“Koronavirus
pandemiyası ilə mübarizədə Azərbaycan modeli”mövzusunda videokonfrans keçirilib
Aprelin 29-da Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə "Koronavirus pandemiyası ilə mübarizədə Azərbaycan modeli” mövzusunda videokonfrans keçirilib.
YAP-dan AZƏRTAC-a bildiriblər ki, onlayn müzakirədə Milli Məclisinin deputatları Ramin Məmmədov, Ramil Həsən, Könül Nurullayeva, Şahin İsmayılov, Şahin Seyidzadə, həmçinin YAP Gənclər Birliyinin sədri Seymur Orucov, ARGTMŞ-nin sədri Məryəm Məcidova, "ASAN Könüllüləri” Gənclər Təşkilatının sədri Səbinə Cabbarova, "CAVAN” Gənclər Hərəkatı İB-nin nümayəndəsi Murad Ağabəyli və YAP Nizami rayon təşkilatı gənclər birliyi sədrinin müavini Ramil Vəlibəyov iştirak ediblər.
Videokonfransda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə koronavirusa qarşı mübarizə sahəsində həyata keçirilən genişmiqyaslı tədbirlər müzakirə edilib.
Qeyd edilib ki, Prezident İlham Əliyevin qəti tapşırıqları əsasında qısa müddətdə ali və orta təhsil müəssisələrində tədris prosesinin dayandırılması, ölkəmizdə genişmiqyaslı dezinfeksiya tədbirlərinin təşkili, tərəddüd etmədən ölkəmizin sərhədlərinin bağlanmasına dair qonşu dövlətlərlə danışıqların aparılması və qəti qərarların qəbul edilməsi koronavirus biomüharibəsində gələcək qələbənin əldə olunmasının əsas təminatına çevrilib. Paralel olaraq dövlət başçısının rəhbərliyi ilə pandemiya dövrünün çağırışlarına uyğun olaraq yeni işlək strukturların yaradılması və bir sıra dövlət qurumlarının fəaliyyətinin yenidən qurulması, onların əlaqəli və operativ işlərinin təşkili koronavirusla mübarizənin bütün cəbhə xətti boyu aparılmasına meydan açıb. Azərbaycan Respublikasının Prezidentinin son onillik ərzində səhiyyə sahəsində həyata keçirdiyi ardıcıl islahatlar, paytaxtda və regionlarda istifadəyə verilmiş müasir tipli xəstəxana kompleksləri, xəstəxanaların ən müasir tibbi avadanlıq və cihazlarla təmin olunması, həkimlərin bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi sahəsində atılmış addımlar da respublikamızda rəqabətədavamlı səhiyyə səviyyəsinin formalaşdırılması ilə nəticələnib.
Videokonfransda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Türk Şurasına üzv ölkələrin dövlət başçılarının onlayn fövqəladə Zirvə toplantısının keçirilməsi də əlamətdar tarixi hadisə kimi diqqətə çatdırılıb.
Vurğulanıb ki, pandemiyanın mənfi təsirlərinə baxmayaraq, ölkədə iş yerləri saxlanılıb, işçilərin ixtisar edilməsinə imkan verilməyib, 600 min nəfərdən çox aztəminatlı insanlara, iş yerlərini itirməli olmuş çalışanlara maddi dəstək verilib, vergi güzəştləri tətbiq olunub və ümumilikdə sosial-iqtisadi sahədə dayanıqlılığı təmin etmək üçün 3.5 milyard manat vəsait ayrılıb.
Bununla yanaşı, videomüzakirə zamanı Azərbaycan xalqına düşmən kəsilmiş, daim anti-milli mövqedə durmuş radikal müxalifətin siyasi təxribatları, onların sosial şəbəkələrdəki Azərbaycan xalqının və dövlətinin milli maraqlarına zərbə vurmağa yönəlmiş fəaliyyəti də kəskin tənqid olunub.
Müzakirələrin
ümumi nəticəsi olaraq deyilib ki, ölkəmizin
bütün vətəndaşları kimi gənclər də
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
koronavirusla mübarizə sahəsindəki ardıcıl,
yorulmaz və məqsədyönlü fəaliyyətini,
ölkə vətəndaşlarının mənafelərinə
həsr edilmiş ümummilli siyasətini ürəkdən dəstəkləyir
və müdafiə edirlər.
Azərbaycan.-2020.- 30 aprel.- S.3.