Çətin günün
dayağı
Builki yaz Lerikə gec gəlib. Quzeylərin qarı hələ
əriməyib, havaların
şaxı sınmayıb.
Dağların başını duman alır, leysan yağışlar yağır, gecələr
kəndlərə qar
düşür. Təbiətin şıltaqlığı əkinçini
tələsdirir.
Torpaq becərilir, toxum səpilir, tərəvəz şitilləri sahələrə köçürülür. Qoyunçuların da işi çoxalıb. Yun qırxımına, ot-ələf tədarükünə, yaylaqlara köçməyə hazırlıq görürlər. Bir sözlə, dağlar diyarında hər kəs işində, gücündədir.
Belə qayğılı günlərdə Yer üzünü bürüyən koronavirus pandemiyasına qarşı mübarizəyə leriklilər də fəal qoşulmuşlar. Respublika hökuməti tərəfindən müəyyən edilmiş karantin rejimində tədbirlərə dürüst əməl edir, evdə qalıb özlərini, yaxınlarını, ətrafdakıları bu bəladan qoruyurlar. Həyata keçirilən operativ tədbirlər nəticəsində COVID-19 yayılandan bəri rayonda bir nəfərin də olsun virusa yoluxduğu qeydə alınmamışdır.
Prezident İlham Əliyevin əhalinin təhlükəsizliyi üçün həyata keçirdiyi qabaqlayıcı tədbirlər ağsaqqallar, ziyalılar, sadə zəhmət adamları tərəfindən yüksək qiymətləndirilir. Dövlət başçısı bu çətin günlərdə əsl liderlik nümunəsini nümayiş etdirdi və həmişəki kimi, xalqın yanındadır. Prezident "Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır” deməklə hər birimizə dayaq oldu.
Ölkə başçısının qayğısı Lerikdə hər bir ailədə hiss olunur. Keçən həftə 100-ə yaxın aztəminatlı ailə dövlətin ayırdığı vəsait hesabına müvəqqəti işlə təmin olunmuşdur. İşsiz kimi qeydiyyatda olan vətəndaşlara 190 manat müavinət poçt şöbələri tərəfindən növbə ilə ödənilir və bu xeyirxah missiya davam etdirilir. Heydər Əliyev Fondu tərəfindən göndərilmiş ərzaq rayon qərargahının nəzarəti ilə könüllülər tərəfindən aztəminatlı ailələrə çatdırılır. Bu xeyirxahlığa görə ahıl atalar və analar Mehriban xanım Əliyevaya təşəkkürlərini bildirirlər. Aksiyaya Lerikin bir neçə idarə və müəssisəsi də qoşulmuşdur.
Rayondakı iş adamları, ziyalılar İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 min manat vəsait köçürmüşlər. Bu missiya davam etdirilir.
Həyata keçirilən çevik və sistemli tədbirlər sayəsində Azərbaycanda yoluxma zənciri qırılır. Biz Prezident İlham Əliyevin müdrik qərarları ilə ölkəmizin pandemiyadan minimum zərərlə qurtaracağına tam əminik.
Buna görə Prezidentimizə minnətdarıq.
Həmzə
VƏLİMƏMMƏDOV,
Lerik Rayon Ağsaqqallar Şurasının sədri
Azərbaycan.-2020.- 30 aprel.- S.2.