Gəncə
şəhərində bir qrup
şəhid ailəsi və Qarabağ
müharibəsi əlili mənzillərlə təmin olunub
Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən
Gəncə şəhərində yeni yaşayış
binasından alınmış 15 mənzil şəhid ailələri
və Qarabağ müharibəsi əlillərinə təqdim
edilib.
Əmək
və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Hidayət
Abdullayev mənzillərin təqdim edilməsi tədbirində
Prezident İlham Əliyevin sosial sahəyə, əhalinin həssas
qruplarına xüsusi qayğı göstərdiyini
vurğulayaraq sosial müdafiə proqramlarının ildən-ilə
genişləndirildiyini qeyd edib.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, nazir müavini bildirib ki, 2018-ci ildə nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzil və fərdi ev təqdim edilibsə, 2019-cu ildə həmin göstəricidən 50 faiz çox olmaqla 934 mənzil və fərdi ev həmin kateqoriyadan olan vətəndaşlara verilib. 2020-ci ildə şəhid ailələri və müharibə əlillərinə rekord sayda olmaqla azı 1500 mənzil və fərdi evin verilməsi nəzərdə tutulub.
2020-ci il iyulun 21-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirak edərkən dövlətimizin başçısı deyib: "Müqayisə üçün deyə bilərəm ki, keçən il 934 mənzil verilmişdir, bu il isə 1500, ondan əvvəlki illərdə təqribən ildə 500-600-700. Yəni, bu, onu göstərir ki, bu problemi həll etmək və şəhid ailələrinə, müharibə əlillərinə dövlət tərəfindən nəzərdə tutulmuş evlərin təqdim edilməsi üçün çox fəal iş aparılır. Mən istəyirəm ki, biz bu proqramı tezliklə başa çatdıraq və buna nail olacağıq”.
H.Abdullayev builki plan üzrə nəzərdə tutulan 1500 mənzil və fərdi evdən artıq 554 mənzilin şəhid ailələrinə, müharibə əlillərinə verildiyini, qalan mənzil və fərdi evlərin də ilin sonunadək təqdim ediləcəyini deyib. O, indiyədək şəhid ailələrinə və müharibə əlillərinə 8142 mənzil və fərdi ev verildiyini diqqətə çatdırıb.
Müharibə əlillərinin avtomobillə təminatı işlərinin də davam etdiyini bildirən nazir müavini həmin kateqoriyadan olan vətəndaşlara 2018-ci ildə 265 avtomobil, 2019-cu ildə 600 avtomobil verildiyini qeyd edib. 2020-ci ildə də müharibə əlillərinə 400 avtomobilin verilməsinin nəzərdə tutulduğunu, onlardan artıq 150-nin verildiyini, ümumən indiyədək 6900 avtomobilin müharibə əlillərinə təqdim edildiyini bildirib.
Qeyd edək ki, bu gün Gəncə şəhərində mənzillə təmin olunan şəhid ailələrindən biri də Azərbaycanın Milli Qəhrəmanı Elbrus Allahverdiyevin ailəsidir.
Tədbirdə şəhid ailələri və
Qarabağ müharibəsi əlilləri daim dövlətin qayğısı ilə əhatə
olunduqlarını vurğulayıblar. Onlar
mənzil-məişət şəraitlərinin
yaxşılaşdırılmasına, bu
gün yeni mənzillə
təmin edildiklərinə görə Prezident
İlham Əliyevə dərin minnətdarlıqlarını
ifadə ediblər.
Azərbaycan.- 2020.- 7 avqust.- S. 6.