişdi.
Azərbaycana gəldikdə isə onu deyə bilərik ki, Prezidentin sərəncamı ilə Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılan gündən kənd təsərrüfatına yaşıl işıq yandırılmışdır. Hazırda fermerlər və kənd təsərrüfatı texnikası maneəsiz hərəkət edir, görülməli işlər vaxtlı-vaxtında yerinə yetirilir.
Amma yerli fermerlər də bu ilin bəhərini satışa çıxaranda avropalı həmkarlarından fərqli çətinliklərlə üzləşmişlər. Rusiyada rublun məzənnəsinin düşməsi, karantin qaydalarının sərtləşməsi, minlərlə zavod, fabrik və müəssisələrin bağlanması istehlakçıların alıcılıq qabiliyyətini kəskin surətdə aşağı salmışdır. Neft ucuzlaşdıqca, işsizlərin sayı artdıqca, Rusiyanın aqrar bazarında boy verən durğunluq Azərbaycan fermerlərini də sınağa çəkir.
Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan fermerləri dövlətin geniş imtiyazlar paketindən faydalanırlar. Son 16 il ərzində ölkədə kənd təsərrüfatının siması büsbütün dəyişmiş, müasirləşmiş, aqroparkların geniş şəbəkəsi yaradılmışdır. Fermerlərimiz yetərincə müasir texnika ilə təmin olunmuş, aqrar sektorun kifayət qədər geniş şaxələndirilməsi üçün ciddi addımlar atılmışdır. Baramaçılıq, pambıqçılıq, üzümçülük və digər sahələr intensiv surətdə genişləndirilir, müasir dünya təcrübəsi tətbiq edilir.
Bu gün Azərbaycan kəndlisi vergilərdən azaddır. Pandemiyanın səngimədiyi çətin günlərdə dövlətin bu cür güzəştləri əməlli-başlı kəndlinin dadına çatır. Hazırda bu gün inkişaf etmiş ölkələrdə ən ciddi problemlərdən biri işçi qüvvəsinin çatışmazlığı ilə bağlıdır. Pandemiya başlayanda bütün Avropa ölkələri öz aralarındakı sərhədləri bağlamış və nəticədə mövsümi işlərin dalınca Rumıniya, Polşa, Ukrayna və Belarusdan Fransa, Almaniya, İtaliya və İspaniyaya demək olar ki, heç kim gələ bilməmişdir. Pandemiyanın qorxusundan gəlmək istəyənlər də fikirlərindən daşınmışlar. Aqrar sektorda məhsul yetişib zay olduqca avropalılar anlayırlar ki, səhv addım atıblarmış. Azərbaycanın üstünlüyü isə ondan ibarətdir ki, bizdə Avropadan fərqli olaraq kifayət qədər təcrübəli işçi qüvvəsi mövcuddur və əhalinin demək olar ki, yarısı kənd yerində yaşayır.
Amma etiraf etmək lazımdır ki, biz də müəyyən problemlərlə üzləşirik. Xarici bazarların idarə edilməsi bizdən asılı olmasa da, daxili bazarda həm istehlakçıları, həm də fermerləri narahat edən bir məsələnin həlli həm ölkənin ərzaq təchizatında, həm də manatın güclənməsində önəmli rol oynaya bilər. Bu problem məhsulun tarladan bazaradək keçdiyi yolda bir neçə dəfə əldən-ələ keçərək qiymətlərin süni şişməsi ilə bağlıdır. Mövsümi işlərin çoxluğundan kəndlinin əli bazara çatmır və becərdiyini dəllala çox ucuz satmağa məcbur olur. Alverçilər aldıqları meyvə-tərəvəzin bir qismini rayon mərkəzinə, bir qismini də Bakıya və digər şəhərlərə daşıyırlar. Beləliklə, tarladan istehlakçıya çatanadək əldən-ələ keçən məhsulun qiyməti dəfələrlə artır. Kəndli məhsulunu çox ucuz qiymətə satır, istehlakçı isə onu od qiymətinə alır. Nəticədə satan qazancını, alan da pulunun bir qismini itirib ziyana düşür, dəllallar isə qazanır.
Sovet dönəmində kənd təsərrüfatının tədarükü müəssisələrinin Bakıda və respublikanın bütün bölgələrində satış nöqtələri var idi. Onlar yerli əhalidən və təsərrüfatlardan keyfiyyəti bir qədər aşağı olan məhsulu ucuz alaraq bütün respublikaya ucuz da satırdılar. Eyni zamanda nisbətən keyfiyyətli məhsullar böyük bazarlara çıxarılırdı. Bakıda bu bazarların sayı da kifayət qədər çox idi. Təkcə indiki Yasamal rayonunun ərazisində dörd belə bazar var idi. Bu gün bayramlarla bağlı paytaxtın müxtəlif yerlərində açılan yarmarkalar müəyyən qədər rol oynasalar da, bütün şəhəri daimi ərzaq məhsulları ilə tam təmin etmək gücündə deyillər. Görünür, başqa çıxış yollarının axtarılması lazımdır.
Qərbdə bu məsələ sistem halında çoxdan həllini tapmışdır. Kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul olan kooperativlər qazancdan daha çox fermerin məhsulunun itkisiz və sərfəli qiymətlərlə alıcıya çatdırılmasına çalışırlar. Söz düşmüşkən, bizim fermerlər də özləri birləşərək belə satış kooperativləri yarada bilərlər.
Amma reallıq ondan ibarətdir ki, pandemiya ilə bağlı Avropada və ABŞ-da satış problemləri ciddiləşmişdir və onların həllini tapmaq o qədər də asan deyil. Lakin avropalı fermerlər vəziyyətdən çıxış yollarını axtarıb özləri tapır, birbaşa istehlakçılara çıxmağa cəhdlər edirlər.
Fransanın şərqində kiçik meyvə təsərrüfatı olan xanım Odre Lurne bazarlar bağlandıqdan sonra qazancını itirmiş və birbaşa istehlakçılara bostandan və tarladan məhsul daşımaqla güzəranını dəyişmişdir. O, indi məhsulunun qalan hissəsini şəhərdə ona satışda kömək edən bina və məhəllələrin sakinlərinin sifarişləri hesabına realizə edir. Bu, dünyada bəlkə də min il əvvəl mövcud olmuş sadə ticarət modelidir. Lap bizim arşın malçı kimi.
Biz bunları fermerlərimizə qüsursuz resept kimi təqdim etmirik, sadəcə məqsədimiz müxtəlif variantları təklif etməkdir. Əlbəttə, ən yaxşı üsulu kəndli özü tapa bilər. Məşhur atalar sözündə deyildiyi kimi - "çobanın könlü olsa, təkədən pendir tutar”.
Bahadur İMANQULİYEV
Azərbaycan.-2020.- 29 aprel.- S.1;6.