Ölkəmizin su təhlükəsizliyi
etibarlı şəkildə təmin edilir
Azərbaycan qədim suvarma əkinçiliyi ölkəsidir. Onun əsas kənd təsərrüfatı bazası sayılan Kür-Araz düzənliyi suvarılan torpaqların istifadə edilməsi baxımından dünyanın ən qədim və unikal regionlarından biridir. Hələ V-VI əsrlərdə bu ərazilərdə tikilmiş suvarma kanallarının izləri indiyə qədər qalmaqdadır. Düzənliyin ərazisi quraq və arid zonada yerləşdiyinə görə burada suvarma aparılmadan, meliorasiya və su təsərrüfatını inkişaf etdirmədən kənd təsərrüfatı məhsullarının yetişdirilməsi mümkün deyildir.
Bunu böyük uzaqgörənliklə qeyd edən və "Meliorasiya və su təsərrüfatı obyektləri bizim sərvətimizdir və bu sərvətdən səmərəli istifadə etməliyik” sözlərini tarixə yazmış müdrik şəxsiyyət, dünya şöhrətli siyasətçi Ulu Öndərimiz Heydər Əliyev meliorasiya və su təsərrüfatı sahəsini daim diqqət mərkəzində saxlamış, onun inkişafına xüsusi əhəmiyyət vermişdir.
Azərbaycanda meliorasiya və irriqasiya işlərinə keçən əsrin əvvəllərində, lakin onun genişmiqyaslı, intensiv inkişafına Ulu Öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi 1969-cu ildən başlanılmışdır. Bu vaxtdan etibarən ölkənin kənd təsərrüfatında, sənayesində, ümumiyyətlə, iqtisadiyyatın bütün sahələrində xüsusi bir yüksəliş dövrü başlandı. Ölkədə kənd təsərrüfatının inkişaf etdirilməsi haqqında bir neçə tarixi qərar qəbul edildi. Bu qərarlarda nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsini təmin etmək məqsədilə kompleks meliorasiya proqramları hazırlandı və meliorasiya olunmuş torpaqlarda kənd təsərrüfatı istehsalının sabit şəkildə artırılması üçün mühüm tədbirlər həyata keçirilmişdir.
Ulu Öndərimiz keçmiş İttifaq rəhbərliyində olduğu illərdə də respublika iqtisadiyyatının, o cümlədən meliorasiya və su təsərrüfatının inkişafını daim diqqət mərkəzində saxlamışdır. Lakin böyük təəssüf hissi ilə qeyd etmək lazımdır ki, o, keçmiş İttifaq rəhbərliyindən getdikdən sonra kənd təsərrüfatının, xüsusilə də meliorasiya və su təsərrüfatının inkişafı demək olar ki, tamamilə dayandı. Keçmiş respublika rəhbərliyinin səriştəsizliyi və bu sahəyə laqeyd münasibəti nəticəsində meliorasiya və su təsərrüfatı üzrə aparılan işlərin həcmi kəskin surətdə azaldı, kapital qoyuluşu heçə endirildi, sistemlərin istismarına ayrılan büdcə vəsaitinin həcmi xeyli aşağı düşdü. Nəticədə mühüm dövlət əhəmiyyətli obyektlərin saxlanılması, istismarı və təmir-bərpası son dərəcə çətinləşdi.
1993-cü ildə Ulu Öndər Heydər Əliyevin respublika rəhbərliyinə qayıdışı meliorasiya və su təsərrüfatı sahəsini məhv olmaqdan xilas etdi, sahə öz inkişafının yeni mərhələsinə qədəm qoydu, ona dövlətin diqqət və qayğısı bərpa olundu, mövcud meliorasiya potensialından daha səmərəli istifadə olunması yolları və sahənin gələcək inkişaf istiqamətləri müəyyənləşdirildi. Ölkənin bazar iqtisadiyyatına keçməsi ilə əlaqədar aqrar sahə ilə paralel olaraq, meliorasiya və su təsərrüfatında da islahatların həyata keçirilməsinə başlanıldı, onların normativ-hüquqi bazası yaradıldı. Bu məqsədlə 40-dan artıq normativ-hüquqi sənəd hazırlandı ki, bunlardan da ən mühümü 1996-cı ildə imzalanmış "Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanunudur. Qanun meliorasiya və irriqasiya sahəsində dövlət idarəçiliyinin əsaslarını, meliorasiya və irriqasiya tədbirlərinin aparılması qaydalarını müəyyən etdi.
Ulu Öndərin göstərişlərini əsas tutaraq respublikaya qoyulan xarici investisiyalar ilk növbədə meliorasiya və su təsərrüfatı sahəsinə yönəldildi. Xarici investisiyaların səmərəliliyini təmin etmək məqsədilə tikintisi yarımçıq qalmış 150 obyektdən respublika üçün mühüm əhəmiyyət kəsb edən 11 obyekt seçildi və onlardan iqtisadiyyatımız üçün ən vacib olan üç obyektin - Baş Mil-Muğan kollektorunun tikintisinin, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasının və Naxçıvan Muxtar Respublikasında Vayxır su anbarının tikintisinin birinci növbədə maliyyələşdirilməsi qərara alındı.
Ümummilli Lider Heydər Əliyevə İslam dünyasının böyük hörmətinin və ehtiramının rəmzi olaraq, İslam İnkişaf Bankının rəhbərliyi Baş Mil-Muğan kollektorunun tikintisinin davam etdirilməsinə güzəştli kredit və Samur-Abşeron suvarma sisteminin yenidən qurulması sxeminin hazırlanmasına əvəzsiz olaraq vəsait ayırdı. İslam İnkişaf Bankının krediti və respublika büdcəsindən ayrılan vəsait hesabına 1998-ci ildə kollektorun tikintisinin davam etdirilməsinə başlanıldı və 2000-ci ilin noyabr ayında kollektorun 52,7 kilometr uzunluğunda 2-ci buraxılış kompleksinin tikintisi yüksək keyfiyyətlə başa çatdırılaraq istismara verildi.
Heydər Əliyevin yaxından köməyi sayəsində Dünya Bankının krediti ilə 2003-cü ildə Baş Mil-Muğan kollektorunun 28,5 kilometr uzunluğunda 3-cü buraxılış kompleksinin tikintisinə başlanıldı. Samur-Abşeron suvarma sistemi ölkəmizin şimal bölgəsinin, eləcə də Bakı-Sumqayıt şəhərlərinin və Abşeron yarımadasının yaşayış məntəqələrini, kənd təsərrüfatı və sənaye müəssisələrini içməli, suvarma və texniki su ilə təmin edən irimiqyaslı kompleks su təsərrüfatı obyektidir. Uzun müddət ərzində suya daim artan ehtiyacı ödəmək məqsədilə Samur-Abşeron magistral kanalı əsaslı təmirə dayanmadan fasiləsiz olaraq istismar olunurdu. Bunun nəticəsində kanalın beton örtüyü dağılıb hissə-hissə sıradan çıxmış, qurğuların bir hissəsi funksiyasını itirmiş və su itkisi artmışdır.
Ulu Öndərin tapşırığına əsasən, bu problemin həlli yolları araşdırılmış və Samur-Abşeron suvarma sisteminin yenidən qurulması ilə bağlı təxirəsalınmaz tədbirlərin işlənib həyata keçirilməsi təklif olunmuşdur. İslam İnkişaf Bankının texniki yardımı ilə beynəlxalq məsləhətçi şirkət tərəfindən hazırlanmış sxemin birinci mərhələsində Samur çayı üzərində baş sugötürücü qurğunun və Samur-Abşeron kanalının Vəlvələçay çayına qədər olan hissəsinin yenidən qurulması, Xanarx kanalının, Vəlvələçay-Taxtakörpü, Taxtakörpü-Ceyranbatan kanallarının və Taxtakörpü su anbarının tikintisi nəzərdə tutulurdu. Vayxır su anbarının inşasına 1983-cü ildə başlanılmış, lakin maliyyə vəsaitinin olmamasına görə tikinti işləri yarımçıq dayandırılmışdır.
Ümummilli Lider Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrdə (1969-1982-ci illər) meliorasiya və su təsərrüfatı kompleksinə 2,5 milyard manatdan artıq vəsait yönəldilmişdir ki, bu da sovet hakimiyyəti dövrünün 50 ili ərzində bu sahəyə qoyulan vəsaitdən 2 dəfədən artıq olmuşdur.
Ulu Öndərimiz Heydər Əliyev 2002-ci ildə Naxçıvan Muxtar Respublikasında olarkən onun su anbarının istismara verilməsi barədə göstərişindən sonra dövlət büdcəsindən ayrılmış vəsait hesabına Türkiyənin tikinti şirkətləri tərəfindən bu obyektin tikintisi başa çatdırılmışdır. Ümumiyyətlə, bu illərdə 200 min hektara yaxın yeni suvarılan torpaqlar kənd təsərrüfatı dövriyyəsinə cəlb edilmiş, 400 min hektara yaxın suvarılan torpaqların meliorativ vəziyyəti yaxşılaşdırılmış, 825 min hektar sahədə suvarma sistemləri yenidən qurularaq onların su təminatı artırılmış, 460 min hektar sahədə əsaslı hamarlama və 150 min hektar sahədə əsaslı yuma işləri aparılmış, texniki cəhətdən mükəmməl irriqasiya və meliorasiya sistemləri yaradılmışdır.
Heydər Əliyevin müəyyənləşdirdiyi strateji inkişaf kursu bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən böyük əzm və qətiyyətlə davam etdirilir. Heydər Əliyev kimi siyasət və idarəçilik korifeyindən sonra ölkənin idarə edilməsi nə qədər çətin görünsə də, Prezident İlham Əliyev bu işin öhdəsindən layiqincə gəlir və öz fəaliyyəti ilə artıq sübut etmişdir ki, o, mövqe tutan və xalqını xoşbəxt gələcəyə aparan liderdir.
Xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu Heydər Əliyevin müəyyən etdiyi siyasi kursa uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən məqsədyönlü dövlət siyasətinin həyata keçirilməsi, dövrün tələblərinə uyğun sistemli islahatların aparılması, ictimai-siyasi, sosial-iqtisadi həyatda mütərəqqi dəyişikliklərin edilməsi, onun qətiyyətli addımları, səriştəli idarəçiliyi nəticəsində ölkənin dayanıqlı inkişaf dinamikasına nail olunmuş, idarəetmə mexanizmi mütəmadi olaraq təkmilləşdirilmiş, səmərəli dövlət idarəçiliyinin, təhlükəsizliyinin, sabitliyin gücləndirilməsi ilə bağlı vaxtında görülən tədbirlər müstəqilliyimizin daha da möhkəmləndirilməsini, dövlətimizin qüdrətinin artmasını, xalqımızın əmin-amanlığının və rifah halının yüksəlməsini təmin etmişdir. İqtisadiyyatın çoxşaxəliyinə və innovativ dinamik inkişafına nail olan Azərbaycan vaxtında reallaşan islahatlar və icra olunan layihələrlə bu gün regionda lider dövlətə, iqtisadi və siyasi mərkəzə çevrilmişdir.
Möhtərəm Prezidentimizin rəhbərliyi altında qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının və "Strateji yol xəritələri”nin dəqiq mexanizmlərlə icrası inkişafın dinamizmini artırır və əhatəsini daha da genişləndirir. Sürətli, yüksək templi bu irəliləyiş dövlətin yürütdüyü daxili və xarici siyasətin düzgünlüyünün düşünülmüş olması və müasir tələblərə cavab verə bilməsi sayəsində mümkün olmuşdur. Təbii ki, qazanılan nailiyyətlərdə ölkə rəhbərinin güclü, prinsipial siyasi iradəsinin, vaxtında düzgün qərarlar qəbul etməsinin və xalqımızın ona olan inamının da böyük rolu olmuşdur.
Son 16 il ərzində Azərbaycan böyük və şərəfli yol keçmişdir. Ölkəmiz bütün sahələrdə böyük uğurlara imza atmışdır. Azərbaycanın beynəlxalq nüfuzu artmış, ölkəmizdə aparılan siyasi-iqtisadi islahatlar dünya birliyi tərəfindən yüksək qiymətləndirilir. Bütün beynəlxalq mötəbər qurumların reytinqlərində Azərbaycan qabaqcıl yerlərdədir. Ölkəmizdə köklü iqtisadi islahatlar, bölgələrdə infrastruktur layihələri icra edilmişdir. İnfrastruktur layihələri həm ölkəmizin ümumi inkişafına böyük təkan vermiş, həm də bizim nəhəng transmilli infrastruktur layihələrimiz Avrasiyanın enerji və nəqliyyat xəritəsini dəyişmişdir.
Prezident İlham Əliyev kənd təsərrüfatının inkişafı üçün böyük meliorativ tədbirlərin görüldüyünü, son 16 il ərzində dörd su anbarının - Taxtakörpü, Şəmkirçay, Göytəpə və Tovuzçay su anbarlarının tikildiyini, bu anbarların və çəkilmiş kanalların on minlərlə hektar əkin sahəsini suvarmaq üçün həlledici rol oynadığını, 100 min hektardan çox suvarılmayan torpaqlara su xətləri, kanallar çəkildiyini vurğulamış, görülən tədbirlərin fermerlərə, sahibkarlara şərait yaratdığını və kənd təsərrüfatının inkişafında böyük rol oynadığını qeyd etmişdir. Hazırda meliorasiya və su təsərrüfatı sistemi də ölkə iqtisadiyyatının mühüm və ayrılmaz bir parçası olaraq qazanılmış nailiyyətlərdə öz payı olan sahəyə, genişmiqyaslı islahatların ünvanına çevrilmişdir.
Son 16 ildə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən meliorasiya və irriqasiya sistemlərinin normal istismarının təşkili, tələb olunan həcmlərdə təmir-bərpa işlərinin görülməsi, suvarılan torpaqların su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılması, sel və daşqın sularına qarşı mübarizə işlərinin davam etdirilməsi sahəsində müvafiq tədbirlər həyata keçirilmişdir.
Belə ki, bütün maliyyə mənbələri hesabına 2004-2020-ci illərdə 4,5 min kilometr uzunluğunda suvarma kanallarının, 3,0 min km uzunluğunda kollektor-drenaj şəbəkələrinin tikintisi, yenidən qurulması və bərpası, 462 min hektar sahədə torpaqların su təminatının və 286 min hektar sahədə meliorativ vəziyyətinin yaxşılaşdırılması işləri yerinə yetirilmiş, 194 min hektar yeni suvarılan torpaq sahələri əkin dövriyyəsinə daxil edilmişdir. Mövcud torpaq mühafizə bəndlərinin 800 km-dən artıq hissəsi əsaslı surətdə hündürləşdirilmiş və möhkəmləndirilmiş, çaylarda sel və daşqınlara qarşı 206 km-dən artıq mühafizə tədbirləri həyata keçirilmiş, əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 3062 ədəd (o cümlədən 2020-ci ildə - 443 ədəd) subartezian quyusu qazılaraq istifadəyə verilmişdir. Ümumi sututumu 456 milyon kubmetr olan 4 su anbarı (Taxtakörpü, Şəmkirçay, Tovuzçay, Göytəpə) tikilmiş, eləcə də ümumi sututumu 15,5 milyon kubmetr olan 3 su anbarı (Pirsaatçay, Zoğalavaçay, Ləvain) isə təmir-bərpa edilmişdir.
Dünya Bankının krediti ilə 140 min hektar suvarılan sahəyə xidmət edən Araz çayı üzərindəki Bəhrəmtəpə hidroqovşağının, respublikanın 9 rayonunun və Naxçıvan MR-in 52 min hektara yaxın ərazisində (Babək və Şərur rayonları) suvarma-drenaj şəbəkələrinin təmir-bərpası işləri başa çatdırılmış, respublikanın daha 15 rayonunda Sudan İstifadəedənlər birliklərinin institusional gücləndirilməsi və onların 85 min hektar xidmət ərazilərində təsərrüfatdaxili suvarma-drenaj şəbəkələrinin təmir-bərpa işləri sona çatdırılmışdır. Bu məqsədlə layihə çərçivəsində 198 ədəd ofis binası, respublikanın 4 rayonunda Regional Dəstək mərkəzləri tikilmiş və 88 ədəd ekskavator alınaraq Sudan İstifadəedənlər birliklərinin balansına verilmişdir. Layihənin başa çatmamasına baxmayaraq, nəzərdə tutulduğundan 39,4 faiz artıq, yəni 119 min hektara yaxın sahədə suvarma və drenaj şəbəkələrinin bərpası, yenidən qurulması işləri tamamlanmışdır. Eyni zamanda respublikanın 8 rayonunda içməli su təchizatı və kanalizasiya sistemləri infrastrukturunun bərpası və tikintisi işləri davam etdirilmiş, Ağsu, İsmayıllı, Siyəzən, Şabran, Cəlilabad, Lerik və Masallı rayonlarında içməli su və kanalizasiya xətlərinin tikintisi başa çatdırılmış, Yardımlı rayonunda isə bu işlər davam etdirilmişdir.
"Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsinə daxil olan Xanarx kanalının tikintisi, Samur çayı üzərində yerləşən Baş Suqəbuledici qurğunun bərpası, Samur çayı yaxınlığında Baş Sudurulducunun tikintisi, Samur-Abşeron kanalının ilk 50 km-lik hissəsinin və bu hissədə yerləşən uzunluğu 185,7 km olan təsərrüfatlararası kanalların yenidən qurulması işləri başa çatdırılmışdır. Respublikanın 500 min hektar suvarılan sahələrindən duzlu qrunt sularının Xəzər dənizinə axıdılmasını təmin edən Baş Mil-Muğan kollektorunun 3-cü hissəsinin tikintisi başa çatdırılaraq Mil-Qarabağ kollektoru ilə birləşdirilmişdir. Samur-Abşeron kanalının 50-ci kilometrindən suyun Taxtakörpü su anbarına verilməsi məqsədilə tikintisinə başlanılmış uzunluğu 32 km olan Vəlvələçay-Taxtakörpü kanalının, ümumi sututumu 268,4 milyon kubmetr olan Taxtakörpü su anbarının (ümumi gücü 25 MVt olan Su Elektrik Stansiyası ilə birlikdə) və uzunluğu 108 km-ə yaxın olan Taxtakörpü-Ceyranbatan kanalının tikintisi işləri başa çatdırılmışdır. Eyni zamanda ilk mərhələdə Qusarçay, Qudyalçay və Caqacuqçay çayları üzərində sugötürücü qurğuların və nəqledici kanalların tikintisinin başa çatdırılması ilə Samur-Abşeron kanalına əlavə su verilməsi təmin edilmişdir.
2013-cü ildə Taxtakörpü su anbarı, Taxtakörpü Su Elektrik Stansiyası və Taxtakörpü-Ceyranbatan su kanalının açılışı mərasimində möhtərəm Prezidentimiz İlham Əliyev öz nitqində çox böyük uzaqgörənliklə demişdir: "Beləliklə, Taxtakörpü su anbarının, Şəmkirçay su anbarının və suvarma sisteminin yaradılması nəticəsində biz 2 ildən sonra 250 min hektar yeni torpaq sahələri əldə edəcəyik. Bu, tarixi bir nailiyyət olacaqdır. Bu layihələrin icrası, eyni zamanda, ölkəmizin su təhlükəsizliyini də təmin edir. Bu məsələlərə də biz daim diqqət göstəririk. Çünki ölkəmizi qidalandıran əsas su mənbələri Azərbaycanın hüdudlarından kənarda formalaşır. Ona görə su ehtiyatlarından səmərəli şəkildə istifadə etmək, yeni layihələri icra etmək, yeni kanalları inşa etmək və su anbarlarını yaratmaq strateji əhəmiyyətli bir məsələdir. Taxtakörpü su anbarının yaradılması ilə biz bu strateji hədəfə çatırıq. Bizim sularımız Kür çayından, Araz çayından, Samur çayından gəlir ki, bu çaylar öz mənbəyini başqa ölkələrdən başlayır. Beləliklə, su təhlükəsizliyi bizim üçün strateji əhəmiyyətli məsələdir və gələcəkdə hər bir ölkə üçün su ehtiyatları strateji dəyər olacaqdır”.
Göründüyü kimi, hələ bir neçə il öncə su təhlükəsizliyinin nə qədər prioritet məsələ olduğunu ölkə Prezidenti çox uzaqgörənliklə qeyd etmişdir.
Ölkəmizin su təhlükəsizliyi sahəsində strateji əhəmiyyətə malik olan Taxtakörpü su anbarının istifadəyə verilməsi nəticəsində son illərdə yay mövsümündə Samur sərhəd çayında su ehtiyatlarının kəskin azalmasına baxmayaraq, anbarda toplanan su hesabına Bakı şəhərinin və Abşeron yarımadasının əhali, sənaye və kənd təsərrüfatı üzrə su təminatında yarana biləcək çətinliklərin qarşısının alınması mümkün olmuşdur. Taxtakörpü su anbarı zonasında ümumilikdə nəzərdə tutulan 30 min hektara yaxın yeni suvarılacaq torpaqlarda görülmüş meliotrativ tədbirlər nəticəsində 22 min hektarı Aqroparklar və iri təsərrüfatlar tərəfindən əkin dövriyyəsinə cəlb edilmişdir. Eyni zamanda "Şabran Aqropark”a məxsus 1738 hektar torpaq sahəsi suvarma suyu ilə təmin edilmiş və bu torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması işləri davam etdirilmişdir.
Möhtərəm Prezidentimiz İlham Əliyevin iştirakı ilə açılmış Şəmkirçay su anbarı zonasında əkin sahələrini suvarma suyu ilə təmin edəcək 60,5 km uzunluğunda magistral kanalların tikintisi işləri başa çatdırılmışdır. Şəmkirçay su anbarında yığılan 723 milyon kubmetr su hesabına Şəmkir, Samux və Göygöl rayonlarının 35 min hektara yaxın əkin sahəsinin su təminatı yaxşılaşdırılmışdır. Şəmkir və Göygöl rayonlarının 4 min hektar, eləcə də "Şəmkir Aqropark”ın 543 hektar yeni suvarılan sahələri suvarma suyu ilə təmin edilmişdir.
Şəmkirçay su anbarından Şəmkir və Göygöl rayonlarının əkin sahələrinə suvarma suyunun verilməsi üçün paylayıcı kanalların, eləcə də Goranboy rayonunun əkin sahələrini suvarma suyu ilə təmin etmək məqsədilə uzunluğu 27,9 km olan Şəmkir-Samux-Goranboy suvarma magistral kanalının 2-ci növbəsinin tikintisi tamamlanmışdır. Bununla Samux və Goranboy rayonlarının 31000 hektar (ondan 8231 hektarı yeni suvarılacaq torpaqlardır) sahəsinə suvarma suyu çatdırılmışdır. Goranboy rayonunun daha 18 min hektardan çox sahəsinə suyun çatdırılması üçün kanalda tikinti işləri davam etdirilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 19 avqust 2017-ci il tarixində Samux və Goranboy rayonlarının əkin sahələrinə suvarma suyunun verilməsi mərasimlərində iştirak etmişdir. Sovetlər Birliyi dövründən tikintisi yarımçıq qalmış Tovuz və Şəmkir rayonlarının 20000 hektara yaxın əkin sahələrinin su təminatının yaxşılaşdırılmasına və yeni suvarılacaq torpaqların istifadəyə verilməsinə imkan yaradan və ümumi sututumu 20 milyon kubmetr olan Tovuzçay su anbarının inşası 2016-cı ildə başa çatdırılmışdır. Sabirabad rayonu ərazisində "H” kanalının 7,8 km hissəsinin beton məcrada qurğularla birlikdə tikintisi başa çatdırılmışdır. Bununla 1-ci mərhələdə 4 min hektar əkin sahəsinin su təminatı yaxşılaşdırılmış və 200 hektar yeni suvarılan torpaq sahəsi suvarma suyu ilə təmin edilmişdir. Eyni zamanda Sabirabad rayonunun qış otlaqlarında 1-ci mərhələdə 5000 hektar yeni torpaq sahəsinə, eləcə də Yuxarı Mil kanalında tikinti işləri davam etdirilərək Ağcabədi rayonunda 2700 hektar sahəyə suvarma suyu çatdırılmışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 24 sentyabr 2017-ci il tarixdə Neftçala magistral kanalında görülən işlərlə tanış olmuş və Kür çayından 1-ci mərhələdə rayonun 7770 hektar yeni suvarılacaq və 970 hektar mövcud əkin sahələrinə suvarma suyunun verilməsi mərasimində iştirak etmişdir.
Aqroparkların və iri təsərrüfatların yaradılması məqsədilə Araz çayının yeni qolu vasitəsilə Saatlı (24325 ha), İmişli (5812 ha) və Biləsuvar (9356 ha) rayonlarının 52638 ha qış otlaq sahələrinin suvarma suyu ilə təmin edilməsi üçün 54,2 km uzunluğunda torpaq məcralı kanalın tikinti işləri üzərindəki hidrotexniki qurğularla birlikdə tamamlanmışdır. Goranboy və Samux rayonlarında yaradılan aqroparkların 4700 ha sahəsinə Şəmkir-Samux-Goranboy suvarma magistral kanalından suvarma suyunun çatdırılması üçün 1-ci mərhələdə 12,1 km suvarma boru kəmərinin və həcmi 100 min kubmetr olan beton üzlüklü su hovuzunun tikintisi başa çatdırılmışdır. Şabran rayonu ərazisində "Şabran Aqropark” MMC-yə məxsus 1738 hektar sahəyə suvarma suyunun verilməsi üçün tutumu 150 min kubmetr olan beton üzlüklü su hovuzunun tikintisi tamamlanmış, bu torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması üçün işlər davam etdirilir. Qax rayonunda yaradılan Aqroparka məxsus 1550 hektar torpaq sahəsinin 1-ci mərhələdə 665 hektar ərazisinə suvarma suyu çatdırılmışdır.
Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin 480 ha və ona bitişik Füzuli rayonunun Mirzənağılı kəndinin 200 ha əkin sahəsinin suvarma suyu ilə təmin edilməsi ilə əlaqədar nasos stansiyasının, təzyiqli boru kəmərinin tikintisi aparılmışdır. Suvarma su mənbəyi yaradılan ərazilərdə investorlar və torpaq mülkiyyətçiləri tərəfindən mütərəqqi suvarma texnikası tətbiq edilməklə və meliorativ tədbirlər aparılmaqla intensiv texnologiyalar əsasında yüksək kənd təsərrüfatı məhsulları istehsalına geniş imkanlar yaranacaqdır. Eyni zamanda respublika iqtisadiyyatının inkişafında böyük əhəmiyyət kəsb edəcək daha bir nəhəng infrastruktur layihəsinin yuxarı Şirvan kanalının yenidən qurulmasının xarici məsləhətçilər cəlb edilməklə ilkin texniki-iqtisadi əsaslandırma sənədləri hazırlanmışdır. Şirvan zonasına yeni həyat verəcək bu layihə 10 rayonun 125 min hektardan çox əkin sahəsinin su təminatının yaxşılaşdırılması və 106 min hektar yeni suvarılan torpaqların dövriyyəyə verilməsi ilə ümumilikdə 231 min hektar torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsi, eləcə də regionda ekoloji mühitin yaxşılaşdırılması, Hacıqabul gölündə təhlükəli ekoloji vəziyyətin qarşısının alınması üçün imkan yaradacaqdır.
Ümumiyyətlə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 23 meliorasiya və su təsərrüfatı obyektlərinin təməlqoyma, işlərin gedişi ilə tanışlıq və açılış mərasimlərində iştirak etmişdir ki, bu da onun bu sahəyə olan diqqət və qayğısının təzahürüdür. Qarşıya qoyulmuş vəzifələrin icrası istiqamətində ASC tərəfindən meliorasiya tədbirlərinə ayrılan vəsait hesabına meliorasiya və irriqasiya sistemlərinin normal istismarının təşkili, suvarılan torpaqların su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılması, sel və daşqın sularına qarşı mübarizə sahəsində də 2019-cu ildə konkret tədbirlər həyata keçirilmişdir.
2019-cu ilin mürəkkəb təbii-iqlim şəraitinə baxmayaraq, öz daxili imkanlarını səfərbər edərək ASC üzərinə düşən vəzifələri yerinə yetirmiş, balansında olan irriqasiya və meliorasiya sistemlərinin, hidrotexniki qurğuların istismarını təmin etmiş, müvafiq təmir-bərpa işlərini həyata keçirmişdir. Bu il ərzində Kür, Araz və onlara qovuşan dağ çayları boyunca salınmış torpaq mühafizə bəndlərinin 159,2 km-lik hissəsində möhkəmləndirmə işləri görülmüş və 33231,0 kbm həcmində daş və beton kompozitləri ilə sahilbərkitmə işləri yerinə yetirilmişdir. Suvarma sistemlərində və kollektor-drenaj şəbəkələrində 70,0 mln.kbm həcmində lildən təmizləmə işləri aparılmış, 17500 km suvarma, 3350 km kollektor-drenaj sistemləri təmizlənmiş, 41,1 km suvarma və 30,6 km kollektor-drenaj şəbəkələri, 5847 hidrotexniki qurğu, 5676 subartezian quyusu, 315 nasos stansiyası təmir edilmişdir.
Həyata keçirilmiş təmir-istismar və tikinti işləri nəticəsində, eləcə də 80500 hektarda aratın, 23000 hektarda təkrar əkinlərin aparılması və digər aqrotexniki tədbirlər hesabına suvarılan torpaqlarda qrunt sularının səviyyəsi aşağı düşmüş, duzların yuyulması prosesi getmiş, 2018-ci illə müqayisədə şorlaşmış torpaq sahələri 4325 hektar azalmışdır. Çay məcralarında 19,9 mln.kbm həcmində məcratəmizləmə işləri aparılmış, 7,4 min kbm şax-daş və faşın, 3,3 min kbm qabion bəndlər quraşdırılmış və daş-beton bəndlərdə 32,7 min kbm həcmində təmir işləri yerinə yetirilmişdir. Əkin sahələrinin su təminatının və meliorativ vəziyyətinin daha da yaxşılaşdırılması məqsədilə ASC tərəfindən respublika üzrə sudan istifadə planı, magistral kanallar üzrə su limitləri, respublikanın çayları üzrə suvarma dövründə rayonlararası su bölgüsü cədvəlləri hazırlanaraq təsdiq edilmişdir. Bütün istismar təşkilatlarında gecə-gündüz növbətçilik yaradılmış, vegetasiya suvarmalarının mütəşəkkil həyata keçirilməsi, sudan səmərəli və qənaətlə istifadənin təmin edilməsi və su limitlərinə nəzarətin gücləndirilməsi məqsədilə ASC-nin mütəxəssisləri ayrı-ayrı obyektlərə təhkim edilmiş, çayların gursululuq dövründə su anbarlarının doldurulması və yarana biləcək sel və daşqın sularının maneəsiz axıdılması üçün təxirəsalınmaz tədbirlər həyata keçirilmişdir. Vegetasiya suvarması dövrünün əvvəlinə əsas su anbarlarında 14,5 mlrd. kbm. həcmində su toplanmışdır.
Kənd təsərrüfatı bitkilərinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması ilə bağlı 2019-cu il üçün Fəaliyyət planı hazırlanmış və icrası təmin edilmişdir. Görülmüş tədbirlər nəticəsində suvarılan torpaq sahələri əsasən suvarma suyu ilə təmin edilmişdir. Respublika üzrə bütün kənd təsərrüfatı bitkiləri 1400,5 min hektar sahədə orta hesabla 3,3 dəfə, o cümlədən taxıl 547903 hektarda 2,2 dəfə, pambıq 101268 hektarda 3,2 dəfə, tütün 3053 hektarda 4,4 dəfə, yem bitkiləri 418278 hektarda 4,0 dəfə, bostan-tərəvəz 65005 hektarda 5,1 dəfə, çoxillik əkmələr 121523 hektarda 3,7 dəfə və həyətyanı sahələr 143409 hektarda 4,4 dəfə suvarılmışdır. 2019-cu ildə havaların kəskin quraq və isti keçməsi ilə əlaqədar su mənbələrində yaranmış su qıtlığı səbəbindən bir sira hallarda kollektor-drenaj şəbəkələrinin sularından kanalların suları ilə qarışdırılaraq suvarmada istifadə edilmişdir. Bütün suvarma mənbələrindən 9,2 mlrd. kbm su götürülmüş və su istifadəçilərinə 6,55 mlrd. kbm su verilmişdir. Torpaq eroziyasına və su itkilərinə qarşı mübarizə məqsədilə kanallar, kollektorlar və su təsərrüfatı obyektləri boyunca 160 hektar sahədə yeni meşə zolaqları salınmışdır.
ASC-nin sənaye müəssisəsində 2019-cu ildə hidrotexniki qurğuların təmirində və yenidən qurulmasında istifadə olunan müxtəlif adda 140,0 ton metalkonstruksiya, 34 ədəd elektrik mühərrikləri təmir edilmiş, müxtəlif sazlama-quraşdırma və servis xidmətləri həyata keçirilmişdir.
Dünya Bankının krediti və Azərbaycan tərəfinin payı hesabına həyata keçirilən "Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri üzrə İkinci Layihə” çərçivəsində respublikanın 2 rayonunda (Şabran və Siyəzən) içməli su təchizatı və kanalizasiya sistemləri infrastrukturunun bərpası və tikintisi işləri davam etdirilmişdir. Layihə çərçivəsində Şabran rayonunda təmizləmə gücü gündə 10000 kbm və Siyəzən rayonunda təmizləmə gücü gündə 8700 kbm olan çirkab su təmizləmə qurğularında bütün mexaniki və elektromexaniki avadanlıqlar quraşdırılmış və hər iki qurğuda tikinti işləri tamamlanmışdır. Layihə üzrə respublikanın 8 rayonunda (Şabran, Siyəzən, Ağsu, İsmayıllı, Masallı, Cəlilabad, Lerik və Yardımlı) tikinti işləri tam başa çatdırılmışdır.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə dövlət büdcəsindən dövlət əsaslı vəsait qoyuluşu üçün ayrılmış vəsaitlər hesabına "Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsinə daxil olan "Şabran, Siyəzən və Xızı rayonları ərazisində mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi” layihəsi üzrə Şabran rayonu ərazisində "Şabran Aqropark” MMC-yə məxsus 1738 ha yeni suvarılan torpaq sahəsinə əlavə su verilməsi üçün 9,060 km (diametri 900-700 mm) uzunluğunda boru kəmərinin çəkilməsi üzrə işlər yerinə yetirilmişdir.
2019-cu ildə respublikanın ərazisində aqroparkların yaradılması məqsədilə Şəki və Oğuz rayonları ərazisində yaradılacaq aqroparkın 12300 hektar yeni suvarılacaq torpaq sahəsində salınacaq qoz-fındıq ağacı bağlarının suvarma suyu ilə təmin edilməsi üçün Oğuz rayonu üzrə 2500 kbm həcmində su hovuzunun tikintisi tamamlanmış, 3,2 km uzunluğunda təzyiqli boru kəməri çəkilmiş, Şəki rayonu üzrə Baş Suqəbuledici qurğunun, 5,0 km magistral basqılı boru kəmərinin, 1,24 km təzyiqli boru kəmərinin tikintisi üzrə işlər tamamlanmışdır. Xaçmaz rayonunda Aqroparkın 956 ha torpaq sahələrinin suvarma suyu ilə təmin edilməsi ilə bağlı 10,39 km uzunluğunda kanalların qurğularla birlikdə yenidən qurulması və 2 ədəd 50 min kbm həcmində su hovuzunun tikintisi üzrə işlər aparılmışdır.
Ağcabədi rayonunda yaradılan aqroparkın 850 ha yeni suvarılan torpaq sahəsinə suvarma suyunun verilməsi üçün Yuxarı Qarabağ kanalı üzərində nasos stansiyasının və 2,0 km uzunluğunda basqılı boru kəmərinin, Goranboy rayonunun Erkəc kəndi ərazisində yaradılacaq aqroparkın 400 ha yeni suvarılan sahəsinin suvarma suyu ilə təmin edilməsi üçün Kürəkçay çayı üzərində sugötürən qurğunun, nasos stansiyasının, 1,88 km uzunluğunda basqılı boru kəmərinin, 5000 kbm həcmində basqılı hovuzun və 10 kv-luq EHX-nin tikintisi üzrə işlər görülmüşdür. Tovuz rayonunun Düz Qırıqlı kəndində yaradılan aqroparkın 550 ha əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi üçün Kür çayı üzərində nasos stansiyasının, basqılı boru kəmərinin və Valley tipli yağışyağdırıcı qurğularının qurulması üzrə layihə-smeta sənədləri hazırlanaraq tikinti işlərinə başlanılmışdır. Eləcə də Qobustan rayonunun Qaracüzlü kəndi yaxınlığında yaradılmış aqroparka məxsus 998 ha torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsi üçün Qozluçay çayı üzərində suqəbuledici qurğunun və 11 km uzunluğunda qapalı boru kəmərinin qurğularla birlikdə tikintisi üzrə layihə-smeta sənədləri hazırlanmışdır.
Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, Ələt-Astara magistral avtomobil yolunun Salyan, Neftçala, Biləsuvar və Cəlilabad rayonlarından keçən hissəsində yerləşən 20000 hektar qış otlaq sahələrində meliorativ tədbirlərin layihə sənədlərinin hazırlanmasına başlanılmışdır. Eyni zamanda Şamaxı rayonunun 2500 ha əkin sahəsinin su təminatının yaxşılaşdırılması üçün 8 kiçik sututarında zəruri təmir-bərpa işlərinin aparılması məqsədilə layihə sənədləri hazırlanmış və 1 ədəd sututarda tikinti işlərinə başlanılmışdır.
Azərbaycan Respublikası Prezidentinin 12 fevral 2019-cu il tarixli 952 nömrəli Sərəncamı ilə respublikanın 41 şəhər və rayonunun 254 yaşayış məntəqəsində 8362 ha (ondan 871 ha yeni suvarılan torpaqlardır) əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 300 ədəd subartezian quyularının qazılması üçün layihə-smeta sənədləri hazırlanmış və qazma işləri tamamlanmışdır. Azərbaycan Respublikası Prezidentinin müvafq sərəncamı ilə Ağdam rayonunda 20 yaşayış məntəqəsinin 1050 ha torpaq sahəsinin suvarılması üçün 35 ədəd subartezian quyusunun 14 ədədində qazma işləri 2018-ci ildə həyata keçirilmiş, 21 quyuda isə qazma işləri 2019-cu ildə başa çatdırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 31 iyul 2019-cu il tarixli 1367 nömrəli Sərəncamı ilə Ağcabədi rayonunda 12 ədəd və Goranboy rayonunda 55 ədəd qazılması nəzərdə tutulmuş quyuların layihə sənədləri hazırlanmış, Ağcabədi rayonunda 12 ədəd və Goranboy rayonunda 12 ədəd subartezian quyularının qazılması başa çatdırılmışdır.
Cənab Prezidentin qeyd etdiyi kimi, görülən bütün işlər və əldə edilmiş nəticələr deməyə əsas verir ki, Azərbaycan bu gün uğurla, sürətlə inkişaf edən ölkədir. Ancaq biz əldə edilmiş uğurlarla kifayətlənməməliyik, daim qabağa baxmalıyıq və növbəti illərdə görüləcək işlərlə bağlı fəaliyyətimizi düzgün qurmalıyıq.
2020-ci ildə ASC meliorasiya və su təsərrüfatı obyektlərinin tikintisi, yenidən qurulması işlərinin davam etdirilməsi üzrə təkliflərini aidiyyəti qurumlara təqdim etmişdir. Taxtakörpü və Şəmkirçay su anbarları zonalarında magistral və paylayıcı suvarma kanallarının tikintisi işləri davam etdiriləcəkdir.
Respublikanın şəhər və rayonlarının əkin sahələrinin, əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təmin olunması və əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 443 ədəd subartezian quyusunun qazılması, eləcə də respublikanın yaşayış məntəqələrinin, əkin sahələrinin və infrastruktur obyektlərinin sel və daşqın sularının zərərli təsirindən mühafizəsi və qəza vəziyyətinin aradan qaldırılması tədbirləri üzrə Kür-Araz və dağ çaylarında sel və daşqın sularının zərərli təsirlərinin qarşısının alınması məqsədilə sahilbərkitmə işlərinin aparılması nəzərdə tutulur.
Möhtərəm Prezident İlham Əliyevin müvafiq fərman və sərəncamları ilə respublikamızda pambıqçılığın, taxılçılığın, baramaçılığın, tütünçülüyün, üzümçülüyün, sitrus meyvələrinin və digər kənd təsərrüfatı məhsullarının istehsalının inkişaf etdirilməsi ilə əlaqədar olaraq təsdiq edilmiş Dövlət proqramları və tədbirlər planlarında, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramında, Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsində nəzərdə tutulmuş meliorasiya və su təsərrüfatı sahəsi üzrə geniş tədbirlərin icrası 2020-ci ildə də davam etdiriləcəkdir.
Belə ki, cari ildə istismar tədbirlərinə ayrılan vəsait hesabına respublika üzrə 18000 km suvarma kanallarının, 3500 km kollektor-dren şəbəkələrinin lildən təmizlənməsi, 6500 ədəd hidrotexniki qurğunun, 6000 ədəd subartezian quyusunun və 320 ədəd nasos stansiyasının təmiri işlərinin həyata keçirilməsi planlaşdırılır. 2020-ci ildə qazılacaq 443 ədəd subartezian quyularından 204 ədədi pambıqçılıq rayonlarında nəzərdə tutulmuşdur. Çay məcralarında 21,0 milyon kbm həcmində məcratəmizləmə işlərinin aparılması və respublika üzrə 1 milyon 400 min hektar sahədə kənd təsərrüfatı bitkilərinin su ilə təminatı və s. işlər həyata keçiriləcəkdir.
Hamıya məlumdur ki, hazırda dünyada iqlim dəyişiklikləri baş verir: Azərbaycanın da üzv olduğu Ümumdünya Su Şurasının və Ümumdünya Meteorologiya Təşkilatının məlumatına görə, qarlı günlərin sayı azalır, buzlaqlar əriməkdə davam edir, quraqlıq dövrü uzanır. Ölkəmizdə də isti günlər artmaqla, şaxtalı günlərin sayı azalır, çaylarımızı qidalandıran qar örtüyü dağlarda azalır. Ona görə də 2020-ci və növbəti illərdə də suya həssaslıqla yanaşılmalıdır. Çünki su təbiətin bizə bəxş etdiyi sərvətdir. Hazırda bir çox ölkələr susuzluqdan çox əziyyət çəkirlər. Biz də gündəlik həyatımızda sudan səmərəli istifadə etməliyik.
Bu baxımdan Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin yanında "Pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlər” ilə bağlı 29 dekabr 2019-cu ildə keçirilən müşavirədə suyun səmərəli istifadəsi ilə bağlı tədbirlər planı hazırlanmasının vacibliyi barədə tapşırıq verilmişdir. Hazırda bu tapşırıqların icrası olaraq, mövcud meliorasiya və su təsərrüfatı fondlarının istismarının və əkin sahələrinin su təminatının yaxşılaşdırılması və su itkilərinin qarşısının alınması, su ehtiyatlarından daha səmərəli istifadə edilməsi üçün sistemlərin təmir-bərpası və müasir tələblər səviyyəsində yenidən qurulması, kiçik su anbarlarının yaradılması daxil olmaqla bütövlükdə orta müddətli, uzunmüddətli meliorativ tədbirlər planının yenidən tərtib edilməsinə başlanılmışdır.
Cənab İlham Əliyevin uzaqgörən siyasətinin davamı olaraq dövlət başçısı "Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” 2020-ci il 15 aprel tarixli Sərəncam imzalamışdır. Sərəncama əsasən ölkə ərazisində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Baş Nazirin müavini Şahin Mustafayevin sədrliyi ilə komissiya yaradılmışdır.
Sərəncamın icrasının təmin edilməsi məqsədilə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-də Kənd Təsərrüfatı Nazirliyi, yerli icra hakimiyyəti orqanları və komissiyanın digər iştirakçıları ilə birgə koordinasiyalı şəkildə bir sıra kompleks tədbirlər proqramı hazırlanmaqdadır. Proqram ölkə iqtisadiyyatının, əsasən də qeyri-neft sektorunun aparıcı sahələrindən biri olan kənd təsərrüfatının dayanıqlı inkişafında və iqlim dəyişiklikləri şəraitində su təhlükəsizliyinin təmin edilməsi üçün strateji əhəmiyyət kəsb edən meliorasiya və su təsərrüfatı sektorunda görüləcək işləri müəyyənləşdirəcəkdir. Proqramda nəzərdə tutulan tədbirlərin 2020-ci ildən başlayaraq ondan sonrakı dövrlərdə həyata keçirilməsi nəzərdə tutulur. Bu tədbirlər 2025-ci ilədək ortamüddətli və 2030-cu ilədək uzunmüddətli dövrdə iqlim dəyişiklikləri ilə əlaqədar ölkənin su təhlükəsizliyinin təmin edilməsi üçün transsərhəd sulardan asılılığın azaldılması istiqamətində, o cümlədən daxili çaylar üzərində su anbarlarının tikintisi, alternativ sulardan istifadənin genişləndirilməsi, suya qənaətedici suvarma texnikası və texnologiyalarının tətbiqi, suvarma suyundan səmərəli istifadə mexanizminin hazırlanması, su itkilərinə, çayların sel və daşqın sularının zərərli təsirinə qarşı mübarizə tədbirlərinin aparılması, eyni zamanda kadr potensialının gücləndirilməsi hesabına 2030-cu ildə aşağıdakılara nail olmaq hədəflənməkdədir:
- Rusiya Federasiyası, İran İslam Respublikası və Gürcüstanla transsərhəd su ehtiyatlarının və obyektlərinin birgə idarə edilməsi üzrə ikitərəfli əməkdaşlıq davam etdirilərək və bu sahədə daha sıx əməkdaşlıq yaradılmasına, İran İslam Respublikası ilə Araz çayı üzərində inşa olunmuş "Xudafərin” və "Qız qalası” hidroqovşaqlarının tikintisi və birgə istismarı üzrə əməkdaşlıq davam etdirilərək bu hidroqovşaqlarda toplanan suların və istehsal olunan enerjinin birgə istifadəsinin həyata keçirilməsinə, suvarma suyundan səmərəli istifadə edilməsi və su itkilərinin qarşısının alınması məqsədilə müasir suvarma texnikası və texnologiyasının tətbiq sahəsinin suvarılan torpaqların 60 %-dən çoxunu əhatə etməsinə, ümumi sututumu 1 milyard m3 olan 16 ədəd su anbarının layihə sənədlərini hazırlamaqla tikintisinə başlanılması, tikintiləri yarımçıq qalmış 2 ədəd su anbarında işlərin tamamlanması hesabına 124 milyon m3 su yığılmasının təmin edilməsinə, mütərəqqi suvarma texnikasının və texnologiyasının tətbiqinə əsaslanan iri təsərrüfatların və aqroparkların yaradılması. Görüləcək bu və bir sıra əlavə tədbirlər ardıcıllıqla davam etdiriləcəkdir.
Qeyd
edilənləri nəzərə alaraq onu deyə bilərik
ki, həyata keçirilmiş və gələcək onilliklərdə
nəzərdə tutulan tədbirlər dövlət
başçısı İlham Əliyevin meliorasiya sahəsinə
diqqət və qayğısının əyani təzahürüdür.
Əhməd
ƏHMƏDZADƏ,
Azərbaycan
Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri
Azərbaycan.-2020.- 30 aprel.- S.4-5.