Birliyin və qardaşlığın parlaq
təzahürü
İlham Əliyev: "Bu
gün dünyada
Türkiyə və Azərbaycan qədər bir-birinə
yaxın və bağlı olan ölkələr
yoxdur”
Dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın türk dövlətləri ilə bütün sahələrdə sıx münasibətləri formalaşıb. Bu dövlətlər arasında Türkiyə ilə əlaqələr xüsusilə qeyd olunmalıdır. Hansı ki, bu əlaqələrin dünyada ikinci oxşar analoqunu tapmaq mümkün deyil. Tarixin sınaqlarından çıxan bu qardaşlıq əlaqələri həm də strateji xarakter daşıyır.
Tovuz döyüşlərində Azərbaycanı ilk və birmənalı şəkildə dəstəkləyən
Türkiyə oldu
Təsadüfi deyil ki, Azərbaycan-Türkiyə əlaqələrindən söz açdıqda diqqəti cəlb edən əsas məsələ əməkdaşlığın genişləndirilməsi və ya dərinləşdirilməsi deyil, bu iki türk dövləti arasındakı dostluq və qardaşlıq münasibətlərinin özünün ən yüksək zirvəsinə çatmasının müzakirə mövzusu olmasıdır. Bu münasibətlərdə hər hansı boşluq tapmaq isə mümkün deyil.
Məhz dostluq və qardaşlıq əlaqələrindən irəli gələrək Türkiyə Dağlıq Qarabağ məsələsində ilk gündən Azərbaycanın haqlı mövqeyini dəstəkləyir və işğalçı Ermənistanla heç bir siyasi-diplomatik münasibət qurmur. Ötən ay Tovuzda Ermənistanın hərbi təxribatının baş verməsindən sonra Türkiyənin siyasi və hərbi rəhbərliyinin qətiyyətli və kəskin bəyanatları bir daha göstərdi ki, qardaş dövlət Azərbaycanı heç vaxt tək qoymayacaq. Avqustun 13-də Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarı, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Yaşar Güleri və qoşun növləri komandanlarını qəbul edən Prezident İlham Əliyev bildirib ki, münasibətlərin bu səviyyəsi bizim bir-birimizə nə qədər yaxın olduğumuzu göstərir: "Bir ay bundan öncə Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı növbəti hərbi hücumu nəticəsində hərbçilərin və mülki şəxsin həlak olması bir daha göstərir ki, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti davam edir. Bizi ilk və birmənalı şəkildə dəstəkləyən ölkə Türkiyə olmuşdur. Əziz qardaşım, hörmətli Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan, hörmətli cənab nazir, siz, Xarici İşlər naziri, digər vəzifəli şəxslər bir neçə dəfə çox kəskin və ciddi açıqlamalar vermisiniz ki, Türkiyə hər zaman Azərbaycanın yanındadır və hər zaman Azərbaycanla bir yerdə olacaqdır. Bu, bizi daha da ruhlandırır və yenə də bizim bir-birimizə nə qədər yaxın olduğumuzu göstərir”.
Təlimlərin intensivliyi
bundan sonra daha da artacaq
Azərbaycanla Türkiyə arasındakı
sıx münasibətlərin
ən mühüm göstəricilərindən biri
dərin hərbi əməkdaşlıqdır. Hərbi gücünə
görə NATO-nun liderlərindən
olan Türkiyə ilə Azərbaycan arasında müdafiə sahəsində uzun illərdən bəri dərin əməkdaşlıq
mövcuddur. Türkiyə hərbçiləri hələ
ötən əsrin
90-cı illərinin ortalarından
başlayaraq Azərbaycan
Silahlı Qüvvələrinin
təlim-təhsil işində
yaxından iştirak etməyə başlamış,
sonralar hərbi əlaqələr bir çox sahələri əhatə etmişdir.
Türkiyə dövləti Azərbaycan
Silahlı Qüvvələrinin
NATO-nun standartlarına uyğunlaşdırılmasına,
müdafiə sənayesi
kompleksinin inkişafına
mühüm töhfələr
verib. Qarşılıqlı etimada əsaslanan
hərbi əlaqələr
həm də bölgədə sülhün,
sabitliyin, davamlı inkişafın və iki dövlətin xalqlarımızın rifahının
təmin olunması baxımından əhəmiyyət
kəsb edir.
İndi iki ölkənin hərbi əməkdaşlığı
müdafiə sahəsinin
demək olar ki, bütün istiqamətlərini əhatə
edir. Bu sırada hər
il keçirilən
birgə təlimlər
xüsusən aktuallığı
ilə diqqəti cəlb edir. Ona görə ki, ilk növbədə Türkiyə
NATO-nun üzvüdür, həm
də hərbi gücünə görə
əksər üzv dövlətlərdən öndədir.
Belə bir ölkənin ordusu ilə birgə hərbi təlimlərin keçirilməsi
Azərbaycan Ordusunun ən müasir döyüş imkanlarını
mənimsəməsində böyük rol oynayır.
Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq
haqqında sazişə
əsasən və illik plana uyğun
olaraq iyulun sonundan başlayaraq hər iki ölkənin
quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı
döyüş atışlı
taktiki və taktiki-uçuş təlimləri
keçirildi. Hərbi təlimlərin başlanması,
xüsusən Azərbaycanda
Türkiyə Ordusunun
bölmələrinin qarşılanması,
dövlət bayraqlarının
dəyişdirilməsi mərasimi
hər kəsi qürurlandırdı, duyğulandırdı.
Bütün dünya gördü
ki, Azərbaycan-Türkiyə
qardaşlığı yalnız
sözdə deyil.
Bu qardaşlıq əməldə, bir-birinə
dayaq durmaqda, dəstək verməkdədi.
Avqustun 13-də Türkiyənin
Milli Müdafiə naziri Hulusi Akarı,
Türkiyə Silahlı
Qüvvələrinin Baş
Qərargah rəisi Yaşar Güleri və qoşun növləri komandanlarını
qəbul edən Prezident İlham Əliyev təlimlərin intensivliyinin bundan sonra daha da
artacağını bəyan
etdi: "Bu təlimlərin
uğurla keçməsi,
əlbəttə, hesab
edirəm ki, çox önəmli hadisədir. Bu təlimlər
gələcəkdə də
davam edəcək.
Hesab edirəm ki, bu təlimlərin intensivliyi bundan sonra daha da
artacaq, təbii ki, buna ehtiyac
var”.
Düşmənə verilən
mesaj
Birgə təlimlərə iki ölkənin ordularının
şəxsi heyəti,
zirehli texnikası, artilleriya qurğuları və minaatanları, həmçinin hərbi aviasiya və hava hücumundan müdafiə vasitələri
cəlb edildi. Plana əsasən, təlimlər
quru qoşunlarının
da cəlb edilməsi ilə Bakıda və Naxçıvanda, hərbi
aviasiya vasitələrinin
iştirakı ilə
isə Bakı, Naxçıvan, Gəncə,
Kürdəmir və Yevlax şəhərlərində
keçirildi.
Hər iki ölkə ordularının
hərbi qulluqçuları
və bölmələri
yüksək peşəkarlıq
və bacarıq göstərdilər, birgə
fəaliyyətlərin planlaşdırılmasında
və icrasında qərargahların və bölmələrin şəxsi
heyəti əvvəlki
təlimlərdə əldə
etdikləri təcrübələrini
artırdılar, milli
maraqlardan irəli gələn strateji məqsədlərə nail olmaq
üçün qarşıya
qoyulmuş tapşırıqların
öhdəsindən layiqincə
gəlməyə hazır
olduqlarını nümayiş
etdirdilər.
Onu da qeyd edək
ki, iki ölkənin
müdafiə sahəsində
uğurlu əməkdaşlığının
növbəti göstəricisi
olan bu təlim
miqyasına və qarşıya qoyulan vəzifələrə görə
əvvəlkilərdən əhəmiyyətli
dərəcədə fərqləndi. Ona görə
bu təlim Ermənistanın siyasi-hərbi
dairələrində ciddi
narahatlıqla qarşılandı.
Ermənistanın hərbi-siyasi dairələrindən
səslənən fikirlər
də göstərdi ki, Azərbaycan-Türkiyə
birgə təlimləri
düşmən ölkəni
ciddi şəkildə
təşvişə salır.
Bu təlim
Tovuz döyüşlərindən
sonra düşmənə
verilən növbəti
hərbi-siyasi mesaj oldu. Türkiyənin Milli
Müdafiə naziri Hulusi Akar isə
Prezident İlham Əliyevlə görüşdə
Azərbaycanın tək
olmadığını bir
daha bəyan edərək dedi: "Azərbaycan tək deyil. Bunu hər kəs
bilsin. Biz bərabərik, birik, bir millətik. Biz sülhün, sabitliyin
tərəfdarıyıq. Təkcə ölkələrimizin təhlükəsizliyi,
əmin-amanlığı mənasında
deyil, bütün Qafqazın, bütün bölgənin sülh və əmin-amanlıq içərisində olmasının
tərəfdarıyıq. Digər tərəfdən, haqqımızın,
hüququmuzun, mənafelərimizin
də tapdalanmasına
imkan verməyəcəyimizi,
bunların qorunması
üçün lazım
olan nə varsa edəcəyimizi hamının bilməsini istəyirik”.
Silahlı Qüvvələrimizin tez-tez
həyata keçirdiyi
hərbi təlimlər
düşmənin dincliyini
pozan əsas amillərdən biridir. Nəticələr göstərir ki, ordumuzun bütün bölmələri istənilən
situasiyada qarşısında
dayanan vəzifələri
layiqincə icra etməyə qadirdir.
Hazırda Cənubi Qafqazın
ən qüdrətli hərbi gücünə malik Azərbaycan Silahlı Qüvvələri
dünyanın 50 ən
güclü ordusu sırasında yer alır. Bu baxımdan
ən müasir döyüş imkanlarına
malik olan Azərbaycan Ordusunun hər bir təliminin
məqsədinin nə
olduğunu Ermənistanda
yaxşı anlayırlar.
Rəşad CƏFƏRLİ
Azərbaycan.-
2020.- 15 avqust.- S.1; 3.