Azərbaycanda koronavirusla
bağlı müsbət dinamika
müşahidə olunur
Bu, ölkəmizdə
ilk günlərdən görülən effektiv tədbirlərin real
bəhrəsidir
Dünyada koronavirus pandemiyası ilə mübarizə davam edir. Çindən alovlanıb bütün ölkələrə yayılan
COVID-19-un qarşısının alınması məqsədilə
karantin rejimi, sosial izolyasiya tədbirləri həyata keçirilir.
Azərbaycanda da təhlükəli virusun yox edilməsi
istiqamətində ciddi
tədbirlər görüldü
və bu effektiv tədbirlər qısa müddətdə
müsbət təsirini
göstərməyə başladı.
Elə buna görə də aprelin 27-dən etibarən koronavirus təhlükəsi ilə
əlaqədar ölkə
ərazisində tətbiq
olunmuş məhdudiyyətlərin
bir qismi yumşaldılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında bildirilir ki, COVID-19 virusu ilə bağlı hazırkı sanitar-epidemioloji
vəziyyət, xüsusilə
də xəstəliyin
yayılma dinamikası
və coğrafiyası,
karantin zonalarındakı
şəxslərin sıxlığı,
onlar arasında virusa yoluxma halları təhlil edilib və 27 aprel 2020-ci il tarixindən məhdudiyyətlərin
bir qisminin yumşaldılmasına qərar
verilib.
Ölkə Prezidentinə minnətdarlıq
məktubları gəlməkdə
davam edir
Prezident
İlham Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti
Suma Çakrabarti ilə
videokonfrans zamanı da səsləndirdi ki, ölkəmiz ilk gündən real vəziyyətə
əsaslanan tədbirlər
görməyə başladı:
"Vəziyyətin düzgün
dəyərləndirilməsi və bu böhranla
məşğul olunması
üçün səmərəli
komandanın yaradılması
bizim üçün
çox vacib idi. Azərbaycana bu virus qonşuluqdan
gəldi və bunun qarşısını
almaq üçün
biz müvafiq addımlar
atdıq və qonşu dövlətlərlə
razılıq və birgə qərar əsasında sərhədlərimizi
bağladıq. Hesab edirəm
ki, biz bu qərarı vaxtında və digər ölkələrin bənzər
qərarlarından tez
verdik və beləliklə, zaman udmuş olduq. Biz görürük ki, bu virusla
mübarizədə ən
vacib məsələ
vaxtdır, çünki
heç bir ölkənin səhiyyə
sistemi bu qədər böyük sayda yoluxmuş insanların müalicəsinə
hazır deyil. Bu səbəbdən vaxtın qazanılması,
səhiyyə sistemimizin
hazırlanması, mütəxəssis
və həkimlərimizin
səfərbər edilməsi
və düzgün idarəçiliyin qurulması
əsas hədəflərimiz
oldu”.
Azərbaycanda pandemiya ilə mübarizədə mühüm
addımların atılmasına,
dövlətimizin bütün
imkanlarını virusun
yayılmasının qarşısının
alınmasına və
onun fəsadlarının
aradan qaldırılmasına
yönəltməsinə görə
ölkənin müxtəlif
guşələrindən Prezident
İlham Əliyevə
vətəndaşlardan minnətdarlıq
məktubları gəlməkdə
davam edir.
Pandemiyadan sonrakı dövrdə
sərnişin axınını
təmin etmək üçün fəaliyyət
planı
Ötən gündən etibarən Bakı-Sumqayıt istiqamətində
sərnişin axınının
artması nəzərə
alınaraq bütün
avtobuslar xəttə çıxarılıb.
Bu barədə "Report”a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin
(DANX) İctimaiyyətlə əlaqələr sektorunun
müdiri Nuridə Allahyarova məlumat verib.
Onun sözlərinə görə,
təmsil etdiyi qurum pandemiyadan sonrakı dövr üçün fəaliyyət
planı hazırlayıb,
ölkədəki 56 avtovağzal
və avtostansiya sərnişin axınını
təmin etmək üçün hazır vəziyyətə gətirilib:
"Karantin müddəti
bitdikdən sonra regionlardakı sərnişinlərin
paytaxta qayıtması
ilə kifayət qədər sərnişin
sıxlığı gözlənilir.
Həmçinin Bakıda qalan
sərnişinlərin də
regionlara getməsi gözlənilir. Mərhələli şəkildə sərnişinlərin
hərəkəti təmin
ediləcək”.
Karantin rejimini pozanlar məsuliyyətə cəlb
olunurlar
Koronavirus
infeksiyasının yayılmasının
qarşısının alınması
məqsədilə tətbiq
edilən xüsusi karantin rejiminin pozulmasına görə
28.04.2020-ci il saat
00:00-dan 29.04.2020-ci il saat
00:00-dək olan müddət
ərzində respublikanın
avtomobil yollarında nəqliyyat vasitələri
ilə hərəkətdə
olan 806 nəfər Azərbaycan Respublikası
İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi
ilə inzibati məsuliyyətə cəlb
edilib.
Baş Dövlət Yol Polisi İdarəsindən
bildirilib ki, ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən
paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə
43177 hərəkət iştirakçısı
inzibati məsuliyyətə
cəlb edilib.
Effektiv koronavirus müalicəsi Azərbaycanda da tətbiq ediləcək
Koronavirus xəstələrinin müalicəsində
istifadə olunan konvalesent plazma müalicəsi artıq Azərbaycanda da tətbiq edilməyə başlanılacaq.
TƏBİB-dən verilən
məlumata görə,
immun plazma müalicəsi COVID-19 diaqnozu
ilə müalicə alıb sağalmış
xəstələrdən Mərkəzi
Qan Bankı tərəfindən toplanan
qan plazmasının ağır vəziyyətdə
olan xəstələrdə
istifadəsi ilə həyata keçirilən
müalicə metodudur.
Qurum koronavirus xəstələri
üçün kimlərin
plazma donoru ola biləcəyi
barədə də məlumat verib:
- COVID-19 diaqnozu laborator olaraq təsdiqlənib sonradan sağalan şəxslər;
- klinik olaraq
tam sağalmadan ən
azı 14 gün sonra, 2 dəfə test nəticəsi neqativ olan şəxslər;
- 18-60 yaş arası könüllülər;
- kişi və
hamilə olmayan qadınlar (düşüyü
və abort olmamış),
həyatının heç
bir dövründə
qan transfuziyası edilməmiş insanlar.
Uyğun donor qan donorluğunda olduğu kimi, razılıq forması doldurur və müayinə edilir. Daha sonra
donordan qan alınaraq laborator testlər həyata keçirilir. Test nəticələri
uyğun olan donorlardan aferez metodu ilə plazma alınır. Prosedur 45-60 dəqiqə davam edir. Donordan immun plazma 1
ay ərzində ən
çox 3 dəfə,
ilk plazmanın götürüldüyü
tarixdən etibarən
7-10 gün fasilə ilə alına bilər.
Plazma alınmasının donor üçün
hansı riski var:
- bu prosedurun
donorun sağlamlığı
üçün heç
bir riski yoxdur;
- aferez proseduru
zamanı qanın ayrılması üçün
istifadə olunan setlər birdəfəlik və sterildir;
- setlər qapalı
sistem kimi işləyir;
- prosedur zamanı
qan cihazla təmas etmir.
Sağalan xəstələrin məlumatları
TƏBİB tərəfindən Mərkəzi Qan Bankına göndərilir
və plazma donorları Mərkəzi Qan Bankı tərəfindən seçilir. Könüllü donorlar müəyyən olunmuş növbəli sistem əsasında Mərkəzi Qan Bankına dəvət olunur. Gəlmə imkanı olmayan
könüllü donorlar
üçün Mərkəzi
Qan Bankı tərəfindən gəliş-gedişləri
təmin olunur. Xəstəxanadan gələn tələblərə
əsasən plazmalar göndərilir. Plazma istəyi
xəstənin yaxını
və ya xəstənin özü tərəfindən edilə
bilməz.
Məlumatda o da bildirilir ki,
bu müalicə tam ödənişsizdir, bütün
xərclər TƏBİB tərəfindən
qarşılanır.
Dünyanın koronavirus mənzərəsi
Ümumdünya Səhiyyə Təşkilatının
yaydığı məlumatda
bildirilir ki, son statistikaya görə, dünyada 3186694 nəfər
yeni növ koronavirusa yoluxub, 225529 nəfər isə bu ölümcül virusun qurbanına çevrilib. Son gün
ərzində 50186 insanda
koronavirus aşkarlanıb,
ölənlərin sayı
isə 7716 nəfər
artıb.
Ən çox
yoluxma və ölüm halları Avropa regionunda qeydə alınıb -
1345389 yoluxma və 132373
ölüm. Sutka ərzində burada
yoluxanların sayı
22683, ölənlərin sayı
isə 5951 nəfər
artıb.
Şimali və Cənubi Amerikada virusa yoluxanların ümumi sayı 1290428 nəfər
təşkil edir, indiyədək 73292 nəfər
ölüb.
ÜST-ün son məlumatına görə, ən çox yoluxanlar ABŞ-dadır - 1048834 nəfər. Onun ardınca İspaniya (236899), İtaliya (203591), Fransa (165911), Böyük Britaniya (165221) və Almaniya (160479) gəlir.
Metronun fəaliyyəti karantin davam etdiyi dövrdə bərpa olunarsa...
"Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, metro stansiyaları fəaliyyətini bərpa edəcəyi təqdirdə sərnişinlərə sosial məsafə saxlamaqla bağlı mütəmadi xəbərdarlıqlar olunacaq. Onun sözlərinə görə, bununla bağlı metroda sərnişindaşıma fəaliyyəti dayandırılana qədər də tövsiyələr olunub: "Bakı Metropoliteninin bütün stansiyalarında sosial məsafə saxlamaq barədə sərnişinlər mütəmadi məlumatlandırılıb. Əgər metronun fəaliyyəti karantin davam etdiyi dövrdə bərpa olunarsa, bu kimi müraciətlər, maarifləndirmə və tövsiyə xüsusiyyətli bir sıra tədbirlər davam etdiriləcək. Həmçinin metro nəqliyyatında mümkün olan bir sıra xəbərdaredici əyani nümunələr də tətbiq edilə bilər. Sosial məsafənin qorunmasının təşkili metropolitendə digər yerlərdə olduğundan çox da fərqlənmir. İctimai nəqliyyatda, o cümlədən metroda da sosial məsafənin qorunmasına riayət edilməsi əsasən sərnişinlərdən asılı olan məsələdir”.
Yasəmən MUSAYEVA
Azərbaycan.-2020.- 30 aprel.- S.6.