Pandemiya ilə mübarizə strategiyasının vacib parçası

 

Seroloji testlər vasitəsilə xəstəlik keçirmiş, immunitet qazanmış insanların sayını müəyyənləşdirmək mümkün olacaq

 

2020-ci il başlayandan planetimizi çənginə alan yeni tip koronavirus dünyanı, bəşəriyyəti alışdığı düzənə, həyat tərzinə qaytarmağa hələ imkan vermir. Yer kürəsinin 213 ölkə bölgəsinə yayılan bu gözəgörünməz bəla ilə mübarizə hazırda bütün dövlətlər üçün prioritetdir. Virusun kütləvi yayılmasının qarşısını almaq üçün görülən tədbirlərlə yanaşı, COVID-19 peyvəndinin hazırlanaraq kütləvi istehsala buraxılması da dünyanın gündəmini zəbt edib.

Artıq bir neçə gündür ki, Rusiyada koronavirusa qarşı ilk peyvəndin qeydiyyata alındığı xəbəri yayılıb. Bildirilib ki, bu vaksin insanlarda COVID-19-a qarşı davamlı immunitet yaradır hər hansı ciddi fəsadlara səbəb olmur.

Avqustun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edən zaman bu ölkənin COVID-19-a qarşı peyvəndi qeydiyyata alması məsələsi barədə danışılıb.Telefon söhbəti zamanı Prezident

İlham Əliyev Vladimir Putini Rusiyada COVID-19-a qarşı peyvəndin qeydiyyata alınması ilə bağlı təbrik edib.

Hazırda Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu vaksinin ilkin qiymətləndirilməsi məsələsini müzakirə edir.

 

Növbəti həftədən Azərbaycanda seroloji testlərin keçirilməsinə başlanır

 

ÜST-ün rəyinə əsasən, COVID-19 pandemiyası ilə mübarizədə ən vacib şərtlərdən biri müayinələrin aparılması xəstəlik hallarının vaxtında müəyyənləşdirilməsidir.

Yoluxma sürəti yüksək olan bu virusla mübarizənin effektiv nəticəsi məhz qabaqlayıcı, profilaktik tədbirlərin vaxtında geniş həcmdə aparılmasından asılıdır. Bu baxımdan virusa yoluxmuş şəxslərin düzgün müayinə edilib zamanında aşkarlanması mühüm əhəmiyyət kəsb edir. Ona görə testlərin keçirilməsinə xüsusi diqqət yetirilməsi olduqca vacibdir. Yalnız bundan sonra yoluxan insanları təcrid etmək, ünsiyyətdə olduqları şəxsləri müəyyənləşdirmək nəticədə yeni yoluxmaların qarşısını almaq mümkündür.

Azərbaycanda bu istiqamətdə aparılan işlər mühüm qabaqlayıcı operativ tədbirlər sırasında ilk sırada durur. Virusun diaqnostikası üçün tibb müəssisələrində dünyanın aparıcı şirkətlərinin istehsalı olan müasir laboratoriya sistemləri qurulub, onlar Avropa ölkələrinin buraxdığı testlərlə təchiz edilib. Laboratoriyaların sayı pandemiya başlayandan qısa müddət ərzində 5 dəfə artırılaraq 6-dan 31-ə çatdırılıb. Yaxın zamanlarda laboratoriyaların sayının 45-ə çatdırılması nəzərdə tutulub. Ölkəmizdə koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar hər gün 6-7 mindən çox test aparılır. Ötən müddət ərzində ölkədə aparılan testlərin sayı artıq 800 mini ötüb. Adambaşına düşən testlərin sayına görə Azərbaycan dünyada ön sıralardadır.

Növbəti həftədən isə ölkəmizdə COVID-19 pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində əhali qrupları arasında seroloji testlərin keçirilməsinə başlanılacaq. Seroloji testlərin keçirilməsi pandemiya ilə mübarizə strategiyasının vacib bir parçası olduğundan Azərbaycan hökuməti tərəfindən bu istiqamətdə mühüm addımlar atılır.

Testlərin aparılmasında əsas məqsəd əhali arasında COVID-19 xəstəliyinin keçirilməsi haqqında təsəvvürlərin əldə olunması, xəstəliyi keçirmiş şəxslərdə yaranmış immunitet səviyyəsinin öyrənilməsidir. Bu testlər vasitəsilə son 3 ay ərzində xəstəlik keçirmiş, immunitet qazanmış insanların sayını müəyyən etmək mümkün olur. Seroloji testlər vasitəsilə əhali arasında virusa qarşı formalaşmış immunitet səviyyəsinin öyrənilməsi pandemiya ilə mübarizə üçün daha doğru yanaşmalar seçməyə imkan verir.

İndiyədək digər ölkələrdə, əhalisi virusa ən çox yoluxan şəhərlərdə seroloji testlərlə bağlı müxtəlif ciddi tədqiqatlar aparılıb. Məsələn, Almaniyada Oldendorf, Çində Uhan, Hindistanda Mumbay, İsveçrədə Cenevrə kimi şəhərlərdə seroloji testlər keçirilib. Türkiyədə isə COVID-19 xəstəliyinə qarşı immunitet xəritəsini müəyyən etmək üçün bütün ölkə üzrə 153 min nəfər anticisim testindən keçirilib.

 

"Analizlər tam təmənnasız götürüləcək

 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Mikrobiologiya İşçi qrupunun rəhbəri, tibb üzrə fəlsəfə doktoru Qumral Ələkbərova bildirib ki, Azərbaycanda seroloji testlərin həyata keçirilməsi üçün fəaliyyət planı hazırlanıb. Onun sözlərinə görə, testlər təsadüfi seçilmiş əhali qrupları arasında könüllülük prinsipi ilə aparılacaq. Bu məqsədlə təsadüfi seçilmiş şəxslərə çağrı mərkəzindən zəng ediləcək, testdən keçməyə razılıq vermiş şəxsin evinə yaşadığı ərazi üzrə poliklinikadan xüsusi təlim keçmiş qanalma tibb bacısı göndəriləcək. Müayinə üçün venadan 3-5 ml qan nümunəsinin alınması kifayətdir. Alınmış qan nümunələri qısa müddətdə laboratoriyaya çatdırılaraq analizdən keçiriləcək. Mütəxəssislər tərəfindən analiz nəticələrinin tibbi statistik təhlili aparılacaq, yekun nəticələr barədə ictimaiyyət məlumatlandırılacaqdır. Analiz verən hər bir könüllü öz nəticəsini əldə edə biləcək. Bundan əlavə, vətəndaşın arzusu ilə qanın ümumi analizi həyata keçirilə bilər: "Bəzi şəxslər koronavirusu asimptomatik keçirir. Yəni həmin şəxsin heç xəbəri olmur ki, bu xəstəliyi keçirib, ya yox. Bu testlər vasitəsilə yoxlanılacaq ki, həmin şəxslərdə xəstəliyə qarşı immunitet formalaşıb, yoxsa yox”.

Q.Ələkbərova qeyd edib ki, layihəyə Bakı şəhərindən başlanılacaq. İlkin mərhələdə tədqiqatların Bakı, Sumqayıt Gəncə şəhərlərində aparılması planlaşdırılır: "Bakıda 1500-ə yaxın şəxs tədqiqata cəlb olunacaq. Daha sonra Sumqayıt Gəncə şəhərlərində həyata keçiriləcək. Analizlər tam təmənnasız götürüləcək. Analiz zamanı vətəndaş istəsə, qanın ümumi analizi ödənişsiz icra olunacaq. Analizlər alındıqdan sonra laboratoriyalara göndəriləcək. Nəticə əldə edildikdən sonra maksimum 2-3 gün ərzində vətəndaşlara məlumat veriləcək. Statistik məlumatlar toplandıqdan, tam nəticələr əldə edildikdən sonra ictimaiyyətə bu barədə məlumat veriləcək”.

Q.Ələkbərova bildirib ki, testlər dövlət tərəfindən alınaraq ölkəyə gətirilmiş Almaniyanın EUROIMMUN şirkətinin istehsalı olan, ABŞ-ın FDA qurumu tərəfindən təsdiq edilmiş reaktivlərlə aparılacaq: "Bu testlərin spesifikliyi ondadır ki, yanlışlıq dərəcəsi yoxdur, 100 faizdir, həssaslığı isə 90-96 faiz arasındadır. Ona görə etibarlı nəticələr əldə ediləcək. Testlər 18-65 yaş qrupunda olan şəxslər arasında aparılacaq. Bu şəxslər təsadüfi seçilənlərdir. 1-10 yaş arası uşaqlarda immunitetin formalaşması daha gec olur. Onlarda analiz daha çox neqativ nəticə verir. 65 yaş üzərində nəticələr eynilə digər qrupdakı kimidir. Seçdiyimiz şəxslər hansısa risk qrupuna aid olan şəxslər deyil”.

Qeyd edək ki, insan viruslara yoluxduqdan sonra bədəndə qoruyucu zülallar - anticisimlər yaranır. Viruslara qarşı anticisimlərin formalaşması üçün müəyyən vaxt tələb olunur. Digər tərəfdən, formalaşmış immunitetin bədəndə qalması daimi deyil, müvəqqəti ola bilər. Ona görə seroloji testlərin ən qısa müddətdə aparılması nəticələrin əldə olunması zəruridir.

 

Xəyalə MURADLI

 

Azərbaycan.- 2020.- 14 avqust.- S.1; 3.