Azərbaycanın istənilən böhrandan çıxmağa gücü var

 

Prezident İlham Əliyev bəyan etdi ki, qarşıdakı dövrdə atılacaq bütün addımlar həm pandemiya, həm də postpandemiya dövründə ölkəmizə yeni imkanlar qazandıracaq

 

Dünya iqtisadiyyatını tənəzzülə uğradan qlobal böhan getdikcə dərinləşməkdədir. Pandemiya ilə mübarizə tədbirləri, insan sağlamlığının qorunması istiqamətində atılan addımların da istənilən ölkənin iqtisadiyyatına mənfi təsirləri var. Çünki bunlar böyük maliyyə tələb edir. Təbii ki, bu durum dünyanın bir parçası olan Azərbaycandan da yan keçməyib.

Son altı ayda qlobal böhran səbəbindən ölkə iqtisadiyyatının 2,7 faizlik tənəzzülü onu göstərir ki, dövlət iqtisadiyyatı deyil, insan sağlamlığının qorunmasını bir nömrəli vəzifə hesab edərək bu istiqamətdə çox önəmli addımlar atıb. Siyasətin mərkəzində ölkə vətəndaşı dayanır - deyən Prezident İlham Əliyev hər zaman olduğu kimi, qlobal böhran dövründə də vədinə sadiqliyini bir daha təsdiqləyir. Məhz pandemiya ilə mübarizə dövründə ölkədə heç bir sosial layihənin təxirə salınmaması, vətəndaşın sosial rifahının yaxşılaşdırılması istiqamətində önəmli qərarların qəbul edilməsi onu göstərir ki, Azərbaycan istənilən böhranla mübarizəyə hazırdı.

 

Modul tipli xəstəxanaların sayı 16-ya çatdırılacaq

 

Avqustun 6-da Prezident İlham Əliyev ölkədə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlərlə və sosial-iqtisadi vəziyyətlə bağlı keçirdiyi müşavirədə həm COVID-19-la mübarizə ilə, həm də sosail-iqtisadi durumla bağlı görülən işləri qiymətləndirərkən bir daha bu məsələlərə toxundu və qarşıdakı dövr üçün ciddi tapşırıqlarını verdi.

Öncə Prezident koronavirusla mübarizə tədbirləri nəticəsində əldə edilən müsbət dinamikadan söz açdı və bildirdi ki, ölkədə vəziyyət tam nəzarət altındadır.

Həqiqətən də, bu gün ölkədə qlobal pandemiyaya qarşı həyata keçirilən tədbirlər, əldə edilən müsbət dinamika onu deməyə əsas verir ki, Azərbaycan COVID-19-la mübarizədə uğurlu nəticələr əldə edir. Həm virusa yoluxma sayının getdikcə azalması, sağalanların sayının artması bunu təsdiqləyən reallıqdır. Şükürlər olsun ki, məhz bu qabaqlayıcı tədbirlər ölkəmizin pandemiyadan az itkilərlə çıxması üçün real zəmin yaradır.

Cənab İlham Əliyevin pandemiya ilə mübarizə istiqamətində gördüyü işlərə, verdiyi qərarlara nəzər yetirsək görərik ki, Azərbaycan həqiqətən də bir çox ölkələrə nümunədir. Bu gün ölkəmizdə 46 xəstəxana ancaq koronavirus xəstələrinə xidmət göstərir. Bu 46 xəstəxananın 41-i son 17 il ərzində tikilibya əsaslı şəkildə təmir edilib, müasir avadanlıqlarla təchiz olunub. Son 3 ay ərzində ölkədə 9 modul tipli xəstəxana yaradılıb. Adambaşına düşən testlərin sayına görə bu gün Azərbaycan dünya miqyasında qabaqlayıcı yerlərdədir. Qısa müddət ərzində laboratoriyaların sayı 5 dəfə artırılaraq 31-ə çatdırılıb.

Prezident vurğuladı ki, yaxın gələcəkdə laboratoriyaların sayı 45-ə, modul tipli xəstəxanaların sayı isə bütövlükdə 16-ya çatdırılacaq. Bu da onu deməyə əsas verir ki, təkcə bu xəstəxanalarda 3200 koronavirus xəstəsi müalicə ala biləcək.

Bundan başqa, iki Olimpiya İdman Kompleksinin xəstəxanaya çevrilməsi barədə də qərar verilib. Yəni dövlət uyğunlaşdırma məsələlərini həll etmək üçün qısa müddət ərzində bu kompleksləri də xəstələrin müalicəsi üçün hazır vəziyyətə gətirib. Artıq bu komplekslərin hər birində lazım olarsa 300-ə yaxın xəstə müalicə ala bilər. Ancaq hələ ki, buna ehtiyac yoxdur. Əgər ehtiyac yaransa, dövlət bu imkanlardan da istifadə edəcək.

 

İşsizləyə görə ödənilən 190 manat vəsait avqust ayında da veriləcək

 

Təbii ki, qlobal böhran ölkənin iqtisadi durumuna mənfi təsirsiz ötüşmür. Ölkə iqtisadiyyatının 2,7 faizlik tənəzzülünə baxmayaraq heç bir sosial layihə təxirə salınmır.

Təkcə Prezidetin şimal-qərb bölgəsinə səfəri zamanı açılan yeni sosial obyektlər, kənd və qəsəbələri birləşdirən yeni yolların salınması və səfərdən sonra bəzi sosial layihələrin gerçəkləşməsi üçün həm Prezidentin Ehtiyat Fondundan, həm də büdcədən ayrılan vəsait bunu bir daha təsdiqləyir.

Son müşavirədə Prezident vurğuladı ki, qlobal böhran dövründə xalqın sosial rifah halının yaxşılaşdırılması istiqamətində atılan addımlar dövlətin qüdrətinin göstəricisidir.

Məhz pandemiya dövründə dövlətin 5 milyona yaxın insanı geniş sosial paketlə əhatə etməsi, dövlət sektorunda çalışan və hazırda işsiz olan 900 min insanın əməkhaqqı ilə təmin edilməsi, 760 min sahibkara lazımi maliyyə dəstəyi göstərilməsi, 600 min insana hər ay 190 manatın ödənilməsi bunun real təsdiqidir.

Prezident göstəriş verdi ki, 190 manat müavinət alan şəsxlər avqust ayında da bu ödəmələrlə təmin edilməlidirlər: "Hesab edirəm ki, bu sosial dəstək bundan sonra da davam etdirilməlidir. Hazırda Azərbaycanın 13 şəhər və rayonunda sərt karantin rejimi tətbiq edilir. Həmin rayonların bu kateqoriyaya aid insanları bu dəstəklə bundan sonra da əhatə olunmalıdır. Sizə göstəriş verirəm ki, avqust ayında da onlara 190 manat ödənilsin”.

 

Neftin qiyməti aşağı düşsə də, heç bir sosial layihə ixtisar edilmir

 

Dövlət başçısının söylədiyi kimi bütün bunlar görülmüş işlərin bir hissəsidir. Bu il ölkədə çox böyük sosial layihələrin həyata keçirilməsi təsdiqləyir ki, dövlət qlobal böhran dövründə bu proqramların sayını daha da artırıb. Neftin qiymətinin aşağı düşməsi ölkənin gəlirlərinə ciddi təsir göstərsə də, dövlət heç bir sosial layihəni ixtisara salmır.

Məsələn, bu il məcburi köçkün və şəhid ailələrinə tikilən mənzillərin sayına nəzər yetirsək görərik ki, başqa dövrlə müqayisədə bu il rekord sayda mənzillər tikilib. Cari ildə bu imkandan 7 mindən çox köçkün ailəsi faydalanacaq. Bu il rekord sayda - 1500 şəhid ailəsi, Qarabağ müharibəsi əlili mənzillərlə təmin ediləcək. Ordu sıralarında qüsursuz xidmət etmiş 400-dən çox hərbçi dövlət tərəfindən pulsuz mənzillərlə təmin olunacaq. Yəni, bütövlükdə ən azı 9 minə yaxın ailə dövlət tərəfindən mənzillərlə təmin ediləcək.

Cənab İlham Əliyevin söylədiyi kimi, əgər bir ailənin üzvlərini orta hesabla beş nəfər götürsək, deməli, bir il ərzində ölkəmizdə 45 min insan dövlət tərəfindən pulsuz, keyfiyyətli mənzillərlə təmin edilir. Adambaşına düşən saya görə bu, dünyada ən yüksək nailiyyətdir.

Əlbəttə ki, bu da cənab İlham Əliyevin humanist, insansevər siyasətinin göstəricidisir. Bu, bir daha təsdiq edir ki, Azərbaycan Prezidentinin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bütün bunlar reallıqdır bu reallığı ölkənin alternativsiz lideri yaradır. Özü heç kimdən, heç bir beynəlxalq maliyyə qurumundan dəstək almadan...

 

Biznesə dəstək məsələlərində çox böyük addımlar atılır

 

Pandemiya ilə mübarizə dövründə dövlət iqtisadi sahədə biznesə dəstək məsələlərində çox böyük addımlar atıb qəbul edilən qərarlara, Milli Məclisdə dövlət büdcəsinə edilən dəyişikliklərə əsasən deyə bilərik ki, bundan sonra da biznesə dəstək proqramlarının icra edilməsi planlaşdırılır.

Dövlət başçısı vurğuladı ki, ilin əvvəlində nəzərdə tutulmuş layihələr, sahibkarlara güzəştli şərtlərlə kreditlərin, subsidiyaların verilməsi, kənd təsərrüfatının stimullaşdırılması, eyni zamanda pandemiya ilə əlaqədar görülmüş işlər dövlət siyasətini tam şəkildə əks etdirir.

Xatırladaq ki, pandemiya dövründə fərdi (mikro) sahibkarlara dəstəyin davam etdirilməsi, yeni güzəştli kreditlərin tətbiq edilməsi üzrə həm onlayn platforma fəaliyyət göstərir, həm bu günədək yeni proqram çərçivəsində banklar tərəfindən 12,5 milyon manatdan çox kreditlər ayrılıb. Mövcud kreditlərin faizlərinin ödənişlərinə dəstək proqramı icra olunmaqdadır.

Avqustun 7-də Milli Məclis büdcəyə edilən dəyişikliklərə müsbət rəy verdi. Bu dəyişikliklərə əsasən büdcədə neftin qiyməti 55 dollar yox, 35 dollar səviyyəsində götürüldü. Yəni dövlət ilin sonuna qədər xərclərini bu rəqəm əsasında planlaşdıracaq.

Bu da bir daha onu göstərir ki, cənab İlham Əliyev hər zaman olduğu kimi, qlobal böhran dövründə Azərbaycan vətəndaşının sağlamlığı sosial-rifahının yaxşılaşdırılması istiqamətində önəmli addımlar atır.

Bütün bunlar isə cənab İlham Əliyevin dediyi kimi, Azərbaycan dövlətinin istənilən böhrana hazır olduğunu bir daha göstərir. Çünki son 17 il ərzində həyata keçirilən siyasət nəticəsində elə bir möhkəm təməl yaranıb ki, dövlət istənilən böhranla əlaqədar düzgün addımlar atır neftin qiyməti hətta 35 dollar səviyyəsində olsa belə, bütün sosial öhdəlikləri yerinə yetirmək gücündədir. Dövlət başçısı qətiyyətlə vurğuladı ki, qlobal böhrana baxmayaraq ölkəmiz üçün lazım olan infrastruktur layihələrinin icrası davam etdiriləcək.

 

İqtisadiyyatın liberallaşdırılması ilə bağlı ciddi addımların atılması labüddür

 

Pandemiya dövründə görüləcək işlərlə bağlı göstəriş tapşırıqlarını verən Prezident qarşıya mühüm vəzifələr qoydu.

Dövlət başçısı vurğuladı ki, ilin sonuna qədər görüləcək işlər, xüsusilə sahibkarlıqla bağlı olan işlər, eyni zamanda dövlət şirkətlərinin idarə edilməsi istiqamətində atılacaq addımlar bu iqtisadi canlanmanı təmin etməli, itkiləri azaltmalıdır.

Əsas məsələ isə insanların sağlamlığı, onların sosial vəziyyəti ölkənin iqtisadi dayanıqlılığıdır. Əgər dövlətin güclü iqtisadi imkanları olmasa, bütün niyyətlər kağızda qalacaq. Ancaq işlər elə görülməlidir ki, ölkə inkişaf etsin, dövlətin gələcəyi qeyri-neft sektorunun inkişafı hesabına təmin edilsin.

Sahibkarlara dövlət dəstəyinin bundan sonra daha da şəffaf mütəşəkkil qaydada göstəriləcəyini deyən Prezident qeyd etdi ki, bütövlükdə iqtisadiyyatın liberallaşdırılması ilə bağlı ciddi addımların atılması labüddür. Eyni zamanda özəlləşdirmə sahəsində daha geniş islahatlar aparılmalıdır.

Dövlət başçısı vurğuladı ki, pandemiya dövründə tənəzzülə uğrayan tikinti sektoru özündə böyük potensial cəmləşdirib. Sahibkarlar vaxtı ilə paytaxtda mövcud olan, lakin hazırda fəaliyyət göstərməyən müəssisələrin ərazilərində abadlaşdırma işləri apardıqdan sonra orada ictimai zonalar yaradıb yeni binalar inşa edə bilərlər. Bu da yeni yerlərinin açılmasını şərtləndirər biznesin canlandırılmasına səbəb olar.

Göründüyü kimi, cənab İlham Əliyev qlobal böhran dövründə ölkə iqtisadiyyatının daha çox tənəzzülə uğramaması, vətəndaşların sağlamlığının qorunması istiqamətində çox mühüm qərarlar qəbul edir. Azərbaycan Prezidentinin məhz belə bir dövrdə atdığı addımlar həm ölkə ictimaiyyəti, həm beynəlxalq təşkilatlar tərəfindən təqdir edilir.

Bütün bunlar onu göstərir ki, cənab İlham Əliyevin möhkəm təməl üzərində qurulan iqtisadi strategiyası ölkənin istənilən çətin durumdan xilasını şərtləndirən yol xəritəsidir. Görülən effektiv qabaqlayıcı tədbirlərə əsaslanaraq deyə bilərik ki, Azərbaycan bu böhrandan da az itkilərlə çıxacaq. Son müşavirədə dövlət başçısı da vurğuladı ki, şəffaflıq, dürüstlük, ölkədə biznes mühitinin yaxşılaşdırılması bu istiqamətdə bundan sonra atılacaq addımlar həm pandemiya dövründə, həm postpandemiya dövründə Azərbaycana yeni imkanlar qazandıracaq.

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2020.- 8 avqust.- S.1-2.