Türkiyə mətbuatı Hikmət Hacıyevin açıqlamasına geniş yer verib

 

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Ermənistan Xarici İşlər Nazirliyinin Türkiyəyə qarşı ittihamlarla çıxış etməsi ilə bağlı açıqlamasına qardaş ölkənin aparıcı kütləvi informasiya vasitələrində geniş yer verilib.

AZƏRTAC xəbər verir ki, yazılarda dövlətimizin başçısının Türkiyə hərbi heyətini qəbul edərkən vurğuladığı “Azərbaycan və Türkiyə daim bir-birinin yanındadır. Dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın və bağlı olan ölkələr yoxdurfikri də əksini tapıb.

Türkiyə mətbuatı yazır ki, Azərbaycan Prezidentinin köməkçisi “Ermənistanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi təxribatlar zamanı qardaş Türkiyənin Azərbaycana verdiyi qəti dəstəyi, ölkəmizdə keçirilmiş birgə hərbi təlimləri, Türkiyənin Müdafiə naziri başda olmaqla, ordu rəhbərliyinin ölkəmizə səfərini yüksək qiymətləndiririk” deməklə ölkələrimizin münasibətlərini dəyərləndirib.

Diqqətə çatdırılır ki, Türkiyə beynəlxalq hüquqa uyğun olaraq, bölgədə öz haqqını, maraqlarını və mənafeyini qoruyur. Azərbaycan qardaş ölkənin Şərqi Aralıq dənizindəki mövqeyini birmənalı dəstəkləyir.

Prezidentin köməkçisinin açıqlaması Anadolu və İHA xəbər agentlikləri, “Sabah” qəzeti, A HABER televiziya kanalı və digər KİV-lər tərəfindən işıqlandırılıb.

 

Azərbaycan.- 2020.- 19 avqust.- S.3.