XİN: BMT Baş Assambleyasının koronavirusa həsr olunmuş xüsusi sessiyasının birinci seqmenti başa çatıb

 

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə çağırılan BMT Baş Assambleyasının Koronavirus (COVID-19) pandemiyasına həsr olunmuş xüsusi sessiyasının işi ilə əlaqədar KİV-in sualını cavablandırıb.

XİN-in Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, Leyla Abdullayeva bununla bağlı deyib: "İyulun 10-da rəsmi olaraq açıq elan edilmiş xüsusi sessiya BMT Baş Assambleyasının digər bütün sessiyaları kimi iki seqmentdən ibarət formatda keçirilir. Prosedur xarakterli qərarların qəbul edildiyi seqment artıq iyulun 21-də başa çatıb. Bu seqment çərçivəsində Baş Assambleyanın aşağıdakı 6 qərarı sükut proseduru vasitəsilə qəbul edilib və BMT Baş Assambleyasının rəsmi sənədləri olaraq dərc edilib:

-BMT Baş Assambleyasının 74-cü sessiyasının sədri olan Ticani Məhəmməd-Bandenin xüsusi sessiyanın sədri seçilməsi barədə qərar;

 

- Xüsusi sessiyanın sədr müavinlərinin seçilməsi barədə qərar;

 

-Xüsusi sessiyanın əsas komitələrinin sədrlərinin seçilməsi barədə qərar;

 

-Xüsusi sessiyanın gündəliyinin qəbul edilməsi barədə qərar;

 

-Xüsusi sessiyanın Səlahiyyət Komitəsinin tərkibinin təsdiq edilməsinə dair qərar;

 

-BMT Nizamnaməsinin 19-cu maddəsinə uyğun olaraq, quruma üzvlük haqlarını ödəməyən və beləliklə, səsvermə hüququndan məhrum edilmiş dövlətlərin siyahısının nəzərə alınmasına dair qərar.

Qeyd edək ki, pandemiyanın davam etməsi ilə əlaqədar BMT Baş Assambleyası çərçivəsində qərarlar səsvermə ilə yox, sükut proseduru vasitəsilə qəbul olunur. Müvafiq prosedura uyğun olaraq qərar layihələri 72 saat müddətinə BMT-nin bütün üzv dövlətləri arasında yayılır və bu müddətin sonunadək etiraz edən dövlət olmadığı təqdirdə qəbul edilir.

Koronavirus pandemiyası səbəbindən BMT-nin mənzil qərargahında tətbiq olunan məhdudiyyətlərlə əlaqədar hazırda qurumun Baş Assambleyasının rəsmi iclaslarının paytaxtlardan gələn nümayəndə heyətlərinin fiziki iştirakı ilə keçirilməsi mümkün deyil. Bununla əlaqədar, Baş Assambleyanın sentyabr ayında keçiriləcək müntəzəm sessiyası tarixdə ilk dəfə hibrid formada, yəni, dövlətlərin seçimindən asılı olaraq ya nümayəndə heyətləri rəhbərlərinin əvvəlcədən yazılmış videomüraciətləri vasitəsilə, ya da həmin dövlətlərin BMT yanında daimi nümayəndəliklərinin Assambleya zalında fiziki iştirakı ilə baş tutacaq.

Hazırkı pandemiya vəziyyəti ilə əlaqədar iyulun 10-dan başlayan Baş Assambleyanın xüsusi sessiyasının müxtəlif seqmentli müzakirələrinin də əvvəlki xüsusi sessiyalardan fərqli formatda keçirilməsi nəzərdə tutulur. Bununla əlaqədar, hazırda BMT-yə üzv dövlətlər sessiyanın dövlət və hökumət başçıları səviyyəsində, videokonfrans formatında keçirilməsi ilə bağlı modallıqları müzakirə edirlər. Müvafiq razılıq əldə olunduqdan sonra ümumi müzakirələrin konkret tarixləri müəyyən ediləcək”.

 

Azərbaycan.- 2020.- 5 avqust.- S. 9.