Azərbaycan koronavirusla
mübarizədə qələbəyə
yaxınlaşmaqdadır
Aylardır dünya ölkələri bütün səylərini yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizəyə və profilaktika tədbirlərinə yönəldib.
COVID-19 xəstəliyi martdan etibarən Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya elan olunaraq virusun qarşısının alınması istiqamətində bir sıra təxirəsalınmaz tədbirlər həyata keçirilir.
Buna baxmayaraq, dünyada bu virusa yoluxanların sayı 3 milyona yaxınlaşır. Belə ki, aprelin 26-dan 27-nə keçən sutka ərzində yeni koronavirusa yoluxanların sayı 85 mindən çox artıb ki, bu da əvvəlki gündən bir qədər çoxdur. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünyada 2878196 yoluxma və 198668 ölüm halı qeydə alınıb. Sutka ərzində yoluxanların sayı 85530, ölüm halları isə 4982 nəfər artıb. Ən çox yoluxma və ölüm halları Avropa regionunda qeydə alınıb. 24 saat ərzində orada yoluxanların sayı 29659, ölüm halları isə 2307 nəfər artıb.
Şimali və Cənubi Amerikada ümumilikdə 1140520 nəfər koronavirusa yoluxub, 58492 nəfər ölüb. Sutkada yoluxanların sayı baxımından (45674 nəfər) bu bölgə Avropanı üstələyir və 24 saatda daha çox ölüm halı da burada qeydə alınıb (2453).
Dünyada yoluxanların sayında üçüncü yeri Şərqi Aralıq dənizi bölgəsi tutur. Aprelin 27-nə olan məlumata görə, orada 165933 nəfər koronavirusa yoluxub və 6991 ölüm halı qeydə alınıb.
Ölkələr üzrə hesabatda ən çox yoluxma halları ABŞ-da (931698), İspaniyada (207634), İtaliyada (197675), Almaniyada (155193), Böyük Britaniyada (152844), Fransada (123279), Türkiyədə (110130), İranda (90481), Rusiyada (87147) və Çində (84341) qeydə alınıb.
ÜST Afrika, Şərqi Avropa, Latın Amerikası və bir sıra Asiya ölkələrində
yoluxma hallarının artmasından narahatlığını
ifadə edib. Bildirilib
ki, bəşəriyyətin pandemiyanı
arxada qoyacağı vaxta
hələ çox var.
20-dən artıq ölkə COVID-19 problemi
ilə yanaşı, bir sıra digər xəstəliklərə
qarşı peyvənd çatışmazlığından əziyyət
çəkir. Bunun əsas səbəbləri arasında səhiyyə
sisteminin zəif olması ilə
yanaşı, sərhədlərin bağlı olması və
digər məhdudiyyətlər irəli sürülür
ki, nəticədə də həmin regionlara müvafiq dərman
və peyvəndlərin çatdırılması mümkün olmur.
ÜST-nin Baş direktoru Tedros Gebreyesus qeyd edib ki, təşkilat hələ yanvarın 30-da qlobal fövqəladə vəziyyət elan edib və dünya ölkələri ÜST-nin tövsiyələrinə vaxtında əməl etməliydilər. Vurğulanıb ki, düzgün təşkil edilən tədbirlər sayəsində virusun ikinci dalğasının qarşısı alına bilər.
Ölkəmizdə koronavirusa yoluxma halları azalıb
Azərbaycan isə bu gün dünyanı bürümüş pandemiyaya qarşı mübarizədə ən ciddi tədbirlər görmüş ölkələrin sırasındadır. COVID-19 virusunun ölkə ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Prezident İlham Əliyevin tapşırığına əsasən, hələ yanvar ayından ölkəmizdə həyata keçirilən zəruri qabaqlayıcı və səmərəli tədbirlər öz effektini göstərməkdədir. Azərbaycanda pandemiyanın təsirinin azaldılması və onun miqyasının məhdudlaşdırılması istiqamətində atılan mühüm addımlar nəticəsində ölkədə COVID-19-la bağlı vəziyyət nəzarət altına alınıb və insanların koronavirusa kütləvi yoluxma hallarının qarşısının alınmasına nail olunub. Azərbaycanda koronavirusla bağlı son günlərin rəqəmləri də ölkədə pozitiv statistikanın tendensiya halını aldığını göstərir. Bu da onu deməyə əsas verir ki, ölkəmiz koronavirus adlı düşmənlə mübarizədə qələbəyə yaxınlaşmaqdadır.
Elə buna görə də bu həftənin ilk günündən etibarən ölkə ərazisində tətbiq olunmuş məhdudiyyətlərin bir qismi aradan götürülüb. Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında bildirilir ki, COVID-19 virusu ilə bağlı hazırkı sanitar-epidemioloji vəziyyət, xüsusilə də xəstəliyin yayılma dinamikası və coğrafiyası, karantin zonalarındakı şəxslərin sıxlığı, onlar arasında virusa yoluxma halları təhlil edilib və 27 aprel 2020-ci il tarixindən məhdudiyyətlərin bir qisminin yumşaldılmasına qərar verilib. Yaşayış yerini tərk etmək üçün 8103 nömrəsinə SMS məlumat göndərilərkən gələn icazələrin müddəti 2 saatdan 3 saatadək artırılıb.
Dövlət başçısı İlham Əliyevin ölkədə koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması ilə bağlı gördüyü işlər xalq tərəfindən yüksək qiymətləndirilir. Bununla əlaqədar ölkənin müxtəlif guşələrindən, eləcə də xaricdə yaşayan vətəndaşlarımız tərəfindən Prezidentə minnətdarlıq məktubları gəlməkdə davam edir.
"Azərbaycan dövləti bir sıra ilklərə imza atıb”
"Pandemiya ilə bağlı mübarizədə Azərbaycan dövləti bir sıra ilklərə imza atıb. Azərbaycan əvvəldən koronavirusa qarşı mübarizədə bir sıra tədbirlər gördü və dünya ölkələri də bu təcrübədən istifadə etdilər”.
Bunu Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında bildirib.
O, həmçinin deyib ki, martın 2-də Azərbaycanda təhsil prosesinin dayandırılması pandemiyaya qarşı mübarizədə ən birinci qəbul edilən qərarlardan idi: "Bu qərar qəbul edilən zaman dünyanın cəmi 12 ölkəsi oxşar qərar qəbul etmişdi. Daha sonra dünyanın 191 ölkəsi belə qərar verdi. Bu, Azərbaycan dövlətinin pandemiya ilə mübarizədə nə qədər çevik reaksiya verməsinin göstəricisidir”.
Təhsil naziri vurğulayıb ki, Azərbaycan dövləti tərəfindən qəbul edilən qərarlar - vəziyyətin nəzarətə götürülməsi, virusun insanların sağlamlığına vura biləcəyi təsirin qarşısının alınması, dövlət orqanlarının çevik reaksiyası vətəndaş-dövlət həmrəyliyi nəticəsində baş vermişdir: "Bu prosesin vacib mərhələsindəyik, ilk dəfə xüsusi karantin tədbirlərinin müəyyən qədər yumşaldılmasından danışırıq. Bundan sonra məhdudiyyətlərin geri qayıtmaması üçün hər bir vətəndaş öz davranış və məsuliyyətini ortaya qoymalıdır. Sosial məsafə, şəxsi gigiyena, insanların kütləvi toplaşmaması ilə bağlı tövsiyələrə əməl edilməlidir”.
Karantin rejiminin yumşaldılması qərarına əsasən, bu həftədən ölkədə repetitor fəaliyyətinə icazə verilir. Nazirin sözlərinə görə, bununla bağlı aidiyyəti qurumlar tərəfindən təqdimatlar hazırlanır və yaxın günlərdə ictimaiyyətə açıqlanacaq. Lakin bu iş də sanitar təhlükəsizlik qaydalarına əməl edilməklə həyata keçirilməlidir.
C.Bayramov bildirib ki, Təhsil Nazirliyi buraxılış və qəbul imtahanlarının keçirilməsi ilə bağlı aidiyyəti qurumlarla sıx əməkdaşlıq edir: "Əlavə tarixlərlə bağlı konkret məlumatlar müvafiq zamanda təqdim ediləcək. Bu da mövcud şəraitdən asılı olacaqdır. Hər hansı bir çeviklik tələb olunsa, ali təhsil müəssisələrinə qəbulla bağlı təkliflər hazırlanacaq. Mövcud şəraitə uyğun olaraq çevik modellərdən istifadə olunacaq. Son iki ayın dərs proqramlarının qəbul imtahanlarına salınmaması ilə bağlı təklifə də müsbət baxıla bilər”.
Baş Nazirdən tibbi ləvazimatlarla bağlı qərar
Azərbaycan dünyada aparıcı ölkələrdəndir ki, on minlərlə insan qısa müddət ərzində müayinə edilir, əhali koronavirus infeksiyası ilə əlaqədar testdən keçirilir. Təkcə aprelin 27-də Azərbaycanda 4676 nəfər koronavirusla bağlı test edilib.
TƏBİB-in məlumatına görə, ümumilikdə koronavirusla bağlı edilən test sayı isə 130 mindən çoxdur.
Yeni koronavirusla (2019-nCoV) mübarizədə istifadə olunan bəzi tibbi ləvazimat və preparatların (steril əlcək, baxil, tibbi maska və eynəklər, dezinfeksiyaedici maddə və avadanlıqlar, xüsusi geyimlər və zəruri olan digər tibbi ləvazimat və preparatlar) Azərbaycan Respublikasının ərazisindən aparılmasının məhdudlaşdırılmasına dair müddət daha 2 ay uzadılıb.
Nazirlər Kabineti bununla bağlı "Bəzi tibbi ləvazimat və preparatların ölkə ərazisindən aparılmasının müvəqqəti olaraq məhdudlaşdırılmasına dair tədbirlər haqqında” 14 fevral 2020-ci il tarixli qərarında dəyişiklik edib. Yəni bu müddət mayın 1-dən iyulun 1-dək uzadılıb.
Karantini pozan 967 sürücü cəzalandırıldı
Koronavirus
(COVID-19) infeksiyasının yayılmasının
qarşısının alınması məqsədilə tətbiq
edilən xüsusi karantin rejiminin pozulmasına görə
27.04.2020-ci il saat 00:00-dan 28.04.2020-ci il saat 00:00-dək olan
müddət ərzində respublikanın avtomobil yollarında
nəqliyyat vasitələri ilə hərəkətdə olan
967 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar
Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə
cəlb edilib.
Ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 42 371 hərəkət iştirakçısı inzibati qaydada cəzalandırılıb.
Dünən DİN-ə bilavasitə tabe olan İnzibati Həbs Olunanların Saxlanılma Mərkəzində xüsusi karantin rejimini pozan, avtoxuliqanlıq hərəkətləri edərək polisin qanuni tələblərinə əməl etməyən və barələrində məhkəmələrin qərarı ilə həbs qərarı verilən şəxslərlə profilaktik görüş keçirilib. Görüşdə törətdikləri əməllərə görə cəza alan şəxslər bu hərəkətlərindən peşman olduqlarını bildirərək, digər sürücülərə yollarda daha həssas və diqqətli olmağı, karantin qaydalarına əməl etməyi tövsiyə ediblər.
Qeyd
edək ki, karantin qaydalarını pozan və avtoxuliqanlıq
hərəkətləri edən bu şəxslərin hər
birinə 15 sutkadan 1 aya qədər müddətdə inzibati
həbs cəzası verilib.
Xəyalə MURADLI
Azərbaycan.-2020.- 29 aprel.- S.7.