“Biz qürbətdə olsaq da, qəlbimiz Azərbaycanla
döyünür”
Xaricdəki vətənpərvər gənclər Ermənistanın
təxribatları ilə bağlı yaşadıqları
ölkələrdə haqq səslərini
ucaldırlar
"...Gənclərdə vətənpərvərlik çox güclü olmalıdır. Gənclər milli ruhda, vətənpərvərlik ruhunda, ənənəvi dəyərlər əsasında tərbiyə almalıdırlar. Bax belə gənclər ölkəmizi gələcəyə inamla aparacaq. Hesab edirəm ki, bugünkü gənclərin mütləq əksəriyyəti bu meyarlara cavab verir - bilikli, savadlı, Vətənə bağlı, vətənpərvər və dünyaya açıq”.
İlham ƏLİYEV
"Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı!” Çox müdrikcəsinə deyilmiş bu kəlamın arxasındakı vətənpərvərlik hisslərinin yaşadılması olduqca vacibdir. Çünki Vətənimiz təcavüzkarlarla illərdir ki, açıq-aşkar mübarizə və müharibə aparır. Sevindirici haldır ki, Azərbaycan gəncliyi vətəndən çox-çox uzaqlarda belə təəssübkeşliyi və vətənpərvərliyi ilə nümunəyə çevrilib. Ali Baş Komandanın bir çağırışına, əmrinə bənddir ki, təcavüzkar, işğalçı düşmənə öz layiq olduğu yeri göstərsin.
Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətində dövlət sərhədlərini pozaraq mövqelərimizi, dinc sakinləri artilleriya atəşinə tutması soydaşlarımızın, o cümlədən də gənclərimizin etirazına və hiddətinə səbəb olub. Bütün dünya azərbaycanlıları, xüsusən də gənclər yaşadıqları və oxuduqları ölkələrin rəsmi qurumlarına, beynəlxalq təşkilatlara, parlamentlərə müraciət etməklə Azərbaycan dövlətinə və ordusuna dəstək aksiyaları keçirməkdədirlər.
Sosial şəbəkələrdə təxribatla bağlı həqiqətləri dünyaya bəyan etməklə, haqq səsimizi beynəlxalq ictimaiyyətə çatdırmaqla yanaşı, onlar həm də Ermənistanı təcavüzü dayandırmağa çağırırlar. Belə bir məqamda yaşından və sosial mənşəyindən asılı olmayaraq, hər kəs Ali baş Komandan İlham Əliyevə müraciət edərək dövlətimizin sərhədlərinin, ərazi bütövlüyünün bərpası üçün döyüşlərə səfərbər etməsini xahiş edir.
Təcavüzkarın törətdiyi təxribat, ordumuzun buradakı sərhəd zastavalarını ağır artilleriya silahları ilə atəşə tutması nəticəsində verdiyimiz mülki və hərbi itkilər sarsıdıcı olsa da, xalqımızın milli həmrəylik nümayişi bu günlərdə yadda qaldı. Açığı, bəlkə də bu hücuma və ona layiqli cavaba qədər təcavüzkar Ermənistanla yanaşı, onun arxasında dayanan bəzi qüvvələr də inanmazdılar ki, Azərbaycan nəinki ərazisini müdafiə etmək gücünə malikdir, hətta düşmənə ağır zərbə vurmaqla öz yerini göstərmək əzmindədir. Çünki Azərbaycan XX əsrin sonlarındakı pərakəndə dəstələrə deyil, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli növqeyi ilə formalaşan, Cənubi Qafqazda NATO standartlarına cavab verən, vətənpərvər gənclərdən ibarət bir orduya malikdir!
"Ermənistanın son təxribatı beynəlxalq ictimaiyyətə kimin işğalçı, təcavüzkar olduğunu bir daha göstərdi”
Azərbaycanın Ermənistan tərəfindən növbəti dəfə hücuma məruz qalmasının xaricdə yaşayan bütün azərbaycanlıların hiddətinə səbəb olduğunu qeyd edən Varşava Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin nəzdindəki Azərbaycanşünaslıq Mərkəzinin əməkdaşı Şəhla Kazımova deyir ki, Qarabağ həqiqətlərini Polşa ictimaiyyətinə çatdırmaq üçün hər kəs əlindən gələni etməlidir: "Əvvəllər Polşa mediasında Tovuz rayonunda baş verənlər neytral formada - həm Azərbaycanın, həm də Ermənistanın mövqeyi əks olunmaqla işıqlandırılırdı. Bu, hər bir azərbaycanlının hiddətinə səbəb olurdu ki, nəyə görə təcavüzkar və işğalçı Ermənistan olduğu kimi ictimaiyyətə təqdim edilmir? Hazırda bu məsələdə xeyli irəliləyiş var. Bu gün mediada Azərbaycan Müdafiə Nazirliyinin məlumatına və fotolara da yer verilir, Ermənistanın dinc əhaliyə təcavüzü Polşa ictimaiyyətinə çatdırılır. Biz, azərbaycanlılar da xalqımızın haqq səsini, Ermənistanın təcavüzkar və işğalçı bir dövlət olduğunu əlimizdən gəldiyi qədər yaşadığımız yerli əhaliyə çatdırırıq. Son təxribat birmənalı olaraq göstərdi ki, Ermənistan təcavüzkar ölkədir. Dağlıq Qarabağ deyilən bir ölkə yoxdur və Azərbaycanla məhz Ermənistan vuruşur, həm də Dağlıq Qarabağdan uzaq olan tamamilə başqa bir istiqamətdə. Ermənistanın Tovuza hücumu beynəlxalq ictimaiyyətə kimin işğalçı, təcavüzkar olduğunu bir daha göstərmiş oldu”.
Gənclər Ali Baş
Komandanın əmri ilə torpaqlarımızın azad olunması uğrunda ölüm-dirim mübarizəsinə
hazırdır
Fəaliyyətini Qarabağ həqiqətlərini Avropada yaymağa həsr etmis Milan Konservatoriyasının professoru Mais Nuriyev deyir ki, Ermənistanın son təxribatına etirazını Niderland parlamentinin qarşısında iştirak etməklə bildirib: "Aksiyaya çox sayda insan toplaşmışdı - demək olar ki, Niderlanddakı bütün diaspor təşkilatları və azərbaycanlılar Ermənistanın təcavüzünə etiraz etmək üçün bir arada idi. Mənim də Azərbaycan və italyan dillərində çıxış etdiyim aksiyada dünya birliyini təcavüzə biganə qalmamağa, Ermənistanın işğalçılıq siyasətinə obyektiv yanaşmağa çağırışlar oldu. Məqsədimiz ermənilərin çirkin əməllərini dünyaya tanıtmaqdır. Avropa ölkələrindən tələb edirik ki, təcavüzə son qoyulsun. Biz Azərbaycana sülh istəyirik. Lakin igid oğullarımız Ali Baş Komandanın əmri ilə tarixi Vətənin azadlığı uğrunda ölüm-dirim mübarizəsinə də hazırdır”.
"Azərbaycan xalqının
əsgəriyik, hər
zaman yanındayıq”
ABŞ-ın Nyu York şəhərindəki Upstate Tibb Universitetinin professoru Rauf Şahbazov hər bir azərbaycanlı kimi hesab edir ki, ermənilərin və onların havadarlarının layiqli cavabı verilməlidir: "Biz, Amerikadakı azərbaycanlılar həm təşkilat olaraq, həm də fərdi şəkildə Azərbaycanın mövqeyini buradakı cəmiyyətə çatdırmaq üçün əlimizdən gələni edirik. Bu istiqamətdə fəaliyyətimizi bundan sonra da davam etdirəcəyik. Biz də Azərbaycan xalqının əsgərləriyik - hansı ölkədə yaşadığımızdan asılı olmayaraq, Ali Baş Komandanın bütün əmrlərini yerinə yetirəcəyik”.
Milli həmrəyliyə çağırış
Ermənistanın son təxribatı ilə bağlı həmvətənlərinə müraciət edən Nürnberq Universitetinin müəllimi, elmlər doktoru Yaşar Musayev isə soydaşlarımızı birliyə çağırıb: "Təəssüf ki, bu günədək qəbul olunmuş qərarlara və beynəlxalq qətnamələrə məhəl qoymayan işğalçı Ermənistanın vətənimizə qarşı təcavüzü davam etməkdədir. Bu gün biz qürbətdə olsaq da, hər birimizin qəlbi ordumuzla, Azərbaycan əsgəri ilə birgə döyünür”.
Avstriyada fəaliyyət göstərən Avstriya-Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin (Azeri-DER) təşkilatçılığı ilə keçirilən aksiyada da bu ölkədə yaşayan soydaşlarımız, türk icmasının təmsilçiləri, mətbuat nümayəndələri iştirak ediblər. Aksiya iştirakçıları "Ermənistanın işğalına son qoyulsun!”, "Ermənistan BMT qətnamələrini icra etməlidir!”, "Biz yalnız beynəlxalq hüquqla torpaqlarımızı geri istəyirik!”, "Qarabağ Azərbaycandır!” şüarlarını səsləndiriblər.
Aksiya Azərbaycanın və Avstriyanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Sonra Ermənistan silahlı qüvvələrinin Tovuz istiqamətində törətdiyi təxribat zamanı şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İştirakçılar yerli sakinləri və mətbuat nümayəndələrini son günlərdə baş verən hadisələr və ümumiyyətlə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri və hazırkı vəziyyət barədə məlumatlandırıblar.
Xaricdə yaşayan soydaşlarımızın bu gün vahid mərkəzdən koordinasiya edilməsi, Vətənimizin təcavüzə məruz qalmasının dünya ictimaiyyətinə çatdırılması Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinin mühüm hissəsinə çevrilib.
Belə genişmiqyaslı kütləvi tədbirlər gəncliyin öz dövlətinə, Vətəninə və xalqına, ilk növbədə isə, Ali Baş Komandana sədaqətini nümayiş etdirir. Cənab Prezident heç də ötəri yerə demir: "Biz birlikdə güclüyük!”
Məhəmməd NƏRİMANOĞLU
Azərbaycan.- 2020.- 14 avqust.-
S.3.