“The Jerusalem Post”: Azərbaycan-İsrail tərəfdaşlığı
güclü, dayanıqlı və perspektivlidir
Azərbaycan-İsrail tərəfdaşlığı güclü, dayanıqlı və ümidvericidir. Ermənistan isə Azərbaycanın İsrail də daxil olmaqla xarici tərəfdaşları ilə əlaqələrini manipulyasiya etməyə çalışır.
AZƏRTAC xəbər verir ki, bu sözlər İqtisadiyyat naziri, Azərbaycan-İsrail hökumətlərarası komissiyasının həmsədri Mikayıl Cabbarovun “The Jerusalem Post” nəşrində dərc olunan məqaləsində yer alıb.
Müəllif məqalədə qeyd edir ki, hazırda dünya ən çətin sınaqdan keçir. COVID-19 pandemiyası insanların həyat modelini dəyişdi. Hər gün minlərlə insan pandemiyanın qurbanı olur. Bu, beynəlxalq nizamin iqtisadi və sosial dirəklərini sarsıdır, yoxsulluğu artırır və inkişafı ləngidir.
Bu çətin günlərdə Azərbaycanın daha bir təhlükəsizlik çağırışı ilə üzləşdiyini bildirən Mikayıl Cabbarov bildirir ki, Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonun işğalı ilə kifayətlənməyən qonşu Ermənistan iyulun 12-də ölkəmizə qarşı irimiqyaslı hərbi hücuma başlayıb. Bu hücum Dağlıq Qarabağdan kifayət qədər uzaqda yerləşən Tovuz istiqamətində həyata keçirildi. Maraqlı məqam odur ki, Azərbaycanın karbohidrogen ehtiyatlarını dünya bazarlarına daşıyan əsas neft və qaz boru kəmərləri məhz Tovuzdan keçir. Beləliklə, Ermənistanın təcavüzkar hərəkətləri dünya iqtisadi bazarına təhlükə yaradır və Azərbaycanın İsrail də daxil olmaqla enerji istehlakçılarının enerji təhlükəsizliyini təhdid edir.
Müəllif bildirir ki, Ermənistanın təxribatçı hərəkətinin daha bir səbəbi onun daxili vəziyyəti ilə əlaqədardır. Hazırda Ermənistan iqtisadiyyatı dərin böhran keçirir. Ölkədə korrupsiya geniş yayılıb, immiqrasiya artır, pandemiyaya qarşı mübarizə uğursuzluğa düçar olub. Ölkədəki siyasi vəziyyət qeyri-sabitdir, elit qruplar bir-biri ilə mübarizə aparır. Belə olan halda, Ermənistan hökuməti insanların diqqətini daxili problemlərdən yayındırmaq üçün xaricdə təxribatlar törədir.
Yazıda vurğulanır ki, son hərbi təxribat onsuz da həssas vəziyyətdə olan sülh danışıqlarına ziyan vurur. Ermənistan bu yolla Azərbaycan ərazilərinin işğalını davam etdirmək istəyir. Ən dəhşətlisi isə odur ki, Ermənistan öz təcavüzkarlığını qlobal müstəviyə çıxarmaq istəyir. Təxribatlardan sonra xaricdəki Azərbaycan icmaları öz vətənlərini dəstəkləmək üçün bir çox ölkədə dinc yürüşlər keçirdilər. Los-Ancelesdə, Brüsseldə, Ottavada və Londonda azərbaycanlı nümayişçilər radikal erməni millətçilərinin hücumlarına məruz qaldılar. Bu bir daha göstərir ki, masa arxasında, faktlar və hüquqi əsaslarla sülh danışıqları aparmaq əvəzinə, Ermənistan tərəfi hərbi təcavüz, şiddət və nifrət yolunu tutur.
“Ermənistan hətta Azərbaycanın İsrail də daxil olmaqla xarici tərəfdaşları ilə olan əlaqələrini manipulyasiya etməyə çalışır. Erməni təxribatçıları İsrail mediasında sifarişli yazılar dərc etdirir, bununla da Azərbaycan ilə bu dövlətin münasibətlərini sanksiyalar, qadağa və boykotlar vasitəsilə sarsıtmağa çalışır”, - deyə məqalədə vurğulanır.
Ermənilərin arqumentlərinin İsrail cəmiyyətində maraq doğurmayacağına əminliyini bildirən müəllif yazır: “Yəhudi xalqı həqiqəti yaxşı bilir. Azərbaycan hər zaman sivilizasiyaların qovuşduğu məkan olub və ticarət yolların mərkəzində yerləşib. Bu, bizim tolerantlıq adət-ənənəmizi, hər kəsin inancına göstərdiyimiz hörməti şərtləndirir. Azərbaycan qədim yəhudi icmasının vətənidir, burada onlar heç vaxt antisemitizmlə üzləşməyiblər. Yəhudilər bizim Parlamentdə təmsil olunurlar və yəhudi əsgərlər vətənləri uğrunda canlarından keçiblər”.
Məqalədə diqqətə
çatdırılır ki, Ermənistandan
fərqli olaraq, Azərbaycan öz tərəfdaşları ilə
münasibətlərini manipulyasiya etməyə
çalışmır. Azərbaycan İsraillə
qarşılıqlı əlaqələri inkişaf
etdirir, amma bundan üçüncü
tərəfə qarşı istifadə etmir.
Azərbaycanın səyləri hər zaman
beynəlxalq təhlükəsizliyə, sabitliyə və
sülhə dəstək verməkdən ibarətdir. “Biz tolerantlığı və
qarşılıqlı hörməti təşviq etmək
istəyirik. Biz divarlar
tikmək əvəzinə, körpülər salmağa
çalışırıq və dostlarımız artıq bizim yaratdığımız əlaqələrdən
bəhrələnə biliblər”, - deyə müəllif qeyd edir.
Azərbaycan.- 2020.-16 avqust.- S.2.