Ankarada Azərbaycanın və Türkiyənin Xarici İşlər nazirlərinin görüşü keçirilib
Avqustun 11-də Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovun Türkiyə Respublikasına rəsmi səfəri çərçivəsində Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, təkbətək görüşdən sonra hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüş olub.
Nazir Mövlud Çavuşoğlu Ceyhun Bayramovu səmimi salamlayaraq, onunla Türkiyədə görüşməkdən məmnunluğunu ifadə edib.
Tərəflər ikitərəfli gündəlikdə duran bir çox sahələrdə, o cümlədən siyasi, iqtisadi, ticarət, humanitar, mədəniyyət, təhsil və digər sahələrdə əməkdaşlıq münasibətlərin inkişafından məmnunluq bildirib və bu əlaqələrin daha da genişləndirilməsi perspektivlərini müzakirə ediblər. İki ölkə arasında mövcud əməkdaşlığın həm ikitərəfli, həm də çoxtərəfli formatlarda bundan sonra da davam etdiriləcəyindən əminlik ifadə olunub.
Nazir Ceyhun Bayramov Ermənistanın Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi sonuncu təxribatdan danışaraq, Türkiyə dövlətinin hər zaman olduğu kimi Azərbaycanın haqq mövqeyinə nümayiş etdirdiyi dəstəyi məmnunluqla qeyd edib. Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə də dövlətlərin suverenliyi, ərazi bütövlüyünə hörmət və beynəlxalq sərhədlərin toxunulmazlığı əsasında həllinin vacibliyi vurğulayıb.
Görüşdən sonra Xarici İşlər nazirlərinin mətbuat üçün brifinqi keçirilib.
***
Səfər
çərçivəsində Azərbaycanın Xarici İşlər naziri
Ceyhun Bayramov Ankarada Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn
olunduğu məqbərəni - Anıtqəbiri
və Heydər Əliyev parkında Ulu
Öndərin abidəsini ziyarət edib.
Azərbaycan.- 2020.- 12 avqust.- S.2.