Pandemiya təhlükəsi tam sovuşmayıb

 

Əhalidə arxayınçılıq yaranması bu bəlanın yenidən alovlanmasına təkan verə bilər

 

 

Koronavirus pandemiyasına qarşı mübarizədə Azərbaycan bu gün dünya miqyasında uğur qazanan ölkələr sırasında, liderlər cərgəsində yer alır. Vaxtında atılan addımlar, xüsusən karantin rejiminin tətbiqi pandemiyanın Azərbaycanda genişlənməsinin qarşısının uğurla alınmasında müstəsna rol oynayır.

Görülən tədbirlər nəticəsində bu gün Azərbaycan koronavirusa yoluxanların sayının ən az olduğu ölkələr sırasındadır. Təbii ki, bu fonda karantin rejiminin tədricən yumşaldılması da aktuallaşır və aprelin 27-dən bu istiqamətdə addımlar atılıb. Lakin bu heç də arxayınçılığa yol açmamalı və virusun tam aradan qaldırılmasına qədər vətəndaşlar ona qarşı əvvəlki qaydada həmrəylik nümayiş etdirməlidirlər. Xüsusən də, ehtiyat tədbirlərinin gözlənilməsi bu mənada olduqca vacib və zəruridir.

Unutmayaq ki, koronavirus xəstəliyi uzunmüddətli prosesdirbu səbəbdən mövcud qaydalara riayət olunması və zəruri profilaktik tədbirlərin davam etdirilməsi vacibdir. Xüsusi karantin rejiminin yumşaldılması ilə əlaqədar əhalidə təhlükənin sovuşması əhvali-ruhiyyəsi yaranmamalıdır. Qeyd edək ki, xüsusi karantin rejimindəki mövcud məhdudiyyətlərin sanitar-epidemioloji şəraitdən asılı olaraq mərhələli yumşaldılması zəruridir. Amma epidemioloji vəziyyət tələb edərsə, yəni xəstəliyin dinamikasında artım olarsa, karantin rejimi yenidən sərtləşdiriləcək, müvafiq məhdudiyyətlər yenidən tətbiq olunacaqdır.

Bu gün faktdır ki, dünyanın ən inkişaf etmiş, səhiyyəsi və iqtisadiyyatı ilə illərdir nümunə olaraq təqdim edilən ölkələrdə pandemiya əsl fəlakət yaradıb, yoluxanların, ölənlərin sayı həndəsi silsilə ilə artır. Lakin Azərbaycan koronavirusla mübarizədə həmin inkişaf etmiş ölkələrin bacarmadığını etdi, həm də hökumət vətəndaşlarını pandemiyanın kütləvi yoluxma dalğasından xilas etdi. Azərbaycan dünyanın ən aparıcı ölkələrinin bacarmadığını etdi.

Həm koronavirusun insanlarımızın sağlamlığına daha ağır zərbə vurmasının qarşısı alınır, həm də ölkədəki sosial-iqtisadi durumun stabilləşdirilməsi üçün konkret effektiv planlar reallaşdırılır.

Eyni zamanda Ümumdünya Səhiyyə Təşkilatının, Birləşmiş Millətlər Təşkilatının hesabatlarında, ayrı-ayrı dünya mətbuatı nümunələrində Azərbaycanın koronavirusla mübarizəsi yüksək dəyərləndirilir. Eləcə də Azərbaycan cəmiyyəti Prezident İlham Əliyevin "Biz birlikdə güclüyük!” şüarına səs verməklə çətin günlərdə yaşlılara, ahıllara, əlillərə, aztəminatlı ailələrə, köməyə, yardıma ehtiyacı olanlara yardım etdi, milli həmrəylik nümayiş etdirdi. Bununla belə arxayınlaşmaq hələ tezdir.

Hər bir vətəndaş dünyada gedən prosesləri görür. Bütün resurslar səfərbər edilib ki, ölkəmizdə bu virusa yoluxma minimum olsun. Ancaq burada ən əsas məsələ cəmiyyətin, hər bir vətəndaşın məsuliyyətli davranması, tapşırıqlara əməl etməsidir. Koronavirusla mübarizədə hər bir vətəndaşın məsuliyyəti hökumətin məsuliyyəti qədərdir.

Faktdır ki, Azərbaycanda koronavirus pandemiyasının qarşısının alınması, bu qorxunc xəstəliyin fəsadlarının aradan qaldırılması, insanların sağlamlıqlarının mühafizə edilməsi baxımından dövlət tərəfindən bütün zəruri tədbirlər görülüb. İndi bu tədbirlərin effektiv nəticələnməsi üçün insanların məsuliyyətli davranması, həmrəylik nümayiş etdirməsi, dövlətlə birlikdə olması çox vacibdir. Yəni məhdudiyyətlərin bir qismi aradan qaldırılsa da, virusa yoluxma sürətinin qarşısını almaq üçün ölkədə kütləvi tədbirlər keçirilməməli, vətəndaşlar, əvvəlki dövrdə olduğu kimi sosial məsafə tələbinə riayət etməli, özünütəcrid, "Evdə qal!” kampaniyasına davam etməlidirlər.

Azərbaycan artıq bu problemə qarşı dünya ölkələri üçün uğur nümunəsi meydana qoyub və bunun davamlı olması vətəndaş məsuliyyətindən də kifayət qədər asılıdır. Bu mənada insanlar da koronavirusa qarşı mübarizədə öz üzərilərinə düşənləri məsuliyyətlə yerinə yetirməlidirlər.

 

 

Elçin CƏFƏROV

Azərbaycan.-2020.- 30 aprel.- S.1;3.