Elm xadimlərinə qayğı

 

Dövlət başçısına minnətdarlıq

 

Möhtərəm cənab Prezident!

Koronavirus pandemiyasının (COVID-19) bütün dünyanı cənginə aldığı və ölkəmiz üçün həssas və çətin olan bir dövrdə işlərinizin həddindən artıq çox olduğuna baxmayaraq, böyük lütfkarlıq edib ( bunu yalnız Sizin kimi böyük ürəyə, xalqına və ziyalısına hörmət etməyi bacaran insanlar edə bilərlər) sadə əməyimi bir daha yüksək qiymətləndirərək məni "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif etdiyinizə görə Sizə səmimi-qəlbdən təşəkkür edir, sonsuz minnətdarlığımı bildirirəm. Sizi əmin edirəm ki, həmişə olduğu kimi, bundan sonrakı qalan ömrümü də Azərbaycan elminin inkişafı və yüksək ixtisaslı, mənəvi cəhətdən saf niyyətli elmi kadrların hazırlanması ilə yanaşı Ulu Öndər Heydər Əliyev irsininSizin doğma vətənimiz Azərbaycanın inkişafı və dünya miqyasında özünə şərəfli yer tutması sahəsində apardığınız yeganə doğru siyasətin, gördüyünüz böyük və əvəzsiz işlərinizin tədqiqi və təbliğinə həsr edəcəyəm.

Cənab Prezident, onu da deyim ki, Siz mənim elm sahəsindəki fəaliyyətimi hər zaman yüksək dəyərləndirmisiniz. Siz məni 2004-cü ildə "Şöhrət” ordeni, 2015-ci ildə isə "Əməkdar elm xadimi” fəxri adı ilə təltif etmisiniz.

Fəxr edirəm ki, indiyə qədər az-çox nəyə nail olmuşamsa, onların hamısını dahi şəxsiyyət Ulu Öndər Heydər Əliyevin və Azərbaycan xalqının yenilməz oğlu - Sizin Azərbaycana rəhbərlik etdiyiniz illərdə əldə etmişəm. Ulu Öndər həmişə elmə və elm adamlarına böyük hörmət və həssaslıqla yanaşırdı. O deyirdi: "Şəxsən mən elm xadimlərinə həmişə böyük hörmətlə yanaşmışam... Ona görə ki, elm adamları müstəsna adamlardırlar. Onlar insanlara əməksevərliklə, fədakarcasına və bütün digər keyfiyyətlərlə yanaşı, cəmiyyətdə buya digər yeri tutmağa imkan verirlər. Elm adamları istedada, məharətə, xüsusi bacarığa malik olmalıdırlar... Bu insanlar ən yüksək hörmətə layiqdirlər”.

Dahi şəxsiyyət həmçinin deyirdi: "Elə etmək lazımdır ki, elmə yalnız onu həqiqətən zənginləşdirməyə, irəlilətməyə qabil olan adamlar gəlsinlər”.

Elə bunun nəticəsi idi ki, Ulu Öndər Azərbaycana rəhbərlik etdiyi birinci dövrdə (1969-1982-ci illərdə) Azərbaycan Elmlər Akademiyası keçmiş SSRİ-nin ən qabaqcıl elm mərkəzlərindən birinə çevrilmişdir. Ancaq unudulmaz şəxsiyyət 1982-ci ildə Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Soveti Sədrinin 1-ci müavini kimi yüksək vəzifəyə irəli çəkilərək Moskvada işləməyə aparıldıqdan sonra, əvvəlcə, ölkəyə səriştəsiz adamların rəhbərlik etməsi, sonra isə xalq cəbhəsinin "rəhbərliyə” gəlməsi dövründə bu elm ocağı çökməyə başladı.

Ulu Öndərin xalqın təkidli tələbi ilə yenidən Azərbaycana rəhbərliyə qayıtdığı 1993-cü ilin ərəfəsində Azərbaycan Elmlər Akademiyası bağlanmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Dahi lider yenidən ölkəmizin rəhbəri vəzifəsinə qayıtdıqdan sonra Azərbaycan xalqı bütün fəlakətlərdən qurtuluş tapdığı kimi Azərbaycan Elmlər Akademiyası da bağlanmaq, dağılmaq təhlükəsindən xilas oldu. O, Azərbaycan Elmlər Akademiyasını Azərbaycanın milli sərvəti və XX əsrdə Azərbaycan xalqının ən böyük nailiyyətlərindən biri kimi qiymətləndirdi: "Azərbaycan Elmlər Akademiyası respublikamızın ən yüksək elm müəssisəsidir... Biz bu akademiyanın hörmətini həmişə qoruyub saxlamalıyıq. Heç vaxt imkan vermək olmaz ki, akademiyamız, yüksək səviyyəli elmi-tədqiqat institutlarımız yaranan cürbəcür özəl elmi müəssisələr tərəfindən ərisin, itsin. Buna yol vermək olmaz”.

Möhtərəm Prezident!

Siz də atanız Ulu Öndərin bütün sahələrdə olduğu kimi elm sahəsində də yeritdiyi yeganə düzgün siyasətə sadiq qalaraq onu uğurla davam etdirir, elmimizin inkişafına və elm adamlarına böyük qayğı göstərir, onlara diqqət və hörmətinizi əsirgəmirsiniz. Buna görə də, biz elm xadimləri olaraq bütün başqa sahələrdə olduğu kimi, elm sahəsində də apardığınız siyasətinizi ürəkdən bəyənir, dəstəkləyir və həmişə Sizin yanınızda olduğumuzu bəyan edirik. Ulu Öndər hər iki dəfə Azərbaycana rəhbərlik etdiyi dövrdə ən düzgün siyasət apararaq, xalqımızın maraqlarını müdafiə və təmin etdi, Azərbaycanı tənəzzüldən, böhrandan çıxarıb inkişaf yoluna qoydu. Beləliklə də, müstəqil Azərbaycan dövlətini yaratdı, onun memarı oldu.

Siz isə, möhtərəm cənab Prezident, müstəqil Azərbaycanı yenidən qurub inkişaf etdirirsiniz, onu dünyanın lider dövlətləri sırasına çıxartmağı, tərəqqi və sabitlik ölkəsinə çevirməyi bacardınız. Özünüzün də haqlı olaraq dediyiniz kimi, Azərbaycan indiyədək heç vaxt belə güclü olmamışdır!

Hörmətli cənab Prezident!

Siz bu uğurlara Ulu Öndərin inkişaf strategiyasını əsas götürərək, ona elmi yaradıcılıqla yanaşaraq öz qabiliyyət, bacarıq və fitri rəhbərlik etmək istedadınızla nail olmusunuzbütün bu illərdə xalqımız həmişə Sizin yanınızda olmuşdur. Ağlı başında olan hər bir vətəndaşımız Sizin bu uğurlarınızı, apardığınız müstəqil və yeganə doğru siyasəti bəyənir və Sizi dəstəkləyir. Bütün bunlara görə çox sağ olun, cənab Prezident!

Hörmətli Prezident!

İzn verin öncə ömrümə-ömür qatdığınız 80 yaşımın tamam olduğu gün-10 avqust 2020-ci il tarixində Sizi bağrıma basıb səmimi-qəlbdən salamlayım, Sizə Ulu tanrıdan dünyanın ən şirin neməti olan möhkəm cansağlığı, uzun ömür və ailə səadəti arzulayım! Ulu Tanrıdan arzum budur ki, Siz hələ uzun illər bundan sonra da indiki kimi qüdrətli, yenilməz, dünya liderləri arasında sayılıb-seçilən olaraq qalasanız və xalqımızın başının üstündən əskik olmayasınız.

Mən fəxr edirəm ki, Sizin kimi vətəninə, xalqına, ziyalısına qəlbən bağlı olan, sözü ilə əməli bir olan mərd, cəsur, iradəli, yüksək intellektual səviyyəsi olan liderimiz var. Qoy, Ulu Tanrımız Sizi qorusun, cənab Prezident!

Amin!

Dərin hörmət və ehtiramla,

 

Şahbaz MURADOV,

AMEA-nın müxbir üzvü,

əməkdar elm xadimi,

iqtisad elmləri doktoru, professor

 

Azərbaycan.- 2020.- 11 avqust.- S.7.