Qətiyyətli Sərkərdə, güclü
ordu, prinsipial mövqe
İlham Əliyevin yaratdığı Cənubi Qafqazın ən
güclü ordusu Ermənistanın
cəbhə xəttindəki istənilən təxribatına layiqli cavab verəcək
Zaman-zaman Azərbaycana qarşı müxtəlif təxribatlar törətməklə həm danışıqlar prosesini uzatmağı, həm də səfalət içərisində yaşayan ölkə ictimaiyyətinin ciddi narazılıqlarının qarşısını almağı terrorçu siyasətinin "ana xətti” kimi müəyyənləşdirən Ermənistan hakimiyyəti son günlərdə yeni avantüralara başlayıb.
Təbii ki, yenə də gərginliyin yaradılmasında məqsəd daxili problemlərdən diqqəti yayındırmaqdır. Çünki bir tərəfdən ölkədə həm siyasi, həm də sosial-iqtisadi gərginlik getdikcə böyüyür. Eyni zamanda N.Paşinyanın koronavirus pandemiyası ilə mübarizədə hər hansısa bir proqramının mövcud olmaması yoluxma və ölənlərin sayının getdikcə artması ilə nəticələnir. Ermənistan həm virusa yoluxanların, həm də ölənlərin sayına görə Cənubi Qafqazda liderdi.
Bir tərəfdən Paşinyanın BBC televiziyasının "HARDTalk” proqramında özünü növbəti dəfə rüsvay etməsi, digər tərəfdən daxili dramatik vəziyyət, pandemiyanın ağır fəsadları ölkədə ciddi etirazlara səbəb olub. Faşist ideologiyasının təbliğatçıları isə bu rəzillikdən qurtuluşu yenə də təxribatlar törədib əhalinin fikrini yayındırmaqda görürlər.
Uşaq qatillərinin standart
praktikası...
Bu dəfə vəziyyəti gərginləşdirməyə xidmət edən təxribatlarla bağlı ilk tapşırığı Dağlıq Qarabağdakı qondarma rejimin başçısı Araik Arutyunyan verib. Bu şəxsin Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin vurula biləcəyi ilə bağlı sərsəm fikirləri əlbəttə ki, Azərbaycan ictimaiyyətində narahatçılıq yaratmaq məqsədini güdür. Guya xalq bundan ciddi narahat olacaq və ölkədə gərginlik yaranacaq.
Lakin bu terrorçu qruplaşmanın üzvləri yaxşı bilirlər ki, Azərbaycan xalqı təcavüzkarın hansı hərbi "gücə” malik olduğundan yaxşı xəbərdardır. Əgər Ermənistanda Gəncəni vurmaq cəsarəti var idisə, Aprel və Tovuz döyüşlərində bunu nədən reallaşdırmadı?!
Onların belə bir hərbi imkanları olsaydı, erməni vandalizmi özünü bir daha göstərərdi. Çünki uşaq qatillərinin standart praktikası yalnız mülki obyektləri və yaşayış məntəqələrini hədəfə almaqdır. 2016-cı il aprel hadisələri, 2 yaşlı Zəhranın nənəsi ilə birgə həlak olması, Tovuz istiqamətində baş vermiş döyüş toqquşmaları zamanı da Ermənistan silahlı qüvvələri tərəfindən mülki obyektlərin hədəfə alınması və dinc sakinlərin qəsdən öldürülməsi bunu bir daha təsdiqləyir.
Təəssüfləndirici haldır ki, terrorçu hakimiyyətin bu vəhşilikləri dünya birliyinin gözü qarşısında baş verir. Yenə də təcavüzkara qarşı heç bir sanksiya tətbiq edilmir. Münaqişənin nizamasalınma prosesinə cəlb edilən ATƏT-in Minsk qrupunun həmsədrləri də hər zaman eyni ampluadadırlar. Elə ona görə işğalçı bu cəzasızlıq mühitindən lazımınca yararlanaraq hərbi təxribatlarından əl çəkmir.
Görəsən qondarma rejimin rəhbərinin son "hədəsi” ilə bağlı həmsədrlərin indiyədək susqun qalmasının səbəbi nədir?! Əgər Azərbaycan tərəfindən hər hansı rəsmi şəxs Ermənistan ictimaiyyətini narahat edən fikir səsləndirsəydi, yəqin ki, onlar indiyədək bir neçə etiraz bəyanatı yaymışdılar.
Ona görə də Azərbaycan xalqının haqlı narazılığı başa düşüləndir. Ölkə ictimaiyyəti, həmçinin siyasi ekspertlər də hesab edirlər ki, həmsədrlərin regiona turist xarakterli səfərləri yalnız Ermənistanın maraqlarına xidmət edir.
İşğalçı sülh
istəmir, təkbətək savaşdan
isə qorxur...
Bu təxribatlar bir daha təsdiq edir ki, Ermənistan məsələnin sülh yolu ilə həllində maraqlı deyil. Təbii ki, sülh istəməyən ölkənin, eyni zamanda, Azərbaycanla təkbətək savaş aparmağa nə hərbi gücü, nə də cəsarəti var. Əgər olsaydı, Prezident İlham Əliyevin bu ölkənin rəhbərliyinə ünvanladığı "Gəl bizimlə təkbətək vuruş, təkbətək, baxaq görək bunun axırı nə olacaq” mesajından sonra hər hansısa bir qərar verərdi.
İşğalçının bu mesaj qarşısında acizliyi bir daha təsdiq etdi ki, bu ölkə Azərbaycanla təkbətək savaşdan qorxur. Çünki ermənilər yaxşı bilirlər ki, ən müasir hərbi texnika ilə təchiz edilmiş Azərbaycan Ordusu qarşısında bir gün belə duruş gətirə bilməzlər, Aprel, Günnüt, Tovuz döyüşlərində olduğu kimi.
Son hərbi əməliyyatların da ən mühüm reallığı növbəti dəfə Azərbaycanın hərbi üstünlüyünün təsdiqidir. Təxribatın qarşısının alınması, tərəflərin həyata keçirdiyi əməliyyatların nəticəsi və keyfiyyəti Azərbaycanın müasir döyüş imkanları baxımından Ermənistandan dəfələrlə güclü olduğunu göstərir. Azərbaycanın dəqiq, yüksək və qarşısıalınmaz zərbə gücünə malik müasir silahlara sahib olması və döyüşlərdə bunun az bir hissəsindən istifadə edərək düşmənə ağır zərbələr vurması Ermənistan tərəfində daim dərin təlaş və narahatlıq yaradır.
Bunun ardınca isə Azərbaycanla qardaş Türkiyə Respublikasının ordularının birgə təlimləri həm Ermənistana, həm də onun havadarlarına növbəti mesaj oldu. İki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, həmçinin hərbi aviasiya və hava hücumundan müdafiə vasitələrinin cəlb edildiyi hərbi təlimlər Ermənistanın siyasi-hərbi dairələrində ciddi narahatlıqla qarşılandı. Ermənistanın hərbi-siyasi dairələrindən səslənən fikirlər də göstərdi ki, Azərbaycan-Türkiyə birgə təlimləri düşmən ölkəni ciddi şəkildə təşvişə salıb.
Dünyanın 50 ən güclü
ordusu sırasında
Əlbəttə ki, Türkiyə kimi böyük dövlətin ordusu ilə birgə hərbi təlimlərin keçirilməsi Azərbaycan Ordusunun ən müasir döyüş imkanlarını mənimsəməsində böyük rol oynayır.
Eyni zamanda Silahlı Qüvvələrimizin tez-tez həyata keçirdiyi hərbi təlimlər düşmənin dincliyini pozan əsas amillərdən biridir. Nəticələr göstərir ki, ordumuzun bütün bölmələri qarşısında dayanan vəzifələri layiqincə icra etməyə qadirdir. Hazırda Cənubi Qafqazın ən qüdrətli hərbi gücünə malik Azərbaycan Silahlı Qüvvələri dünyanın 50 ən güclü ordusu sırasında yer alır.
Bu gün 102 yaşlı Azərbaycan Ordusu son 17 il ərzində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında daha da qüdrətlənib. Dövlət başçısı təhlükəsizlik siyasətini həyata keçirən və bu istiqamətdə praktik fəaliyyət göstərən orqan və qurumlar içərisində, ilk növbədə, ölkəmizin hərbi təhlükəsizliyinin qarantı olan ordu quruculuğu və Silahlı Qüvvələrin yüksək döyüş hazırlığı səviyyəsinə gətirilməsi istiqamətində çox gərgin, səmərəli və məqsədyönlü iş aparıb və yenə də aparmaqdadır.
Çünki Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxladığı bir vaxtda qarşıda dayanan əsas vəzifələrdən biri ordunun gücləndirilməsi, döyüş qabiliyyətinin daim artırılması, modernləşməsi, ən son hərbi texnologiyalara yiyələnməsidir. Bundan irəli gələrək Azərbaycanın maliyyə imkanlarının artması nəticəsində ötən illərdə ordumuzun döyüş qabiliyyətinin yüksəldilməsi üçün bu sahədə qabaqcıl dövlətlərlə uğurlu əməkdaşlıq həyata keçirilib. İstər quru qoşunlarının, istər hərbi hava qüvvələrinin, istərsə də hava hücumundan müdafiə sistemlərinin döyüş imkanları ən müasir tələblər səviyyəsinə çatdırılıb. Bu mənada inkişafın Azərbaycan nümunəsinin əsas göstəricilərindən biri də ordumuzun qüdrətlənməsi, döyüş qabiliyyətini artırmasıdır.
Hazırda Cənubi Qafqazın ən qüdrətli ordusuna malik Azərbaycanın Silahlı Qüvvələri döyüş hazırlığına görə MDB məkanında ön sıralarda gedir. Azərbaycan vətəndaşları Silahlı Qüvvələrimizdə baş verən keyfiyyət və kəmiyyət dəyişikliklərini ordumuzun keçirdiyi təntənəli hərbi paradlarda, təlimlərdə də görüblər. Təsdiq olunub ki, Azərbaycan Ordusu arsenalını ən modern silah və digər hərbi texnika ilə zənginləşdirir. Qürur doğuran hal odur ki, bu gün dünyanın hərbi baxımdan inkişaf etmiş dövlətlərinin malik olduqları strateji silahlar Azərbaycanda var.
Bu gün Azərbaycanın hərbi sənaye kompleksi də formalaşıb. Azərbaycan Cənubi Qafqazda öz ordusunu daxili imkanları hesabına hərbi texnika və silah-sursatla təchiz etmək gücünə malik olan yeganə ölkədir. Ölkəmizdə son illərdə formalaşan və dinamik templə inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla ordumuzu əhəmiyyətli dərəcədə təchiz edir.
Bütün bunlar göstərir ki, Azərbaycanda ordu quruculuğu sahəsində aparılan islahatlar kompleks şəkildə həyata keçirilir. Həm ordunun arsenalına ən modern silahlar daxil edilir, həm qoşun növlərinin döyüş qabiliyyəti artırılır, həm də hərbçilərin sosial şəraiti yaxşılaşdırılır. Bütün bunlar cənab İlham Əliyevin Ali Baş Komandan kimi əzmkar fəaliyyətinin daha bir əməli nəticəsidir.
Bütün bunlara əsaslanaraq əminliklə deyə bilərik ki, bu gün istər hərbi müstəvidə, istərsə də diplomatik sferada Azərbaycan böyük üstünlüyə malikdir. Ermənistan danışıqlar prosesini uzatmaq üçün nə qədər təxribata əl atacaqsa, hər zamankı kimi layiqli cavablarını alacaqlar. Əlbəttə ki, düşmənin bu təxribatlarla status-kvonu saxlamaq istəyi də çox çəkməyəcək. Danışıqlar yenə də nəticəsiz qalacaqsa, Azərbaycan Ordusu öz sözünü deyəcək.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.- 2020.- 20 avqust.-
S. 1; 4.