Bəşəriyyət intizarda: peyvənd nə vaxt
hazır olacaq?
"Müsbət təsiri sübut olunsa, bu, insanları COVID-19-dan xilas
edəcək ilk peyvənd növü
kimi tarixə düşəcək”
Aylardır Yer üzündəki bütün mübarizələr, savaşlar, rəqabətlər, xəstəliklər arxa plana keçib. İndi ölkələri, dövlətləri, xalqları maraqlandıran bir ortaq problem var. İnsanoğlu yalnız bir xəstəliklə mübarizəyə qalxıb və savaş aparır. Ölkə, dövlət, sərhəd, millət, varlı-kasıb tanımayan taclı düşmən ilə...
Aylardır dünya tibbi, müxtəlif ölkələrin elm adamları bu yeni bəlanı "susdurmaq” üçün səfərbər olublar. Bu ilin yanvarında Çin alimləri COVID-19-un genomunu açıqladıqdan sonra əczaçılıq şirkətləri, laboratoriyalar, ayrı-ayrı alimlər, həkimlər koronavirusa qarşı peyvənd axtarışına başlayıblar. O vaxtdan bəri hamını demək olar ki, bir sual maraqlandırır: Peyvənd nə vaxt hazır olacaq?
Hələ fevral ayında Fransanın Paster İnstitutunun elm adamları dünyanı qorxuya salan virusun müalicəsi üçün fəaliyyətə başladıqlarını bildirdilər. İnstitutun elm adamı Kristope Denfert jurnalistlərə açıqlamasında peyvəndin qarşıdakı 20 ay ərzində hazır olacağını dedi. Bununla hər kəsin sevinci elə qursağında qaldı. Axı bu nə az, nə çox, təxminən 2 il gözləmək deməkdir.
Koronavirusa qarşı peyvənd
olunan ilk insan
Bundan haradasa
1 ay sonra ABŞ-da koronavirusa qarşı peyvəndin ilk klinik təcrübəsinə başlanıldı. Kaiser Permanente
araşdırma mərkəzinin
mütəxəssisləri dörd könüllüyə
peyvəndin eksperimental
dozasını vurdular.
Milli Səhiyyə İnstitutunun
maliyyələşdirdiyi, heyvanlar
üzərində təcrübə
mərhələsi edilməyən
bu sınağa eyni vaxtda bir
neçə şəxs
cəlb edildi. Məqsəd
peyvənd nəticəsində
immune sisteminin aktivləşdiyinə
əmin olmaq idi. Vaksinin istehsalçısı "Moderna
Therapeutics” şirkəti bəyan
etdi ki, preparat yaxşı yoxlanılmış və
müsbət nəticələr
vermiş proses vasitəsilə hazırlanıb.
Peyvənd vurulan ilk şəxs iki uşaq anası
43 yaşlı Cennifer
Hallerdir. Cennifer Haller tarixə üzərində
koronavirus peyvəndinin
testi keçirilən
ilk insan kimi düşdü. Bu qəhrəman
qadın insanlığa
xidmət üçün
nəticəsi naməlum
olan bir sınaq altına girməyə razılıq
verdi. Könüllü şəkildə peyvənd
olunan Cenniferin ailəsi onun bu qərarına qarşı çıxsa
da, o, "mənim də bir köməyim
olsun. Bu, vacib bir iş görmək
üçün heyrətamiz
fürsətdir”, - deyərək
sınağa qatıldı.
Həftələr sonra "The Telegraph” qəzetinə
açıqlama verən
Cennifer peyvənd sınağında iştirak
etdiyi üçün
qürur duyduğunu söyləyib: "Bəli,
bir çox risk var idi, ancaq
mən bunlara məhəl qoymayıb əlimdən gələni
etdim”.
C.Haller peyvəndin olduğu ilk gün bir az temperaturunun olduğunu, ikinci gün isə qolunda yüngül ağrı hiss etdiyini, bunun xaricində heç bir şikayətinin olmadığını
bildirib. Cəmiyyətin elmi araşdırmalara
yardım etməsinin vacibliyini dilə gətirən Haller peyvəndin
tapılacağına inandığını
söyləyib.
Dünya alimləri bu araşdırmanı diqqətlə
izləyirlər. Ekspertlərin dediyinə görə,
bu və hazırlanmaqda olan digər peyvəndlərin
effekti bir neçə aya məlum olacaq. Gözləyək...
Peyvənd sentyabradək hazır olacaqmı?
Oksford Universitetinin vaksinologiya üzrə professoru Sara
Gilbert ötən ay "Times” qəzetinə müsahibəsində
bildirib ki, Böyük Britaniyada
COVID-19 əleyhinə peyvənd
bu ilin sentyabrınadək
hazır ola
bilər. Peyvənd üzərində işləyən
tədqiqatçılar qrupuna
rəhbərlik edən
Gilbertin sözlərinə
görə, hər şey ideal formada gedərsə, qeyd edilən vaxtadək peyvənd əldə ediləcək: "Digər
növ peyvəndlərlə
bağlı əldə
etdiyimiz məlumatlara əsaslanarsaq, peyvəndin
təsiredici qüvvəsi
olacaq. Bu, hər
hansı intiusiya deyil. Hər həftə analizlər
üçün daha çox məlumat toplayırıq. Düşünürəm ki, uğur qazanmaq
ehtimalı 80 faizdir”.
Gilbert peyvəndin kliniki
təcrübəsinə yaxın
vaxtlarda başlayacaqlarını
qeyd edib.
Son zamanlar isə COVID-19 peyvəndi ilə bağlı elmi tədqiqatlarda aşkar canlanma hiss olunur. Bu istiqamətdə fərqli mərhələlərdə
olan elmi tədqiqatlar da davam edir. Ümumdünya Səhiyyə
Təşkilatı (ÜST) hazırda dünyanın müxtəlif ölkələrində
koronavirusa qarşı
vaksinin tapılması
istiqamətində ümumilikdə
70 layihə üzərində
iş aparıldığını,
onlardan üçünün
isə ümidverici olduğunu açıqlayıb.
Belə ki, Pekin Texnologiya İnstitutu və Honkonqun "CanSino
Biologics” şirkətinin üzərində
ortaq işlədiyi bir iş test mərhələsinin 2-ci, ABŞ-ın "Moderna” və "Inovio
Pharmaceuticals” şirkətlərinin iki işi isə
1-ci fazaya keçib.
Koronavirusdan xilas yolu tapılır...
Lakin hazırda
elmi arenada ən çox diqqət çəkən
və müzakirə olunan məhz Pekində aparılan tədqiqatdır. Keçən həftə elmi
ədəbiyyata əlyazma
formasında daxil olan tədqiqatda araşdırma yalnız orqanizmin bu peyvəndi
necə qəbul edəcəyi istiqamətində
deyil, bununla bərabər, peyvəndin
COVID-19 virusuna necə
təsir edəcəyi
barədə aparılıb.
Bu araşdırma ölmüş virusdan hazırlanmış peyvəndlər
kimi 8 meymun üzərində aparılıb.
Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının əməkdaşı, tibb elmləri doktoru Nuran Abdullayev araşdırmanın məzmunu, əldə olunan nəticələr barədə danışıb. O bildirib ki, daha öncə bu şəkildə hazırlanan peyvəndlərdən fərqli olaraq burada immun reaksiyanın güclənməsinə və ya onun fonunda ağırlaşmalara rast gəlinmir: "Tədqiqat siçan və dovşanlar üzərində müvafiq uğurlu anticismlərin alınmasının təsdiqindən sonra meymunlar üzərində aparılıb. Meymunlara isə ölmüş virusdan ibarət peyvəndi eynilə insana tətbiq olunacaq şəkildə fərqli dozalarda və fərqli intervallarla tətbiq ediblər. Müvafiq anticismlərin əmələ gəlməsi burda da müşahidə edilib. Sonra meymunlar narkoz altında çox böyük virusyükü ilə COVID-19-a yoluxdurulub. Qeyd edim ki, insan həmin virus yükündən dəfələrlə azı ilə virusa yoluxur. Nəticədə peyvəndi fərqli dozalarda alan meymunların hamısında, hətta böyük virus yükü ilə yoluxanlarda belə COVID-19-a qarşı güclü müdafiə müşahidə edilib. Sonra meymunların ağciyərləri də daxil olmaqla bütün orqanları ciddi müayinədən keçirilib və ağciyərlərin qorunması müşahidə edilib. Yüksək dozalı peyvəndi alan meymunların ağciyərlərində heç bir virus tapılmayıb, az dozalı peyvənd alan meymunların ağciyərlərində isə çox cüzi virus aşkarlanıb. İmmunhüceyrələrdə aparılan müvafiq testlərlə də immun reaksiyanın patoloji güclənməsi və ya onun fonunda olacaq ağırlaşmalar inkar olunub. Bu, əvvəlki eyni üsulla hazırlanmış koronavirus peyvəndlərində mümkün olmurdu”.
N.Abdullayev qeyd edib ki, virusun dünyadakı bütün mutasiya olunmuş növlərinə bu peyvəndin təsir gücü yoxlanılıb. Nəticə pozitiv çıxıb - bu peyvənd bütün növ COVID-19 viruslarına təsir edir.
Maraqlıdır, Pekində aparılan bu tədqiqatın yekunları bəşəriyyətə və elmə nə vəd edir? Dünyada tüğyan edən COVID-19 pandemiyasının qarşısının alınmasında hansı rolu oynayacaq?
Nuran Abdullayevin sözlərinə görə, hazırlanması və istehsalı dəfələrlə sadə olan bu peyvəndin insanlar üzərində də tətbiqi önümüzdəki günlərdə başa çatacaq: "Müsbət təsirin sübut olunacağı ehtimalı çox böyükdür. Belə olsa, qısa müddətdə bütün dünyada bu nəticənin tətbiqinə başlanılacaq. Bununla da bəşəriyyəti COVID-19 pandemiyasından qurtaracaq ilk peyvənd növü kimi tarixə düşəcək”.
Bəli, müxtəlif ölkələrdə koronavirus əleyhinə peyvənd hazırlamaq üçün çalışmalar aparılır. Bunlardan hansı sınaqdan üzüağ çıxacaq, deyə bilmərik. Əsas odur ki, insanların canını almağa davam edən bu gözəgörünməz virusa qalib gəlməyin çarəsi tapılsın. Ümid edək ki, tezliklə bəşəriyyətin intizarına son qoyulacaq və tibb aləmindən xoş müjdə alacağıq - "Koronavirusun peyvəndi tapıldı!”
Xəyalə
MURADLI
Azərbaycan.-2020.- 30 aprel.- S.6.