Ceyhun Bayramov: “Bölgədə
sülhün təmin edilməsinə əsas
maneə Ermənistanın təcavüzkar siyasətidir”
Bu gün keçirdiyimiz görüşlərdə Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və ümummilli lider Heydər Əliyevin “Bir millət iki dövlət” kəlamları əsasında möhkəm təmələ sahib olan Azərbaycan-Türkiyə əlaqələri hərtərəfli müzakirə edildi.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov avqustun 11-də türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.
Ceyhun Bayramov Azərbaycanın Xarici İşlər naziri olaraq ilk səfərini Türkiyəyə etməkdən məmnunluğunu ifadə edərək deyib: “Tarixi köklərə, qardaşlığa əsaslanan Azərbaycan-Türkiyə münasibətləri bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi-ticarət, humanitar, hərbi və digər sahələrdə uğurla inkişaf etdirilir. Etibarlı strateji tərəfdaşımız olan Türkiyə ilə münasibətlərin daha da dərinləşdirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindəndir. Bu əlaqələrin inkişafında Azərbaycan və Türkiyə prezidentlərinin şəxsi dostluq münasibətləri xüsusi önəm kəsb edir”.
Nazir
görüşdə, həmçinin regional
inkişafa, sülhə, tərəqqiyə
xidmət edən çoxsaylı layihələrlə
bağlı müzakirələrin
aparıldığını söyləyib. Bu
layihələrin icrasının ölkələrimizin regional gücünü
artırdığını, beynəlxalq mövqelərini
möhkəmləndirdiyini bildirib.
Ceyhun Bayramov müzakirələrdə
ölkələrimizin iştirakı ilə üçtərəfli
və dördtərəfli formatlarda, beynəlxalq təşkilatlar
çərçivəsində əməkdaşlıq məsələləri
ətrafında fikir mübadiləsinin
aparıldığını diqqətə
çatdırıb.
Azərbaycanın Xarici İşlər
naziri deyib: “Qardaş Türkiyə hər zaman Azərbaycanın
beynəlxalq hüquqa əsaslanan mövqeyini dəstəkləyib
və dəstəkləyir. Ermənistan silahlı
qüvvələrinin Azərbaycanın Tovuz
rayonu istiqamətindəki son
təxribatı zamanı biz bir daha bu
dəstəyin şahidi olduq.
Bölgədə sülhün təmin
edilməsinə əsas maneə Ermənistanın təcavüzkar
siyasətidir. BMT Təhlükəsizlik Şurasının və
digər beynəlxalq təşkilatların qərar və qətnamələrində
bu münaqişənin həlli yolları
aydın şəkildə ifadə edilib.
Azərbaycanın münaqişə ilə bağlı mövqeyi qətidir və dəyişməzdir.
Dağlıq Qarabağ münaqişəsi
Azərbaycanın suverenliyi və ərazi
bütövlüyü çərçivəsində
həll olunmalıdır”.
Azərbaycan.-
2020.- 12 avqust.- S.2.