Təhsil - gələcəyin inkişaf faktoru

 

Müdriklərdən biri deyir ki, iki cür yolgöstərən var: biri öz yolunu başqalarına təlqin edir, digəri isə insanlara onların öz düzgün yollarını tapmaqda yardımçı olur.

Böyük liderlər zəmanələrinin mürşidləri kimi insanlara ən düzgün yolu tapmaqda kömək göstərirlər. Dövrünün görkəmli maarifpərvərlərindən olan Nəriman Nərimanov vaxtilə yazırdı: "Əgər tarixə nəzər salsanız, yəqin edərsiniz ki, heç bir xalq qılınc və silahla irəli getməyibdir. Hansı millət ki, gedib qabağa, tərəqqi edibdir, yalnız elmin, təhsilin gücünə xoşbəxt olubdur”.

Xoşbəxt o xalqdır ki, özünə rəhbər seçib taleyini etibar etdiyi Lider ona yolun ən düzgününü nişan verir. Bu, elm və təhsil yoludur. Bu sahəyə qayğı göstərən dövlət rəhbərləri bununla nəinki öz ölkələrinin iqtisadi və mədəni yüksəlişini təmin edir, həm də dünya elminə və təhsilinə böyük töhfələr verir.

Tarix zaman-zaman sübuta yetirib ki, bir xalqın inkişafı üçün bu yoldan daha müqəddəs bir yol yoxdur. Dünyanın bütün qabaqcıl xalqları öz hədəflərinə yalnız elmin, təhsilin, biliklərin gücü ilə çatıblar. Xalqın yetirdiyi maarifçilər, mütəfəkkirlər də bütün həyatlarını insanlara məhz bu həqiqəti çatdırmağa sərf ediblər. Təhsilin, elmin imkanlarının hər kəs üçün əlçatanlığı naminə yaşayıblar.

Təhsil insanın fərdi azadlıqlarının əsas mənbəyidir. Amma o, insana təkcə fərdi azadlıqlar gətirmir. Fərdlərin aid olduqları mühiti də cəhalət girdabından qorumaqla cəmiyyətə maarifçilik ənənələri üzərində bərqərar olan ictimai azadlıqlar qazandırır.

İnsanların maraqları, zövqü, dünyagörüşü, həyat tərzi və s. məsələlərlə bağlı zaman-zaman ictimai müzakirələrə səbəb olan elə bir problem yoxdur ki, onun həllinə doğru bütün istiqamətlər sonda təhsilə aparmasın. Bu da təbiidir.

Çünki cəmiyyətin hər bir üzvü təhsil sisteminin içində yetişir. Bu mühitdə qazandığı müsbət meyilləri də, təhsil mühitində fərdi dünyasından kənarlaşdırmağa müvəffəq ola bilmədiyi mənfi təzahürləri də öz davranışları ilə sosial münasibətlər sisteminə daşıyır.

Bu baxımdan, sosial-iqtisadi həyatın müasirləşdirilməsində təhsilin rolu təkcə təhsil alanın qazandığı bilik və bacarıqların iqtisadi amilə çevrilməsi ilə məhdudlaşmır. Təhsil prosesində əldə olunan bilik və bacarıqlar, həmçinin etik-əxlaqi norma və dəyərlər hər bir təhsil alanın cəmiyyətin layiqli üzvü olması üçün münbit zəmin yaradır. Onu biliyi və etik davranışı sayəsində örnək olan həmkara, nümunəvi ailə üzvünə və vətəndaşa çevirir.

Ona görə də tarixin bütün dövrlərində təhsil insanların həyatında müstəsna əhəmiyyət kəsb etmişdir. Müasir dövrün qlobal çağırışları isə bu əhəmiyyəti daha da artıraraq təhsildə həlli vacib olan bir sıra məsələləri dövlət və cəmiyyət həyatının bir nömrəli prioritetinə çevirir. Çünki müasir dövrdə təhsilin inkişafı istənilən ölkədə əhalinin rifahının yaxşılaşmasının, fərdin həyatının daha yüksək səviyyədə qurulmasının alternativsiz təminatıdır.

 

Təhsil tariximizdə yeni bir mərhələ

 

Bir neçə vaxt əvvəl Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ölkəmizə yeni Təhsil naziri təyin edildi. Dövlət rəhbərimiz tərəfindən xarici ölkələrin nüfuzlu ali məktəblərində təhsil almış bacarıqlı, yenilikçi, peşəkar bir gəncə bu yüksək vəzifəyə etimad göstərilməsi gənc nəslin gücü ilə cəmiyyətdə səmərəli dəyişikliklər yaratmaq məqsədinin daha bir təzahürü kimi rəğbətlə qarşılandı. Bununla Prezident milli təhsil tariximizdə xüsusi bir mərhələnin başlanması arzusunu ifadə etdi. Əminik ki, Azərbaycanda təhsillə hansı şəkildə isə bağlılığı olan mütləq əksəriyyət bu mərhələnin mühüm keyfiyyət dəyişikliklərini gündəlik həyatında duyub, məqsədyönlü fəaliyyət göstərəcək. Yeni Təhsil naziri Emin Əmrullayev 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə dövlət proqramı çərçivəsində xarici universitetlərdə təhsil alıb. Bu proqram cənab İlham Əliyevin təşəbbüsü əsasında hazırlanaraq qəbul edilmişdir.

Sərəncam imzalanan gün yeni təhsil nazirini videokonfrans formatında qəbul edərək öz tapşırıqlarını verən Azərbaycan Prezidentinin çıxışı, toxunduğu bir çox vacib məsələlər yeni bir gələcəyə mərhələli hazırlığın çağırışı idi. Bu çıxışın hər cümləsində müdrik rəhbərin həyatımıza strateji baxışı hiss edilirdi. Xalqı gələcəyə hazırlamaq arzusu duyulurdu. Cənab İlham Əliyevin irəli sürdüyü tezislərdən təhsil işığında Azərbaycan xalqının, dövlətinin parlaq sabahına doğru aydın yol görünürdü. Bu nitqin leytmotivi Azərbaycan təhsilinin keyfiyyətini yüksəltməkdən, onun səviyyəsini dünya təhsil standartlarına bərabərləşdirməkdən, milli-mənəvi-əxlaqi dəyərləri Azərbaycan təhsilinin önündə yaşatmaqdan ibarət idi. Bu siyasətin mənası xalqa yüksək səviyyədə xidmət etməyi bacaran, cəmiyyətin xoşbəxt gələcəyini yaradan kadrların yetişməsini təmin etməkdir. Çünki insanı yetişdirən, cilalayan, məhz təhsildir. Tarixən Azərbaycanın təhsili milli mentalitetimizin etibarlı keşikçisi, maarifçi babalarımızdan qalan ən dəyərli xəzinə kimi bugünümüzədək gəlib çatmışdır. Bunun özü qədirbilən xalqımızın yaşatdığı təhsil siyasətidir. Milli ənənələrimiz, mənəvi-əxlaqi keyfiyyətlərimiz xalqımızın həyat gücünü, gələcək arzularını əks edən güzgüdür. Bunun sayəsində biz sürətlə tərəqqi edən bir millət kimi dünya sivilizasiyası dəyərlərinin köklü əhəmiyyətini dərk edirik.

Ölkəmizin rəhbəri öz liderlik keyfiyyətləri ilə XXI əsrin Azərbaycanında innovasion elita yetişdirilməsi siyasətini məhz təhsildən başlayıb. Onun diqqət və qayğısı ilə Azərbaycanın müasir təhsil modeli yaranıb. Minlərlə Azərbaycan gənci dünyanın nüfuzlu ali məktəblərində ölkəmizin inkişafına töhfə vermək üçün peşəkar mütəxəssis kimi yetişir. Bu gün yaşadığımız modern cəmiyyətin əsas güc mənbəyi zamanı qabaqlayan insan ağlıdır. Bu, yaşından asılı olmayaraq, innovasiyalara meyilli elitadır, modernləşmə siyasətinin təməl qoyanlarıdır.

Bu proqram çərçivəsində minlərlə Azərbaycan gənci xaricdə təhsil arzusuna qovuşdu. Müasir biliklərə, yeni dövrün innovasiyalarına yiyələndi. Vətənə peşəkar kadrlar kimi dönüb cəmiyyət həyatının müxtəlif sahələrinə fayda verməyə başladı. Bu gün müxtəlif fəaliyyət sahələrində özünü göstərən müsbət trendlər, inkişafa doğru dəyişikliklər, həm də bu gənclərin özləri ilə gətirdikləri mütərəqqi təcrübələrin sayəsindədir. Onların formalaşdırdıqları xoş ənənələrin təsiridir və bütün bunlar müdrik bir bağbanın, öz xalqının bu gününü və gələcəyini düşünən dövlət adamının Vətən bağında əkdiyi ağacların barıdır.

Azərbaycanın yeni Təhsil nazirinin bu gənclərdən biri olması Azərbaycan dövlətinin onları heç zaman diqqətdən kənarda qoymadığının bariz göstəricisidir. Bu təyinat öz potensiallarını reallaşdırmaq, Vətənə fayda vermək üçün bu gənclərə yaradılmış şəraiti, onlara göstərilən dəstəyi aydın nümayiş etdirir.

Bu, həm də Azərbaycan Xalq Cümhuriyyəti dövründə 100 tələbə ilə əsası qoyulan, sovet Azərbaycanına rəhbərliyi dövründə Ulu Öndər Heydər Əliyevin siyasəti ilə minlərlə gəncin təhsil ardınca keçmiş ittifaqın ən nüfuzlu ali məktəblərinə göndərilməsi ilə genişləndirilən dövlətçilik addımlarının davamıdır.

Azərbaycan dövləti təhsil almaq üçün xarici universitetlərə göndərilən və məzun olduqdan sonra xarici ölkələrdə qalıb çalışan gənclərimizin də daim yanındadır. Onlara lazımi dəstəyini heç zaman əsrigəmir. Çünki bu gənclər xaricdəki istinadgahımız, milli qürurumuz, uzaqlardakı Azərbaycanımızdır. Bizim ölkə hüdudlarından kənarda eşidilən səsimiz, sözümüz, nəfəsimizdir. Onların uğurları nə qədər bol olarsa, mövqeləri, dayaqları nə qədər möhkəmlənərsə, Azərbaycanın da nailiyyətlərinin hüdudları bir o qədər genişlənər, etibarlı olar.

Ermənistanın Azərbaycana son hərbi təxribatlarına qarşı dünyanın müxtəlif ölkələrində aksiyalar keçirən diaspor nümayəndələrimizin fədakarlığını hamımız gördük. Azərbaycanın qanı, geni, qeyrəti ilə yaşayan təəssübkeşlik özünü bütün dünyaya göstərdi. Belə bir həmrəylik siyasəti meydana qoyan mütəşəkkil güc Azərbaycanın bu sahədə də xeyli uğurlar əldə etdiyini göstərdi. Xaricdə təhsil alıb qlobal dünyamızın müxtəlif səmtlərində çalışan, yaşayan gənclərimizin də burada çox böyük rolu var. Bizi istəməyən qüvvələr zaman keçdikcə belə gənclərimiz sayəsində qarşılarında qüdrətli Azərbaycan görürlər. Daha mütəşəkkil, həmrəy qüvvə ilə qarşılaşıb öz yerlərini dərk etməyə məcbur olurlar.

 

Təhsilin strateji hədəfləri

 

Cənab İlham Əliyev, demək olar ki, bütün çıxışlarında mükəmməl təhsilə, müasir dövrün bilik və bacarıqlarına yiyələnməyin vacibliyini önə çəkir. Cəmiyyətimizə, xüsusilə gənclərimizə bununla bağlı zəruri tövsiyələrini verir. Ölkə Prezidentinin yeni Təhsil naziri Emin Əmrullayevin qəbulu zamanı söylədiyi fikirlərin özəlliyi, mənası və mahiyyəti, proqram xarakterli tövsiyələri təhsildə müəyyənləşdirilmiş strateji hədəflərə mükəmməl diqqətin yönəldilməsi ilə bağlı idi.

Zənnimizcə, Azərbaycan təhsilinin, ümumilikdə cəmiyyətimizin bugünkü və gələcək nailiyyətlərinin mühüm bir amili məhz cənab İlham Əliyevin həmin qəbulda irəli sürdüyü vəzifələrin layiqincə yerinə yetirilməsindən asılı olacaq.

Dövlət rəhbərimiz, ilk növbədə, təhsil sahəsində bu günə qədər aparılan islahatların daha da dərinləşdirilməsi vəzifəsini aktuallaşdırdı. Məlumdur ki, milli təhsilimizdə islahatlar davamlı xarakter daşıyır. Bu, həm Azərbaycanın sosial-iqtisadi inkişafından, həm də ümumiyyətlə, dünyadakı yeni inkişaf trendlərindən irəli gələn prosesdir.

Bu gün dünyanın əksər ölkələrində təhsil sisteminin təkmilləşdirilməsi transformasiya dövründən keçir. Çünki müasir çağırışlar dünyada təhsil sistemini büsbütün dəyişir. Əmək bazarında tələb və təklif mütənasibliyi dəyişir. Bəzi peşələr sıradan çıxır, yerinə yeni peşələr və istiqamətlər yaranır. Bundan başqa, Azərbaycanda aparılan köklü islahatların özü də ayrı-ayrı sahələr üzrə beynəlxalq təcrübəyə, mükəmməl bilik və bacarıqlara malik peşəkar kadrlara tələbatı artırır. Bu da təbiidir. Ölkəmiz qloballaşma proseslərinin fəal iştirakçısıdır. İqtisadiyyatımız dünya iqtisadi sisteminin tərkib hissəsinə çevrilib. Biz bu sistemlə birgə inkişaf etməliyik. Tərəqqi imkanlarını reallığa çevirən isə məhz peşəkar kadrlardır.

Biliklərə əsaslanan iqtisadiyyata transformasiya əslində informasiya cəmiyyətinin tələblərinə uyğun yüksək hazırlığa malik mütəxəssislərə ehtiyacı artırır. Qara qızılı insan kapitalına çevirmək labüdlüyü yaranır. Artıq bütün bəşəriyyət anlayır ki, müasir dünyamızda ən qiymətli sərvət insandır, onun bilik və bacarıqlarıdır. Bu sərvəti davamlı olaraq zənginləşdirmək və realizə etmək zəruridir.

Cənab İlham Əliyevin da xatırlatdığı kimi, inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, həmin ölkələrdə əldə edilmiş tərəqqi təhsilin yüksək səviyyəsi ilə bağlıdır. Təhsilin səviyyəsi, eyni zamanda, elmi-texniki tərəqqini də yüksək dərəcədə şərtləndirir. Bu, ölkələrin ən yüksək inkişaf səviyyəsinə təbii resurslar vasitəsilə deyil, məhz bilik, savad, təhsil, elm, yetkin insan ağlının hesabına çatdığını göstərir.

Prezident İlham Əliyev hələ illər öncə Azərbaycanda qara qızılın insan kapitalına çevrilməsi prosesinin vacibliyini strateji hədəf kimi irəli sürdü və əməli surətdə inkişaf etdirdi. Bu ali niyyətin reallaşdırılması üçün davamlı islahatlar apardı. Həmin islahatların təsiri ilə indi ölkəmizdə tamamilə yeni təfəkkürlü, müasir nəsil yetişib. Gənclər bu gün cəmiyyət həyatının bütün önəmli sahələrində yenilik meyillərini ifadə edirlər. Yeni nəsillərin bacarıqları, bilikləri, ən müasir texnologiyalara maraqları, Azərbaycanda müxtəlif tarixi hadisələr zamanı onların fəallığı, təəssübkeşliyi, təşəbbüskarlığı bütünlükdə cəmiyyətin inkişafından xəbər verən göstəricilərdir.

 

İnkişaf təhsildən başlanır

 

Əksər ölkələrdə olduğu kimi, Azərbaycanda da elm və təhsilin maddi-texniki bazası, eləcə də kadr potensialı əsasən XX əsrdə formalaşmışdı. Son illərdə isə iqtisadiyyatımız, elmimiz, təhsilimiz, mədəniyyətimiz daha geniş inteqrasiya proseslərinə cəlb olunub. Həyata keçirilən tədbirlər sayəsində həm infrastruktur yenilənir, həm də kadr potensialı müasir dünyanın çağırışlarına uyğun tərzdə formalaşdırılır.

Müasir mərhələdə ölkəmizin iqtisadi qüdrəti gənclərimizin yeni bilik, bacarıq, informasiya və texnologiyaları qavraması qabiliyyəti ilə bilavasitə bağlıdır. Ona görə də Prezident cənab İlham Əliyev mövcud intellektual potensialın zənginləşdirilməsini, elm və təhsil ocaqlarımızın iqtisadi islahatlarla həmahəng inkişaf etdirilməsi məsələsini öz çıxışlarında dönə-dönə aktuallaşdırır.

Aparılan köklü islahatlar ölkənin müxtəlif dövlət qurumlarında, beynəlxalq təşkilatlarda, bank-maliyyə sistemlərində, eləcə də özəl sektorda idarəetmənin, mədəniyyətin, elmin, təhsilin, səhiyyənin və başqa sahələrin müasir standartlara cavab verən yeni bir mərhələyə keçidini təmin edir. Bu prosesin ən mühüm amili olan kadr potensialının formalaşdırılması missiyasını isə Azərbaycan təhsili yerinə yetirir. Ona görə də Prezident milli təhsil sistemimizin ölkənin ümumi inkişafı tələblərinə uyğunlaşdırılmasını, ən müasir çağırışlara hazır olmasını əsas tapşırıq və istiqamət kimi irəli sürür.

 

Yeniləşən Vətənin yeni məktəbləri

 

Son illər Azərbaycanda təhsilin maddi-texniki bazasının müasirləşdirilməsi istiqamətində çox böyük, diqqət çəkən işlər görülüb. 3500-dən çox məktəb tikilib. Yaxud əsaslı təmir edilib. Ali məktəblər üçün yeni binalar, tədris kampusları inşa olunub. Beynəlxalq təcrübəyə əsaslanan yeni ali məktəblər yaradılıb. Hazırda ən reytinqli xarici ali təhsil müəssisələrinin Azərbaycanda filialları açılıb. Ölkəmizdə 3 xarici ali məktəbin filialı fəaliyyət göstərir və onların sayının artırılması perspektivləri mövcuddur.

Ölkə təhsilinin inkişafında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xidmətləri çox böyükdür. Heydər Əliyev Fondunun yarandığı gündən aparıcı bir fəaliyyət sahəsi var: bu, təhsil və geniş mənada sosial tərbiyə məsələləridir. Həmin məsələlər, əslində, xalqımızın xoş gələcəyini yaratmağın əsas istiqamətləridir. Bu gün hər bir dövlətin, hər bir cəmiyyətin bundan önəmli hədəfi yoxdur. Xanım Mehriban Əliyevanın rəhbərliyi ilə uzun illərdir ki, Heydər Əliyev Fondu Ulu Öndərin təməlini qoyduğu və Azərbaycan Prezidentinin əzmlə davam etdirdiyi təhsil islahatlarına miqyası görünməyən, nadir dəyərli töhfələr verir. İlk növbədə təhsilin maddi-texniki bazasının inkişaf etdirilməsi, onun keyfiyyətinin yüksəldilməsi, dünya təhsili ilə əlaqələrinin yaradılması prosesinə daima diqqət yetirir.

Mehriban xanımın təşəbbüsü ilə həyata keçirilən "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi milli təhsil tariximizin müstəsna səhifəsidir. Bu layihə milyonlarla vətəndaşımızı, övladlarımızı yaşadıqları məkanda hər növ şəraitə malik, yeni, işıqlı, müasir məktəblərdə təhsil almaq arzusuna qovuşdurdu. Həm də təhsili cəmiyyətimiz üçün yeni bir dəyərə çevirdi. Gənc nəslin keyfiyyətli təhsil almaq, uğurlu karyera qurmaq, cəmiyyətə fayda vermək arzusunun çıraqbanı oldu.

Məktəblərin yeniləşməsi və zənginləşməsi prosesi bu gün də davamlı olaraq inkişaf edir. Ucqar dağ kəndlərində son dərəcə vacib olan modul tipli məktəblər tikilir. Burada məqsəd keyfiyyətli təhsilin, müasir təhsil infrastrukturunun hər bir Azərbaycan vətəndaşı üçün əlçatan olmasıdır. Yaxınlığından, uzaqlığından, coğrafi şəraitindən asılı olmayaraq, hər bir insan üçün yüksək təhsil imkanının yaradılmasıdır. Xanım Mehriban Əliyevanın təşəbbüsləri təhsildə ictimai düşüncəmizə, dünya ilə informasiya mübadilələri aparmağa, sosial-tərbiyə təsisatlarımızı qurmağa və bu proseslərin uğurlu həllinə böyük töhvələr verir.

 

Müəllim nüfuzu yüksəlir

 

Ölkədə aparılan təhsil siyasəti prosesi göstərir ki, bu sahədə infrastrukturun müasirləşdirilməsi hələ işin yarısıdır. Təhsildə keyfiyyətin təmin olunması üçün də paralel tədbirlərin görülməsi vacibdir. Azərbaycan Prezidenti təhsildə keyfiyyət amilini şərtləndirən əsas məsələlərdən biri kimi məhz müəllimlərin peşəkarlığını önə çəkir. Həqiqətən, təhsilin səviyyəsi müəllimlərin peşəkarlığından keçir. Biliyi şagirdə, tələbəyə əxz etdirən, ötürən, gəncləri insan, vətəndaş, peşəkar kimi yetişdirən məhz müəllimlərdir. Bəzən bir peşəkar müəllim aid olduğu icmada çox böyük dəyişikliklər yarada bilir. Buna görə də biz bu gün müəllim hazırlığına milli dəyərlərimizin, milli həyat gücümüzün yenidən yaradılması məsələsi kimi baxmalıyıq. Çünki müəllimlər təhsildən, onun islahatlarından gözlədiklərimizin canlı yaradıcısı, canlı daşıyıcısı, kamil, hərtərəfli insan yetişdirilməsini təmin edən zəngin bir mənbə olmalıdır. Çünki əsil müəllimsiz əsl müəllim yetişə bilməz!

İnnovativ islahatların, informasiya texnologiyalarının vasitəsilə bu gün təhsilimizi çox ağır durumdan xilas edən distant təhsilin tətbiqi dövründə də bilikli, bacarıqlı, vətəndaş qeyrətli müəllimlərimizin inkaredilməz fədakar rolunu gördük və qəlbimizdə onlara minnətdarlıq duyğuları yarandı. Övladlarımızın parlaq gələcəyini yaradan müəllimlərimizin nüfuzu, hörməti qədirbilən xalqımızın və dövlətimizin nəzərində daha da ucaldı. Bu gün Azərbaycan dövlətinin həyata keçirdiyi inkişaf layihələri peşəkar müəllimlərimizin sayını artırır. Eyni zamanda cəmiyyətdə müəllim nüfuzunu yüksəldir. Bu, belə də olmalıdır. Müəllimə verilən dəyər, hörmət istənilən cəmiyyət üçün müstəsna dərəcədə əhəmiyyətlidir. O cəmiyyət irəli gedir ki, öz müəllimlərinin qədrini bilir.

Azərbaycanda müəllim peşəsinə hər zaman böyük maraq göstərilib. Cəmiyyətin ziyalısı kimi eldə-obada müəllimin nüfuzu əziz tutulub, sözü eşidilib. Son illər dövlətimizin həyata keçirdiyi tədbirlər bu ənənəvi hörməti daha da yüksəldir. Diaqnostik qiymətləndirmələrdən uğurla keçən müəllimlərin layiqli həyatının təmin olunması üçün əməkhaqları artırılır. Onlara əlavə stimul yaradılır. Müəllim sosial təminat etibarilə kifayət qədər yaxşı yaşayan, heç bir maddi sıxıntısı olmayan peşə sahibinə çevrilir. Son illər müəllim peşəsini seçən gənclərimizin sayının artması, ali məktəblərə qəbul zamanı ən yüksək ballar toplamış gənclərin məhz müəllim peşəsinə üstünlük verməsi də bu sənətin cəmiyyətdə artan nüfuzunun göstəricisidir. Eyni zamanda burada dövlətimizin son illər inşa etdirdiyi müasir, abad, işıqlı, zəngin maddi-texniki bazaya malik məktəblərdə çalışmaq, təhsildə aparılan inkişaf proseslərinin bir parçası olmaq arzusunun da təsiri böyükdür.

 

Əmək bazarındakı tələbat nəzərə alınmalıdır

 

Müasir dünyamızda təhsil sürətlə dəyişən, yeni inkişaf tendensiyaları ilə zəngin sahələrdəndir. Təhsil sahəsində inkişafa nail olmaqdan ötrü bu tendensiyalarıın davamlı izlənməsi, çevik addımların atılması çox vacibdir. Azərbaycan Prezidenti də təhsillə bağlı dünyada gedən müsbət tendensiyalara daim fikir verilməsini vacib sayır. İnkişaf etmiş ölkələrdə aparılan islahatların dərindən təhlil olunmasını, uyğun təcrübələrin Azərbaycanda tətbiqini mühüm vəzifə kimi qarşıya qoyur.

Eyni zamanda təhsilin vasitəsilə ölkəmizdə intellektual potensialın artırılması ilə yanaşı, əmək bazarındakı tələbatların da nəzərə alınmasını zəruri hesab edir. "Xüsusilə ali məktəblərə qəbul mərhələsində bütün bu məsələlər dərindən təhlil edilməlidir. Bizə hansı sahə üzrə nə qədər mütəxəssis lazımdır? Humanitar sahədə fəaliyyət göstərəcək nə qədər mütəxəssis lazımdır? Nə qədər texniki peşə sahibləri lazımdır? ...Bizim təhsilimizin əsas istiqamətləri ölkəmizin sənaye və iqtisadi inkişafı ilə tam bağlı olmalıdır”.

 

Dördüncü sənaye inqilabının çağırışları

 

Bu gün dünya dördüncü sənaye inqilabı dövrünə qədəm qoyub. Geniş rəqəmsallaşma, cəmiyyət həyatının müxtəlif sahələrində innovativ həllərin tətbiqi bu yeni inkişaf mərhələsinin əsas meyilləridir. Bu meyillər həyatımızı dəyişir. Ənənəvi peşələrə də ciddi təsir göstərir. O qədər də intellektual bilik və bacarıqlar tələb etməyən bir sıra peşələr mövqeyini itirir. Əvəzində isə rəqəmsal texnologiyalarla iş səriştəsi tələb edən peşələr yaranır.

Məsələn, adi bir nümunə gətirək: uzun illər poçtalyon peşəsi çox yayılmışdı. Bu peşə yenə qalıb. Amma fəaliyyət miqyası bizim uşaqlıq və gənclik illərində gördüyümüz kimi deyil. O dövrün poçtalyonları qəzet-jurnalları, məktub və teleqramları ünvanlarına çatdırardılar. İndi sənəd dövriyyəsi rəqəmsallaşdığından, insanlar mətbuat orqanlarını daha çox elektron resurslardan oxumağa vərdiş etdiklərindən poçtalyon peşəsinə tələbat da azalır. Amma bu sənətə yaxın başqa peşələrə tələbat genişlənir. Məsələn, onlayn sifariş ilə evə çatdırılma xidmətlərinin inkişafı kuryer peşələrinə tələbatı artırır. İndi şəhərdə yol gedərkən gənc kuryerlərin motosikl, yaxud velosipedlə hansısa sifarişləri ünvanlara çatdırmaq üçün tələsdiklərini görürük. Proqnozlara görə, yaxın gələcəkdə evə çatdırılma xidmətləri artıq insanlardan deyil, dronlardan istifadə edilməklə yerinə yetiriləcək. Amma dronları da idarə edənlər yenə adamlar olacaq. Deməli, evə çatdırılma xidməti ilə maraqlanan gənclərimiz indidən bu sahədəki yeni texnologiyaları öyrənməlidirlər. Müvaifiq bilik və bacarıqlara yiyələnməlidirlər ki, o məqam yetişəndə nəinki bu sahədə çalışsınlar, hətta bu fəaliyyət növünü ölkəmizdə elə özləri qura bilsinlər.

Yaxud pandemiya ilə bağlı karantin dövründə müəllimlərimizin tədrisi onlayn qaydada davam etdirmələri məsafədən təhsilin nə qədər böyük imkanlar yaratdığını göstərdi. Həyat normaya dönəndən sonra da bu texnoloji vərdişlər qorunacaq, onlardan istifadə ediləcək. Deməli, onlayn tədris vərdişlərinə malik peşəkar müəllimlərə tələb daha da artacaq.

Texnologiyaların inkişafı nəticəsində tədricən sıradan çıxan peşələr üzrə kadrların hazırlanmasına isə artıq ehtiyac yoxdur. Bunun əvəzində əmək bazarında ehtiyac artan peşələr üzrə kadr hazırlığına fikir verilməlidir. Azərbaycan Prezidentinin strateq kimi böyük uzaqgörənliklə irəli sürdüyü vəzifələr bütün bu reallıqlardan irəli gəlir.

 

Təhsil mühitdir

 

Əmək bazarındakı peşə ehtiyaclarının öyrənilməsini zəruri edən bir mühüm amil də var. Bu, əhalimizin artması, demoqrafik tərkibin yenilənməsi ilə bağlıdır. Azərbaycanda gənclər əhalinin böyük qismini təşkil edir. Bu baxımdan, Azərbaycan xalqı dünyanın ən gənc xalqlarındandır. Belə bir resurs, gəncliyin enerjisi və fərdi inkişaf istəyi, ölkənin gələcək tərəqqisi üçün çox böyük perspektiv deməkdir. Sadəcə olaraq onlara müasir çağırışlara uyğun bilik və bacarıqlar, innovativ texnologiyalarla iş vərdişləri öyrətmək lazımdır ki, həm işsizlik problemləri yaranmasın, həm də gənclərimiz qlobal inkişaf proseslərinin bir hissəsi kimi öz imkanlarını reallaşdıraraq həyatlarını təmin edə bilsinlər. Bu baxımdan, peşə təhsili müəssisələrinin çox böyük potensialı var.

Təhsil həm də bir mühitdir. Bu mühiti yaradan təkcə məktəblər, ali və orta ixtisas təhsili müəssisələri deyil. Ümumilikdə hər bir fərddir, ailələrdir, icmalardır, biznes qurumlarıdır, kütləvi informasiya vasitələridir. Bir sözlə, ölkədə təhsilin inkişaf etmiş səviyyədə olmasını istəyən hər kəsdir. Ona görə də bu mühitin formalaşması üçün cəmiyyətdə təhsillə bağlı ictimai müzakirələrin daha da genişlənməsinə ehtiyac var. Əlbəttə ki, lazımi təhsil mühitinin formalaşması cəmiyyətimizin öz gələcəyini daha hazırlıqlı, daha peşəkar qarşılamasına böyük töhfələr verə biləcək.

 

Sağlam nəsil, sağlam gələcək

 

Gənclərimizin təhsili ilə yanaşı, milli ruhda tərbiyəsi, onlarda daim Vətənə sevginin olması çox mühüm məsələdir. Əslində elə milli təhsilimizin ali məqsədi də milli ruhlu kamil vətəndaşlar yetişdirməkdir. Sözdə bu, aydın, konkret iş proqramıdır, amma əməldə, pedaqoji praktikada tədris prosesinin bütün üsul və formalarını əhatə edən həm yaxın, həm də son hədəfdir. Ona görə təhsil müəssisələrində keçirilən hər bir dərsin həm məzmununda, həm formasında, həm də mütəşəkkil xüsusiyyətlərində hər şeydən əvvəl milli ruh, milli mühit öz əksini tapmalıdır.

Milli ruh özünüdərkin, vətənpərvərliyin, qədirbilənliyin, sədaqətin, xeyirxahlığın, humanizmin, iradənin və digər mənəvi keyfiyyətlərin nəticəsi kimi formalaşır. Milli ruh nədir? Bu, ilk növbədə, konkret şəxsiyyətin bütün varlığında yaşatdığı dəyərlərə bağlılığıdır. Həm də bu bağlılıq bir bilik deyil və ancaq bilikdən də doğan amil deyil. Bəlkə ondan da qat-qat yüksək olan mənəvi-emosional bağlılıqdır. Qloballaşma dövründə gənclərimizi yalnız bu bağlılığın gücü ilə ziyanlı təsirlərdən qoruya bilərik. Gənclərimiz milli köklərə nə qədər bağlı olsalar, özlərini bir o qədər güclü, sarsılmaz hiss edəcək, eyni zamanda, Vətən üçün faydalı olmağa cəhd göstərəcəklər.

Prezident İlham Əliyev bu barədə deyir: "Azərbaycan gənci Azərbaycan dəyərləri, ənənəvi dəyərlər əsasında tərbiyə almalıdır, Vətənə bağlı olmalıdır, Azərbaycan dəyərlərini hər şeydən üstün tutmalıdır, öz tarixini, ədəbiyyatını, ana dilini mükəmməl bilməlidir, fəxr etməlidir ki, Azərbaycan vətəndaşıdır. Ona görə bu məsələyə çox böyük diqqət verilməlidir. Mən gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunması ilə əlaqədar gedən prosesləri müsbət qiymətləndirirəm. Mən görürəm ki, yeni, müasir nəsil yetişir. Müstəqillik dövründə doğulmuş və ya formalaşmış nəsil yetişir. Müasir, vətənpərvər və mənəvi cəhətdən sağlam yeni nəsil ölkəmizin gələcəyini müəyyən edəcək. Ölkəmizin müstəqilliyi, firavanlığı onlardan asılı olacaq. Onlar milli maraqları bizim qədər, heç nəyə baxmadan müdafiə etməlidir”.

Dövlət rəhbərimizin təhsilin inkişafı sahəsində gördüyü işlər gələcəyin etibarlı təminatıdır. Çünki təhsil gələcəyin təməlidir. Sabahını düşünərək qarşıya qoyduğu hədəflərə doğru irəliləyən insan nə qədər əzmkar və nikbin təsir bağışlayırsa, gələcəyi üçün bu gündən daha etibarlı, möhkəm təməl formalaşdıran, vətəndaşları üçün layiqli həyat tərzi qurmağa çalışan dövlət də bir o qədər qüdrətli görünür. "Elm və təhsildən bəhrələnməyi bacaran cəmiyyət həmişə firavan yaşayır”.

Xalqın, dövlətin sabahı belə bir bünövrə üzərində bərqərar olur.

Təhsilə, elmə marağı ilə bu təməli yeni nailiyyətlərlə möhkəmləndirmək isə hər bir Azərbaycan vətəndaşının mənəvi borcudur.

 

Nurlana ƏLİYEVA,

Bakı Slavyan Universitetinin rektoru, professor

 

Azərbaycan.- 2020.- 11 avqust.- S.1; 4.