Mövlud Çavuşoğlu: Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hansı həll yolunu seçərsə, biz onun yanında olacağıq

 

Bildiyiniz kimi, iyulun 12-də Ermənistan silahlı qüvvələri Azərbaycanın Tovuz rayonu istiqamətində hərbi təxribat törətdi. Bir daha bildirmək istəyirəm ki, qardaş Azərbaycan tək deyil. Bütün imkanlarımızla, gücümüzlə qardaş Azərbaycanın yanındayıq və yanında olmağa davam edəcəyik.

AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu avqustun 11-də azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.

“Ermənistan illərdir qardaş Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayır. BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların qərar və qətnamələrinə baxmayaraq, Ermənistan münaqişənin həllindən yayınır. Ermənistan bu cür təxribatlarla danışıqların aparılması üçün təhlükəsiz şəraitin formalaşmasına mane olduğunu bütün dünyaya nümayiş etdirir. Beynəlxalq ictimaiyyət, həmçinin ATƏT-in Minsk qrupu da münaqişənin həllinə ciddi səy göstərmir. Biz bu münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn normaları əsasında həllini dəstəkləyirik. Lakin qardaş Azərbaycan hansı həll yolunu seçərsə, biz o məsələdə də Azərbaycanın yanında olacağıq”, - deyə Mövlud Çavuşoğlu vurğulayıb.

Nazir Azərbaycan və Türkiyənin birgə mühüm layihələr həyata keçirdiklərini xatırladaraq strateji layihələrlə bağlı fəaliyyətin daha da gücləndiriləcəyini söyləyib. Həmçinin elm, mədəniyyət sahələrində əməkdaşlığın daha da genişləndirilməsi üçün işlərin görüləcəyini vurğulayıb.

 

Azərbaycan.- 2020.- 12 avqust.- S.2.