5 rayona səfər, 11 obyektin
açılışı, 14 sərəncam, 71,2 milyon manat
dövlət yardımı
Prezident İlham
Əliyev qlobal böhran şəraitində də
regionların tərəqqisini şərtləndirən
bütün layihələri uğurla reallaşdırır
Qlobal böhranın dünya iqtisadiyyatına mənfi təsirləri getdikcə böyüməkdədir. Pandemiyanın hələ də davam etməsi, bəzi dövlətlərin bütün sosial-iqtisadi layihələrini təxirə salaraq güclərini yalnız virusla mübarizə tədbirlərinə yönəltməsi qarşıdakı dövrdə böhranın daha da dərinləşəcəyini deməyə əsas yaradır.
Məhz belə bir dövrdə insan sağlamlığının qorunmasını prioritet vəzifə kimi müəyyənləşdirən dövlətlərin iqtisadiyyatında tənəzzül müşahidə olunsa da, virusa qarşı mübarizədə müsbət dinamikanın əldə edilməsi uğurlu nəticə kimi dəyərləndirililir və beynəlxalq səviyyədə təqdir edilir. Həmin dövlətlərdən biri də Azərbaycandır.
Aylardır pandemiya ilə mübarizədə mühüm qərarlar qəbul edən, üzərinə düşən vəzifələri layiqincə reallaşdıran və hətta heç bir sosal layihəni təxirə salmayan Prezident İlham Əliyevin qətiyyətli addımları Ümumdünya Səhiyyə Təşkilatı, BMT kimi nüfuzlu qurumlar tərəfindən digər ölkələrə nümunə olaraq göstərilir.
Pandemiya ilə mübarizədə və sosial layihələrin
icrasında uğurlu nəticələr var
Bəzi ölkələr pandemiya ilə mübarizədə aciz durumda qalaraq beynəlxalq qurumlardan, böyük dövlətlərdən yardım istəmək məcburiyyətində qaldığı halda, Azərbaycan bu istiqamətdə layihələrini öz hesabına, heç bir təşkilatdan borc almadan həyata keçirir. Bu da, əlbəttə ki, ilk növbədə, Azərbaycanın iqtisadi qüdrətinin və cənab İlham Əliyevin siyasi müdrikliyinin, qətiyyətli, cəsarətli qərarlarının göstəricisidir.
Həyata keçirdiyi uzaqgörən siyasəti, mütərəqqi islahatları ilə Azərbaycanı çətin sınaqlardan üzüağ çıxaran cənab
İlham Əliyevin pandemiya dövründə də insan sağlamlığının qorunmasını, əhalinin rifah halının yaxşılaşdırılmasını və ilin əvvəlində müəyyənləşdirilən sosial layihələrin icrasını uğurla reallığa çevirməsi xalq tərəfindən də çox yüksək qiymətləndirilir. Bunu vətəndaşların Prezidentə ünvanladıqları minlərlə məktublarda yer alan səmimi fikirlər də bir daha təsdiqləyir.
Sirr deyil ki, qlobal böhran digər ölkələr kimi, Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyib. Ölkə iqtisadiyyatındakı 2,7 faizlik tənəzzülə baxmayaraq, koronavirusla mübarizə tədbirləri yüksək səviyyədə davam etdirilir, ilin əvvəlində müəyyənləşdirilən proqramlar reallığa çevrilir, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarında nəzərdə tutulan bütün layihələr uğurla icra edilir. Bunu Prezidentin respublikanın şimal-qərb bölgəsinə səfəri zamanı 5 rayonda görülən işlər bir daha təsdiqlədi. Qobustan, İsmayıllı, Balakən, Şəki və Qəbələ rayonlarında inşa edilən mühüm sosial-iqtisadi obyektlər, ictimai iaşə müəssisələri, yenidən qurulan yol-nəqliyyat infrastrukturları göstərdi ki, iqtisadiyyatımız tənəzzülə uğrasa da, dövlət heç bir sosial layihəni ixtisar etmir. Hətta ötən illə müqayisədə bu il xalqın rifah halının yaxşılaşdırılmasına yönələn daha çox sosial layihə gerçəkləşməkdədir.
9 modul tipli xəstəxana,
31 laboratoriya, 38 müasir təcili tibbi yardım avtomobili
8 aydır ki, Azərbaycanda
koronavirusla mübarizədə vətəndaşların
sağlamlıqlarının qorunması Prezidentin gündəliyində
birinci olaraq qalır. Cənab İlham Əliyevin göstərişi
ilə virusa yoluxan insanların müalicəsi
üçün qısa zaman ərzində müasir klinikaların,
modul tipli xəstəxanaların, tibbi maska fabriki, qoruyucu
kombinezonlar və digər ləvazimatlar istehsal edən müəssisələrin
yaradılması bunu təsdiqləyən reallıqdır.
Məhz bunun nəticəsidir
ki, bu gün ölkəmizdə virusla mübarizədə
müsbət dinamika müşahidə olunmaqdadır.
Azərbaycan dövlətinin
koronavirus pandemiyasının yayıldığı ilk
günlərdən onunla mübarizə istiqamətində
atdığı çox mühüm addımlar
sırasında modul tipli xəstəxanaların
yaradılması böyük əhəmiyyət
daşıyır. Yəni modul tipli xəstəxanaların
istifadəyə verilməsi koronavirusa yoluxanların lazımi
tibbi xidmətlərlə əhatə olunması
üçün vahid idarəetmədə və tibbi əlaqələndirmənin
təmin edilməsində böyük rol oynayır.
Dövlət
başçısının müvafiq
tapşırıqlarına əsasən, ölkə ərazisində
ümumilikdə 10 modul tipli xəstəxana kompleksinin
quraşdırılmasına başlanılıb. Prezidentin şimal-qərb
bölgəsinə səfəri Qobustan, İsmayıllı,
Şəki və Qəbələdə modul tipli xəstəxanaların
açılışından sonra ölkədə bu tip
müalicə mərkəzlərinin sayı 9-a çatdı.
Hazırda həmin 4 rayonda və ikisi Bakıda olmaqla,
Sumqayıtda, Gəncədə və Abşeronda modul tipli xəstəxanalar
fəaliyyətdədir.
Şəkidə modul tipli xəstəxananın
açılışı zamanı cənab İlham
Əliyev bu istiqamətdə görülən işləri dəyərləndirərkən
vurğuladı ki, bu 10 xəstəxananın fəaliyyəti
nəticəsində əlavə 2 min çarpayılıq
tibb mərkəzlərinə sahib olacğıq. Bununla
yanaşı, hər biri 200 çarpayılıq modul tipli əlavə
6 xəstəxananın ölkəmizə gətirilməsi məsələsi
də həll olunur.
Bununla paralel olaraq Fövqəladə
Hallar Nazirliyinin 800 çarpayılıq xəstəxanası
açılıb. Həmçinin 1300 çarpayılıq ikinci xəstəxana
da açılacaq: "Beləliklə, orada 2100
çarpayı olacaq. Artıq iki min
çarpayı fondu vardır. Bu, 4100
çarpayı edir. Altı əlavə
modul tipli xəstəxananın fəaliyyəti nəticəsində
bizdə təqribən 6 minə yaxın çarpayı fondu
yaranır. Əlbəttə ki, əgər
bu məsələlər öz həllini tapmasaydı, biz bu
gün koronavirusla bağlı çox böyük problemlərlə
üzləşə bilərdik”.
Hazırda ölkəmizin 46
xəstəxanasında koronavirus xəstələri müalicə
alır. Bu xəstəxanaların
41-i Prezident İlham Əliyevin göstərişi ilə son
16 il ərzində tikilib və ya əsaslı
şəkildə təmir edilib, müasir avadanlıqlarla təchiz
olunub. Pandemiyaya qədər ölkə ərazisində
cəmi altı laboratoriya var idi. Operativ tədbirlər
nəticəsində bu gün laboratoriyaların sayı 31-ə
çatıb.
İyulun 30-da isə Prezident
İlham Əliyevin tapşırığı ilə ölkəmizə
yeni təcili tibbi yardım avtomobilləri gətirilib. Bu təcili
tibbi yardım avtomobillərinin alınması koronavirusla
mübarizə çərçivəsində tibbi xidmətlərin
keyfiyyətinin daha yüksək səviyyəyə
çatdırılması, bu sahədə maddi-texniki
bazanın möhkəmləndirilməsi, o cümlədən
səhiyyə sisteminin bu cür
ixtisaslaşdırılmış avtomobillərlə təminatının
yüksəldilməsi istiqamətində atılan növbəti
addımdır.
"Mercedes Sprinter 416” markalı
avtomobilin bazasında Türkiyədə yığılan 24
reanimobil, 42 sadə təcili tibbi yardım avtomobili və
Türkiyə istehsalı olan "Ford Transit” markalı 10 sadə
və 24 reanimobil "Gəncə Avtomobil Zavodu” İstehsalat
Birliyi ilə imzalanmış müqavilə əsasında
satın alınıb. Artıq ölkəmizə
38 təcili tibbi yardım avtomobili idxal olunub. Onlardan 10-u Bakıya gətirilib, 28 avtomobil sərhədi
keçib və paytaxta gətirilməsi nəzərdə
tutulur. Qalan 62 avtomobil isə avqust
ayının sonuna qədər ölkəyə
çatdırılacaq.
Göründüyü kimi,
Azərbaycanda COVID-19-la mübarizə sahəsində çox
mühüm tədbirlər görülür. Cənab
İlham Əliyevin şəxsi tapşırığı ilə
qabaqcıl şirkətlərin istehsalı olan ən
müasir tibb avadanlığı ilə təchiz edilən bu
cür maşınların ölkəmizə gətirilməsi
hazırkı dövrdə, pandemiya ilə mübarizə
aparılan bir şəraitdə çox mühüm rol
oynayır. Bu, Azərbaycan dövlətinin
vətəndaşlarının sağlamlığına nə
dərəcədə həssas yanaşdığının
göstəricisidir.
20-ci "ASAN xidmət”,
yeni yolların inşası regional inkişafın göstəricisidir
Prezidentin respublikanın
şimal-qərb bölgəsinə səfəri zamanı 5
rayonda yeni sosial-iaşə obyektlərinin, müxtəlif kənd
və qəsəbələri birləşdirən yeni
yolların açılış mərasimləri oldu. Bu da ilk
növbədə onu təsdiq etdi ki, vətəndaşların
sağlamlıqlarının qorunmasını ön planda
saxlayan Prezident, həmçinin ölkədaxili yol-nəqliyyat
infrastrukturunun yenidən qurulması və regionlarda əhaliyə
göstərilən sosial xidmətin daha da
asanlaşdırılması ilə bağlı nəzərdə
tutulan bütün sosial layihələri uğurla
reallaşdırır.
Hər zaman olduğu kimi, cənab
İlham Əliyev regionların sosial-iqtisadi inkişafı
proqramları çərçivəsində görülən
işlərin icrasının yekunları ilə şəxsən
maraqlanır, yeni yaradılan müəssisələrin
açılış mərasimlərində iştirak edərək
xeyir-duasını verir, ictimaiyyət nümayəndələri
ilə səmimi görüşlər keçirərək
onların problemlərini dinləyir və aidiyyəti orqanlara
ciddi tapşırıqlarını, göstərişlərini
verir.
Prezidentin səfəri
çərçivəsində Balakəndə "ASAN xidmət”
mərkəzinin açılışı oldu. Qeyd edək ki, bu mərkəzə
qədər 5-i Bakı şəhərində, digərləri
isə Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ,
Masallı, Quba, Mingəçevir, İmişli, Şəki,
Şamaxı, Kürdəmir, Tovuz və Ağcabədidə
olmaqla, 19 mərkəz var idi. Balakəndə
açılışı olan "ASAN xidmət” mərkəzi
sayca 20-ci oldu. Digər mərkəzlərdə
olduğu kimi, burada da vətəndaşlara 12 dövlət
orqanı, həmçinin özəl şirkət və
müəssisələr tərəfindən ümumilikdə
320-dən çox xidmət göstəriləcək.
Həm 20-ci "ASAN xidmət”in, həm
"Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin
(ASC) Balakən Avtomatik İdarəetmə və Nəzarət
Mərkəzinin, Uşaq İncəsənət Məktəbinin
yeni binasının açılışı,
İsmayıllıda "DOST Evi” Yaradıcılıq, Sərgi
və Satış Mərkəzinin təməlinin qoyulması
bir daha Prezident İlham Əliyevin sosial islahatlar
proqramının əsas hədəfinin dövlət sosial
xidmətlərinin innovativ yanaşmalara əsaslanan modern,
çevik və optimal mexanizmlər üzərində
qurulması, xidmətlərdə sosial ədalət, şəffaflıq,
ünvanlılıq, əlçatanlıq və bərabərlik
prinsiplərinin təmin edilməsi
olduğunu təsdiqlədi.
Həmçinin
Bakı-Şamaxı-Muğanlı-İsmayıllı-Qəbələ
avtomobil yolunun Muğanlı-İsmayıllı-Qəbələ
hissəsinin yenidən qurulması layihəsi ilə
tanışlıq, İsmayıllı rayonunda Təzəkənd-Ağbulaq-Qoşakənd,
Qəbələdə Əmirvan-Vəndam, Şəkidə
Qoxmuq-Baltalı-Babaratma-Qaradağlı-Qudula-Daşüz, həmçinin
Balakən-Qazbinə-İtitala yollarının istifadəyə
verilməsi də ölkədə yol-nəqliyyat
infrastrukturunun yenidən qurulması işinin uğurla davam
etdiyini göstərdi. Əgər əvvəllər
ən müasir standartlara uyğun beynəlxalq və respublika əhəmiyyətli
magistral yolların salınması diqqət mərkəzində
idisə, indi yerli əhəmiyyətli yolların
inşasına da xüsusi diqqət yetirilir.
Cənab İlham Əliyevin
tapşırıqlarına müvafiq olaraq ölkəmizin demək
olar ki, bütün yaşayış məntəqələrində
mövcud avtomobil yolları əsaslı təmir edilir və
ya yenidən qurulur. Şəhər və rayon mərkəzlərini
qəsəbə və kəndlərlə birləşdirən
yollar, eləcə də qəsəbə və kəndlərin
daxili yolları yenidən tikilir.
Şimal-qərb
bölgəsində sosial layihələrin icrası ilə
bağlı 14 sərəncam imzalandı
Bütün bunlar bir daha təsdiqləyir
ki, ölkəmizin qlobal böhran şəraitində
olmasına baxmayaraq, əhalinin sağlamlığının
qorunması ilə yanaşı, sosial müdafiənin təmin
edilməsi, yeni yolların, körpülərin inşası,
regionlarda su kanalizasiya sisteminin yenidən qurulması, subartezian
quyularının sayının çoxalması Prezidentin siyasətinin
prioritetidir.
Şimal-qərb bölgəsinə
səfərindən sonra dövlət
başçısının imzaladığı 14 sərəncam
da göstərdi ki, Prezident təkcə pandemiya ilə
mübarizə sahəsinə deyil, regional inkişafı şərtləndirən
layihələrin də reallaşması üçün
ehtiyat fondundan vəsait ayırır.
Cənab İlham Əliyevin 4 sərəncamı
ilə Balakən şəhərinin su təchizatı və
kanalizasiya sisteminin yenidən qurulması məqsədilə
layihələndirmə və tikinti-quraşdırma işlərinin
icrasına (1 milyon manat), Balakəndə əkin sahələrinin
suvarma suyu ilə təminatının
yaxşılaşdırılmasına və əhalinin
içməli suya tələbatının ödənilməsinə
(700 min manat), Balakənin Yeni Şərif kəndində yeni
ümumtəhsil məktəbi binasının tikintisinə
(1,5 milyon manat), Balakəndə istifadəyə verilmiş
"ASAN xidmət” mərkəzinin infrastruktur
imkanlarının genişləndirilməsi ilə
bağlı əlavə tədbirlərə (3 milyon manat)
ümumilikdə 6,2 milyon manat vəsait ayrıldı.
Dövlət
başçısı həmçinin bu rayonlarda yol
infrastrukturunun, yeni körpünün inşası
üçün əlavə 4 sərəncam imzaladı. Bu sərəncamlara əsasən,
İsmayıllı rayonunun Muğanlı-İsmayıllı
(17 km)-Basqal-Qıçatan-Tağlabiyan-Kəlfərəc-Zeyvə-Kürdüvan-Xankəndi-Mücü-Sərsurə-Kələzeyvə-Sulut
avtomobil yolunun tikintisinə (21,8 milyon manat),
Muğanlı-İsmayıllı-Qəbələ avtomobil
yolunun Ağsu çayı ilə kəsişməsində
yeni körpünün tikintisinə (15 milyon manat), Qaraməryəm-İsmayıllı-Şəki
(134 km)-Şirinbulaq avtomobil yolunun tikintisinə (12 milyon manat) və
Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun
Oğuz-Şəki hissəsinin yenidən qurulması
üçün (10 milyon manat) ümumilikdə 65 milyon manat vəsait
yönləndirildi.
Digər sosial-iaşə obyektlərinin,
məktəb binalarının tikintisi üçün
imzalanan 6 sərəncama əsasən, İsmayıllı ərazisində
"DOST Evi” Yaradıcılıq, Sərgi və Satış
Mərkəzinin tikintisinə (500 min manat),
İsmayıllının Sumağallı, Qobustanın Təklə
Mirzəbaba, Qəbələnin Zarağan kəndlərində
(hər biri üçün 1 milyon manat), Şəki şəhərində
yeni ümumtəhsil məktəb binasının tikintisinə
(2 milyon manat), həmçinin Qəbələdə əkin
sahələrinin suvarma suyu ilə təminatının
yaxşılaşdırılmasına və əhalinin
içməli suya tələbatının ödənilməsi
ilə bağlı tədbirlərin (700 min manat) icrasına
6,2 milyon manat vəsait ayrıldı.
Dövlət
başçısının sərəncamlarına əsasən,
adıçəkilən rayonlarda sosial infrastruktur layihələrinin
reallaşması üçün ayrılan 71,2
milyon manat vəsait onu deməyə əsas verir ki, cənab
İlham Əliyev hətta qlobal böhran şəraitində
də regionların sosial-iqtisadi inkişafına xüsusi diqqət
ayırır.
Azərbaycanın
istənilən böhranla mübarizə aparmağa qüdrəti,
gücü çatır
Azərbaycan dövləti
bütün bu proseləri öz gücünə həyata
keçirir. Düzdür, cənab İlham Əliyev əsas diqqətini
daha çox pandemiya ilə mübarizə tədbirlərinə
yönəltsə də, digər sosial layihələri,
regional inkişafı şərtləndirən proqramların
da icrasını uğurla reallaşdırır.
Şəkidə modul tipli xəstəxananın
açılışı zamanı pandemiya dövründə
görülən işləri, həyata keçirilən
sosial layihələri dəyərləndirən dövlət
başçısı əminliklə vurğuladı ki,
bundan sonra da bütün digər məsələlər
uğurla öz həllini tapacaq. Çünki Azərbaycanın
çox gözəl perspektivləri var: "Biz artıq
dayanıqlı iqtisadiyyat yaratmışıq, hətta neftin
qiymətinin düşməsini Azərbaycan vətəndaşları
hiss etmədilər. Biz bu ağır vəziyyətdə
pandemiya ilə mübarizəyə böyük vəsait
ayırırıq. Dediyim kimi, dövlət
büdcəsinə əlavələr edilməlidir,
dürüstləşmə aparılmalıdır. Əlavə xərclər cəlb ediləcək ki,
insanlar daha da yaxşı yaşasınlar, ölkəmiz daha
da güclənsin və inkişaf etsin”.
Cənab İlham Əliyevin həm
pandemiya ilə mübarizə istiqamətində
gördüyü qabaqlayıcı tədbirlər, dünya
dövlətlərinə qlobal böhrana qarşı beynəlxalq
həmrəylik çağırışı, 30 dövlətə
göstərilən yardımlar, həmçinin ölkə
daxilində reallaşdırdığı sosial layihələrin
uğurlu nəticələri göstərir ki, Azərbaycanın
istənilən böhranla mübarizə aparmağa qüdrəti,
gücü çatır.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.-
2020.- 9 avqust.- S.1; 3.