Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı
icmasının fəaliyyətinin daha da gücləndirilməsi məsələləri
müzakirə edilib
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının üzvləri ilə görüşüb. Görüşdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəhbəri Leyla Abdullayeva da iştirak edib.
AZƏRTAC xəbər verir ki, görüşdə məcburi köçkün düşmüş azərbaycanlı əhalinin problemlərinin həlli istiqamətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə həyata keçirilən müxtəlif layihələrin önəmi qeyd edilib. İcma üzvləri dövlətimizin qayğısını daim öz üzərlərində hiss etdiklərini xüsusilə vurğulayaraq, məcburi köçkünlər adından dövlətimizin başçısına bir daha təşəkkür ediblər.
Görüşdə Ermənistanın işğalçılıq siyasətinin bütün platformalarda ifşa edilməsi və hücum diplomatiyası aparılması yönündə Azərbaycan Prezidentinin tapşırıq və tövsiyələrinə uyğun olaraq, Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının fəaliyyəti və bunun daha da gücləndirilməsi məsələləri diqqət mərkəzində olub. Bu xüsusda icma üzvlərinin haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılmasının əhəmiyyəti vurğulanıb.
Ölkə rəhbərliyinin həyata
keçirdiyi siyasətin ən əsas hədəfinin
məhz ərazi bütövlüyümüzün
çox qısa zamanda
bərpa edilməsi və məcburi köçkünlərin
öz ata-baba
yurdlarına qayıtması olduğu
xüsusilə qeyd edilib.
Azərbaycan.- 2020.- 5 avqust.- S. 2.