Səhnə sənətinin
işığında...
O, 1880-ci il mayın
9-da Bakıda dünyaya
gəlib. İçərişəhərdə boya-başa çatıb.
Atası
Haşım tacir idi. Moskva, Varşava şəhərləri
ilə ticarət əlaqələri qurmaq niyyətindəydi. Haşım dövrünə
görə açıq
düşüncəli idi.
Təhsilə, elmli insanlara
böyük rəğbət
bəsləyirdi. Oğlu Əhmədlə
bağlı arzularında
da onun oxuması,
savadlanması əhəmiyyətli
yer tuturdu. Bu istəklə Əhmədi
on yaşında İçərişəhərdə
Axund Mirzə Cavadın molla məktəbinə aparırlar.
Balaca Əhməd oxumaq həvəsi, zəkası
ilə Mirzə Cavadı ümidləndirir.
O, Haşıma oğlunu
türk-rus məktəbunə
qoymağı məsləhət
görür.
Getdiyi yeni məktəbdə də çalışqanlığı, bacarığı, dərslərini
yaxşı oxuması,
məsuliyyətli olması
ilə seçilir. Və müəllimlərinin
təşəbbüsü ilə tanınmış pedaqoq, maarifçi, fəal teatr təşkilatçısı Sultanməcid
Qənizadənin məktəbinə
köçürülür. Təhsilini orada davam etdirib
məktəbdə gələcəyin
məşhur səhnə
ustaları Hüseyn Ərəblinski və Mirmahmud Kazımovski ilə oxuyur.
Teatr sevdası...
Səhnə, teatr onu kiçik
yaşlarından cazibəsinə
salır. İlk dəfə səhnəyə
isə 1907-ci ildə Balaxanıda həvəskar
aktyorların hazırladıqları
"Adı var, özü yox” adlı tamaşada Cənnətəli rolu ilə çıxır.
Eyni zamanda xalq mərasim,
oyun və əyləncələrində fəal
iştirak edir.
Sonralar "Nicat”
Cəmiyyətinin nəzdindəki
teatr truppasının
aktyoru olur. 1909-cu il yanvarın 2-də Cənnətəli rolunu həmin cəmiyyətin nəzdindəki teatr truppası ilə də ifa edir.
Hələ ki çoxlarının tanımadığı Əhməd
Məlikov səhnə
sənətinin işığına
üz tutur. Bu yolda ilk addımlarını
atır. Gənc aktyoru
tamaşaçılara daha
çox tanıdan isə Əbdürrəhim
bəy Haqverdiyevin
"Pəri cadu” əsərindəki İblis
rolu olub. 1912-ci ildə onun
bu rolda şəkli əks olunan afişalar da hazırlanıb.
1908-ci ildən aktyor
yoldaşları ilə
birlikdə Azərbaycanın
bir sıra kənd və rayonlarına gedir və tamaşalarda iştirak edir.
Əhməd Məlikovun Qəmərlinski
kimi tanınmasının
səbəbkarı Hüseyn
Ərəblinski olub. Qəmərli kəndindən qastroldan dönərkən o, dostuna
Qəmərlinski təxəllüsünü
götürməyi təklif
edir. Azərbaycan mədəniyyəti, incəsənəti tarixinə
də Əhməd Məlikov bu adla - Əhməd Qəmərlinski kimi düşür.
1919-cu ildə Bakıdakı
teatr truppaları birləşdirilib Dövlət
Dram Teatrı yaradılır. Əhməd Qəmərlinski
də aktyor truppasına qəbul edilir. 1921-1924-cü illərdə o, həmin teatrda çalışmaqla
bərabər, Bakı
Türk Azad Tənqid və Təbliğ Teatrında da fəaliyyət göstərir.
Əhməd Qəmərlinskinin repertuarı
zəngin idi. Onu tamaşaçılar
səhnədə müxtəlif
xarakterli rollarda görürlər. İfa
etdiyi "Xırs quldurbasan”da Bayram, "Lənkəran xanının
vəziri”ində Mirzə
Həbib, "Məşədi
İbad”da Rüstəm
bəy, "Pəri cadu”da Əcinnə, Təlxək, İblis, Ənrah, "Bəxtsiz cavan”da Hacı Səməd ağa, Mirzə Qoşunəli,
"Ac həriflər”də Süleyman, "Dursunəli
və ballıbadı”da
Dursunəli, "Dəmirçi
Gavə”də Zöhhak,
"Otello”da Brabansio, Kassio, "Qaçaqlar”da Şpigelberq, "Dövləti-bisəmər”də
Hacı Fərəc,
"Xalid ibn Valid”də Romas, "Şeyx Şamil”də Amul bəy, "Əl Mənsur”da Əli və başqa rollar onu aktyor kimi
şöhrətləndirir.
Əhməd Qəmərlinski 1938-1939-cu illərdə
Azərbaycan Dövlət
Musiqili Komediya Teatrında çalışır. Həmin teatrda
Rüstəm bəy,
("Məşədi İbad”),
Kəblə Qubad
("Ər və arvad”), Səməd bəy ("Lənkəran
xanının vəziri”)
və digər rolları ifa edir. Musiqili Komediya Teatrının
səhnəsindəki hər
çıxışının da ən böyük
mükafatı tamaşaçı
diqqəti, alqışları
olur.
Kinoaktyor...
Səhnə sənətindəki xidmətlərinə
görə Əhməd
Qəmərlinski 1940-cı ildə Əməkdar incəsənət xadimi fəxri adı ilə təltif olunub.
Ancaq o, yalnız
teatr aktyoru kimi tanınmayıb. Əhməd Qəmərlinskinin
aktyorluq qabiliyyəti kinorejissorların da diqqətindən yayınmayıb.
Onu filmlərə dəvət
ediblər. "Azərbaycanfilm”
Kinostudiyasının istehsal
etdiyi "İsmət”
(1934), "Almaz” (1936), "Səbuhi” (1941), "Sovqat”
(1942) filmlərində canlandırdığı
rollar Əhməd Qəmərlinskinin kinoaktyor
kimi də istedadlı olduğunu təsdiq edib.
Bədii əsərlər müəllifi...
O, bədii yaradıcılıqla
da məşğul olub. Qələmə aldığı əsərlərdə ictimai
həyatda baş verən mühüm problemləri əks etdirib. Əhməd Qəmərlinskinin "Cavanlar”,
"Tufani-Kərbəla”, "Rüstəm və Söhrab”, "Vətən
uğrunda”, "Eşq-məhəbbət”,
"Məkri-zənən”, "Ziyarət nəticəsi”,
"Maymaq”, "Tamahkarlıq,
yaxud cavanlar məişəti”, "Partizan
oğlu”, "Qazi”,
"Oxumayacağam”, "Bəhlul
Danəndə”, "Molla
Zaman”, "Usta Qəni”, "Yusif və Züleyxa”, "Tahir və Zöhrə”,
"Uşaq duası”,
"Arşın malı”
və başqa vodevilləri, məzhəkələri,
pyesləri, təbdilləri
var. Onun Molyerdən etdiyi "Zorən təbib” təbdili xüsusilə məşhurdur.
Əhməd Qəmərlinskinin tarixi və müasir mövzuda yazdığı
əsərləri 1910-1920-ci illərdə Hüseyn Ərəblinski, Sidqi Ruhulla və başqa görkəmli sənətkarlar səhnələşdiriblər.
O, bu dünyada 72 il ömür
sürüb. Azərbaycan
mədəniyyətində, incəsənətində silinməz
izlər qoymuş Əhməd Qəmərlinski
1952-ci il martın 9-da əbədiyyətə
qovuşub...
Z.FƏRƏCOVA
Azərbaycan.- 2020.- 5 avqust.- S. 10.