Pandemiya tələblərinə əməl etsək, karantin rejiminə lüzum qalmaz

 

Qlobal pandemiya ilə mübarizə davam edir. Bəşəriyyət hələlik yeni tip koronavirusu birdəfəlik məhv edə bilməyəcəyini anlayaraq, COVID-19-un şərtləri ilə yaşamağa məcburdur. Reallıq odur ki, ani bir diqqətsizlik insanların həyatını sual altında qoya bilər. Çünki gözəgörünməz bəla çox təhlükəli, aqressivdir və hansısa səhv ağır nəticələr verə bilər.

Elə hər gün ölkələr üzrə sürətlə artan yoluxmaölüm sayları bunu bir daha təsdiq edir...

Qlobal bəşəri təhlükə yayılmağa başlayandan Azərbaycan dünyanı bürümüş virusa qarşı mübarizədə ən ciddi tədbirlər görmüş ölkələr sırasında yer alıb. Dövlət başçısı İlham Əliyevin birbaşa rəhbərliyi altında pandemiyaya qarşı vaxtında görülən preventiv tədbirlər sayəsində COVID-19-un ölkəmizdə yayılmasının qarşısı alınıb. Amma yenə də ehtiyatı əldən vermək olmaz.

 

İnfeksiya üzərində üstünlük hər ötən gün daha da möhkəmlənir

 

Xəstələnənlərin sayına, digər ölkələrin və Ümumdünya Səhiyyə Təşkilatının statistikalarına əsasən, demək olar ki, ölkəmiz virusla mübarizədə irəlidədir. İnfeksiya üzərində bu üstünlük hər ötən gün daha da möhkəmlənərək Azərbaycanda normal həyata dönüşə təkan verir.

Dünya təcrübəsindən də məlumdur ki, yoluxma sürəti yüksək olan bu virusla mübarizənin effektiv nəticəsi məhz qabaqlayıcı, profilaktik tədbirlərin vaxtında və geniş həcmdə aparılmasından asılıdır. Bu baxımdan virusa yoluxmuş şəxslərin düzgün müayinə edilib zamanında aşkarlanması mühüm əhəmiyyət kəsb edir. Ona görə də testlərin keçirilməsinə xüsusi diqqət yetirilir. Yalnız bundan sonra yoluxan insanları təcrid etmək, ünsiyyətdə olduqları şəxsləri müəyyənləşdirmək və nəticədə yeni yoluxmaların qarşısını almaq mümkündür.

 

Seroloji testlərin keçirilməsi üçün ilk mərhələyə start verilib

 

Azərbaycanda bu istiqamətdə aparılan işlər mühüm qabaqlayıcı və operativ tədbirlər sırasında ilk sırada durur. Laboratoriyaların sayı pandemiya başlayandan qısa müddət ərzində 5 dəfə artırılaraq 6-dan 31-ə çatdırılıb. Yaxın zamanlarda isə bu laboratoriyaların sayının 45-ə çatdırılması nəzərdə tutulur.

Hazırda ölkəmizdə koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar aparılan testlərin ümumi sayı səkkiz yüz qırx mini ötüb.

Bu həftədən ölkəmizdə COVID-19 pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində əhali qrupları arasında seroloji testlərin keçirilməsinə başlanılacaq. Artıq seroloji testlərin keçirilməsi üçün ilk mərhələyə start verilib. Belə ki, çağrı mərkəzindən təsadüfi seçilən şəxslərə zənglər olunur. TƏBİB-in Mikrobiologiya İşçi Qrupunun rəhbəri Qumral Ələkbərova məlumat verib ki, vətəndaş razı olduğu halda könüllülük prinsipi əsas götürülərək qeydiyyata alınır.

Vətəndaşın razılığı olduğu halda onun evinə tibbi briqada göndərilir. Testdən keçməyə razılıq verən şəxs istədiyi təqdirdə əlavə olaraq ondan qanın ümumi analizi də götürülə bilər.

 

Bu yolla infeksiyanı nəzarətolunan və təhlükəsiz həddə çatdırmaq mümkündür

 

Sadalanan effektiv tədbirlər və epidemioloji vəziyyətə uyğun atılan addımlar sayəsində vətənimizdə sərt karantin rejimindən mərhələli şəkildə yumşaldılmalara keçidə də start verilib. Vətəndaşların qoyulan qaydalara ciddi əməl etməsi isə yoluxma sayının kəskin azalmasında birbaşa rol oynayır.

Avqustun 5-dən SMS icazə sistemi ləğv edilib, çimərliklər açılıb. Ayın 10-dan iqtisadi aktivliyin gücləndirilməsi zərurəti nəzərə alınaraq sərt karantin rejiminin yumşaldılması istiqamətində növbəti tədbirlər paketi qüvvəyə minib. Müvafiq qərara əsasən, sərtləşdirilmiş karantin rejiminin tətbiq olunduğu Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində qeyd olunan tarixdən etibarən bir sıra istehsal, ticarət və xidmət sahələrinin fəaliyyətinə icazə verilib. İri ticarət mərkəzləri və "Malllardan başqa, qeyri-ərzaq məhsullarının satışı ilə məşğul olan mağazalar açılıb, bəzi sahələr üzrə işə cəlb olunan işçilərin sayına tətbiq edilən məhdudiyyətlər aradan götürülüb. Ötən çərşənbə axşamından isə ictimai iaşə obyektlərində müştərilərə açıq hava şəraitində xidmət göstərilməsinə icazə verilib.

 

Aidiyyəti qurumlar tərəfindən həmin müəssisələrdə qoyulan tələblərə əməl edilməsinə ciddi nəzarət həyata keçirilir.

 

Rayonlara gediş-gəliş, iri ticarət mərkəzləri və pandemiyaya görə bağlanan digər müəssisələr də açıla bilər

Mütəxəssislər bildirirlər ki, pandemiyanın tələbləri - sosial məsafə, maska taxmaqgigiyena şərtlərinə əməl etməklə infeksiyanı nəzarətolunan və təhlükəsiz həddə çatdırmaq mümkündür. Hətta belə olarsa, karantin rejiminin tətbiqinə də zərurət yaranmaz.

Ümumdünya Səhiyyə Təşkilatı bir neçə gün əvvəl dünya ölkələrinə müraciət edərək, yeni koronavirus infeksiyasına görə daha karantin tətbiq etməməyə çağırıb, ikinci və sonrakı COVID-19 dalğalarında karantinin yolverilməz olduğunu bəyan edib.

Azərbaycanın baş infeksionisti Cəlal İsayev bu məsələ ilə bağlı bildirib ki, istər sərt karantin rejimi olsun, istərsə də yumşalmalar, insanlar Operativ Qərargah tərəfindən verilən tövsiyələrə əməl etsələr, yoluxmaların sayı o qədər də yüksək olmaz: "Düzdür, qaydalara əməl etməyənlərə görə yoluxmalar artsa da, bu o qədər də yüksək olmayacaq. Sevindirici haldır ki, insanlar maskadan istifadə edir, sosial məsafəni qoruyur, sanitar-gigiyenik qaydalara əməl edirlər. Təəssüf ki, qaydalara əməl etməyənlər də var və onların hesabına yoluxanlar olur. Bu nöqteyi-nəzərdən düzgün fikirdir ki, karantin rejimi olsa da, olmasa da xəstələnmə halları baş verəcək. Amma tövsiyələrə əməl olunarsa, yoluxma sayı xeyli aşağı düşər. Bu halda normal həyatımıza da tez qayıda bilərik. Rahat şəkildə rayonlara gediş-gəliş, iri ticarət mərkəzləri və pandemiyaya görə bağlanılan digər müəssisələr də açıla bilər”.

Baş infeksionist qeyd edib ki, hazırda COVID-19-a yoluxanların sayı aşağı düşüb, amma qaydalara əməl etməsək, bu say yenidən qalxacaq. Çünki hələ epidemiya sönməyib: "Avropa dövlətlərində, eləcə də qardaş Türkiyədə yoluxanların sayı çoxalır. Amma bizdə yoluxanların sayı müsbət dinamikadadır. Yoluxmanın azalmasını və sabit saxlanılmasını istəyiriksə, qaydalara əməl etməliyik”.

 

Yasəmən MUSAYEVA

 

Azərbaycan.- 2020.-20 avqust.- S.1; 6.