Qətiyyətli və prinsipial lider örnəyi

 

Prezident İlham Əliyev müstəqil siyasəti, cəsarətli fikirləri ilə hər zaman milli maraqların bir nömrəli müdafiəçisi olduğunu təsdiqləyir

 

Koronavirus pandemiyası ilə mübarizədə müsbət dinamikanın əldə edilməsi ölkə ictimaiyyətində nikbinlik yaratsa da, son günlər Rusiya Federasiyasından işğalçı Ermənistana hərbi təyinatlı yüklərin daşınmasının intensiv xarakter alması ölkə ictimaiyyətində ciddi narahatlıq doğurub.

Hər zaman xalqı narahat edən istənilən prosesə dərhal münasibət bildirərək məsələnin həlli istiqamətində qətiyyətli qərarlar qəbul edən Prezident İlham Əliyev yenə də hər zamankı siyasətinə sadiqliyini nümayiş etdirdi.

 

Rusiya Ermənistana başqa ölkələr vasitəsilə silah göndərir

 

Öncə onu qeyd edək ki, təsdiq edilən faktlara əsasən, Tovuz istiqamətində ağır döyüşlərin getdiyi bir vaxtda iyulun 17-də Rusiyadan Ermənistana 2 yük təyyarəsi həcmində təcili kodu ilə silah-sursat daşınıb. Hərbi yüklərin daşındığı marşrut isə birbaşa rəsmi qeydlərdə də öz əksini tapıb.

Rusiyanın Mineralnıy Vodı ərazisindən qalxan "il-76” yük təyyarələri Qazaxıstan, Türkmənistan, İran ərazisindən keçməklə 2030 km məsafə qət edərək 3 saat yarımdan sonra Mehri və İrəvana çatıb. Bundan sonra isə ard-arda iyulun 18, 20, 27, 29 və avqustun 4-də 1 reys, avqustun 6-da isə 2 reys olmaqla Ermənistana 400 tondan artıq həcmdə hərbi yüklər çatdırılıb.

Bu hərbi yüklərdə Rusiyanın müasir, bahalı və real döyüş şəraitində effektiv radioelektron kəşfiyyat vasitələri olan "Krasuxa”, "Avtobaza-M” və "Nebo-M” sistemlərinin olması isə Azərbaycanın narahatlığına səbəb olmaya bilməzdi. Məhz Prezident İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığını bu məsələlərin önə çıxarılması şərtləndirib.

Avqustun 12-də Vladimir Putinə zəng edən cənab İlham Əliyev məsələnin Azərbaycan ictimaiyyətində haqlı narahatlıq yaratdığını və ciddi suallar doğurduğunu söyləyib. Prezident rusiyalı həmkarının diqqətinə çatdırıb ki, Tovuz istiqamətində baş vermiş hərbi toqquşmadan dərhal sonra Rusiyadan Qazaxıstan, Türkmənistan və İran İslam Respublikasının hava məkanından istifadə edilərək bu günə qədər Ermənistana 400 tondan artıq hərbi təyinatlı yüklər daşınıb. Bu da təbii ki, narahatlıq doğurmaya bilməz. Telefon zənginin də əsas məqsədi məhz bu məsələnin aydınlaşdırılması olub.

Cənab İlham Əliyev, eyni zamanda, Ermənistanın bu hərbi təxribatının əsas məqsədinin üçüncü tərəfləri münaqiyə cəlb etmək olduğunu Vladimir Putinin diqqətinə çatdırıb.

Bu addım bir daha təsdiq etdi ki, Azərbaycanın milli maraqlarına təsir edən hər bir məsələ Prezident İlham Əliyevin xüsusi nəzarətindədir və bununla əlaqədar istənilən ölkə, istənilən beynəlxalq qurum qarşısında məsələ qaldırılır, onların həllinə nail olunur. Yəni Azərbaycan Prezidenti hər zaman milli maraqlarımızı qətiyyətlə və xüsusi prinsipiallıqla müdafiə edir.

Ölkə ictimaiyyəti də bir daha gördü ki, cənab İlham Əliyev milli maraqlar naminə ciddi addımlar atır və istənilən dövlət başçısı ilə müzakirələrdə Azərbaycan üçün ümdə sayılan məsələləri qaldırmaqdan qətiyyən çəkinmir.

 

İşğalçı ölkəyə dəstək həmsədrlik statusuna zidd addımlardır

 

Bu gün Azərbaycan bölgədə təhlükəsizlik və davamlı iqtisadi inkişaf üçün olduqca mühüm ölkə kimi çıxış edir. Rəsmi Bakının siyasi iradəsi, təşəbbüskarlığı, ölkəmizin iqtisadi gücü təkcə Azərbaycan üçün yox, bütün region üçün tənzimləyici və lokomotiv funksiyasını yerinə yetirir. Məhz bu siyasi kurs Azərbaycanı dünyada etibarlı tərəfdaşa çevirib.

Azərbaycanla Rusiya arasında əlaqələr uzun bir tarixi dövrü, yüzillikləri əhatə edir. Bu gün bir-birinin suverenliyinə hörmətlə yanaşan Azərbaycan-Rusiya münasibətləri hər iki ölkənin milli maraqlarına xidmət edir. Bu, regional sabitliyin əsas faktorudur.

İki ölkənin dövlət başçıları arasındakı səmimi dostluq münasibətləri əlaqələrin son zamanlarda daha da inkişafını sürətləndirib. Strateji tərəfdaşlıq səviyyəsində inkişaf edən çoxşaxəli Azərbaycan-Rusiya münasibətləri hər iki ölkənin maraqları və ümumiyyətlə, regionun sabitliyi, habelə tərəqqisi üçün yeni imkanlar açıb. Bu əlaqələr regionda təhlükəsizlik və davamlı inkişaf meyillərini və maraqlarını gücləndirir.

Bu gün iki ölkə arasında 140-a yaxın dövlətlərarası və hökumətlərarası müqavilə və saziş qüvvədədir. 2018-ci ildə isə 2024-cü ilədək olan dövr üçün Rusiya-Azərbaycan əməkdaşlığının əsas istiqamətləri üzrə plan imzalanıb. Bu sənəd, təbii ki, proqram xarakterlidir və əlaqələrin gələcək inkişafını özündə ehtiva edir. Planda əksini tapan 5 "yol xəritəsi” ticarətin və qarşılıqlı sərmayələrin həcminin artırılmasını, nəqliyyat potensialının inkişafını, birgə müəssisələrin yaradılmasını, rəqəmsallaşma sahəsində, büdcə-vergi sektorunda təcrübə mübadiləsini, həmçinin humanitar əlaqələri nəzərdə tutur.

Hərtərəfli münasibətlərin inkişaf etdiyi bir zamanda Rusiyanın Ermənistanı silahlandırması Azərbaycan dövlətinin həmişə göstərdiyi dostluqstrateji qonşuluq münasibətlərinin ruhuna ziddir. Elə buna görə də Rusiyanın Ermənistanı silahlandırması böyük təəssüf doğurur. Çünki bu, açıq-aşkar işğalçı ölkəyə dəstəkdir və silahlandırma münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həllinə imkan vermir. Yəni bu proses mövcud status-kvonun saxlanmasına xidmət edir. Ermənistanın da istəyi məhz budur.

Onu da vurğulamaq yerinə düşər ki, Rusiya həm ATƏT-in Minsk qrupunun həmsədridir. Yəni şimal qonşumuzun ardıcıl şəkildə Ermənistanı silahlandırması onun həmsədrlik statusuna, üzərinə düşən öhdəliklərə, həmçinin 2009-cu il iyulun 10-da ABŞ, RusiyaFransa prezidentlərinin "Böyük səkkizlik”in İtaliyanın Akvil şəhərində keçirilən toplantısı çərçivəsində imzalanan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı birgə bəyanatda, eləcə də 2010-cu il iyunun 26-da ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin prezidentlərinin Kanadanın Muskok şəhərində qəbul etdikləri birgə bəyanatda əksini tapmış mövcud status-kvonun qəbuledilməzliyi prinsipinə ziddir.

 

Minsk qrupu həmsədrləri niyə və kimə lazımdır?

 

Faktlar təsdiq edir ki, Rusiya işğalçı Ermənistanı fasiləsiz olaraq silahlandırır. Bir neçə fakta nəzər yetirsək buna bir daha şahidlik etmiş olarıq. Məsələn, 1997-ci ildə general Lev Roxlin o zaman olduqca böyük miqdar hesab olunan 1 milyard dollarlıq silahın Rusiyadan işğalçı Ermənistana pulsuz olaraq verilməsini ifşa etmişdi. İndi də görünən odur ki, silahlar yenə işğalçı ölkəyə pulsuz verilir. Bu da, əlbəttə ki, Ermənistanın münaqişənin sülh yolu ilə həllində maraqlı olmadığını bir daha təsdiqləyir və hər zaman cəbhə xəttində təxribatlar törədə biləcəyini istisna etmir.

Bu da onu təsdiq edir ki, münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədrləri indiyədək ortaya ciddi fəaliyyət qoya bilməyiblər. Prezident İlham Əliyevin bu qrupa həmsədrlik edənlər haqqında səsləndirdiyi bütün tənqidləri həmişə qətiyyətli və prinsipial xarakter daşısa da, yenə də onların fəaliyyətində dəyişikliyin olmadığını görürük. Bu da bir növ işğalçı Ermənistanın xeyrinə işləyən faktordur. Azərbaycan xalqı Ermənistana göstərilən bu isti münasibətə açıq-aşkar şahidlik edir.

Ona görə də, ölkə ictimaiyyəti hesab edir ki, əgər Minsk qrupu öz missiyasını həyata keçirə bilmirsə, o zaman həmsədrlərin əvəzlənməsi və bu qrupa üzv olan ölkələrdən digərləri həmsədrlik missiyasını öz üzərinə götürməlidir. Bu rola ən uyğun ölkə isə regionda tarixi-siyasi və mənəvi məsuliyyəti olan Türkiyə Cümhuriyyətidir. Hələ Minsk qrupu formalaşarkən əslində Türkiyənin həmsədrlərdən biri olması olduqca ciddi şəkildə müzakirə olunmuş, lakin təəssüf ki, baş tutmamışdı.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, 30 ildən çoxdur ki, işğaldan, təcavüzdən əziyyət çəkən bir xalq dövlət olaraq vasitəçilik missiyasını üzərinə götürənlərdən, Minsk qrupundan aydınlıq, hesab tələb edir. Ancaq onların verəcəyi düz-əməlli cavabları yoxdur, çünki bu illər ərzində heç bir əməli, real addımlar atmayıblar, malalayıcı, dişsiz mövqe sərgiləyiblər, Ermənistanın bütün təxribatlarını və finəkarlıqlarını görməzdən gəliblər. Bəs onda, 30 ildir Azərbaycanın işğal altında olan torpaqlarını geri qaytarması üçün Ermənistana heç bir təzyiq etməyən Minsk qrupu həmsədrləri niyə və kimə lazımdır?!

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2020.- 15 avqust.- S.1; 3.