Azərbaycan dünya ölkələri ilə geniş humanitar əlaqələrə malikdir

 

19 Avqust Ümumdünya Humanitar Yardım Günüdür

 

2003-cü il avqustun 19-da BMT-nin Bağdaddakı qərargahında baş verən partlayış nəticəsində 22 nəfər həlak olmuşdu. Həlak olanlar arasında görkəmli xadim Serjiu Vieyra di Mellu da var idi. Bu səbəbdən 2008-ci il dekabrın 11-də BMT Baş Məclisi avqustun 19-nu Ümumdünya Humanitar Yardım Günü elan edib.

Ümumdünya Humanitar Yardım Günü öz həyatlarını təhlükə altına qoyaraq başqalarının həyatını xilas etmək və yaxşılaşdırmaq üçün çalışan bütün humanitar yardım işçilərinə həsr olunur. Xatırladaq ki, son illər Bakının evsahibliyi etdiyi dünya səviyyəli tədbirlər sırasında beynəlxalq hümanitar forumlarının da xüsusi rolu var. Odur ki, hər il bu tarixi gün Azərbaycanda qeyd edilir. Həmin gün dünyanın ən böyük dövlətlərinin belə yeri gələndə istər iqtisadi, istər siyasi, istərsə də humanitar yardım baxımından bir-birinin dəstəyinə böyük ehtiyacı olur. Humanitar ehtiyacların səbəbləri müharibələrdən tutmuş torpaqresurslar uğrunda münaqişələrə, iqlim dəyişikliyi ucbatından torpaq sahələrinin və dəniz sahillərinin eroziyaya uğramasından, zəlzələ, torpaq sürüşməsi, habelə tufan kimi qəfil və gözlənilməz təbii fəlakətlərə qədər müxtəlif ola bilir. Təbii fəlakətlərdən əziyyət çəkən insanların sayı son on illər xeyli artıb. 2020-ci il həm də Azərbaycanla Birləşmiş Millətlər Təşkilatı arasında əlaqələrin 28-ci ildönümüdür ki, bu da ölkədə sülhün və təhlükəsizliyin, inkişafın və insan hüquqlarının təşviqi məqsədini daşıyan tərəfdaşlıq münasibətlərində əlamətdar hadisədir. Bu münasibətlər Ermənistanla həll olunmamış münaqişənin getdiyi dövrdə başlayıb. Bu dövrdə Azərbaycandan və xarici ölkələrdən olan humanitar işçilər münaqişənin mülki qurbanlarının müdafiəsi və onlara yardım göstərilməsi üçün əl-ələ verərək çalışıblar.

Ekspertlərin fikrincə, hər il təxminən 211 milyondan çox insan təbii fəlakətlərin mənfi təsirinə məruz qalır. Dünyada əhalinin sayının, iqtisadi böhranın, ekoloji və sağlamlıq problemlərinin, aclıq dərəcəsinin, müharibə və təbii fəlakətlərin çoxalması, qiymətlərin bahalaşması humanitar yardım işçilərinin fəaliyyətinin önəmini daha da artırır. Humanitar yardım qrupları aclıqdan, müharibələrdən, cinsi ayrı-seçkilik və zorakılıqdan, təbii fəlakətlərdən əziyyət çəkənlərə, o cümlədən qaçqın və məcburi köçkünlərə, qocalara, uşaqlara, kimsəsizlərə, təmiz suya ehtiyacı olanlara kömək əlini uzadırlar.

Humanitar yardım problemi ilə Azərbaycan Ermənistanın hərbi təcavüzünə uğradıqdan sonra üzləşmişdir. Qaçqın və məcburi köçkün problemi ortaya çıxandan bəri (1992-ci ildən başlayaraq) BMT-nin Ali Komissarlığı, BMT agentlikləri, ABŞ-ın, Avropanın, Türkiyənin, İranın, ərəb ölkələrinin humanitar təşkilatları Azərbaycanda 800 milyon dollar məbləğində yardım proqramları həyata keçirmişlər. Ən çətin bir dövrdə - ötən əsrin 90-cı illərinin əvvəllərində bu yardımlar olmasaydı, ölkəmizdə ciddi çətinliklər yaranardı. Bu təşkilatlar və donor ölkələr indiyədək məcburi köçkünlər üçün 8 mindən çox sadə evlər tikib, FüzuliAğdam rayonlarının işğaldan azad edilmiş hissəsində 700 ev, 600 ictimai bina təmir olunub, 60 orta məktəb binası, 470 məktəb binası və səhiyyə obyekti üçün əlavə otaqlar inşa ediblər. Onlar həmçinin 250 min məcburi köçkün üçün gəlir əldə etmək mənbələri və icmanın inkişaf proqramlarını yaradıblar.

Azərbaycan öz müstəqilliyinə qovuşandan sonra ölkədə xeyli sayda beynəlxalq humanitar təşkilat fəaliyyət göstərməyə başladı. Prezident İlham Əliyevin apardığı uğurlu daxilixarici siyasət nəticəsində Cənubi Qafqazın lider dövlətinə çevrilən Azərbaycan iqtisadiyyatın bütün sahələrində güclü inkişaf əldə etdi. Bundan sonra humanitar yardımların istiqaməti də dəyişdi. 2000-ci ildən beynəlxalq təşkilatların humanitar yardımları inkişaf proqramları ilə əvəzlənməyə başlayıb.

Dünyanı başına götürən dəhşətli COVID-19 pandemiyasına qarşı mübarizədə humanitar yardımlara ehtiyacın labüdlüyü, vacibliyi və əhəmiyyəti göz önündədir. Qürurla deyə bilərik ki, nəinki COVID-19 pandemiyasının yayılmasının qarşısının alınmasında, ümumiyyətlə, bu sahədə Azərbaycan dünyaya örnək göstərilən dövlətlərdəndir. Azərbaycan hansı səbəbdən olursa-olsun humanitar yardıma ehtiyac duyan ölkələrə dərhal təmənnasız kömək əlini uzadır. Pandemiya dövründə dövlətimiz bugünə kimi 29 ölkəyə yardım edib. Ehtiyacı olan ölkələrə 100 tonlarla humanitar yardım göndərib. Bu yardımlar öz növbəsində çoxlu sayda insanın həyatının xilasına yönəlib.

Bu, xalqımızın humanistliyindən, xeyirxahlığından irəli gəlir. Hələ XX əsrin əvvəllərində Əfqanıstanda taun xəstəliyindən dərman çatışmazlığı ucbatından insanlar kütləvi şəkildə qırılırdılar. Bunu eşidən böyük xeyriyyəçi - Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyev 300 min ampula vaksin alaraq Pakistana göndərir. Hələ də yaddaşlarda yaşayan bu humanitar yardım hesabına 100 mindən çox insan bugünkü koronavirusa bənzər qəfil ölümdən qurtara bilmişdir.

Digər tarixi misal: 1921-ci il mart ayının əvvəllərində Türkiyə Cümhuriyyətinin başqanı Mustafa Kamal Paşa Azərbaycana - Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanova məktub yazaraq ondan borc pul istəyir. Nərimanov məktubla tanış olan kimi Mustafa Kamal Paşaya dərhal 500 kq qızıl göndərir. Daha sonra Rusiyadan aldığı 10 milyon qızıl pulu da Ankaraya çatdırır. Bu yardımlar döyüş içində olan Türkiyəyə kömək olur. Bu yaxşılaşmanı sürətləndirmək üçün Azərbaycan hökuməti öz istəyi ilə könüllü şəkildə 1921-ci il martın 23-də Türkiyəyə Azərbaycan xalqının hədiyyəsi olaraq 30 sistern neft, 2 sistern benzin, 8 sistern yağ göndərir. Bundan əlavə, 1922-ci ildə Batum yolu ilə 9 min tondan çox kerosin və 350 ton benzin yardımı edir.

Nərimanov Mustafa Kamal Paşaya yazdığı cavab məktubunda qazanılan uğurlara görə türk xalqını təbrik edərək sonda əlavə edir ki, "Paşam, bizdə qardaş qardaşa borc verməz. Qardaş hər zaman qardaşının əlindən tutar. Biz qardaşıq, hər zaman əlinizdən tutacaqtutmağa davam edəcəyik”.

Dünya şöhrətli siyasətçi, Ümummilli Lider Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətdə olduğu illərdə müharibə və münaqişələrdən, qəza və təbii fəlakətlərdən zərər çəkən ölkələrə, xalqlara, ayrı-ayrı insanlara dəfələrlə dövlət səviyyəsində humanitar yardımlar göstərmişdir. Beynəlxalq humanitar yardımlar sırasında Heydər Əliyev Fondunun həyata keçirdiyi tədbirlərin və zərərçəkmişlərə etdiyi yardımların coğrafiyası daha genişdir.

Xalqımızın milli mentalitetinə xas bu ənənəni bu gün Azərbaycan Prezidenti İlham Əliyev, eləcə də Birinci vitse-prezident Mehriban xanım Əliyeva uğurla davam etdirir. Bu uğurların bariz nümunəsi kimi cənab İlham Əliyev Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə yeni təyin olunan vitse-prezidenti xanım Anna Byerde, Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus və bankın digər nümayəndələri ilə keçirdiyi videokonfransda demişdir: "Pandemiya zamanı biz qlobal səviyyədə çox fəal çalışdıq. Biz artıq 29 ölkəyə humanitar yardım göstərmişik. Eyni zamanda hazırda biz 120 ölkənin üzv olduğu Qoşulmama Hərəkatına sədrlik edirik və həmin təşkilatın onlayn Zirvə görüşünü keçirdik. Həmin tədbir çox uğurlu oldu. Biz Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar həcmində maliyyə yardımı göstərmişik. Bu, bizim beynəlxalq öhdəliklərimizin bir hissəsi idi”.

Dünyada qarşıdurma və müharibələr 68 milyondan çox insanın doğma yurdlarından didərgin düşməsinə, evsiz qalmasına səbəb olub. Uşaqlar və kişilər məcburi olaraq silahlı qruplara cəlb edilir, qadınlar təcavüzə və istismara məruz qalırlar. Humanitar yardım fəalları belə insanlara həyatlarını yenidən qurtarmaq üçün köməklərini əsirgəmirlər. Münaqişə zonalarında, təbii fəlakətlərin baş verdiyi ərazilərdə yardıma ehtiyacı olanlara vaxtında kömək etmək üçün bu fəallar bəzən həyatlarını riskə atırlar. Azərbaycan Respublikası da son 15 ildə bu humanitar yardım siyasətinin önəmli iştirakçılarından birinə çevrilib. Bir çox hallarda həmin yardımlar fəlakətlə üzləşmiş xarici ölkənin müraciəti əsasında təcili şəkildə həyata keçirilir. Digər hallarda isə humanitar yardımlar əvvəlcədən qəbul edilmiş yardım təyinatlı proqramlar çərçivəsində davamlı olaraq humanitar yardıma ehtiyacı olan xarici ölkələrə göndərilir. Bu tarixi gündə qürurla deyə bilərik ki, Azərbaycan dünya ölkələri ilə geniş humanitar yardım əlaqələrinə malikdir. Əlbəttə, hər kəsin istəyi budur ki, insanları bu humanitar yardıma əl açmağa vadar edən müharibələr, münaqişələr tezliklə sona yetsin, heç kimdən asılı olmadan baş verən təbii fəlakətlərdən, seldən, daşqından, zəlzələdən, meşə yanğınlarından, habelə yol-nəqliyyat, təyyarə və qatar qəzalarından zərər çəkən insanların sayı azalsın. Bu humanitar yardımlar bayram sovqatları ilə əvəz olunsun.

 

Rəhman SALMANLI

 

Azərbaycan.- 2020.- 19 avqust.- S.4.