İlham Əliyev çevik və şəffaf iqtisadi
idarəetmə modeli yaradır
Ən islahatçı Prezident iqtisadiyyatın
liberallaşdırılması istiqamətində
atdığı addımlarla Azərbaycanın gələcək
yüksəlişi üçün güclü baza
formalaşdırır
Qlobal böhran dünya iqtisadiyyatına getdikcə daha ciddi mənfi təsir göstərməkdədir. İnkişaf etmiş ölkələrin iqtisadiyyatındakı tənəzzülün 20 faizə qədər yüksəlməsi bunu təsdiqləyən reallıqdır.
Təbii ki, böhran Azərbaycan iqtisadiyyatından da yan keçməyib. Koronavirus pandemiyasının doğurduğu fəsadlar və neftin qiymətinin aşağı düşməsi, eləcə də OPEC+ çərçivəsində Azərbaycanın üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi iqtisadi sahədə bir sıra geriləmələrə və itkilərə səbəb olub. Bəzi ölkələrdə iqtisadi tənəzzül 10-20 faiz olduğu halda, ölkəmizdə son altı ayda iqtisadiyyat cəmi 2,7 faiz aşağı düşüb. Lakin bu tənəzzül ölkə Prezidenti cənab İlham Əliyevin hər zaman reallaşdırdığı genişmiqyaslı islahatlara ciddi təsir göstərə bilmədi və bu gün həyata keçirilən struktur islahatları da bunun bariz təcəssümüdür.
İstənilən böhranla mübarizə aparmağa
qadir olan dövlət
Cənab İlham
Əliyevin son illərdə həyata keçirdiyi mütərəqqi
islahatlar ölkəmizin gələcək inkişafını
təmin edəcək güclü iqdisadi baza formalaşdırdı.
İqtisadi islahatlar keyfiyyətcə yeni mərhələyə
qədəm qoydu. Bu islahatlarla Azərbaycan Dünya
Bankının reytinqi əsasında 25-ci pilləyə
yüksəldi. Bu, ən yaxşı investisiya mühitinə
malik olan 25 ölkədən biri olmaq deməkdir. Eyni zamanda Azərbaycan
dünyada ən çox islahat aparan 10 ölkədən biri
elan olundu.
Bu islahatlarla vergi, gömrük
sistemindəki yeniliklər, qeyri-rəsmi məşğulluğun
aradan qaldırılması ilə bağlı vergi sistemində
edilən dəyişikliklər, kölgə iqtisadiyyatına
qarşı mübarizənin gücləndirilməsi, o
cümlədən mikro və kiçik sahibkarlar
üçün yeni vergi güzəştlərinin tətbiqi
həyata keçirildi ki, bu da sahibkarların vergi güzəştlərindən
istifadə imkanlarının genişləndirilməsinə
şərait yaratdı.
Beynəlxalq reytinq təşkilatları,
maliyyə qurumlarının hesabatlarında 2020-ci və 2021-ci
illər üçün Azərbaycanın 3 faizdən
çox iqtisadi artıma nail olacağı
proqnozlaşdırılırdı. Bu da təbii ki,
iqtisadi artım tempinin yüksəlməsi demək idi. Yəni cənab İlham Əliyevin islahatları nəticə
etibarı ilə qarşıdakı illər üçün
Azərbaycana iqtisadi inkişaf baxımından yeni imkanlar
yaratdı.
Əldə edilən bu
imkanlar bütün sahələrdə dəyişikliklərin
baş verməsini təmin etdi və inkişafla bağlı
müsbət dinamikanın əldə olunmasını şərtləndirdi. Ancaq gözlənilmədən
dünyanı çənginə alan qlobal
pandemiya ilə mübarizə tədbirləri bütün
ölkələr kimi Azərbaycan dövləti
üçün də əlavə xərclər yaratdı. İnsan sağlamlığının
qorunmasını hər zaman siyasətinin prioriteti hesab edən
Prezident İlham Əliyev iqtisadiyyatı deyil, vətəndaşın
sağlıq durumunu əsas tutaraq qabaqlayıcı tədbirlərin
görülməsi üçün mühüm qərarlar qəbul
etdi. Ölkədə tez bir zamanda yeni xəstəxanaların,
maska və digər tibbi ləvazimatlar istehsal edən müəssisələrin
tikilməsi, təcili tibbi yardım avtomobillərinin
alınması, habelə maddi yardımların verilməsi,
iş yerlərini və gəlirlərini itirmiş şəxslərə
kompensasiyaların ödənilməsi üçün maliyyə
vəsaiti ayrıldı. Eyni zamanda ölkədə
heç bir sosial layihə təxirə salınmadı. Regionlarda yol infrastrukturu, içməli su təminatı,
yeni sosial iaşə obyektlərinin tikintisi davam etdirildi.
Hazırda digər sosial layihələr həyata
keçirilməkdədir.
Bu layihələrin,
islahatların reallaşması üçün Azərbaycan
heç bir beynəlxalq təşkilatdan maliyyə
yardımı almayıb. Dünya ölkələrinin əksəriyyəti
maddi yardım üçün beynəlxalq maliyyə
qurumlarına müraciət etdiyi halda, Azərbaycan heç
kimdən yardım almadan, öz imkanları hesabına
yaşayır. Hətta dövlətin
xarici borcu da əksər ölkələrlə müqayisədə
aşağı səviyyədədir.
Bütün bunlar, əlbəttə
ki, Prezident İlham Əliyevin iqtisadi islahatlari nəticəsində
əldə edilən bazanın hesabına reallaşır. Dövlət
başçısının söylədiyi kimi, bununla da Azərbaycan
istənilən böhranla mübarizə aparmağa qadir olan
dövlət olduğunu təsdiqləyir.
Müasir
çağırışların tələbi -
iqtisadiyyatın liberallaşdırılması
Ümumiyyətlə, son 17 il ərzində cənab İlham Əliyevin həyata
keçirdiyi islahatlar, ilk növbədə, iqtisadiyyatın səmərəliliyinin
daha da artırılması məqsədlərinə xidmət
edib. Bu istiqamətdə ölkədə
institusional və tənzimləyici çərçivə təkmilləşdirilib,
milli iqtisadiyyatın özəyi olan təsərrüfat
strukturlarında idarəetmənin sağlam prinsiplər əsasında
inkişafı və tam şəffaflaşması
üçün möhkəm zəmin yaradılıb.
Lakin qlobal böhran göstərdi
ki, daha çevik, operativ qərarların qəbul olunması,
korporativ idarəçilikdə yeniliklərin tətbiq edilməsi
və bəzən mərkəzləşdirilmiş siyasətə
üstünlüyün verilməsi yarana biləcək daha
böyük problemlərin qarşısının
alınmasında öz faydasını verə bilər.
Buna görə də,
ölkədə iri dövlət şirkətlərinin maliyyə-təsərrüfat
fəaliyyətində dayanıqlılığının
artırılması, onların gəlir və xərclərinə
nəzarətin daha da gücləndirilməsi, idarəçilik
modelinin təkmilləşdirilməsi və nəticədə
dövlət büdcəsindən daha səmərəli
istifadə olunmasını təmin etmək zərurəti
yaranıb. Bu da, əlbəttə ki, müasir
çağırışlar, yeni trendlər fonunda
iqtisadiyyatın liberallaşdırılması nəticəsində
reallaşa bilər.
Dövlət
başçısı avqustun 6-da keçirdiyi müşavirədə
bu məsələyə toxunaraq vurğuladı ki, son vaxtlar
iqtisadiyyatın liberallaşdırılması istiqamətində
aparılan müzakirələr artıq ciddi addımların
atılmasını, həmçinin özəlləşdirmə
sahəsində daha geniş islahatların
reallaşdırılmasını şərtləndirir. Ona görə
də bu istiqamətdə mühüm addımlar
atılmalıdır.
Avqustun 7-də isə
Prezident struktur islahatları çərçivəsində
daha bir mühüm əhəmiyyət kəsb edən fərman
imzaladı. Bu sənədə əsasən, "Azərbaycan
İnvestisiya Holdinqi” (AİH) yaradıldı və təşkilatın
Nizamnaməsi təsdiq edildi. Fərmanda da
qeyd edilirdi ki, son illər ölkədə sosial-iqtisadi
infrastruktur inkişaf edib, yeni strateji mərhələnin
çağırışlarına adekvat formada qurulan idarəetmənin
çevikliyi artıb. Ötən müddətdə
struktur islahatlarının əhəmiyyətini nəzərə
alaraq dövlət xidmətləri və məhsul istehsalı
sferasının da qabaqcıl prinsiplər əsasında idarə
olunmasına xüsusi önəm verilib. Bu
istiqamətdə iri dövlət şirkətlərinin maliyyə-təsərrüfat
fəaliyyətində dayanıqlılığın
artırılması, onların gəlir və xərclərinə
nəzarətin gücləndirilməsi üçün bir
sıra işlər görülüb, paylarının nəzarət
zərfi dövlətə məxsus hüquqi şəxslərin
idarə olunmasının təkmilləşdirilməsi məqsədilə
mühüm islahatlar həyata keçirilib.
Müasir dövrdə
yalnız azad bazar münasibətlərinin hərtərəfli
inkişafına, dayanıqlı özəl mülkiyyətin
genişlənməsinə, daha sağlam prinsiplərə
söykənən idarəçiliyə əsaslanmaqla iqtisadi
inkişafı sürətləndirmək mümkündür. Buna görə
də dövlətə məxsus müəssisələrin
idarə olunması sisteminin təkmilləşdirilməsi, fəaliyyətinin
səmərəliliyinin və şəffaflığının
artırılması, xərclərini və risklərini
optimallaşdırmaq yolu ilə onların tam
sağlamlaşdırılması istiqamətində struktur
islahatlarının dərinləşdirilməsi tələb
olunur.
İqtisadçılar hesab
edirlər ki, Prezident İlham Əliyevin bu qərarı
post-pandemiya dövrü üçün böyük əhəmiyyət
daşıyır. Çünki indi əsas məqamlardan biri iqtisadi
gücü bərpa etmək və inkişafa nail olmaqdır. Bunun üçün də iqtisadiyyatın
liberallaşdırılması vacibdir.
Bu sistemlə dövlət
müəssisələrinin maliyyə sağlamlığı
və dayanıqlılığını
yaxşılaşdırmaq, maliyyə resurslarının, habelə
xarici borcların cəlb olunmasını səmərəli
meyarlar əsasında idarə etmək mümkün olacaq. Həmçinin
vahid idarəetmə modeli dövlət şirkətlərinin
maliyyə durumlarının
yaxşılaşdırılması istiqamətində tədbirlərin
görülməsini özündə ehtiva edir. Sözügedən islahatlar azad bazar münasibətlərinin
hərtərəfli inkişafına, özəl mülkiyyətin
genişlənməsinə, daha sağlam prinsiplərə
söykənən idarəçiliyə əsaslanmaqla iqtisadi
inkişafı sürətləndirməyə hesablanıb.
Struktur
islahatlarının növbəti uğuru
Azərbaycanda
iqtisadiyyatın liberallaşdırılması, ilk növbədə,
bu sahədə səmərəliliyin artırılmasına səbəb
olacaq. Yəni dövlət müəssisələrinin fəaliyyətinin
səmərəliliyi aydın, ölçülə bilən
və şəffaf səmərəlilik göstəriciləri
vasitəsilə müəyyən olunacaq. Azərbaycan
İnvestisiya Holdinqi dövlət müəssisələrinin
korporativ idarəetmə orqanlarında iştirak etməklə
onların ölkəmizin iqtisadi qüdrətinin daha da
artmasına töhfə verməsini təmin edəcək.
Dövlət müəssisələrinin
əldə etdiyi mənfəət iqtisadiyyatın inkişafına
yönəldiləcək, fəaliyyət göstərdikləri
sahələrə özəl investisiyaların cəlb edilməsi
sürətlənəcək, bu məqsədlə dövlət-özəl
tərəfdaşlığının inkişafı
stimullaşdırılacaq. Həmçinin özəl sektorla
dövlət müəssisələri arasında rəqabətin
ədalətli və bərabər şərtlərlə
aparılması təmin olunacaq və bu qurumlar səmərəli
fəaliyyət göstərməklə milli inkişaf hədəflərinə
nail olunmasına xidmət edəcək. Eləcə
də, iqtisadiyyatın davamlı inkişafının təmin
edilməsi məqsədilə innovasiyalar və rəqəmsallaşma
daha geniş şəkildə tətbiq və təşviq
olunacaq.
Yeni holdinqin
yaradılmasında məqsəd ölkə iqtisadiyyatında
böyük bir hissə təşkil edən dövlət
şirkətlərinin idarə olunmasıdır. Holdinqin
yaradılması, idarəetmədə effektliyin
artırılması, qeyri-neft sahələrinin effektiv idarə
olunması həmin sahələrin inkişafına təkan
verəcək, eləcə də rəqabət qabiliyyətinin
artırılması, maliyyə sağlamlığının
və dayanıqlılığının
yaxşılaşdırılması məqsədlərinə
xidmət edəcək. Bununla da daha vacib
layihələr həyata keçiriləcək və bir o qədər
də əhəmiyyət daşımayan işlərə əlavə
vəsaitlər və izafi xərclər sərf olunmayacaq.
Göründüyü kimi,
Prezident İlham Əliyev qlobal böhran şəraitində həyata
keçirdiyi struktur islahatları ilə iqtisadi və korporativ
idarəetməni daha da modernləşdirir. Dövlət
başçısı çevik, şəffaf, obyektiv
informasiya sisteminə əsaslanan və ayrı-ayrı
strukturları bir tam halında
sinxronlaşdırılmağı bacaran yeni idarəetmə
modeli yaradır.
Bu da onu deməyə əsas
verir ki, Prezident İlham Əliyevin möhkəm təməl
üzərində formalaşdırdığı yeni iqtisadi
konsepsiya böhran şəraitində belə sosial-iqtisadi və
struktur islahatlarının həyata keçirilməsinə
güclü təkan verir. Qlobal böhran şəraitində
İnvestisiya Holdinqinin yaradılması Prezident İlham
Əliyevin struktur islahatlarının məntiqi
davamıdır.
Onu da xatırladaq ki, avqustun
12-də Prezidentin sərəncamı ilə holdinqin
Müşahidə Şurasının tərkibi təsdiq
edilib və avqustun 14-də Müşahidə
Şurasının sədri, Baş Nazir Əli Əsədovun
rəhbərliyi ilə ilk iclas keçirilib. Videomüşavirədə
dövlət başçısının fərmanından irəli
gələn tapşırıqlar - korporativ idarəetmənin
təşkili, səmərəli və şəffaf fəaliyyət,
maliyyə sağlamlığının gücləndirilməsi,
dayanıqlı inkişafın təmini və bəzi təşkilati
məsələlər müzakirə olunub. Verilən tapşırıqların vaxtında və
tam həcmdə icra olunması əsas tələb kimi
qarşıya qoyulub.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.-
2020.- 18 avqust.- S.1; 5.