Gələn il
“Abşeron” yatağından ilk qazın əldə olunacağı gözlənilir
Xəzərin Azərbaycan sektorundakı "Abşeron” qaz-kondensat yatağından hasilatın 2021-ci ildə başlanacağı nəzərdə tutulur. Bu, son illərdə kəşf olunmuş ən perspektivli yataqlardan biridir. Yatağın işlənməsində SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) və Fransanın tanınmış "Total” şirkəti tərəfdaşlıq edirlər.
"Abşeron” layihəsi hazırki mərhələsinə sınaqlardan keçərək çatmışdır. Belə ki, bu yatağın kəşf olunmasının diqqətçəkən tarixçəsi var. Hələ keçən əsrin 90-cı illərində "Abşeron”un kəşfiyyat işlərində Azərbaycan mütəxəssisləri bir xarici şirkətlə tərəfdaşlıq şəraitində çalışmışlar. Lakin işlər uğursuzluqla nəticələnmişdi. Geoloqlarımız isə yatağın perspektivli olduğu barədə fikirlərində işrarlı idilər. SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə hələ o zaman "Abşeron”un ən azı 300 milyard kubmetr qaz ehtiyatı olduğunu söyləmişdi.
Bu ilin yanvar ayında Xoşbəxt Yusifzadənin 90 illik yubileyi münasibətilə keçirilən mərasimdə Prezident İlham Əliyev "Abşeron”un salnaməsini xatırlayaraq demişdir: "1997-ci ildə "Abşeron” yatağı üzrə kontrakt imzalanandan sonra seysmik işləri aparılmışdı və kəşfiyyat quyusunun yeri müəyyən edilmişdi. Xoşbəxt müəllim də o vaxt xarici tərəfdaşlara demişdi ki, onlar quyunun yerini səhv seçiblər, orada heç bir ehtiyat olmayacaq. Onlar da dedilər ki, yaşlı kişidir, bizim seysmik qurğularımız, mütəxəssislərimiz, minlərlə işçimiz, milyardlarla dollar ticarət dövriyyəmiz var, kapitallaşdırmamız 10 milyardlarla ölçülür. İndi bir geoloq burada nə isə deyir. Əhəmiyyət vermədilər və peşman oldular. Çünki onlar Xoşbəxt müəllimə qulaq asmadılar, quyunu qazdılar və o da boşa çıxdı. Beləliklə, müqaviləyə xitam verildi və onlar da məcbur olub Azərbaycandan, o yataqdan çıxdılar. Amma ondan bir neçə il sonra başqa bir şirkət "Abşeron” yatağına maraq göstərdi. Yenidən kontrakt imzalandı, kəşfiyyat quyusunun yeri düzgün seçildi və böyük ehtiyatlar aşkarlandı”.
Beləliklə, indi mütəxəssislərimiz "Abşeron”da "Total” şirkəti ilə birgə uğurlu iş aparırlar. Yəni 2009-cu il fevralın 27-də SOCAR-la "Total” arasında Xəzərin dərin sularında yerləşən "Abşeron” bloku üzrə Hasilatın Pay Bölgüsü Sazişi (HPBS) imzalandı. 2011-ci il sentyabrın 1-də isə "Abşeron”un Kəşfiyyat, İşlənmə və HPBS-yə uyğun olaraq kəşfiyyat dövrü ərzində operator qismində çıxış edən "Total E & P Absheron” Azərbaycanın bu dəniz blokunda iri qaz yatağının aşkarlandığını bildirdi. 2017-ci ilin fevralında layihənin işlənmə proqramı təsdiq edildi.
"Abşeron” bloku Bakıdan 100 kilometr aralıda, Xəzərdə suyun 500 metr dərinliyində yerləşir. Birinci quyunun qazılmasından sonra aparılan araşdırmaların nəticələri burada zəngin qaz və kondensat ehtiyatlarının olduğunu təsdiq etmişdir. Ərazidə hərəkət edən layların, qaz tərkibli dayaz təbəqələrin, dərinliklərdə yüksək təzyiqin və palçıq vulkanlarının olması işlərin gedişinə texniki maneələr törədir. Təhlükəsiz istehsalat mühitinə nail olmaq üçün bu amillərlə bağlı tektonik hərəkətlər xüsusi dizayn və mühəndis işləri tələb edir. Lakin çətinliklər yataqda çalışan mütəxəssislərin bilik və səriştəsi sayəsində məharətlə aradan qaldırılır.
Yatağın işlənməsi üçün dəniz və quruda geotexniki və geofiziki, eləcə də meteoroloji və topoqrafik məlumatlar toplanmışdır. Bu araşdırmalar həyata keçirilərkən sosial sahəyə və ətraf mühitin mühafizəsinə dair tələblərə ciddi riayət edilmişdir.
Tədqiqatlar aparıldıqdan sonra "Abşeron” yatağının Erkən Hasilat Sxemi əsasında işlənməsi qərara alınmışdır. Bu sxem sualtı quyunun dayaz yerlərdə Neft Daşlarının yaxınlığındakı qəbuledici platformaya qoşulmasına əsaslanır. Burada qaz mayedən ayrılacaq, mavi yanacaq və kondensat SOCAR-ın mövcud infrastrukturu ilə nəql olunacaq. Qaz yerli bazara göndəriləcək, kondensat isə BTC neft kəmərinə vurulacaq.
2018-ci ilin fevral ayında Ümummilli Lider Heydər Əliyevin adını daşıyan qazma qurğusu "Abşeron” yatağında işə başlamışdır. Beləliklə, indi Azərbaycanın neft-qaz sənayesi "Abşeron”dan hasilatın əldə olunacağı kimi mühüm hadisənin ərəfəsindədir.
Bu il avqustun 10-da "Qarabağ” yatağında quraşdırılacaq stasionar dəniz özülünün əsas hissələrindən birinin - dayaq blokunun Xəzərə yola salınmasında iştirak edən Prezident İlham Əliyev qurğu ilə tanışlıqdan sonra Azərbaycan Televiziyasına verdiyi müsahibədə demişdir: "Gələn il "Abşeron” qaz-kondensat yatağından ilk qazın hasilatı gözlənilir. "Abşeron” yatağının işlənilməsinin iki mərhələsi olacaqdır. Birinci mərhələ nəticəsində 1,5 milyard kubmetr qaz hasil ediləcək və bu qaz Azərbaycanda istehlak olunacaq. Çünki artan sənaye potensialımız diktə edir ki, bizə əlavə resurslar lazımdır. Ona görə 1,5 milyard kubmetr qaz ölkə daxilində istehlak olunacaq. Biz "Abşeron” yatağının ikinci mərhələsinin başlanmasına da yaxınlaşırıq. Orada hasilat yəqin ki, 3-4 dəfə artıq olacaqdır. Bu da bizim qaz potensialımıza müsbət təsir göstərəcəkdir”.
Qeyd edək ki, "Abşeron” layihəsində tərəfdaşımız olan "Total” şirkəti Bakıda ofisini 1996-cı ildə açmış və həmin vaxtdan kəşfiyyat layihələrində iştirak etməyə başlamışdır. O vaxtdan şirkət iştirakçılarının hamısı üçün qarşılıqlı şəkildə faydalar gətirən strateji layihələrə qoşularaq ölkəmizlə uzunmüddətli tərəfdaşlığın təməlini qoymuşdur. "Total”, eyni zamanda, üçüncü minilliyin nəhəng mühəndis qurğusu olan BTC əsas ixrac neft kəmərinin 11 səhmdarından biridir, burada 5 faiz iştirak payına malikdir.
"Abşeron” dünyanın 130-dan çox ölkəsində fəaliyyət göstərən bu şirkətin Azərbaycanla tərəfdaşlığını daha da möhkəmləndirmiş və uzun illər davam edəcəyinə zəmin yaratmışdır. Bu da ümumiyyətlə, xarici investorların ölkəmizin neft-qaz senayesinə marağının azalmadığının, əksinə, getdikcə artdığının daha bir təsdiqidir.
Flora SADIQLI,
Azərbaycan.- 2020.- 20 avqust.- S.1;4.