Suma ÇAKRABARTİ: “İlham Əliyev qətiyyətli və çevik liderdir

 

Tarixin mürəkkəb və çətin dönəmlərində şəxsiyyətin rolu danılmazdır. Çünki yalnız nadir simalar maneələri aşmaq, çətinlikləri arxada qoymaqinamla qələbəyə nail olmaq gücünə qadirdirlər.

Məhz bu baxımdan aprelin 28-də Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidentinin təşəbbüsü ilə bu təşkilatın geniş tərkibdə Prezident İlham Əliyevlə keçirdiyi videokonfransda Azərbaycan liderinin dünya miqyasında artan nüfuzugücü əyani olaraq bir daha təsdiqini tapmışdır.

Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabarti videokonfransda bəşəriyyətin qəribə və qeyri-adi tarixi dönəmə qədəm qoyduğunu, Azərbaycan Prezidentinin belə mürəkkəb zamanda yaranan gözlənilməz böhranın öhdəsindən qətiyyətlə gəldiyini, qısa müddətdə ən təsirli tədbirləri sürətlə həyata keçirdiyini etiraf etmişdir.

Həqiqətən də koronavirus pandemiyası ildırım sürəti ilə dünyaya yayılanda biz onun şahidi olduq ki, bir sıra dövlətlər bu bəlanın qarşısında aciz qaldılar, bəzi liderlər isə qətiyyətli və düzgün qərarlar verməkdə çətinlik çəkdilər, gözləmə mövqeyində dayandılar və nəticədə misilsiz problemlərlə üzləşdilər. Azərbaycan Prezidenti isə ilk gündən reallıqları dəyərləndirməyi bacardı, gələcək təhlükələrin konturlarını dəqiq təyin etdi və böhranı idarə etmək gücünə qadir olan komanda yaratdı. Virusun gəldiyi ünvan dəqiqləşdirilən kimi qonşu dövlətlərlə birlikdə sərhədlərin bağlanmasına qərar verildi. Azərbaycan digər ölkələri qabaqlamaqla səhiyyə sisteminin hazırlanması və düzgün idarəçiliyin qurulması üçün əlavə vaxt qazandı.

Ümumdünya Səhiyyə Təşkilatı öz bəyanatında Azərbaycanda mart ayından həyata keçirilən məhdudlaşdırıcı tədbirləri koronavirusla mübarizə sahəsində müsbət nümunə kimi göstərmişdir. Prezident İlham Əliyev videokonfransda buna necə nail olunduğunu belə diqqətə çatdırdı: "...bizim iki variantımız var idi. Birinci variant insanların həyatını və sağlamlığını qorumaq, ikinci variant isə iqtisadiyyatın xilas edilməsi prioriteti idi. Bu səbəbdən ilk gündən bizim seçimimiz insanların həyatının qorunması oldu. Gördüyümüz bütün işlərin məqsədi budurbu istiqamətdə səylərimizi tam səfərbər etmişik”.

Söz düşmüşkən qeyd edək ki, ölkəmizdə bugünədək 130 mindən artıq test keçirilmiş, 18 laboratoriya yaradılmış, 575 çarpayılıq yeni xəstəxana istifadəyə verilmiş, modul tipli 6 xəstəxananın tikintisinə başlanmışdır. Dünyanın inkişaf etmiş ölkələrində xəstəxanalarda yer tapılmayanda Azərbaycan bu məqsədlər üçün yubanmadan əlavə olaraq 4-5 ulduzlu mehmanxanaları ayırmışdır.

Koronavirus pandemiyasından zərər çəkmiş özəl sektor da dövlətin diqqət mərkəzindədir. Bu məqsədlə tətbiq olunan dəstək paketi müxtəlif sahələrdə çalışan vətəndaşların və mikrosahibkarlıq subyektlərinin əməkhaqlarının böyük hissəsinin ödənilməsinə xidmət edir. 600 min aztəminatlı, işsiz və qeyri-rəsmi çalışanlara da minimal meyara uyğun olaraq ödənişlər edilir. Vergi güzəştləri də nəzərə alınmaqla yardımın ümumi həcmi 3,5 milyard manatdan yuxarıdır. Bunlardan əlavə ödənişli ictimai yerlərinin və sosial yardım alan vətəndaşların da sayı xeyli artırılmışdır.

Cənab Suma Çakrabarti Azərbaycan Prezidentinin atdığı addımların və gördüyü işlərin onda dərin təəssüratlar yaratdığını etiraf edərək demişdir: "...addımlarınız olduqca qətiyyətlidir və Siz çevik hərəkət edirsiniz. Sizinqeyd etdiyiniz kimi, Ümumdünya Səhiyyə Təşkilatı da bunu təqdir etmişdir”. O, Azərbaycanda sahibkarlara verilən dəstəyi, ailələrə edilən yardımı orta perspektivli addımlar kimi yüksək qiymətləndirmişdir: "Hesab edirəm ki, ötən bir neçə ay Azərbaycanın gözəl hekayəsi sayıla bilər. Sizin ölkə dünyada ilin ilk rübündə iqtisadi artıma nail olmuş azsaylı ölkələrdəndir, bəlkə də yeganə ölkəsiniz”.

Videokonfransda ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılan addımlar, böhran vaxtı qeyri-neft sektorunun müsbət dinamikası qeyd edilmiş, növbəti 2-3 il ərzində ölkələr üzrə dəyərləndirmə aparılarkən Azərbaycanın artıq öndə olacağı əvvəlcədən bəyan edilmişdir.

Prezident İlham Əliyevin lider keyfiyyətləri, təhlükələri zamanında zərərsizləşdirmək bacarığı AYİB-i Azərbaycanla əməkdaşlığı bir çox istiqamətlərdə genişləndirməyə sövq etmişdir. Bank artıq 5 layihədən başqa bu il Azərbaycana 250 milyon dollardan artıq böyük sərmayə yatırmağı planlaşdırır. Sərmayələrin dövlət sektorunda enerji, infrastruktur və İKT sahələrinə yönəldilməsi nəzərdə tutulur. Buraya bəzi dövlət müəssisələrinin kommersiyalaşması da daxildir. Suma Çakrabarti videokonfransda həmçinin əvvəllər müzakirə edilən 150 milyon dollarlıq yaşıl zərfi işə salmaq istədiklərini bildirmiş, elektrik enerjisi şəbəkəsinin təkmilləşdirilməsinə təxminən 100-200 milyon avro məbləğində sərmayə təklif etmişdir.

AYİB prezidenti "Aztelekom” şirkəti ilə bağlı təkliflərini də səsləndirmiş, suvarma ilə bağlı yeni texnologiyaların tətbiqi üçün pilot layihəni, bu sahədə sığorta qurumunun yaradılmasını maliyyələşdirməyə hazır olduqlarını bildirmişdir. Diqqət çəkən odur ki, bu bank videokonfransda Azərbaycan iqtisadiyyatının əksər sahələrinə sərmayələr yatırmaq marağında olduğunu bəyan etmişdir. Söhbət 10-100 milyondan yox, milyarda yaxın məbləğdən gedir. Dünyanı iqtisadi böhranın və koronavirus pandemiyasının bürüdüyü bir vaxtda Azərbaycana səxavətlə belə sərmayələrin təklif edilməsinin arxasında ciddi iqtisadi amillər dayanır. Çünki sərmayəçi əmin olmadığı sahəyə heç vaxt bir sent də yatırmaz.

Azərbaycan Prezidenti İlham Əliyevin cəsarətli qərarları, qətiyyətli addımları və dövlətimizin son illər əldə etdiyi iqtisadi uğurlar milyardlarla sərmayəyə verilən ən ciddi zəmanət kimi çıxış edir.

 

 

Bahadur İMANQULİYEV

Azərbaycan.-2020.- 30 aprel.- S.1;3.