“Azəri-Çıraq-Günəşli”də bütün işlər plan üzrə gedir

 

Prezident İlham Əliyev: "Bu yataq bizim əsas gəlir mənbəyimizdir. Bunu hər kəs bilməlidir”

 

Bu il yanvarın 1-dən avqustun 1-dək Xəzərin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi layihəsi çərçivəsində 2 milyard 485 milyon ABŞ dolları həcmində gəlir əldə edilib. Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) bu məlumatı AÇG-dən hasilatın ahəngdar davam etdiyini təsdiqləyir.

AÇG 26 ildir etibarlı tərəfdaşlıq, ekoloji baxımdan zərərsiz əməliyyatlar sayəsində təhlükəsiz işlənir və 23 ildir ahəngdar şəkildə neft-qaz verir. Buradan indiyədək əldə olunan neft hasilatının həcmi bu ilin yanvar ayında 500 milyon tona çatıb. AÇG həmçinin Azərbaycana, ümumilikdə, 45 milyard kubmetrdən artıq səmt qazının təmənnasız təhvil verilməsini təmin edib.

Bu il avqustun 10-da "Qarabağ” yatağında quraşdırılacaq stasionar dəniz özülünün əsas hissələrindən birinin - dayaq blokunun Xəzərə yola salınmasında iştirak edən Prezident İlham Əliyev qurğu ilə tanışlıqdan sonra Azərbaycan Televiziyasına verdiyi müsahibədə "Azəri-Çıraq-Günəşli” yataqlarında hasilatın sabit saxlanılmasının vacib məsələ olduğunu vurğulamışdır: "Azəri-Çıraq-Günəşli” ilə bağlı bütün işlər plan üzrə gedirbu yataq bizim əsas gəlir mənbəyimizdir. Bunu hər kəs bilməlidir.”

1994-cü ilin sentyabr ayında AÇG üzrə müqavilə imzalanarkən tərəfdaşlar bu yataqların təxmini ehtiyatlarının 511 milyon ton olduğunu bildirmişdilər. Hazırda mütəxəssislər burada sərvətin daha çox - ən azı 1 milyard ton olduğu fikrini söyləyirlər. 2017-ci ilin sentyabr ayında AÇG-nin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş sazişin imzalanması da bu amilə əsaslanır. Yeni müqavilə 2050-ci ilin əvvəlinədək davam edəcək və qarşıdakı illərdə AÇG-nin ölkəmizə gətirdiyi iqtisadi mənfəətləri maksimuma çatdıracaq.

Xatırladaq ki, "Yeni əsrin müqaviləsi” adını alan bu saziş imzalanarkən layihədə iştirak edən şirkətlər qrupunda heç bir dəyişiklik edilməmişdir. Bu da Azərbaycanın mükəmməl beynəlxalq əməkdaşlıq və tərəfdaşlıq formatı yaratdığının daha bir təsdiqidir. Beləliklə, hazırda AÇG-də BP 30,37, SOCAR 25, MOL (bu il aprelin 16-dan "Şevron” şirkətini əvəz edib) 9,57, İNPEKS 9,31, "Ekvinor” 7,27, "EksonMobil” 6,79, TPAO 5,73, İTOÇU 3,65, ONGC Videş Limited (OVL) 2,31 faiz payla iştirak edirlər.

Keçən ilin aprel ayında AÇG-nin işlənməsinin növbəti mərhələsi olan "Azəri Mərkəzi Şərqi” layihəsinə sanksiya verilib. Bununla da 6 milyard dollar dəyərində olan işlənmə layihəsinin həyata keçirilməsinə başlanıb. Hazırda AÇG üçün yeni bir platforma tikilir.

"Azəri Mərkəzi Şərqi” platforması gündəlik 100 min barelədək neft hasil etmək gücündə layihələndirilib. İstismar müddəti ərzində qurğunun 300 milyon barelə qədər əlavə neft hasil edəcəyi gözlənilir.

"Bütün dünyadabütün digər şirkətlərdə olduğu kimi, biz də COVID-19 pandemiyasının yaratdığı bu çətin vəziyyətlə üz-üzəyik, amma bütün fəaliyyətlərimiz davam edir. Qürur hissi ilə deməliyəm ki, biz əsas biznes fəaliyyətlərimizi - "Azəri-Çıraq-Günəşli” və "Şahdəniz” yataqlarından hasilatixrac əməliyyatlarımızı təhlükəsiz, etibarlı və səmərəli şəkildə davam etdiririk.”

Bu sözləri adıçəkilən layihələrin əməliyyatçısı olan BP şirkətinin Yaxın Şərq və Xəzər regionunda xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib. O, həmçinin bildirib ki, "Azəri-Çıraq-Günəşli”nin yeni platforması olan "Azəri Mərkəzi Şərqi”nin tikintisi davam etdirilir: "Baxmayaraq ki, pandemiyanın təsirləri tikinti işlərimizdən də yan keçməyib, amma hələ də planımız bu platformadan ilk nefti 2023-cü ildə əldə etməkdir.”

"Azəri Mərkəzi Şərqi” AÇG-nin 9-cu platforması olacaq. Hazırda yataqda 8 platforma fəaliyyət göstərir. Bunlardan 6-sı hasilat, 2-si isə emal, qazın kompressiyası, suvurmatexnoloji təchizat qurğusudur.

Qeyd edək ki, Azərbaycanın qaz potensialının da önəmli hissəsi AÇG yataqları hesabına formalaşır. Orada hasil olunan qaz ümumi sistemimizə daxil edilir. Belə ki, AÇG-dən çıxarılan səmt qazının bir hissəsi layların təzyiqini saxlamaq üçün yenidən kollektora vurulur. Mavi yanacağın xeyli hissəsi isə Azərbaycanın daxili istifadəsi üçün Səngəçal terminalından SOCAR-a məxsus kəmərlə "Azəriqaz” dövlət qaz şəbəkəsinə ötürülür. Məsələn, bu ilin birinci rübündə AÇG-dən SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin "Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 7,9 milyon kubmetr, ümumilikdə isə, 0,7 milyard kubmetr səmt qazı verilmişdir. Qazın qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən laylara vurulmuşdur.

Hazırda AÇG-dən hasil edilən neft və səmt qazı platformalardan sualtı xətlər vasitəsilə Səngəçala çatdırılır və buradan ixrac marşrutları ilə karbohidrogenlərin dünya bazarlarına yolu başlanır.

 

Flora SADIQLI

 

Azərbaycan.- 2020.- 14 avqust.- S.1; 3.