Xalqını sevən və qoruyan PREZİDENT
İlham
Əliyevin pandemiyanın fəsadları ilə uğurlu mübarizə strategiyası ümummilli dəstəklə müşayiət
olunur
Dünyanı çənginə alan koronavirus pandemiyası 200-dən artıq ölkədə 3,1 milyondan çox insanın bu infeksiyaya tutulmasına səbəb olub. Böyük əksəriyyəti Avropa və ABŞ olmaqla 219 mindən çox insanın həyatına son qoyub. Bəşəriyyətin qlobal probleminə çevrilmiş pandemiya ilə mübarizə məqsədilə demək olar ki, bütün dövlətlərdə müxtəlif tədbirlər həyata keçirilsə də, onların heç də hamısı bu istiqamətdə müsbət nəticələr əldə edə bilmir.
Azərbaycanda ciddi fəsadlara
imkan verilmədi
Koronavirus Azərbaycandan da yan ötmədi. Fevralın sonunda infeksiyanın ilk nişanəsi ölkəmizdə göründü. Lakin respublikamızda virusun qeydə alınmasından sonra hökumət dərhal çevik reaksiya verdi və vaxtında təxirəsalınmaz addımlar atıldı. Koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət qərargah yaradıldı. Həmçinin qabaqlayıcı tədbirlərin görülməsi və respublikanın bütün ərazilərində monitorinqin aparılması üçün ekspert qrupları təşkil olundu.
Sonrakı günlərdə qonşu ölkələrlə gediş-gəlişin, məktəblərin, bağçaların, idman zallarının, ticarət və əyləncə mərkəzlərinin fəaliyyətinin dayandırılması, park və ictimai istirahət yerlərinə girişin qadağan olunması, kütləvi tədbirlərin keçirilməsinin təxirə salınması, martın 24-dən xüsusi karantin rejiminin, aprelin 5-dən isə ölkədə hərəkət məhdudiyyətinin tətbiqi kimi qabaqlayıcı və məhdudlaşdırıcı tədbirlər Azərbaycanda koronavirus infeksiyası probleminin bir sıra ölkələrdəki kimi təhlükəli hal almasının qarşısını aldı. Bunun nəticəsidir ki, Azərbaycanda inkişaf etmiş Avropa ölkələrində olduğu kimi, faciəvi tendensiya baş vermədi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, məhz bu addımların atılması nəticəsində Azərbaycanda vəziyyət nəzarət altındadır: "Hesab edirəm ki, bu günə qədər atılmış bütün addımlar düzgün istiqamətdə atılmış addımlardır. Məhz bu addımların atılması nəticəsində Azərbaycanda vəziyyət nəzarət altındadır. Əgər bu addımlar vaxtında atılmasaydı və biz düşünülmüş strategiya çərçivəsində məhdudlaşdırıcı rejimi mərhələli yollarla sərtləşdirməsəydik, bu gün xəstələrin sayı min yox, bəlkə də 10 min, bəlkə də 20 min ola bilərdi”.
Məqsəd vətəndaşların sağlamlığı və rifahıdır
Koronavirus infeksiyasının ölkəmizdə də görünməsi hər şeydən öncə mühüm bir həqiqətə yeni işıq saldı. Bu həqiqət ondan ibarətdir ki, Azərbaycan xalqı bir daha bu çətin vəziyyətdə yanında məhz öz rəhbərini gördü. Prezident İlham Əliyev bu çətin günlərdə bir daha əsl liderlik nümunəsi ortaya qoydu, koronavirusla mübarizə sahəsində atdığı bütün addımlarla, verdiyi bütün qərarlarla ilk növbədə vətəndaşların sağlamlığının və sosial rifahının təmin olunmasının prioritet olduğunu göstərdi.
Xatırladaq ki, bundan əvvəl də ekstremal hadisələr zamanı ölkə vətəndaşları öz yanlarında, ilk növbədə, Prezident İlham Əliyevi görüblər. Yaxın keçmişimizdə baş verən zəlzələlər, çaylarda baş verən daşqınlar, texnogen qəzalar zamanı vətəndaşlar məhz Prezidentin çevik və operativ reaksiyasının şahidi olublar.
Dövlət başçısının reaksiyası isə, ilk növbədə, çətinliyə düşmüş vətəndaşa kömək göstərilməsindən, üzləşdiyi problemlərin həllindən ibarət olub.
Ölkə ictimaiyyəti koronavirusun yayılmasının qarşısının alınması və onun sosial-iqtisadi sferaya mənfi təsirlərinin azaldılması istiqamətində də ilk gündən Prezident İlham Əliyevin prinsipial mövqeyini görməkdədir. Dövlət başçısı həm koronavirusla mübarizə, həm aztəminatlı insanların, həm sahibkarların və bütövlükdə iqtisadiyyatın bu qlobal pandemiya dövründə çətinlik çəkməməsi üçün nə lazımdırsa, hər birinin ən yüksək səviyyədə təmin olunmasına tapşırıq və göstərişlərini verir. Məlum olduğu kimi, xidmət və digər sahələrdə çalışan 600 min vətəndaşın və mikrosahibkarlıq subyektlərinin əməkhaqlarının böyük hissəsi dövlət tərəfindən ödənilib. Bununla yanaşı, 600 min aztəminatlı, işsiz və qeyri-rəsmi çalışan vətəndaşa minimal meyara uyğun olaraq ödənişlər edilib. Eyni zamanda ödənişli ictimai iş yerlərinin sayı 2 dəfə artırılaraq 90 minə çatdırılacaq. Aprelin 1-dən həm də ünvanlı sosial yardım alan ailələrin sayı 12 min artırılıb. Hər bir belə ailəyə ayda 222 manat ödənilir.
Təbii ki, bu, dövlət üçün böyük xərclər deməkdir. Belə ki, vergi güzəştləri də nəzərə alınsa, indiyədək vətəndaşların sosial rifahını, o cümlədən iqtisadi sferanı əhatə edən dəstək proqramlarının maliyyə tutumu 3,5 milyard manatdan çoxdur. Bütün bunlar - ölkə vətəndaşlarının sağlamlığının təmin olunması üçün atılan addımlar, işsizlərə müavinətlərin verilməsi və digər sosial layihələr, əməkhaqların dövlət tərəfindən ödənilməsi, xaricdəki soydaşlarımızın vətənə gətirilmələri, karantin rejimi müddətində aztəminatlı ailələrə və işsizlərə yardım edilməsi xalqımıza diqqət və qayğının göstəricisidir.
İlham Əliyevə təşəkkür məktubları gəlməkdə davam edir
Prezident İlham Əliyevin pandemiyanın fəsadları ilə uğurlu mübarizə strategiyası ümummilli dəstəklə müşayiət olunur. Dövlət başçısının koronavirusla mübarizə və insanların sağlamlığı və rifahı naminə dövlətin imkanlarını səfərbər etməsi Azərbaycan ictimaiyyəti tərəfindən təqdir edilir, böyük razılıqla qarşılanır. Təsadüfi deyil ki, bu günlərdə cənab İlham Əliyevin ünvanına ölkənin dörd bir yanından minlərlə təşəkkür məktubu gəlməkdə davam edir.
Bu məktubların hər birində Prezidentə dərin minnətdarlıq hissi ifadə olunur, ən xoş, ən səmimi arzular səsləndirilir. Ən əsası bu məktubların hər biri xalqımızın öz rəhbəri ətrafında sıx birləşməsinin və bu çətin günlərdə milli həmrəylik nümayiş etdirməsinin göstəriciləridir. Koronavirusla mübarizə istiqamətində atılan bütün addımlar respublika ictimaiyyəti tərəfindən böyük razılıqla qarşılanır. Vətəndaşlar Prezident İlham Əliyevə ünvanladıqları məktublarında həyata keçirilən bütün tədbirləri yüksək qiymətləndirərək dövlət başçısına, eləcə də öz qayğısını insanlardan əsirgəməyən Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirir, ən səmimi arzularını ifadə edirlər.
Beləliklə, ölkə ictimaiyyəti bu çətin günlərdə bir daha yanında öz liderini, onun qayğısını, dəstəyini gördü. Hər zaman olduğu kimi, Prezident İlham Əliyev xalqımızın və dövlətimizin bu qlobal təhlükədən alnıaçıq çıxması və insanların çətinlik çəkməməsi üçün nə lazımdırsa etdi. Ona görə də vətəndaşların məktublarının hər birində səmimi minnətdarlıqla yanaşı, xalqımızın milli həmrəyliyi və İlham Əliyev siyasətinə sədaqət ifadə olunur.
Rəşad
CƏFƏRLİ
Azərbaycan.-2020.- 30 aprel.- S.1;3.