İlham Əliyev Azərbaycanın milli
maraqlarını qətiyyətlə təmin edir
Azərbaycan Ordusu döyüş meydanında nəyə qadir olduğunu Tovuz döyüşlərində bir daha nümayiş etdirdi. Ermənistanın siyasi-hərbi rəhbərliyi də bir daha dərk etdi ki, respublikamızın qarşısında kifayət qədər zəif və cılızdırlar. Ordumuzun bu zəfəri artan hərbi gücümüzün Aprel döyüşlərindən sonra növbəti təsdiqi oldu.
Ermənistanı küncə sıxışdıran hücum diplomatiyası
Tovuz döyüşlərindən sonra beynəlxalq ictimaiyyətdən gələn reaksiyalar bir çox mətləblərə yeni işıq saldı ki, bunlardan biri də Azərbaycanın müstəqil siyasət yürüdən dövlət olmasıdır. Bu siyasətin nəticəsi idi ki, ayrı-ayrı dövlətlər, beynəlxalq təşkilatlar respublikamızın ədalətli mövqeyini birmənalı şəkildə dəstəkləyən qətiyyətli bəyanatlar verdilər. BMT-dən sonra dünyanın ən böyük siyasi təşkilatı olan Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosu Ermənistanın təxribatı ilə bağlı kommünike qəbul etdi. İslam Konfransı Təşkilatı, Türk Şurası Ermənistanın işğalçı siyasətini qətiyyətlə pislədilər.
Erməni təəssübkeşliyinin güclü olduğu Qərb ölkələrindən Ermənistanı müdafiə edən hansısa fikir eşidilmədi. Ermənistanın təmsil olunduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı da onu müdafiə edən hansısa bəyanat vermədi.
Təbii ki, beynəlxalq səviyyədə əldə olunan hər bir uğurun kökündə Azərbaycanın yürütdüyü müstəqil siyasət, Prezident İlham Əliyevin müəyyən etdiyi hücum diplomatiyasının inamla həyata keçirilməsi dayanır. Bu siyasət sürətlə öz hədəflərinə doğru irəliləyir, ayrı-ayrı dövlətlərin, təşkilatların, dövlət və siyasi xadimlərin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminə olan baxışlarını dəyişərək, onların baş verənlərə obyektiv münasibət bildirmələrinə səbəb olur. Nəticə etibarilə bütün bunlar torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində aparılan danışıqlarda Azərbaycanın siyasi və hüquqi baxımdan mövqelərini möhkəmləndirən mühüm amillərdir.
Hər bir məsələ dövlət
başçısının xüsusi nəzarətindədir
Bütövlükdə Azərbaycanın xarici siyasət kursunun ən mühüm reallığı odur ki, Prezident İlham Əliyev beynəlxalq arenada ölkəmizin milli maraqlarını qətiyyətlə və xüsusi prinsipiallıqla müdafiə edir. Prezident
İlham Əliyevin bir neçə gün əvvəl Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınması ilə bağlı Rusiya Prezidenti Vladimir Putinlə apardığı telefon danışığı bir daha göstərdi ki, Azərbaycanın milli maraqlarına təsir edən hər bir məsələ dövlət başçısının xüsusi nəzarətindədir və bununla əlaqədar istənilən ölkə və beynəlxalq qurum qarşısında qətiyyətlə məsələ qaldıra bilir.
Qeyd edək ki, telefon danışığı zamanı İlham Əliyev Ermənistan-Azərbaycan sərhədində baş vermiş toqquşmalar başa çatandan sonra iyulun 17-dən bu günə kimi Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınmasının intensiv xarakter almasının Azərbaycan ictimaiyyətində narahatlıq və ciddi suallar doğurduğunu Rusiya Prezidentinin diqqətinə çatdırmışdır. Cənab Prezident Ermənistan-Azərbaycan sərhədində baş vermiş hərbi toqquşmadan dərhal sonra Rusiyadan Qazaxıstan, Türkmənistan və İran İslam Respublikasının hava məkanından istifadə edərək bu günə qədər Ermənistana daşınan hərbi təyinatlı yüklərin həcminin 400 tondan artıq olduğunu bildirmiş və telefon zənginin əsas məqsədinin bu məsələnin aydınlaşdırılması olduğunu vurğulamışdır.
Ümumiyyətlə, bu, Rusiyanın Ermənistanı
silahlandırması ilə bağlı ilk
fakt deyil. Hələ
1990-cı illərin ortalarından başlayaraq
bununla bağlı faktlar
məlum idi. Qətlə yetirilən Rusiya Dövlət Dumasının deputatı, general-leytenant Lev Roxlin bununla bağlı
1997-ci il aprelin 2-də
dumanın qapalı iclasında ifşa xarakterli çıxış da
etmişdi.
Minsk qrupu öz funksiyalarını
yerinə yetirə bilmir
Son dövrlərdə Azərbaycan-Rusiya əlaqələri yüksələn xətt üzrə sürətlə inkişaf edib. Dövlət başçılarının qarşılıqlı səfərləri iki ölkə arasında əməkdaşlığın genişlənməsinə güclü təkan verib. Son illərdə iki dövlətin prezidentləri dəfələrlə görüşüblər. Bütün bu görüşlərin hər birində müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi, layihələrin və təşəbbüslərin həyata keçirilməsi müzakirə edilib, bir sıra mühüm sənədlər imzalanıb. Bu mənada prezidentlərin siyasi iradəsi və birgə səyləri iki ölkə arasında bütün sahələrdə əməkdaşlığın genişlənməsi üçün möhkəm zəmin yaradıb. İldən-ilə yüksələn xətt üzrə inkişaf edən dövlətlərarası münasibətlər hazırda strateji səviyyəyə yüksəlib. Bu gün iki ölkə arasında münasibətlər beynəlxalq əməkdaşlıqdan tutmuş iqtisadi və hərbi sahələrə qədər geniş spektri əhatə edir.
Eyni zamanda müstəqil siyasət yürüdən Azərbaycan Qərbin siyasi və iqtisadi sanksiyaları ilə üzləşən Rusiyaya daim dəstək verib. Ölkəmiz anti-Rusiya xarakterli təşəbbüslərə heç vaxt qoşulmayıb. Odur ki, bu baxımdan son vaxtlarda Ermənistana intensiv şəkildə silahların daşınması Azərbaycan-Rusiya münasibətlərinin ruhuna tamamilə ziddir. Qərbin ciddi sanksiyaları şəraitində Rusiya ilə tərəfdaşlığa sadiq qalan ölkəmizin bu cür münasibət görməsi haqlı olaraq Azərbaycanda narazılıq yaradır. Bu, faktiki olaraq işğalçı ölkəyə açıq-aşkar dəstək vermək deməkdir.
Digər tərəfdən, Rusiyanın ardıcıl şəkildə Ermənistanı silahlandırması onun ATƏT-in Minsk qrupunun həmsədri statusuna, üzərinə düşən öhdəliklərə və 2009-cu il iyulun 10-da "Böyük səkkizlik”in İtaliyanın Akvil şəhərində keçirilən toplantısı çərçivəsində imzalanan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı birgə bəyanatda və 2010-cu il iyunun 26-da ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin prezidentlərinin Kanadanın Muskok şəhərində qəbul etdikləri birgə bəyanatda əksini tapmış mövcud status-kvonun qəbuledilməzliyi prinsipinə ziddir.
Ermənistanın silahlandırılması münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həllinə imkan vermir və mövcud status-kvonun saxlanmasına xidmət edir. Bu hadisə həm də onu göstərir ki, ATƏT-in Minsk qrupu üzərinə götürdüyü öhdəlikləri yerinə yetirə bilmir. Həmsədr ölkələrdən birinin birtərəfli mövqe tutaraq işğalçıya dəstək verməsi, digərlərinin buna göz yumması Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bütün hüquqi normaların tapdalanmasından başqa bir şey deyil. Buna görə də ATƏT-in Minsk qrupunun fəaliyyəti ilə bağlı Azərbaycanın tənqidləri tamamilə obyektiv və ədalətlidir. Ona görə də səmərəsiz bir quruma çevrilən Minsk qrupunun fəaliyyətinin yenidən təşkili, o cümlədən Türkiyənin həmsədr ölkə qismində prosesə cəlb edilməsi labüddür. Çünki reallıq göstərir ki, indiki vəziyyətdə Minsk qrupu öz funksiyalarını yerinə yetirə bilmir.
Rəşad CƏFƏRLİ
Azərbaycan.- 2020.- 19 avqust.-
S.1; 3.