Lukaşenko təbrikləri qəbul edir
Belarusda prezident seçkiləri hakimiyyət
dəyişikliyi ilə nəticələnmədi
Belarusda srağagün keçirilmiş növbəti prezident seçkiləri, bir sıra müşahidəçilərin proqnozlarının əksinə olaraq, yeni dövlət başçısının adının elan olunması ilə yadda qalmadı. 1994-cü ildən bəri ölkəyə rəhbərlik edən Aleksandr Lukaşenko bir daha rəqiblərindən üstün olduğunu nümayiş etdirdi və Prezident kürsüsünü qoruyub saxladı.
Mərkəzi Seçki Komissiyasının (MSK) dünən açıqladığı ilkin rəsmi məlumata görə, Lukaşenko seçici səslərinin 80,08 faizini toplayaraq inamlı qələbə qazanmışdır. Hazırkı dövlət başçısının əsas rəqibi - həbsdə olan bloger Sergey Tixanovskinin (o, həbsdən qabaq prezidentliyə namizədliyini irəli sürmək fikrində idi) həyat yoldaşı Svetlana Tixanovskaya seçicilərin vur-tut 10,09 faizinin dəstəyinə nail olmuşdur. Prezidentliyə digər üç namizədin hər biri 2 faizdən az səs toplamışdır. Seçicilərin 4,6 faizi bütün namizədlərin əleyhinə səs vermişdir. Seçkilərdə fəallıq yüksək olmuşdur: səs vermək hüququ olan vətəndaşların 84,23 faizi bu hüquqdan istifadə etmişdir.
Prezident seçkilərinin nəticələri, gözlənildiyi kimi, müxalifət düşərgəsində narazılıqla qarşılandı. Səsvermə başa çatdıqdan sonra ölkənin şəhərlərində etiraz nümayişləri keçirilmişdir. Ən kütləvi aksiya paytaxt Minskdə qeydə alınmışdır: məlumata görə, burada etirazçıların sayı beş min nəfərə çatmışdır. Digər şəhərlərdə küçələrə bir neçə yüz nümayişçi çıxmışdı. Hüquq-mühafizə orqanları nümayişçiləri dağıdıb asayişi bərpa etmək üçün hərəkətə keçmiş, xüsusi vasitələrə, o cümlədən rezin güllələrə, təzyiqli suya və səs qumbaralarına əl atmışdır. 3 minə yaxın etirazçı saxlanılmışdır. KİV-in verdiyi xəbərə görə, ölkədə ictimai asayişi üç-dörd saatdan sonra bərpa etmək mümkün olmuşdur.
Bütün bunlara baxmayaraq, müxalifət düşərgəsi seçkilərdə faktiki olaraq qələbə qazandığını iddia etmişdir. Tixanovskaya seçki qərargahında keçirdiyi mətbuat konfransında bildirmişdir ki, seçki kampaniyası imzatoplama mərhələsindən başlayaraq xalqın müxalif qüvvələrə dəstəyini nümayiş etdirmişdir.
Belarusda prezident seçkiləri hansı namizədin qalib gəlməsindən çox Minskin beynəlxalq aləmlə, ilk növbədə Rusiya və Qərb ölkələri ilə münasibətləri qarşıdakı mərhələdə necə quracağı maraq doğurur. Prezident vəzifəsinə iddialı beş namizədin hamısının proqramları bir-birindən az fərqlənirdi. Onların praktiki olaraq hər biri Rusiyaya birtərəfli istiqamətlənməni zəiflətməyə və Qərb tərəfdaşları ilə əlaqələri genişlətməyə tərəfdar çıxırdı. Eyni zamanda bütün namizədlər əsas şüar kimi Belarusun müstəqilliyini müdafiə etmək vədi verirdilər.
İndi seçkiqabağı vədləri reallaşdırmağın vaxtı gəlib çatmışdır. Prezident Lukaşenko dövlət başçısı kimi hər şeydən əvvəl Rusiya ilə münasibətləri yoluna qoymalıdır. Heç kimə sirr deyil ki, xeyli vaxtdır Minsk-Moskva əlaqələrində ciddi problemlər nəzərə çarpır. Doğrudur, Lukaşenko səsvermədən əvvəl bəyan edirdi ki, Belarusda, yaxud Rusiyada hakimiyyətdə kimin olmasından asılı olmayaraq, Moskva həmişə Minskin ən yaxın müttəfiqi olacaq. Bununla yanaşı, o qeyd edirdi ki, Rusiya qardaşlıq münasibətlərini tərəfdaşlıq münasibətləri ilə əvəzləmişdir. İndi iki ölkə arasında tərəfdaşlığın özünü də qurmaq lazımdır.
Məlum olduğu kimi, iki ölkə uzun illərdir ittifaq dövləti təşəbbüsü çərçivəsində sıx əməkdaşlıq edirdi. Rusiya Belarusun əsas kreditoru idi. Minsk Moskvadan böyük məbləğdə kredit almaqda, enerji daşıyıcıları idxalında güzəştlərdən istifadə edirdi. Rusiya keçən ilədək Belarusun yeganə neft təchizatçısı idi. Bu il isə vəziyyət dəyişmişdir. Minsk və Moskva Rusiyadan Belarusa ixrac edilən neftin qiymətini razılaşdıra bilməmişdir. Nəticədə Belarus Şərq qonşusundan neft idxalını azaltmağı qərara almış, karbohidrogen idxalı mənbələrini şaxələndirmək xətti götürmüşdür. İndi Belarus Rusiyadan əlavə, bir sıra digər neft ölkələrindən "qara qızıl” idxal etməyə başlamışdır.
Səsvermə ərəfəsində Belarus-Rusiya münasibətlərində daha bir qalmaqal yarandı. Ötən ayın 29-da Belarusda Rusiyanın "Vaqnerin özəl hərbi şirkəti”nin 33 üzvü həbs olunmuşdur. Prezident Lukaşenko "Vaqner”çi muzdluların səsvermə ərəfəsində Belarusda sabitliyi pozmaq cəhdində olduğunu bəyan etmişdir. Hər iki tərəfin bir-birinə zidd çoxsaylı bəyanatlarına baxmayaraq, rusiyalılar hələ də həbsdədirlər və onların taleyinə aydınlıq gətirilməmişdir.
Belarus rəhbərliyi dost ölkələr coğrafiyasını genişləndirməyi planlaşdırır. Söhbət ilk növbədə Avropa İttifaqı ölkələrindən gedir. Prezident Lukaşenko hesab edir ki, Belarus sakinləri son 25 il ərzində "həm Şərqə, həm də Qərbə pəncərələri olan ümumi bir ev” qurmuşlar. Aydındır ki, Minskin Avropaya yaxınlaşmaq istiqamətdə səylərinin real nəticə verməsi üçün xeyli vaxt lazım gələcək, çünki Brüssel Belarusla əməkdaşlığı inkişaf etdirmək üçün hər şeydən əvvəl tərəfdaşından Avropa demokratiya standartlarına uyğunlaşmağı tələb edir.
Allahverdi MEHDİYEV
Azərbaycan.- 2020.-11 avqust.- S.7.