Ölkə Prezidenti çətin günlərdə də sahibkarların yanındadır

 

 

Azərbaycanın ən yeni tarixinə nəzər salsaq, bir daha aydın olar ki, onun hər bir məqamı Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti ilə qırılmaz şəkildə bağlıdır. Ümummilli Lider tərəfindən həyata keçirilən sistemli tədbirlər nəticəsində ölkəmizdə siyasi və makroiqtisadi sabitliyə nail olunmuş, iqtisadi inkişafın lokomotivi olan sahibkarlar sinfinin formalaşması üçün real hüquqi baza yaradılmış, dövlət tərəfindən özəl sektora hərtərəfli dəstək göstərilməsi tədbirlərinin həyata keçirilməsinə başlanmışdır.

"Sahibkarlığın inkişaf etdirilməsi, sərbəst iqtisadiyyata yol verilməsi, bazar iqtisadiyyatının yaradılması bizim strateji yolumuzdur”, - deyən Ulu Öndərimiz Heydər Əliyev ölkənin gələcək iqtisadi inkişafının məhz özəl sektorla bağlı olduğunu vurğulayırdı.

Ümummilli Liderin sahibkarlarla keçirilən görüşləri, üzləşdikləri problemlərin nədən ibarət olduğunu bilavasitə onların öz dilindən eşitməsi və bunların qısa müddət ərzində həlli üçün konkret tapşırıqlar, fərman və sərəncamlar verməsi özəl sektorun təmsilçilərinə yüksək diqqətin təzahürü idi.

Belə görüşlərə nümunə kimi 2002-ci ilin 25 aprel tarixində yerli və may ayında xarici iş adamları ilə keçirilən görüşləri göstərmək olar. Bu görüşlərdə sahibkarlığın inkişafı yolları araşdırılmış, bu inkişafa mane olan əngəllərin aradan qaldırılması üçün konkret tədbirlər müəyyənləşdirilmiş, 2002-2005-ci illər üçün Azərbaycanda Sahibkarlığın İnkişafı ilə bağlı Dövlət Proqramı təsdiq olunmuşdur.

Məhz bu görüşlərin Azərbaycan sahibkarlığının inkişafında mühüm tarixi əhəmiyyətini, habelə ölkənin iqtisadiyyatında sahibkarların artan rolunu, məşğulluğun təmin olunmasında sahibkarlığın inkişafının müstəsna əhəmiyyətini nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 aprel 2016-cı il tarixli Sərəncamına əsasən aprelin 25-i Azərbaycanda Sahibkarlar Günü kimi təsis edilmişdir.

2003-cü ildən Heydər Əliyev siyasi və iqtisadi kursunu uğurla davam etdirən ölkə Prezidenti İlham Əliyev ötən 17 ildə milli inkişaf prioritetlərini düzgün müəyyənləşdirərək, ölkənin bütün potensialını intellektual resursların, insan kapitalının gücləndirilməsi yönümündə səfərbər etmişdir.

Bu gün hər bir sahibkar dərk edir ki, qüdrətli və müasir Azərbaycanın qurulması üçün Prezident İlham Əliyevin liderliyi altında bizi hələ bir sıra mühüm vəzifələr gözləyir. Azərbaycan biznes mühitinin əlverişliliyi, sahibkarların rahat işləməsi üçün ən çox islahatlar aparan ölkələrdən biridir. Postneft iqtisadiyyatının qurulması, idxaldan asılılığın azaldılması, ölkənin ixrac potensialının yüksəldilməsi üçün rəqabət qabiliyyətli mal və məhsulların istehsal olunması məqsədilə hökumət sahibkarlar üçün böyük imkanlar yaradıb. Ölkədə qeyri-neft sektorunun, xüsusilə də regionlarda kiçik və orta sahibkarlığın inkişafı istiqamətində mühüm işlər görülür.

Bazar iqtisadiyyatı yolunu seçmiş istənilən dövlətin müstəqil yaşaması və inkişafı prosesində orta təbəqənin - iqtisadi inkişaf və sabitliyin təminatçısı sayılan sahibkarlar sinfinin rolu müstəsnadır. Bu reallığı nəzərə alan ölkə Prezidenti milli iqtisadi inkişaf modelinin reallaşdırılmasında özəl sektorun həlledici rolunu daim önə çəkir, güclü sahibkarlar təbəqəsinin formalaşmasına, onların cəmiyyətdəki mövqelərinin güclənməsinə çalışır.

Prezident İlham Əliyev öz çıxışlarında yerli sahibkarlara müraciət edərək bildirmişdir: "Mən çalışacağam ki, sizə maksimum dərəcədə sərbəstlik verilsin. Maksimum dərəcədə imkanlar yaradılsın ki, siz sərbəst, azad, rahat şəkildə öz fəaliyyətinizi davam etdirəsiniz”. Sahibkarlığın inkişafına münasibətdə bu cür ardıcıl mövqe ölkəmizin iqtisadi potensialının hərəkətə gətirilməsi baxımından olduqca əhəmiyyətli olmuşdur.

Dövlət başçısının rəhbərliyi ilə Azərbaycan dünyanın inkişaf etmiş ölkələri sırasında öz layiqli yerini tutmuş, qəbul olunan dövlət proqramlarının icrası, həyata keçirilən kompleks islahatlar ölkəmizdə sabitliyi və davamlı inkişafı təmin etmişdir. Əhalinin həyat səviyyəsi yüksəlmiş, makroiqtisadi sabitlik qorunub saxlanılmış, regionların tarazlı inkişafına nail olunmuş, sahibkarlıq fəaliyyəti üçün geniş imkanlar açılmışdır.

Prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilmiş iqtisadi inkişaf strategiyası nəinki ölkəmizin inkişafında müstəsna rol oynayır, hətta bir model olaraq keçid iqtisadiyyatı ölkələrinin iqtisadi inkişafı baxımından nümunəyə çevrilməkdədir.

Davamlı olaraq həyata keçirilən kompleks islahatlar, inzibati prosedurların sadələşdirilməsi, qanunvericiliyin təkmilləşdirilməsi, investisiya mühitinin yaxşılaşdırılması tədbirləri və institusional dəstək mexanizmlərinin tətbiqi sahibkarlığın inkişafını daha da sürətləndirmişdir. Həyata keçirilən genişmiqyaslı dəstək tədbirlərinin nəticəsidir ki, ölkəmizdə sahibkarlıq fəaliyyəti genişlənir, bütün regionları əhatə etməklə yeni istehsal və xidmət sahələri yaradılır, ölkəmizin rəqabətqabiliyyətli məhsul istehsalı imkanları genişlənir, özəl bölmənin ümumi daxili məhsulda və məşğulluqda xüsusi çəkisi artır.

Həyata keçirilmiş islahatlar və tədbirlər fonunda təsadüfi deyildir ki, biznes mühitini qiymətləndirən ən önəmli hesabatlardan biri olan Dünya Bankının "Doing Business” hesabatlarında son illərdə ölkəmizdə reallaşan islahatlar daim vurğulanaraq nümunəvi islahatlar kimi nəzərə alınır. Belə ki, ölkəmiz 2018-ci il üçün dərc olunan hesabatda 4 və daha çox islahat aparan 3 ölkədən biri kimi, 2019-cu il üçün dərc olunan hesabatda dünyanın ən islahatçı 10 ölkəsi siyahısına daxil olaraq, ən çox islahat aparan ölkə kimi qeyd edilmiş və 2020-ci il üçün dərc olunan hesabatda isə 20 ən islahatçı ölkənin sırasında yer almışdır.

Son vaxtlar aparılan islahatlar nəticəsində Azərbaycanda biznes mühiti əhəmiyyətli dərəcədə yaxşılaşmışdır. Bunu bir neçə mötəbər beynəlxalq təşkilatlar da öz hesabatlarında qeyd etmişlər. Bu yaxınlarda məşhur "Heritage” Fondunun tərtib etdiyi iqtisadi azadlıqlarla bağlı reytinq cədvəlində Azərbaycan iqtisadi azadlıqlar indeksinə görə bir il ərzində 19 pillə qalxaraq, dünyada 44-cü yerdə qərarlaşmışdır.

Son illərdə təbii fəlakət və digər hadisələr nəticəsində zərərçəkmiş sahibkarlara dəymiş ziyanın dəqiq hesablanaraq kompensasiya ödənilməsi, eyni zamanda onlara güzəştli şərtlərlə kreditlərin verilməsi, habelə onların qısa müddətdə işlə təmin edilməsi barədə sərəncamlar Azərbaycan sahibkarları və sadə vətəndaşlar arasında böyük rəğbətlə qarşılanmışdır.

Məlum olduğu kimi, cari ildə bütün bəşəriyyət görünməz bir düşmənə, koronavirus pandemiyasına qarşı mübarizə aparır.

Ölkə Prezidenti İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanda koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması üçün çevik və zəruri qabaqlayıcı addımlar atılmış, bu istiqamətdə ölkəmiz qlobal həmrəylik nümayiş etdirərək dünyada öz fəal rolunu oynamışdır.

Prezident İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da keçirilən Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü dövlət başçıları səviyyəsində koronavirus pandemiyasına həsr olunmuş ilk beynəlxalq tədbir kimi tarixə düşmüş və ölkəmiz pandemiyaya qarşı görülmüş tədbirlərə görə nümunəvi ölkə kimi dəyərləndirilmişdir.

Mayın 4-də isə İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə "COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü keçiriləcəkdir. Bu Zirvə görüşündən sonra 2022-ci ilədək Qoşulmama Hərəkatına rəhbərliyi Azərbaycan həyata keçirməklə, bu dövrdə hərəkatın sədri Prezident İlham Əliyev olacaqdır.

Prezidentin təşəbbüsü ilə təsis edilmiş Azərbaycanda Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianələrin köçürülməsi və işçilərin ixtisar olunmaması ilə bağlı çağırışlara sahibkarlar da qoşularaq yüksək həmrəylik nümayiş etdirmişlər.

Modernləşmə kursunu həyata keçirən Azərbaycan Respublikasında iqtisadi və sosial tərəqqiyə yönəlmiş dövlət siyasəti öz bəhrəsini verməkdədir. Təsadüfi deyil ki, koronavirus pandemiyasının təsirindən yaranmış dərin maliyyə böhranı bir sıra ölkələrdə iqtisadiyyatın tənəzzülə uğramasına və sosial gərginliyin artmasına gətirib çıxardığı bir vaxtda, ölkəmiz qlobal böhranın təsirindən qorunmuş və ölkəmizdə sosial-iqtisadi inkişaf, vətəndaşlarımızın rifah halının yüksəldilməsi tədbirləri ardıcıl davam etmişdir.

Belə bir çətin şəraitdə Azərbaycan hökuməti ölkə sahibkarları üçün dəstək mexanizmlərini işə salmış, pandemiyadan zərər çəkən iqtisadi fəaliyyət sahələrinə Vergi Məcəlləsində güzəştlər nəzərdə tutmuşdur. Qanunda həmin sahələrin adı verilməklə, karantin rejiminin sərtləşdirilməsi və yumşaldılması dövründə yeni fəaliyyət sahələrinin əlavə edildiyi təqdirdə onların da bu güzəştlərdən faydalanması nəzərdə tutulmuşdur. Qanun layihəsinə əsasən, pandemiyadan zərər çəkən sahibkarlıq subyektləri 2020-ci il üzrə əmlak və torpaq vergisindən azad edilir.

Həmin sahibkarlara 2020-ci ilin nəticələrinə görə mənfəətdən 75 faizlik güzəştin verilməsi də nəzərdə tutulur. Mənfəət vergisi ödəyicilərinin 2019-cu ilin nəticələrinə görə mənfəət vergilərinin də ödənilməsi martın 31-dən sentyabrın 1-dək təxirə salınır. Mikro sahibkarlar xüsusi həssas kateqoriyaya aid olduğu üçün hansı sahədə fəaliyyət göstərməsindən asılı olmayaraq, bu gün onlar üçün Vergi Məcəlləsində mövcud olan

2 faizlik sadələşdirilmiş verginin dərəcəsi bu il 1 faizə endirilir.

Sadələşdirilmiş verginin xüsusi növləri olan, məsələn, ictimai iaşə obyektləri üzrə sadələşdirilmiş vergi 8 faizdən 4 faizə, sərnişindaşıma sahəsində fəaliyyət göstərən sahibkar üçün isə nəqliyyat vasitəsində oturacaqların sayına görə müəyyən olunan sadələşdirilmiş verginin dərəcəsinin 50 faiz aşağı salınması nəzərdə tutulur.

Bütün sahibkarlıq subyektlərində fiziki şəxslərdən icarəyə götürülən daşınmaz əmlaka görə mənbədən tutulan 14 faizlik vergi 7 faizə endirilir.

Aparılan islahatlar, müxtəlif sahələri əhatə edən dövlət proqramları və genişmiqyaslı infrastruktur layihələrinin uğurla icra olunması Azərbaycanı dünyada güclü və demokratik dövlət, nüfuzlu və etibarlı tərəfdaş kimi tanıtmışdır.

Biznes mühitinin yaxşılaşdırılması və qeyri-neft sektorunda sahibkarlığın inkişaf etdirilməsi sahəsində görülən tədbirlərin nəticəsində sahibkarlıq subyektlərinin sayı 4,2 dəfə, hüquqi şəxslərin sayı 2 dəfə, kiçik müəssisələrin sayı 2 dəfə, fərdi sahibkarların sayı 5 dəfə artmış, ümumilikdə isə müstəqillik qazandıqdan sonra ölkə iqtisadiyyatına 250 milyard dollardan çox investisiya qoyulmuşdur.

Sahibkarlığa dövlət dəstəyi tədbirləri sayəsində sahibkarlıq subyektlərinin sayının son 16 il ərzində artması nəticəsində özəl sektorda iş yerlərinin əsaslı şəkildə artması bu prosesin dönməz xarakter aldığını bir daha təsdiq edir.

2020-ci ilin aprelin 14-də Nazirlər Kabinetinin 2020-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyevin diqqət yetirdiyi əsas məqamlardan biri məhz sahibkarlıqla bağlı olmuşdur. İclasda bildirildi ki, Azərbaycan Respublikası Prezidentinin 19 mart tarixli sərəncamı ilə pandemiyanın məşğulluğa, sahibkarlara və iqtisadiyyata mənfi təsirlərinin azaldılması üzrə təkliflərin hazırlanması məqsədilə yaradılan işçi qrupların təqdim etdiyi təkliflər əsasında Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş Tədbirlər Planından irəli gələn məsələlərin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ilkin olaraq 1 milyard manat vəsait ayrılıb və artıq bu vəsaitin maliyyələşdirilməsi başlanılıb. Dövlət fondları və digər maliyyə resursları səfərbər edilərək ümumi maliyyə dəstək paketi 3,5 milyard manatdan artıq olub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məşğulluq tədbirlərinə maliyyələşmə artıq açılıb, eyni zamanda İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu vasitəsilə sahibkarlara maliyyə dəstək tədbirləri həyata keçirilməkdədir.

2019-cu ildə qəbul edilmiş qərarlar və həyata keçirilən islahatlar qısa müddət ərzində öz nəticələrini vermiş, 2020-ci ilin birinci rübündə iqtisadiyyatın qeyri-neft sektoru 3 faiz, qeyri-neft sənayemizin artımı 23 faiz səviyyəsində olmuş, kənd təsərrüfatı 3,7 faiz artmışdır. Bütün çətinliklərə baxmayaraq, birinci rübdə qeyri-neft ümumi daxili məhsulunun 3,5 faiz səviyyəsində artımına nail olunmuşdur.

Sərbəst bazar münasibətlərinə, özünütənzimləməyə əsaslanan iqtisadi sistemdə insanların sosial müdafiəsinə və rifahına hesablanmış müxtəlif layihələrin, ən başlıcası mənəvi-etik dəyərlərin yad təsirlərdən qorunması xüsusilə aktualdır. Elmi-texniki inqilabın məhsulu olan müasir informasiya texnologiyaları müsbət tərəfləri ilə yanaşı, insanlar arasında olan mənəvi idealları ifrat maddiləşmənin mənfi təsirlərinə məruz qoyur. Bu təsirləri zərərsizləşdirmək isə yalnız yüksək mənəviyyatlı şəxsiyyətlərin üzərinə düşür.

Hazırda bu nəcib missiyanı yüksək mənəvi məsuliyyətlə üzərinə götürərək şərəflə, əzmlə, təmənnasızlıqla həyata keçirən insanlar arasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ön sırada dayanır. İnamla deyə bilərik ki, Ülu Öndərin ali ideyalarına əsaslanan, dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli siyasətə layiqli töhfələrini verən Azərbaycanın Birinci vitse-prezidentinin milli mədəniyyətin, mənəvi dəyərlər sisteminin qorunmasında, cəmiyyətə sağlam dəyərlərin aşılanmasında müstəsna xidmətləri vardır.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti olduğu qısa müddətdə öz zəngin fəaliyyəti ilə təkcə ölkəmizdə deyil, bütün dünyada yüksək nüfuz, dərin ehtiram qazanmış Mehriban xanım Əliyeva Azərbaycanın inkişaf etmiş dövlətlər səviyyəsinə çatdırılmasının qarşıda duran ən başlıca məqsəd olduğunu bəyan etmişdir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanımın ölkə iqtisadiyyatının aktual problemlərinə olan həssas münasibəti Azərbaycan sahibkarları tərəfindən yüksək qiymətləndirilir.

2019-cu ilin noyabrın 23-də Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında Moskvada keçirilmiş 10-cu Azərbaycan-Rusiya Regionlararası Forumunda Azərbaycan Sahibkarlar Konfederasiyanın nümayəndələri də iştirak etmişlər. Forum zamanı kiçik və orta sahibkarlığın inkişafı, kənd təsərrüfatı, turizm sektorları üzrə panellərdə ASK prezidentinin rəhbərlik etdiyi nümayəndələr də fəal iştirak ediblər. Konfederasiya üzvləri inanırlar ki, "Azərbaycan” pavilyonunun açılışı çərçivəsində Moskvada keçirilmiş 10-cu Azərbaycan-Rusiya Regionlararası Forumu Azərbaycan sahibkarlarına münbit şərait yaratmaqla yanaşı, hər iki ölkənin iqtisadiyyatının inkişafına da əhəmiyyətli töfhə verəcəkdir.

Azərbaycan biznes mühitinin əlverişliliyi, sahibkarların rahat işləməsi üçün ən çox islahatlar aparan ölkələrdən biridir. Postneft iqtisadiyyatının qurulması, idxaldan asılılığın azaldılması, ölkənin ixrac potensialının yüksəldilməsi üçün rəqabət qabiliyyətli mal və məhsulların istehsal olunması məqsədilə hökumət sahibkarlar üçün böyük imkanlar yaradıb. Ölkədə qeyri-neft sektorunun, xüsusilə də regionlarda kiçik və orta sahibkarlığın inkişafı istiqamətində mühüm işlər görülür.

Artıq sahibkarlığın inkişafı regional iqtisadi siyasətin ən mühüm elementlərindən birinə çevrilməkdədir. Belə ki, son illər regionların sosial-iqtisadi problemlərinin həllində özəl sektora üstünlük verilir. Azərbaycan Respublikasında 2004-cü ildən uğurla icra olunan regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları rayonların iqtisadi potensialının artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin daha da yüksəlməsinə, biznes və investisiya mühitinin, əhalinin rifahının yaxşılaşmasına imkan yaradır və bununla da ölkənin strateji inkişaf hədəflərinə, müəyyən edilmiş məqsədlərə nail olunmasına əhəmiyyətli töhfəsini verir.

Bu ilin fevralın 3-də regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət proqramının birinci ilinin icrasının yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev bir daha bu uğurları dəyərləndirdi. Dövlət proqramının icrasının təmin edildiyini vurğulayan dövlət başçısı son 16 il ərzində Azərbaycan iqtisadiyyatının dünya miqyasında rekord templərlə inkişaf etdiyini söylədi. Yalnız bir fakta nəzər yetirək. 16 ildə ümumi daxili məhsulun 3,2 dəfə artması dünya miqyasında rekord göstəricidir. Bütün iqtisadi göstəricilər onu deməyə əsas verir ki, Azərbaycan son 16 il ərzində çox uğurla inkişaf edib. Artan iqtisadi imkanlar dövlətin sosial məsələlərə də böyük diqqət yetirməsinə real imkanlar yaradıb.

Prezident İlham Əliyevin yeni inkişaf konsepsiyasına uyğun olaraq həyata keçirilən siyasət ölkədə bazar iqtisadiyyatı prinsiplərini sosial ədalət prinsipləri ilə birləşdirdi. Dövlət başçısının söylədiyi kimi, Azərbaycanın uğurlu inkişafı məhz buna söykənir.

Regionların davamlı inkişafında və əhalinin məşğulluğunda olduqca əhəmiyyətli rol oynayan sahibkarlığın inkişafı üzrə tədbirlər davam etdirilir. Azərbaycanda regionların tarazlı inkişafını təmin etmək üçün digər sahələrlə yanaşı, bölgələrdə aqrar-sənaye kompleksinin sürətli inkişafına da nail olunmuşdur. Nəzərə almalıyıq ki, kənd təsərrüfatında ölkə üzrə Ümumi Daxili Məhsulun 5,6 faizi istehsal edilir. Əhalinin 47 faizi kənd yerlərində yaşayır və məşğul əhalinin 36,3 faizi kənd təsərrüfatında çalışır. Bu baxımdan kənd təsərrüfatının inkişaf etdirilməsi regionlardakı problemlərin aradan qaldırılmasına şərait yaratmışdır.

2019-cu il Azərbaycan üçün mühüm sosial islahatların və uğurlu iqtisadi layihələrin reallaşdığı il kimi tarixə düşmüşdür. Prezident İlham Əliyevin söylədiyi kimi, əgər geridə qoyduğumuz 2017-ci ili iqtisadi sabitləşmə, 2018-ci ili dərin iqtisadi islahatlar ili kimi başa vurmuşuqsa, 2019-cu il daha çox sosial sahədə inqilabi islahatların reallığa çevrildiyi tarix kimi yaddaşlara yazılacaqdır.

Dövlət başçısı hələ ötən ilin əvvəlində "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzaladı. Problemli kreditlərin əhalinin xeyrinə həlli istiqamətində hazırlanan bu sənədə əsasən narahatçılığa son qoyuldu. Prezidentin bu fərmanı ilə 800 min nəfərin kredit problemi birdəfəlik həll edildi. İlham Əliyev sahibkarlarla bank arasında etimad mühitini bərpa etdi və məhkəmə çəkişmələri sahibkarın xeyrinə həll olundu.

Göründüyü kimi, Azərbaycan Prezidenti İlham Əliyev yeni prezidentliyi dönəminin ilk ilində həyata keçirdiyi düşünülmüş və məqsədyönlü siyasətlə ölkəmizin inkişafı və xalqımızın əmin-amanlıq şəraitində yaşamasının təmin edilməsi üçün verdiyi bütün vədləri vaxtında və yüksək səviyyədə yerinə yetirir.

Dövlət proqramlarının icrası nəticəsində bölgələrin siması bütünlüklə dəyişdi. Regionlarda sənayenin, aqrar sektorun inkişafına təkan verildi. Sənaye parkları, aqroparklar, fabrik və zavodların açılışı vaxtilə işsizlik səbəbindən paytaxta üz tutan insanları yenidən regionlara qaytardı və hazırda həmin müəssisələrdə yüzlərlə insan çalışır.

Həyata keçirilən məqsədyönlü siyasət və struktur islahatları sayəsində 2019-cu ildə ölkəmizdə makroiqtisadi sabitlik təmin edilib, iqtisadi artım prosesləri sürətlənib və iqtisadiyyatın dayanıqlı inkişafı yeni mərhələyə daxil olub. Ötən ildə qeyri-neft sektorunda ÜDM-in 3,5 faiz və qeyri-neft sənayesində isə 14,3 faiz artmasında regionların da böyük rolu olub. 2019-cu ildə regionların sosial-iqtisadi inkişafının dördüncü Dövlət proqramı çərçivəsində 7,2 milyard manat vəsait yönəldilib.

Ölkənin on bölgəsində sənaye zonalarının yaradılması sənayeləşmə prosesinə təkan verib. Ümumilikdə indiyədək sənaye zonalarında rezidentlər tərəfindən 6 milyard manata yaxın investisiya yatırılıb və 9 mindən çox yeni iş yeri yaradılıb. Ötən ildə bu zonalarda istehsalın ümumi həcmində 2,6 dəfə artım qeydə alınıb.

İndiyədək verilmiş investisiya təşviqi sənədləri üzrə layihələrin reallaşması yerli istehsala 4 milyard manatdan artıq investisiyanın yatırılmasına, 28 minədək yeni iş yerinin açılmasına səbəb olacaq. Bu layihələrin 87 faizi regionların payına düşür. Sahibkarlığın inkişafına dövlət dəstəyi göstərilməsi sayəsində Sahibkarlığın İnkişafı Fondu tərəfindən güzəştli kreditlərin verilməsi işləri davam etdirilir. Qeyd olunmalıdır ki, bu prosesin dövlət büdcəsinə əlavə yük yaratmadan həyata keçirilməsi üçün kreditləşdirmə geri qaytarılan vəsaitlər hesabına təmin edilir. 2019-cu ildə bunun hesabına 1573 sahibkarlıq subyektinə 175 milyon manat məbləğində güzəştli kredit verilib.

Ümumilikdə, İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun vəsaitləri hesabına indiyədək investisiya layihələrinin ümumi dəyəri 5,1 milyard manat olan 35 mindən çox sahibkara 2,3 milyard manat güzəştli kredit verilmişdir. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması nəticəsində 165 minə yaxın yeni iş yerinin açılması imkanı yaradılıb. Güzəştli kreditlərin 72 faizi aqrar sektorun, 28 faizi sənaye və digər sahələrin inkişafına yönəldilib. Bu kreditlərin 75 faizi regionların, 25 faizi Bakı qəsəbələrinin payına düşür.

İxracın təşviqi və qeyri-neft məhsullarının ixracı zamanı çəkilən xərclərin bir hissəsinin qaytarılması mexanizmi çərçivəsində keçən il də yerli ixracatçılara 9 milyon manata yaxın vəsait qaytarılıb. Hazırda Azərbaycan məhsullarının ixrac coğrafiyasını genişləndirmək imkanları araşdırılır. Əsas məqsəd yalnız rəqabətqabiliyyətli və yüksək keyfiyyət standartlarına malik yerli məhsullara milli keyfiyyət nişanı olan "Made in Azerbaijan” brendini verməklə onların xarici bazarlara çıxışını genişləndirməkdir. Dövlət proqramlarının uğurlu icrası nəticəsində əvvəlki illə müqayisədə 2019-cu ildə kənd təsərrüfatı emal müəssisələrinin ixracı ümumilikdə 14 faiz artıb. Ölkənin aqrar sektorunun inkişafında böyük rol oynayan 33 rayonunda 51 aqropark və yerli fermer təsərrüfatının yaradılması ilə bağlı planlar çərçivəsində 2019-cu ildə 16 aqropark və ya fermer təsərrüfatında işlər başa çatıb.

Kənd təsərrüfatının subsidiyalaşdırılması və vergilərdən azad edilməsi, texnika və gübrələrin güzəştli şərtlərlə verilməsi, investisiyalar və ixracın təşviqi, digər dövlət dəstəyi mexanizmləri regional inkişafın sürətləndirilməsində mühüm rol oynayır. Bu inkişafın daha bir göstəricisi regionlar üzrə vergi daxilolmalarının artmasıdır. 2005-ci illə müqayisədə regionların qeyri-neft sektoru üzrə ümumi vergi daxilolmalarının xüsusi çəkisi 2 dəfə artaraq 15 faizə çatıb. Əmək bazarının leqallaşması və yeni iş yerlərinin yaradılması hesabına ötən il məcburi dövlət sosial sığorta haqqı üzrə regionlardan daxilolmalar 28 faiz artıb, o cümlədən qeyri-dövlət sektorunda artım 50 faiz olub. İşsizlikdən sığorta haqqı üzrə regionların daxilolmaları 39 faiz, o cümlədən qeyri-dövlət bölməsində 70 faiz artıb. Eyni zamanda ötən il regionlarda fərdi sahibkarların sayında 12 mindən çox artım qeydə alınıb.

Ölkə iqtisadiyyatının, xüsusilə də özəl sektorun inkişafında keyfiyyətcə yeni mərhələ başlanıb. Bu mərhələdə sahibkarların fəaliyyətinə əsassız və qanunsuz müdaxilələrin, bürokratik yoxlamaların aradan qaldırılması, liberal biznes mühitinin formalaşdırılması xüsusi diqqət mərkəzindədir.

Əldə edilmiş uğurların davamlılığının təmin olunması sahibkarlıq fəaliyyətinin tənzimlənməsi sisteminin təkmilləşdirilməsini, sahibkarlara, xüsusilə də kiçik və orta sahibkarlara göstərilən texniki, maliyyə, hüquqi, metodiki və s. xidmətlərin əhatə dairəsinin genişləndirilməsini, keyfiyyət səviyyəsinin daha da artırılmasını zəruri edir, bu sahədə institusional yanaşmanı şərtləndirir.

Bütün bunları nəzərə alaraq Azərbaycan Prezidentinin müvafiq fərmanına əsasən İqtisadiyyat Nazirliyinin tabeliyində yaradılmış Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin qarşısında qoyulan əsas vəzifə ölkədə kiçik və orta sahibkarlığın inkişafı, onun iqtisadiyyatda rolunun və əhəmiyyətinin, rəqabətqabiliyyətliyinin artırılması, inkişafının dəstəklənməsi, dövlət orqanları və təşkilatlarının bu sahədə fəaliyyətinin əlaqələndirilməsi, dövlət dəstəyi sahəsində qabaqcıl beynəlxalq təcrübənin tətbiq edilməsidir.

Prezident İlham Əliyevin bəyan etdiyi kimi, hazırda qarşıda duran ən başlıca məqsəd Azərbaycanı inkişaf etmiş dövlətlər səviyyəsinə çatdırmaqdır. Bu baxımdan ölkənin inkişafının hazırkı mərhələsində qarşıya qoyulmuş əsas hədəflər çoxşaxəli, innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, əhalinin rifahının davamlı olaraq yaxşılaşdırılması, habelə elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır.

Azərbaycan Sahibkarlar Konfederasiyası bu tədbirlərin uğurla həyata keçirilməsi istiqamətində öz qüvvə və imkanlarını səfərbər etmişdir. Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası hazırda qeyri-neft sektorunun inkişafı istiqamətində ölkənin özəl sektorunda sağlam qüvvələrin birləşməsi əsasında öz işini qurur, sahibkarlara göstərilən xidmətlərin əhatə dairəsini genişləndirir, günün tələblərinə cavab verən mövzular üzrə treninqlər, seminarlar, konfranslar keçirir və sahibkarların hüquq və vəzifələrinin qorunması istiqamətində mütəmadi olaraq iş aparır.

Son illərdə respublikamızda qeyri-neft sektorunun, xüsusilə də regionlarda kiçik və orta sahibkarlığın inkişafı istiqamətində ayrı-ayrı regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları, iri infrastruktur layihələrinin həyata keçirilməsi əhalinin yoxsulluq səviyyəsinin minimuma endirilməsinə, kiçik və orta sahibkarlığın, xüsusən fermer təsərrüfatlarının daha da inkişaf etməsinə şərait yaratmışdır. Əldə olunmuş dinamik iqtisadi artımın nəticəsidir ki, Azərbaycanın "yuxarı orta gəlirli” ölkələr sırasında mövqeyi daha da möhkəmlənmişdir.

Ölkədə həyata keçirilən qeyri-neft sektorunun inkişaf konsepsiyasında ilk növbədə hüquqi və fiziki şəxslərin qismində sahibkarların fəal iştirakına geniş meydan verilməsi, sahibkarlıq subyektlərinə dövlət tərəfindən güzəştli kreditlər şəklində verilən maddi dəstəyin ilbəil artırılması və çoxsaylı digər tədbirlər Prezident İlham Əliyevin bu sahəyə diqqətini təsdiqləyən faktların yalnız az bir hissəsidir.

Sahibkarlarımız da öz müəssisələrini müasir tələblərə uyğun qurmalı, ixrac bazarlarında rəqabətqabiliyyətli məhsullar istehsal etməli, xarici bazarlarda mövcud olan geniş imkanlardan faydalanmaq məqsədilə peşəkarlıqlarını artırmalı və ixrac menecerləri cəlb etməlidirlər.

İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə sahibkarların və istehlakçıların maarifləndirilməsi məqsədilə ötən il Bakıda və regionlarda 7 konfrans və "dəyirmi masa” təşkil edilib, ticarət qaydalarına əməl olunması ilə bağlı 8 maarifləndirici məlumat 560 mindən artıq elektron ünvana göndərilib, istehlakçı hüquqlarına dair 10 adda 13 mindən artıq buklet və yaddaş kitabçası paylanılıb. Azərbaycan Sahibkarlar Konfederasiyası bu tədbirlərdə yaxından iştirak etmiş, tədbirlərin uğurla həyata keçirilməsi istiqamətində öz qüvvə və imkanlarını səfərbər etmişdir.

Konfederasiya Baş Kollektiv Sazişin tərəfdaşı kimi sosial dialoq məsələlərinə önəm verir, yalnız sahibkarlara dəstək verməklə kifayətlənmir, müvafiq dövlət qurumları, həmkarlar ittifaqları ilə əməkdaşlıq çərçivəsində ölkədə əmək münasibətlərinin tənzimlənməsində fəal iştirak edir.

Azərbaycan Hökuməti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Sahibkarlar Konfederasiyası sosial dialoqun bərabərhüquqlu subyektləri kimi kollektiv müqavilə və sazişlərin bağlanması, onlara əlavə və dəyişikliklərin edilməsi və icrasının təmini, habelə bir sıra əmək və sosial-iqtisadi məsələlərin həlli istiqamətində birgə iş aparırlar.

2020-ci ilin mart ayında Azərbaycan Respublikası Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında 2020-2022-ci illər üçün sosial əmək münasibətləri üzrə razılaşdırılmış mövqelərini və birgə fəaliyyətlərini müəyyən edən Baş Kollektiv Saziş imzalanmışdır. Eyni zamanda əmək hüquqlarının müdafiəsi, əməyin mühafizəsi, texniki və ekoloji təhlükəsizlik Azərbaycan hökuməti ilə əməkdaşlığın prioritet istiqamətlərindəndir.

Azərbaycan Sahibkarlar Konfederasiyası bir çox ölkələrin sahibkarlıq təşkilatları, xarici ölkələrin Azərbaycandakı və Azərbaycanın xaricdəki səfirlikləri, Dünya Bankı, Avropa İttifaqının komissiya və təşkilatları və digər beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlıq edərək yerli iş adamlarına Azərbaycanda və ölkə hüdudlarından kənarda tərəfdaşlar tapmaqda və investisiya qoyulmasında köməklik göstərir.

2019-cu ildə 19 xarici ölkəyə 25 ixrac missiyası həyata keçirilmiş, həmçinin 11 beynəlxalq sərgidə Azərbaycan vahid ölkə stendi ilə təmsil olunacaq və ixracla məşğul olan sahibkarlara maliyyə dəstəyi daha da gücləndiriləcəkdir.

Ölkəmizin rəqabətqabiliyyətli məhsullarının ixracının təşviq edilməsi məqsədilə xarici ölkələrdə 5 "Azərbaycan Ticarət Evi” açılır. Ticarət evlərində daimi fəaliyyət göstərən sərgilərdə Azərbaycan şirkətlərinin istehsal etdiyi məhsullar nümayiş etdirilir.

Azərbaycan Sahibkarlar Konfederasiyası ölkə sahibkarlarını təmsil edən bir təşkilat olaraq həm əldə etdiyimiz uğurları dəyərləndirir, həm də müasir çağırışları dərindən təhlil edir, bununla bağlı silsilə və ardıcıl tədbirlər həyata keçirir. Bu, istər qanunvericilik aktlarının təkmilləşdirilməsi, istər sahibkarlıq subyektlərinin problemlərinin öyrənilib əlaqədar təşkilatlar tərəfindən onların həllinə nail olunması, istərsə də sahibkarların maarifləndirilməsi işinin daha da dərinləşdirilməsi ilə bağlıdır.

Konfederasiya Azərbaycan iqtisadiyyatının inkişafında sahibkarlığın rolunun qorunub saxlanılmasında və inkişaf etdirilməsində genişmiqyaslı işlər aparır. Bu gün hər bir sahibkar anlayır ki, Azərbaycanın tərəqqisi və gələcək inkişafı üçün ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı tədbirlər davam etdirilməli və onlar bir sahibkar olaraq bu işdə yaxından yardımçı olmalıdırlar.

Biz də Sahibkarlar Konfederasiyası olaraq Azərbaycanda fəaliyyət göstərən bütün sahibkarları bu əlamətdar gün - Sahibkarlar günü münasibətilə təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzu edirik. İnanıram ki, ölkə sahibkarları dövlətimizin yaratdığı bu imkanlardan istifadə edərək xalqımızın rifah halının daha da yüksəlməsi, rəqabətədavamlı istehsal potensialının artırılması üçün öhdələrinə düşən vəzifələri daha məsuliyyətlə yerinə yetirəcək, yaradılan əlverişli şəraitdən səmərəli şəkildə və düzgün istifadə edərək, ölkəmizin iqtisadi qüdrətinin yüksəlməsi üçün bütün qüvvələrini səfərbər edəcəklər.

 

 

Məmməd MUSAYEV,

Azərbaycan Respublikası Sahibkarlar (işəgötürənlər)

 Təşkilatları Milli Konfederasiyasının Prezidenti

Azərbaycan.-2020.- 29 aprel.- S.5.