“Şahdəniz” yatağı ən azı 100 il bundan sonra
Azərbaycanı və tərəfdaş ölkələri qazla təchiz edəcək
Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz” qaz-kondensat yatağından hasilat ahəngdar davam edir. Əvvəlki illərdə olduğu kimi yataqdan çıxarılan qaz Azərbaycan, Gürcüstan və Türkiyə bazarlarına, eləcə də çoxsaylı obyektlərin fəaliyyətini təmin etmək üçün BTC şirkətinə çatdırılır. Hazırda "Şahdəniz” qurğularının hasilat gücü gündə 56 milyon, ildə 20 milyard standart kubmetrdən çox mavi yanacaq təşkil edir.
"Şahdəniz”
yatağında iki hasilat platforması istismar olunur. "Şahdəniz Alfa” və
"Şahdəniz Bravo” platformalarını
"Şahdəniz”in qoşa
qanadı da adlandırırlar. "Şahdəniz Alfa” 14 ildir
ki, yatağın işlənməsinin birinci
mərhələsi çərçivəsində
fəaliyyət göstərir.
"Şahdəniz Bravo” isə layihənin ikinci mərhələsi çərçivəsində 2018-ci ildə işə salınıb.
"Şahdəniz”in
əməliyyatçısı olan BP şirkətindən
aldığımız məlumata
görə, bu ilin birnci yarısında
yataqdan, ümumilikdə,
təqribən 9,4 milyard standart kubmetr qaz və
1,9 milyon ton (15,4 milyon
barel) kondensat hasil edilib. Yeri
gəlmişkən, qeyd
edək ki, "Şahdəniz”in kondensatı
Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinə
vurulur.
Ehtiyatları 1,2 trilyon kubmetr qaz və 240 milyon ton kondensatdan ibarət olan "Şahdəniz” dünyanın
ən nəhəng karbohidrogen yataqlarındandır.
Məhz bu yatağın uğurla işlənməsi
və istismar edilməsi sayəsində
Azərbaycan dünyada
qaz ixrac edən ölkə kimi tanınıb. "Şahdəniz” çəkilişi cari ilin sonunadək tam yekunlaşacaq "Cənub
qaz dəhlizi”nin ehtiyat mənbəyidir.
Bu il
avqustun 10-da "Qarabağ”
yatağında quraşdırılacaq
stasionar dəniz özülünün əsas
hissələrindən birinin
- dayaq blokunun Xəzərə yola salınmasında iştirak
edən Prezident İlham Əliyev qurğu ilə tanışlıqdan sonra Azərbaycan Televiziyasına
verdiyi müsahibədə
həmişə olduğu
kimi, "Şahdəniz”i
yenə də yüksək dəyərləndirmişdir:
"Bu layihə icra olunmadan bizim enerji siyasətimiz yarımçıq qala bilərdi. Amma bu gün bizim enerji siyasətimiz
ölkəmizin maraqlarını
tam təmin edir.
"Şahdəniz” yatağı ən azı yüz il bundan sonra
Azərbaycanı və
tərəfdaş ölkələri
qazla təchiz edəcəkdir. Eyni zamanda biz ixrac coğrafiyamızı genişləndirmək
əzmindəyik... Əgər "Şahdəniz” üzrə
kontrakt imzalanmasaydı,
bu gün biz nəinki başqa ölkələrin, öz
enerji təhlükəsizliyimizi
təmin edə bilməzdik. Çünki "Şahdəniz” bizim üçün əsas mənbədir. Biz bütün bu işləri görməklə
Avrasiyanın yeni enerji xəritəsini tərtib edirik və Azərbaycan uzun müddət bundan sonra bir
çox ölkələr
üçün strateji
tərəfdaş olaraq
qalacaqdır.”
Xatırladaq ki,
"Şahdəniz” layihəsində
BP (operator - 28,8 faiz),
TPAO (19 faiz), AzŞD
(10 faiz), "Cənub
qaz dəhlizi” və Apstrim (6,7 faiz), PETRONAS (15,5 faiz),
LUKOYL (10 faiz), NİKO (10 faiz)
şirkətləri tərəfdaşlıq
edirlər. Operator şirkətin məlumatına
görə, bu ilin birinci yarısında
"Şahdəniz” üzrə
əməliyyat xərclərinə
409 milyon dollara yaxın və əsaslı xərclərə
452 milyon dollar vəsait
sərf olunub. Əsaslı
xərclərin böyük
əksəriyyəti "Şahdəniz-2”
layihəsinə çəkilib.
Hazırda "Şahdəniz”
yatağında bir neçə istiqamətdə
iş aparılır.
Son aylarda "Xankəndi” tikinti gəmisi sualtı quraşdırma işlərini
davam etdirib. "Şahdəniz Bravo” platforması və şərq-cənub cinahı
arasında axın xətlərinin mexaniki quraşdırılması isə
"İsrafil Hüseynov”
borudüzən gəmisi
vasitəsilə yerinə
yetirilir. "Şahdəniz-2”
layihəsi çərçivəsində
2021-ci ildə yatağın
şərq-cənub cinahından
hasilatın başlanması
üçün bütün
işlər plana uyğun aparılır.
Hasilatı artırmaq üçün
qazma əməliyyatları
da davam etdirilir. "İstiqlal” və
"Maersk Explorer” qurğuları
"Şahdəniz-2”də hasilatı həyata keçirmək və sonradan tədricən artırmaq üçün, ümumilikdə,
18 quyu qazıb. Bunlardan
16-sı tamamlanıb. Qazma işləri hasilatın planlaşdırılan
sabit səviyyəsinə
nail olmaq üçün
tələb olunan bütün quyuların qazılması istiqamətində
davam edəcək.
İndi "Şahdəniz” qazı Avropaya çatmaq ərəfəsindədir. Belə ki,
ilin axırınadək
"Cənub qaz dəhlizi”nin sonuncu seqmenti olan Trans-Adriatik Qaz Boru
Kəmərinin (TAP) çəkilişinin
yekunlaşacağı gözlənilir.
Beləliklə, TAP genişləndirilmiş
Cənubi Qafqaz Boru Kəməri (CQBK) və Trans-Anadolu Qaz Boru Kəməri
(TANAP) ilə nəql olunan Azərbaycan qazını qəbul edərək Avropadakı istehlakçılara çatdıracaq.
Flora SADIQLI
Azərbaycan.- 2020.- 16 avqust.- S.1-2.