Pozitiv tendensiyanı qoruyub saxlamalıyıq

 

Prezident İlham Əliyev: "Mən istəyirəm ki, bu yumşalma prosesi tədricən davam etsin sonrakı yumşalma addımını şərtləndirsin

 

Yeni növ koronavirus ikinci daha təhlükəli dalğası ilə dünyanı alt-üst etməyə davam edir. Hər an yoluxdurma sayını artırır, çoxlu sayda insan tələfatına səbəb olur, səhiyyə sahələrini çökdürür, dünya iqtisadiyyatını sürətlə tənəzzülə sürükləyir. Əksər ölkələrdə yumşaldılmalar COVID-19-un alovlanmasına səbəb olub onları yenidən sərt karantin rejiminə əl atmağa, sərhədləri bağlamağa vadar edib.

Bu artıq danılmaz gerçəklikdir ki, təhlükəli virusun ram edilməsi, lokallaşdırılması, nəzarət altına alınması elə asan məsələ deyil. Amma müəyyən tədbirlərlə bunun qarşısını almaq mümkündür.

Elə vətənimiz Azərbaycanda olduğu kimi...

 

Sanitar-epidemioloji vəziyyət nəzarətdədir

 

Qlobal pandemiya ilə mübarizə ilk zamandan etibarən dövlət siyasətində prioritetə çevrildi və insanların sağlığının və təhlükəsizliyinin təmin olunması ön plana keçirildi. Bu istiqamətdə ardıcıl və effektiv şəkildə tətbiq olunan işlər sanitar-epidemioloji vəziyyətin nəzarətdən çıxmasına imkan vermədi. Əksinə, getdikcə ölkəmizdə virusun yayılma coğrafiyası daraldı. Dövlətimizin bütün qüvvələri gözəgörünməz düşmənə qarşı səfərbər etməsi pandemiyanın təsirlərini minimuma endirdi.

Təəssüfləndirici haldır ki, ilk vaxtlarda COVID-19-a ciddi təhlükə kimi yanaşmayan ölkələr çox keçmədən acı həqiqətlə üz-üzə qaldı, böyük fəlakətlər yaşandı.

Amma vətənimizdə infeksiyaya qarşı sistemli şəkildə həyata keçirilən tədbirlər xalqımızı böyük fəlakətlərdən sığortaladı. Digər ölkələrin və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) statistikalarına əsasən də əminliklə demək olar ki, ölkəmiz virusla mübarizədə çox irəlidədir. Elə buna görədir ki, Azərbaycanın qlobal pandemiya ilə hərtərəfli mübarizəsi ÜST tərəfindən dəfələrlə dünyaya örnək, nümunə göstərilmişdir.

Birbaşa Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən məqsədyönlü siyasət qlobal pandemiya ilə qətiyyətli mübarizə aparmağımıza və bu bəladan az itkilərlə çıxmağımıza şərait yaradır.

 

Pandemiya şərtlərinə əməl etməklə karantin rejiminin ləğvinə nail ola bilərik

 

Həyata keçirilən tədbirlər nəticəsində hazırda respublikamızda pandemiya vəziyyəti nəzarət altına alınıb, insanların COVID-19 virusuna kütləvi yoluxma hallarının azaldılmasına nail olunub. Artıq son zamanlar ardıcıl olaraq ölkədə koronavirusla bağlı pozitiv statistika müşahidə edilir. Sağalmanın yoluxma hallarını kəskin şəkildə üstələməsi və pozitiv tendensiyanın davamlı olması özü ilə bərabər yumşaldılmalara da rəvac verib. SMS icazə sistemi ləğv edilib, çimərliklər açılıb.

Hazırda əsas məqsəd əldə olunan bu pozitiv tendensiyanı qoruyub saxlamaqdır. Bunun üçün Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qaydaların icrası, qoruyucu vasitələrdən istifadə, gigiyena qaydalarına riayət edilməsi, məhdudlaşdırıcı tələblərin yerinə yetirilməsi zəruridir.

Yoluxma sayının azalmasında ölkədəki epidemioloji vəziyyətin təhlilinə əsasən tətbiq olunan sərt karantin rejimininbirbaşa rolu var. Yuxarıda qeyd edildiyi kimi, yumşaldılmalar bir çox ölkələrdə xəstəliyin yenidən geniş vüsət almasına gətirib çıxarır. Çünki, əksər insanlar bu zaman pandemiya qaydalarına riayət etmir; məsafə unudulur, maskadan istifadə edilmir, gigiyena şərtləri yaddan çıxır. Bu isə virusun yenidən yayım zəncirini artırması ilə nəticələnir.

Amma o da gerçəklikdir ki, sərt karantin rejiminin tətbiqi də arzuolunan hal deyil. Burada əsas məsələ qızıl ortanı tapmaqpandemiya şərtlərinə ciddi əməl edərək, yoluxma sayını azaldaraq karantin rejiminin ləğvinə nail olmaqdır.

 

Xəstəlik kəskin artsa, karantin yenidən sərtləşdirilə bilər

 

Avqustun 6-da Prezident İlham Əliyev ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirilən müşavirədə bildirdi ki, karantin rejimivaxt mümkünsə yumşaldılacaq, necə ki, artıq ayın 5-dən yumşaltma olubdur: "Ancaq vətəndaşlar da gərək başa düşsünlər ki, əgər bu yumşalmadan sonra biz yenə də xəstəliyin kəskin artdığını görsək, başqa çarəmiz olmayacaq, gərək yenə də sərtləşdirək. Biz bunu etmək istəmirik. Mən istəyirəm ki, bu yumşalma prosesi tədricən davam etsin və sonrakı yumşalma addımını şərtləndirsin”.

Yaxşı haldır ki, dövlətimizin aylardır apardığı mübarizə sayəsində hazırda ölkəmiz addım-addım yumşaldılmalara doğru gedir. Bununla bağlı, sözügedən müşavirədə Baş Nazir Əli Əsədov bildirdi ki, növbəti yumşalma proseslərinə də hazırlıq gedir: "Onu da məruzə etmək istəyirəm ki, vəziyyətin yaxşılaşma istiqamətində inkişaf etdiyini nəzərə alaraq, Operativ Qərargah yaxın zamanlarda bir sıra yumşalma proseslərinə də hazırlıq işləri görür. Bununla əlaqədar, bildirmək istəyirəm ki, insanlarımız maskasosial izolyasiya rejiminə, sanitar-epidemioloji qaydalara hələ uzun müddət riayət etməlidir”.

 

Arxayınlaşmaq hələ tezdir

 

Bəli, bu ərəfədə daha diqqətli və məsuliyyətli davranmalı, xəstəliyin artmasına rəvac verməməliyik. Çünki infeksiya ölkəmizdən birdəfəlik yox olmayıb və hələ də yoluxma sayı yüksək olan ərazilərimiz mövcuddur.

Ölkə üzrə COVID-19-a yoluxma statistikasına əsasən, ən yüksək yoluxma Bakı şəhərinin payına düşür - 56.3 faiz. Abşeronda yoluxma faizi 16.1, Aranda 9.4, Gəncə-Qazaxda 6.7, Lənkəranda 4.5, Quba-Xaçmazda 1.9, Dağlıq Şirvanda 1.7, Şəki-Zaqatalada 1.5, Yuxarı Qarabağda 1.0 faizdir.

Naxçıvanda yoluxma 0.0 faiz, ölkə xarici yoluxma isə 0.8 faiz təşkil edir. Bakının rayonları üzrə koronavirusa yoluxma statistikasına gəldikdə isə, hazırda ən yüksək yoluxma Binəqədi rayonundadır. Belə ki, Binəqədidə koronavirusa yoluxma 14.2, Xətaidə 12.2, Sabunçuda 11.9, Yasamalda 11.8, Nəsimidə 9.2, Nərimanovda 8.3, Suraxanıda 8.1, Qaradağda 7.4, Nizamidə 7.3, Xəzərdə 4.8, Səbaildə 4.5, Pirallahıda 0.3 faiz təşkil edib.

 

Qaydalara əməl edək

 

Mütəxəssislərin də bildirdiyi kimi, yeni koronavirusu digər infeksiyalardan təhlükəli edən onun sürətlə yayılması və birdən min törətməsidir. Buna görə də yoluxma sayı şəhər və rayonlarımızda sıfır faizə düşməyənə qədər arxayınlaşmaq yersizdir. Ani bir diqqətsizlik, səhlənkarlıq

COVID-19-un alovlanmasına, qarşısıalınmaz hala gəlməsinə səbəb ola bilər. Vurğulandığı kimi, yumşalmadan sonra xəstəliyin artması müşahidə olunacağı təqdirdə, yenidən məhdudiyyətlərin tətbiqi zərurətə çevriləcək.

Buna görə də məsuliyyətli olaq, qaydalara riayət edək, əməl etməyənlərə isə xəbərdarlığımızı çatdıraq...

 

Yasəmən MUSAYEVA

 

Azərbaycan.- 2020.- 9 avqust.- S.1; 4.