“Naxçıvan Muxtar Respublikası: dayanıqlı inkişaf, uğurlar, perspektivlər” mövzusunda beynəlxalq onlayn konfrans keçirilib

 

"Naxçıvan Muxtar Respublikası: dayanıqlı inkişaf, uğurlar, perspektivlər” mövzusunda beynəlxalq onlayn konfrans keçirilib.

AMEA Naxçıvan bölməsindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu və AMEA Naxçıvan bölməsinin təşkilatçılığı ilə keçirilən beynəlxalq onlayn konfransda Naxçıvan Dövlət Universiteti, "Naxçıvan” Universiteti, Naxçıvan Müəllimlər İnstitutu, Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi, Azərbaycan Dövlət İdarəçilik Akademiyası, AMEA İqtisadiyyat İnstitutu ilə yanaşı, Türkiyənin Ərzurum AtatürkQars Qafqaz universitetlərinin əməkdaşları da iştirak ediblər.

Konfransda çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla şöbəsinin müdiri Surə Seyid bildirib ki, Naxçıvan Yaxın Şərqin ən qədim mədəniyyət mərkəzlərindən biridir. Beş min il bundan əvvəl Naxçıvanda şəhər mədəniyyətinin formalaşması bu yurdda sivilizasiyanın inkişafının ən mühüm göstəricisi hesab olunur. Naxçıvan həm də Azərbaycanın dövlətçilik tarixinə mühüm töhfələr verən bir diyardır. Azərbaycan türkləri min illər boyu burada ardıcıl həyat sürmüş böyük dövlətçilik ənənələrinin əsasını qoyub. Bölgədə X əsrdə Naxçıvan şahlığı, XII əsrdə Azərbaycan Atabəylər dövləti yaranıb, XVIII-XIX əsrlərdə Naxçıvan xanlığı, XX əsrin əvvəllərində Araz-Türk Respublikası fəaliyyət göstərib.

Qeyd edilib ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdiyi vaxtdan keçən dövr ərzində respublikamızın siyasi-iqtisadisosial həyatında mühüm dəyişikliklər baş verib, ölkədə sosial-siyasi sabitlik bərqərar olub, dinamik iqtisadi inkişaf dövrü başlanıb.

Diqqətə çatdırılıb ki, muxtar respublikada sosial-iqtisadi inkişafın təməlində sosialyönümlülük, hər bir vətəndaşın maddi rifahının artırılması, iqtisadiyyatın dövlət tənzimləmə mexanizmlərinin liberallaşdırılması, infrastrukturun yenilənməsi, müasir müəssisələrin, yeni yerlərinin yaradılması istiqamətində sistemli tədbirlərin həyata keçirilməsi uzunmüddətli və hərtərəfli inkişaf konsepsiyasının reallaşdırılmasına əsaslı töhfələrdir.

AMEA Naxçıvan bölməsinin sədri, akademik İsmayıl Hacıyev "Naxçıvan Muxtar Respublikası dayanıqlı inkişaf yollarında (1995-2020)” mövzusunda məruzə ilə çıxış edərək vurğulayıb ki, muxtar respublikanın inkişafında 1995-2020-ci illərin xüsusi yeri var. Bu illərdə muxtar respublikanın həm iqtisadi, həm də sosial həyatında baş verən dəyişikliklər yüzillik inkişafa bərabərdir. Kənd və şəhərlərimizin abadlaşdırılması, inzibati binaların, sosial obyektlərin tikilməsi, tarix və mədəniyyət abidələrinin bərpası, yolların çəkilməsi, səliqə-sahmanın ən yüksək səviyyədə olması, insanların rifah halının yaxşılaşması diyarımızın bugünkü inkişaf mənzərəsinin təsdiqidir.

Akademik bildirib ki, son 25 ildə muxtar respublikada bütün sahələrdə dayanıqlı inkişaf təmin olunub. İqtisadi sahədə olduğu kimi, sosial sahədə də çox böyük nailiyyətlər əldə edilib. Muxtar respublikanın dayanıqlı inkişafı təhsil, elm, mədəni-maarif müəssisələri, səhiyyə və digər sahələrdə də özünü göstərir.

Onlayn konfransda Ərzurum Atatürk Universitetinin əməkdaşı, iqtisad elmləri doktoru, professor Kerem Karabulutun "Türkiyə-Naxçıvan sosial-iqtisadi əlaqələrinin dəyərləndirilməsi”, Naxçıvan Dövlət Universitetinin rektoru, dosent Elbrus İsayevin "Naxçıvan Muxtar Respublikasında ali təhsilin inkişafı”, Azərbaycan Dövlət İdarəçilik Akademiyasının professoru, AMEA-nın müxbir üzvü Əli Nuriyevin "Naxçıvan Muxtar Respublikasında iqtisad elminin məhsuldar inkişafı ətrafında düşüncələr”, Qars Qafqaz Universitetinin əməkdaşı, iqtisad üzrə fəlsəfə doktoru Tuncer Yılmazın "Naxçıvan iqtisadiyyatının ümumi vəziyyəti və Türkiyə ilə ticarət əlaqələrinin tədqiqi” mövzularında məruzələri dinlənilib. Naxçıvan Müəllimlər İnstitutunun əməkdaşı, iqtisad elmləri doktoru, professor Nazim Əhmədov, AMEA Naxçıvan bölməsinin Təbii Ehtiyatlar İnstitutunun şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru Eltun İbrahimov da müxtəlif mövzularda məruzələr ediblər.

 

Azərbaycan.- 2020.-16 avqust.- S.2.